• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

Tikintidə çalışan günahsız insanların həyatı təhdid qarşısındadır

15:00 15/02/19 | İqtisadiyyat

Əksər hallarda tikinti şirkətləri işləri peşəkar mütəxəssislərə deyil, tikintidə adi briqadir işləmiş şəxslərə etibar edir

Türkiyədə çoxmərtəbəli binanın üçması nəticəsində qeydə alınan çoxsaylı insan tələfatı tikinti sektorundakı vəziyyətin elə də ürəkaçan olmadığı qənaətinə gəlməyə əsas verir. Xatırladaq ki, bu kimi bədbəxt hadisələrdən heç bir ölkə sığortalanmayıb. Ancaq onun kökündə subyektiv amillərin olması ciddi düşünməyə əsas verir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda da belə hallara rast gəlinir. Bir müddət öncə Səbail rayonunun Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqun nəticəsində 2 nəfər dünyasını dəyişmişdi, 4-ü isə xəsarət almışdı. Məntiqə görə, hələ tikintisinin cüzi bir hissəsinin aparıldığı binanın uçması nəticəsində miqyasına görə kifayət qədər böyük itkinin olması sıradan bir məsələ deyil. Belə məlum olur ki, baş verən uçqun zamanı 6 nəfərin müxtəlif dərəcəli xəsarət alması sözügedən tikintidə ciddi nöqsanların olmasının təzahürüdür. Bəs, bu nöqsanlar nədən ibarət ola bilər, ümumiyyətlə tikintidə ölən və yaralananların sayının yüksək olmasına səbəb nədir?

Qeyd edək ki, Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf dinamikası imkan verir ki, estetik görünüşə malik, paytaxt Bakıya əlavə yaraşıq verən, eləcə də müasir standartlara uyğun olan yeni binalar inşa edilsin. İnsafən deməliyik ki, artıq xeyli müddətdir ki, respublikada sözün həqiqi mənasında tikinti bumu yaşanmaqdadır. Əslində ölkədə yeni binaların tikintisi paytaxt Bakıya müasirlik gətirməklə yanaşı, məşğulluq probleminin həllinə də xeyli təkan vermiş olur. Məsələ orasındadır ki, aparılan tikinti bumu müsbət məqamlarla yanaşı, bir sıra neqativ hallarla da müşahidə olunur. Belə ki, bir sıra yeni tikilən binalarda çatların əmələ gəlməsi, çökmə və uçma halları ilə bağlı vaxtaşırı xəbərlər eşidilməkdədir. Çox təəssüf ki, belə hallar çox zaman insan həyatının itkisi ilə nəticələnir. Bu kimi bədbəxt hadisələrin çoxluğu və mütəmadi baş verməsi isə ciddi düşünməyə əsas verir.

Məlumat üçün qeyd edək ki, hər il dünyada 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyon isə peşə xəstəliklərindən əziyyət çəkir. Bu isə o deməkdir ki, bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Deməli, dünya üzrə istehsalatda baş verən hadisələr nəticəsində ölənlərin sayı münaqişə və müharibələrdə ölənlərin sayından dəfələrlə çoxdur.

Ekspertlərin qənaətinə görə, tikinti sahəsində baş verən ölüm hallarının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər cavabdeh şəxslərin səhlənkarlığı, subyektiv faktor isə tikinti materiallarının keyfiyyətsiz olması ilə müşahidə olunur. Mütəxəssislər tikintidə baş verən ölüm hallarını yalnız inşaat işlərindəki səhlənkarlıqla yox, həm də ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə ilə əlaqələndirir. Cəmiyyətdə bir sıra inşaat şirkətlərinin daha az pul xərcləmək üçün ucuz məhsullara, xüsusilə də kustar sexlərdə qara metallardan, korroziyalı tullantılar və köhnə dəmir yolu relslərindən hazırlanmış armaturlara üstünlük verməsi çoxuna məlumdur. Bu cür keyfiyyətsiz məhsullar həm beton konstruksiyalarının dayanıqlılığını pozur, hən də zəlzələyə qarşı həssas edir. Hazırda ölkədə fəaliyyət göstərən gizli sexlərdə uyğunluq sertifikatı olmadan istehsal olunan kifayət qədər tikinti materialları mövcuddur. Həmin məhsulların etiketinin üzərində onun istehsalçısı, istifadə qaydaları, saxlanma şərtləri və yararlılıq müddəti barədə heç bir məlumat göstərilmədən açıq şəkildə satışa çıxarılır. Təkcə satışa çıxarılan sement və armatur məhsullarının monitorinqi aparılsa ölkədə nə qədər keyfiyyətsiz tikinti materiallarının istehsal olunduğu aşkar edilər. Məhz bu kimi qanunsuzluğun nəticəsidir ki, günahsız insanların həyatı təhdid qarşısında qalır.

Mütəxəssislərin qənaətinə görə, tikintidə baş verən qanunsuzluqlardan biri də ixtisaslı mütəxəssislərin işə gəlb edilməməsi ilə bağlıdır. Bəzən tikinti şirkətləri ucuz işçi qüvvəsi cəlb etmək məqsədilə peşəkar mühəndislərə deyil, tikintidən başı çıxmayan şəxslərə üstünlük verirlər. Məlumata görə, tikinti şirkətləri əksər hallarda bu işləri yüksək səviyyəli mütəxəssislərə deyil, tikintidə adi briqadir işləmiş şəxslərə etibar edirlər. Halbuki, bu şəxslər  praktik tikinti işlərini bilsələr də, konstruksiya işlərinin hesablanmasını düzgün apara bilmirlər. Bu səbəbdən binanın aşağı qatındakı armatur konstruksiyaların nazik və dayanıqsız olması adi hal alıb. Əslində isə konstruksiya işləri elə qurulmalıdır ki, onun çoxmərtəbəli binaya davam gətirəcəyinə şübhə qalmasın.

Sirr deyil ki, elə bu səbəbdən bir sıra inşaat şirkətləri və MTK-lar mühəndis-geoloji işlərini düzgün aparmır, eləcə də betonun qurudulması prosesini lazımınca həyata keçirmirlər. Özül atarkən, qrunt suları nəzərə alınmır. Məhz bu kimi səhlənkarlıq hallarının nəticəsində binaların çökməsi baş verir.

Ekspertlər hesab edir ki, tikintidə ölüm hallarının sayını minimuma endirmək üçün işəgötürən və işçi arasında texniki təhlükəsizlik məsələsi qanuni yolla həllini tapmalıdır. Yəni, işəgötürən işçilərə təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməli, işçilərə vaxtında təhlükəsizliklə bağlı təlimatlar keçməli, onları əmək mühafizə vasitələri ilə təmin etməlidir. İşçilərin özləri də diqqətli olmalı, sağlamlıqlarını və təhlükəsizliklərini qorumalı və işdə olarkən təhükəsizlik vasitələrindən düzgün istifadə etməlidirlər.

NURLAN


Facebook

Instagram

Youtube

SORĞU


test