• 23 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8799 , Rus rublu: 0.0265 Türk lirəsi: 0.2973

"İşbazlar" yenə «iş» başındadır

17:00 25/02/19 | İqtisadiyyat

Əmək haqqı və pensiyaların artmasından sui-istifadə edənlər məhsulların qiymətini pik həddinə çatdırıblar

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət əhalinin maddi rifah halının yüksəldilməsinə hesablanıb. Elə bu səbəbdən də ardıcıl olaraq aztəminatlı vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət başçısı tərəfindən müvafiq sərəncam və fərmanlar imzalanır. Pensiya və müavinətlərin, minimum əmək haqqının, tələbələrin təqaüdlərinin artırılması barədə prezident İlham Əliyev tərəfindən atılan addımlar buna əyani sübutdur. Lakin əmək haqqı və pensiyaların artmasından sui-istifadə edən bəzi "işbazlar" süni şəkildə qiymət artımına yol verirlər.

Xüsusən, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırıblar. Əslində isə baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Çünki, məhsul istehsalı üçün lazım olan xammal və materialın qiymətində təbii artım baş verməyib ki, onun maya dəyərinə təsir göstərsin. Lakin buna baxmayaraq ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib.

Aparılan monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım var. Qiymət artımları idxal edilən məhsullar ilə yanaşı yerli mallarda da qeydə alınmaqdadır. Bəs qiymət artımlarının səbəbləri nədir və bu nə zamanadək davam edəcək?

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, təhlillər göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub. Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub. İkincisi, ölkəyə idxal edilən bir sıra məhsullara o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb oldu. Öncədə qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadı yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur. Digər tərəfdən, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər: "Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı. Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Əks halda uçot sistemi onların xərclərinin artmasına səbəb olur ki, bu da qiymət artımları deməkdir. Gələn ay Novruz bayramını qeyd edəcəyimizi nəzərə aldıqda ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərin optimallaşdırılmasına çalışması çox vacibdir. Hökumət ticarət ilə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa səy göstərməlidir".

Xatırladaq ki, dövlət başçısı dəfələrlə deyib ki, dünya bazarında müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.

Ekspertlər hesab edirlər ki, ölkədə qiymət artımı üçün heç bir əsas yoxdur. Odur ki, süni qiymət artımına yol verən  sahibkarlar Cinayət Məcəlləsinin bütün maddələri ilə qanun qarşısında cavab verməlidirlər. Lakin faktdır ki, ticarət şəbəkələrinin böyük əksəriyyəti nəzarətsizliyin olmamasından istifadə edərək süni qiymət artımına yol verirlər. Belə halların qarşısını almaq məsədilə ciddi tədbirlər görülməlidir. Xüsusən, bununla bağlı hüquq-mühafizə orqanları qarşısında son dərəcə mühüm vəzifələr durur və süni qiymət artımının qarşısı təcili qaydada alınmalıdır. Bütün aidiyyatı dövlət qurumları, icra strukturları, məsul şəxslər dövlət başçısının tapşırıqlarından, verilən mesajlardan ciddi nəticələr çıxarmalı və onların qarşısında qoyulan vəzifələrin həlli ilə daha ciddi məşğul olmalıdırlar. Çünki, süni qiymət atımı hallarının və buna yol verənlərin qarşısının inzibati və hüquqi yollarla alınmasına ehtiyac duyulur.

NURLAN


Facebook

Instagram

Youtube

SORĞU


test