• 25 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

GƏLİN BİRLİKDƏ ƏDƏBİYYATIMIZI VƏ TARİXİMİZİ ÖYRƏNƏK: “KOROĞLU” DASTANI

00:45 03/04/19 | Mədəniyyət

 

MÜNDƏRACAT:

  1. Alı kişinin gözünün çıxarılması və Koroğlunun Çənlibelə köçməsi
  2. Dəli Həsənin dəstəsinin Koroğluya qoşulması
  3. Koroğlunun Nigar xanıma aşiq olması və onu qaçırması
  4.  Koroğlunun Dəmirçioğlunu Çənlibelə gətirməsi
  5.  Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
  6. Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
  7. Koroğlunun Qıratı geri qaytarması və Dəmirçioğlunun Həsən paşanın qızı Dona xanımla evlənməsi 
  8. Koroğlunun Ərzincan səfəri, Bolu bəylə döyüşü və onu öldürməsi. Koroğlunun dəlisi İsabalanın Həsən paşanın böyük qızı Dünya xanımla evlənməsi
  9. Gizir oğlu Mustafa bəyin Koroğlunun dəstəsinə qoşulması və onun Aslan Paşanın qızı Hürü xanımla evlənməsi
  10. Koroğlunun Rum səfəri və Rum paşasının qızı Məhbub xanımın  Çənlibelə gətirilməsi və  Bəlli Əhmədlə evlənməsi
  11. Koroğlunun Qars səfəri və Ərəb Reyhanla döyüşü. Eyvazın Əhməd Paşanın qızı Pərizad xanımla evlənməsi və Koroğlunun naibi təyin olunması və daha sonra Qarsın valisi təyin olunması
  12. Koroğlunun Həsən Paşa ilə  son döyüşü, atasının və  xalqın  qisasını ondan alması, Dəli Həsənin Həsən paşanın qızı Bulqar xanımla evlənməsi
  13. Koroğlunun Şah Abbasla döyüşü və onun ordusuna qalib gəlməsi
  14. Koroğlunun qocalığı
  15. Koroğlunun  Nigar xanımla birlikdə Həcc ziyarətinə getməsi və ölümü

5. Koroğlunun Eyvazı Çənlibelə gətirməsi                      

Koroğlu artıq otuz yaşını haqlamışdı. Çənlibeldə yazın gəlişi təzəcə hiss olunurdu, bulaqlar qaynayır, ürəklər oynayırdı. Dəlilərin nərəsi hər yeri başına götürmüşdü. Çənlibel get-gedə böyüyür, əməlli-başlı sənaye, ticarət, sənətkarlıq, elm, təhsil mərkəzinə çevrilirdi.
 Artıq Nigar xanımın Çənlibelə gəlməsindən beş il ötmüşdü. O, hər gün Çənlibeldə tikdirdiyi məktəbə baş çəkir, dərsə yeni gələn uşaqlarla şəxsən maraqlanır, onlara məktəbli forması, kitab, dəftər, qələm, paltar verir, onların oxumasına, yazmasına xüsusi diqqət ayırırdı. Çənlibeldəki məktəbdə dərs oxumaq istəyən oğlan və qızların sayı günbəgün artırdı. Ona görə ki, həmin məktəbdə uşaqlar səhərdən axşama qədər məktəbdə qalır, orada yemək yeyir, idman edir və oynayır, həm də dərslərini xüsusi tərbiyəçi müəllimlərin rəhbərliyi altında hazırlayırdılar. Güclü oxuyan şagirdlər zəif oxuyanlara kömək edirdi. Nigar xanım Koroğludan tələb edirdi ki, hər bir məmləkətə gedib oxumaq istəyən uşaqları valideynlərindən izn almaqla Çənlibelə gətirsin. Osmanlı, səfəvi məmləkətlərinə fərq qoymadan isdedadlı, kitab oxumaq və təhsil almaq istəyən hər kəs Çənlibelə axışırdı.  
Bir gün Koroğlunun yolu ulu Türkmən elinin qədim mərkəzlərindən biri olan Urfa şəhərinə düşdü. O, çecə-gündüz at çapıb mənzilbəmənzil yol getdi və Urfa şəhərinin bir ağaclığına çatdı. Gördü ki, bir çoban dağın ətəyində qoyun otarır. Koroğlu çox acmışdı, öz-özünə dedi: Ataların yaxşı bir məsəli var, “acdın çobana, yoruldun sarbana”. 
Koroğlu çobana yaxınlaşıb dedi: -Ey çoban qardaş, mən qərib bir yolçuyam, mənə bir qarın çörək verərsənmi?
Çoban dedi: -Ey cavan, qonaq Allah qonağıdır. Məndə ancaq qoyun südü var, yeyirsənsə verim.
Koroğlu dedi: -Bu çöllərdə qoyun südü içməli olar, sağ ver.
 Çoban iri gövdəli sağlam bir oğlan idi. Onun əlində yoğun bir çomağı var idi. Çoban əlinə keçən mıxı çomağın başına çalmışdı və  çomağın başını deşib bir qayış keçirmiş, qayışı isə qoluna bağlamışdı. Çoban qoyunları bir yerə yığdı, onun bir  taxta kasası var idi. Çoban qoyunların südünü həmin kasaya sağdı, sonra ocaq qalayıb həmin kasanın südünü dəmir qazana töküb bişirdi. Sonra yenidən kasaya töküb içərisinə qurumuş təndir çörəyi doğradı və yekə bir taxta qaşıqla birlikdə Koroğluya verdi və dedi: -Halal xoşun olsun, ye.
Koroğlu dedi: -Çoban, gəl birlikdə yeyək.
Çoban da Koroğluya qoşulub bəh-bəhlə südü bölüb yedilər. Sonra çoban kim olduğunu, bu məmləkətə nə üçün gəldiyini soruşdu.
 Koroğlu niyyətini açıb çobana dedi. O bildirdi ki, məktəb açıb, Türk dünyasının harasında istedadlı, oxumaq istəyən gənclər varsa, onları axtarıb tapır və  aparıb həmin məktəbdə oxutdurur. Çoban Koroğlunun bu niyyətini alqışladı və ona dedi: -Urfa şəhərinin mərkəzində bir baqqal tükanı var. Orada ət satan kişinin Eyvaz adında cavan, çox ağıllı və istedadlı bir oğlu var. Əgər onu atasının razılığını alıb aparıb oxuttursan, bu, Allaha xoş gedən əməl olar. Həmin uşağın böyük gələcəyi ola bilər.

  Koroğlu tez paltarını dəyişib yenə aşıq paltarını geyindi və Telli sazını belinə asdı. Sonra Qıratı çobana verib qayıdana qədər ondan muğayat olmasını xaiş etdi. Sonra Eyvazın yerini dəqiq öyrənib həmin baqqal tükanına gəldi. O gördü ki, baqqalın oğlu Eyvaz əsl çobanın dediyi kimi üzündən-gözündən nur tökülən bir uşaqdır. Ət dükanında xeyli adam var idi. Koroğlu növbəyə durdu və öz növbəsi çatanda dükançının özünə yox, oğlu Eyvaza bir neçə tümən uzadıb dedi: -Götür bu pulu bir hoqqa ət ver. Eyvaz ətin bir hoqqasını iki quruşa satırdı. O Koroğludan soruşdu: -Əmi can, siz çox pul veribsiniz, bu pula bütöv bir qoyun almaq olar. Sizə nə qədər ət verim? Koroğlu düşündü ki, elə bir şaqqa ət alsın, aparıb çobanla dağda kabab eləyib yesinlər. Ona görə də dedi: Yaxşı kabablıq yerindən, antriqot və bir az da quyruq ver. Eyvazın atası Mir İbrahim Koroğluya bir şaqqa ət verdi. Sonra qəssab Koroğluya çay təklif etdi. Koroğlu elə bunu gözləyirmiş kimi tez razılaşdı və oturub onunla ət dükanında limonlu çay içə-içə söhbət etməyə başladı. Amma Koroğlunun fikri, diqqəti Eyvaza yönəlmişdi. Eyvaz özü əti doğramırdı, bir başqa qəssəb var idi ki, o ancaq əti kəsib doğrayırdı. Eyvaz isə ancaq çəkir və əti büküb verir, pulunu alırdı. O, ət satdığı insanlarla çox mehriban rəftar edir, hamını deyib gülə-gülə, zarafat edə-edə yola salır, ən başlıcası isə, heç kəsə pis ət vermirdi. Kim quzu və ya dananın harasından istəyirdisə, oradan da kəsib onları razılıqla yola salırdı. Eyvazın hərəkətlərindən hiss olunurdu ki, o, ət satmağa, dükana sadəcə boş vaxtı olanda gəlir. Koroğlu Eyvazın atasına dedi: -Sənin necə ağıllı və qoçaq oğlun var. Ondan yaxşı müəllim, həkim, darğa və ya saray adamı olar.  
Eyvazın atası dedi: -Mənim Eyvaza yazığım gəlir. O, bütün ömrünü mənimlə bu sallaqxanada keçirəcək. Əgər bir məktəb olsaydı, nəyim varsa satıb onu oxumağa göndərərdim.
Koroğlu dedi: -Mir İbrahim ağa, deyirlər Koroğlu adında bir adam Çənlibeldə kasıb və imkansız ailələrin uğaqları üçün pulsuz orta məktəb açıb, kim oxumaq istəyirsə, ona pulsuz təhsil, kitab, dəftər, qalmağa yer və yemək içmək verir.
Mir İbrahim ağa dedi: -Koroğluya canım qurban, onu eşitmişəm, əgər bilsəm ki, mənim oğlumu da orada oxumağa götürər, elə bu saat dükanı bağlayıb uşağı götürüb onun yanına gedərdim.
Koroğlu gördü ki, bu adam ağıllı adamdır və uşağının gələcəyini düşünür, ürəyi dözmədi, hər şeyi açıb ona dedi. Baqqal Mir  İbrahim dükanı bağlayıb, Koroğlunu və Eyvazı götürüb evlərinə gətirdi. Koroğlu çoban üçün aldığı əti də həmin evə gətirdi və verdi ki, bişirsinlər. Süfrə açıldı, ortalığa yemək-içmək və şərab qoyuldu. Eyvaz dedi: -Koroğlu əmi, bu şərabdan bir misqal keçiyə versən, buynuzlarını itildib canavarla cəng edər, balığa versən, ticarət üçün yük vurub Həştərxan dənizinə qədər gedər. Eyvaz bir piyalə süzüb Koroğluya verdi. Koroğlu həmin şərabı başına çəkdi və divardan asılan saza oxşar “setarı” götürüb çalıb oxumağa  başladı:

                                                                            Qardı Çənlibelin başı,
                                                                            Varaq, a qəssabın oğlu!..
                                                                            Gəl gedək düşmənə qarşı
                                                                            Duraq, a qəssabın oğlu!..

                                                                            Çox oldum davada,doyda,
                                                                            İgid görmədim sən soyda,
                                                                            Əl ver, burada sənnən soyda
                                                                            Vuraq, a qəssabın oğlu!..

                                                                            Əcəli qoydum  börkümə
                                                                            Büründüm codar kürkünə.
                                                                            Gəl min Qıratın tərkinə,
                                                                             Varaq, a qəssabın oğlu!..

                                                                             Aslanam, deyiləm tülkü,
                                                                             Tanımaram qorxu, hürkü,
                                                                             Ərəbi, Əcəmi,Türkü
                                                                             Yığaq, a qəssabın oğlu!..

                                                                             Çoxdur Koroğlunun yaşı,
                                                                             Nə qovğalar çəkib başı,
                                                                             Əl ver sənnən dağı-daşı
                                                                             Yaraq, a qəssabın oğlu!..

Eyvaz məsələni başa düşdü. Sevincindən bilmədi nə desin. Koroğlu bir də qəssabın evində təkrarən dedi: -Qardaş, mən xotkarlara, paşalara qan udduran qoç Koroğluyam. Eyvazı aparıram oxutduram, savadlı, elinə-obasına lazımlı bir gənc edəm. Mənim övladım yoxdur, elə bil ki, onu əmisinə əmanət verirsən. O, həm mənə və Nigar xanıma oğulluq edər. Qəssab İbrahim baxıb gördü ki, Eyvaz da bu təklifə çox sevinir. O özü də elə düşünürdü ki, igidin başı qalda gərək. Əgər onun oğlu Koroğlunun yanında olsa, bərkə-boşa düşsə, at çapmağı, qılınc oynadmağı öyrənsə, bu, daha yaxşıdır. Həm xalq içərisində ad-san qazanar, başı uca, sözü ötgün olar, həm də özünə bir sənət, peşə qazanar. Əgər öğlunu görmək istəsə, dost-tanışı da götürüb gedər və oğlunu görər. Elə bunları nəzərə alaraq Qəssab Mir İbrahim dedi: -Koroğlu qardaş, sənin sözünü yerə salmaq istəmirəm. Mən bir qəssabam, ömrüm-günüm ət doğramaqla keçir. Gecə yatanda da yuxumda da ət, qan, baş-ayaq görürəm. Mən istəmirəm ki, oğlum Eyvaz da mənim çəkdiyim əziyyəti çəksin. Ona görə də mən, Eyvazı aparmağına etiraz etmirəm. Apar, amma gözün üstündə olsun.
Sübh tezdən Koroğlu və Eyvaz  səhər yeməyi yeyib, evdəkilərlə  görüşüb, öpüşüb ayrıldılar. Koroğlu Eyvazı da götürüb əvvəlcə dağın ətəyinə çobanın yanına gəldi. Həmin çobanla halallaşıb Qıratı aldı, paltarını dəyişib qılıncı belinə bağlayanda  Eyvaz gördü ki, bu həqiqətən də Qoç Koroğludur. Onlar Qırata minib Çənlibelə tərəf yola düşdülər.
 Koroğlu Eyvazı atın tərkinə alıb Çənlibelə getməkdə olsun, indi sizə kimdən xəbər verim, Ərəb Reyhandan.
Ərəb Reyhan Türkman bəylərindən idi. Özü də çox igid adam idi. Onun bəylik titulunu və mal–mülkünü Osmanlı sultanı Murad əlindən alıb, özünü də evindən-yurdundan didərgin salmışdı. O da başına yüz atlı toplayıb Təkə-Türkman elində qaçaqlıq, yol kəsənlik edir, gəlib-gedən tacirləri soyurdu. O başında da bir-iki atlı ilə gəlib Eyvazın atasının qəssab tükanına çıxdı. Qəssabla hal-əhval tutandan sonra Eyvazı soruşdu. Mir İbrahim dedi ki, Eyvaz Çənlibelə Koroğlunun dəstəsinə qoşulmaq, orada oxumaq üçün getdi. Ərəb Reyhan istəyirdi ki, Eyvaz bir az da böyüyəndən sonra onu öz dəstəsinə götürsün. Bu barədə bir neçə dəfə qəssəbə də demişdi. Lakin qəssab Koroğlunun daha igid və mədəni insan olduğunu, uşaqlar üçün məktəb açdığını nəzərə alıb uşağını ona etibar etmişdi. Ərəb Reyhan dözməyib Eyvazın hansı tərəfə getdiyini soruşdu və öz qərargahına qayıtdı. O, bütün atlıları başına yığıb onlara dedi: Mənim tərəfdarlarım, Koroğlunun adı buralara da gəlib çıxıb. Onun adamlarından biri gəlib Türkman elindən Eyvazı götürüb aparıb. Onlar bu səhər yola düşüblər. Əgər sürətlə onları təqib etsək, kəsə yolla qabağına keçə bilsək, Eyvazı onun əlindən ala bılərik. İndi arxamca gəlin!

 Onlar bir kəsə yolla gəlib Koroğlunun keçəcəyi keçidi kəsdilər. Türkmandan gələn yolların hamısı gəlib buradan keçirdi. Koroğlu yaxınlaşanda gördü ki, həmin keçid yüzə yaxın atlı tərəfindən kəsilib. Eyvaz diqqətlə baxıb Ərəb Reyhanı tanıdı və dedi:
-Koroğlu əmi, bu Ərəb Reyhandır. Bir təhər elə ki, onun əlinə düşməyək. Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb. Koroğlu da Ərəb Reyhanın haqqında çox eşitmişdi, bilirdi ki, güclü, qüvvətli, igid bir adamdır. İstəyirdi ki, onun dəstəsini məğlub edib öz dəstəsinə qatsın. Ona görə də əlinə yaxşı girəvə düşmüşdü. Lakin Koroğlu bilirdi ki, əgər keçidə düşsə Qırat məharətini göstərib istədiyi tərəfə qaça bilməyəcək. Belə olan halda, o, mühasirəyə düşüb məğlub ola bilər. Koroğlu  ayrı bir yol seçdi. O, atı çapıb dağın başında sıldırımın kənarına gəldi. Həmin sıldırım qayalardan dərənin dibinə min metrə qədər məsafə  var idi. Ərəb Reyhan keçidi elə tutmuşdu ki, Koroğlu ya onun yanına düşməli, ya da qalıb sıldırım qayalıqda acından ölməli idi. Koroğlu Eyvazla bir qayanın kölgəsində  bir az istirahət edib, yol üçün  götürdüyü yeməkdən yeyib, su içdilər. Sonra Koroğlu yuxarıya-mavi səmaya baxıb gördü ki, Çənlibel tərəfdən bir dəstə durna gəlir. Ürəyi qubar eylədi. Sazını döşünə basıb oxumağa başladı:

                                                                              Göydən gedən, beş durnalar,
                                                                              Bizim ellər yerindəmi?
                                                                              Bir-birindən xoş durnalar, 
                                                                              Bizim ellər yerindəmi?

 

Koroğlu  Eyvaza dedi ki, çıxış yolu bu uçurumdan aşağı enməkdir. Dağın başından dərənin dibi görünürdü. Yuxarıdan baxanda Eyvazı  zəhm bürüdü, elə bildi ki, indicə uçub dərənin dibinə düşəcək. Həmin yerdən ancaq  dağ keçiləri və ayıların çətinliklə yenə bildiyi cığırlar var idi. Heç bir ağıllı adam atı ilə birlikdə uca sıldırım qayanın başından dərənin dibinə üzüaşağı enməyə cürət etməzdi. Amma Koroğlu  inanırdı ki, Qırat ayağını möhkəm yerə basa-basa həmin uçurumdan sağ-salamat gedib aşağı çıxacaq. Ehtiyat igidin yaraşığıdır, ona görə də o, Qıratın xurcunundan uzun ip çıxardı, əvvəlcə həmin ipdən bir az kəsdi, Eyvazı atın tərkinə mindirib yıxılmaması üçün bərk-bərk yəhərə bağladı, sonra isə həmin  kəndirin bir ucunu  atın qarın hissəsindən yəhərə, o biri ucunu isə əli ilə möhkəm-möhkəm tutaraq və hərdən də  ağaclara bağlaya-bağlaya  uçurumun başından aşağıya doğru enməyə başladı. Qırat yuxarıdan aşağıya dağ keçisi kimi gedirdi. Onun üstündə  Eyvaz daha qorxmurdu. Qırat  Qartal süzən kimi həmin yolu  necə endisə, nə ayağı sürüşdü, nə yıxıldı, düz gəlib dərənin dibində Ərəb Reyhandan yuxarı başda durdu.  
Ərəb Reyhan elə düşünürdü ki, Koroğlunun həmin uçurumlu yolla getməsi  mümkün deyil. Elə ki, Koroğlunu özündən yuxarı başda gördü, onun  gözləri bərələ qaldı. Ərəb Reyhan başının adamlarına hay vurub  yenə  Koroğlunun arxasınca  düşdü. Onlar gəlib geniş bir düzənliyə çatanda, Koroğlu bildi ki, indi Ərəb Reyhanla döyüşə bilər. Koroğlu dedi: -Ərəb Reyhan, mən Qoç Koroğluyam. Mən xotkarlardan, paşalardan, bəylərdən, vəzirlərdən, gizirlərdən qorxmuram. Mənim sənin bu adamlarına yazığım gəlir. Onları nahaq yerə qırdırıb qanlarına bais olma. Əgər  mənimlə döyüşmək istəyirsənsə, gəl kişi kimi təkbətək döyüşək. Ərəb Reyhan qorxmaz adam idi. O Koroğlu ilə razılaşdı, dava başlandı. Onlar bir-birinə yetmiş yeddi fənd işlətdilər, lakin heç biri o birinə qalib gələ bilmədi. Axırda döyüşü dayandırıb bir az istirahət etmək istədilər. Eyvaz dedi: Koroğlu əmi, sən Misri Qılıncla çox döyüşübsən, həm də yorulubsan, Bəlkə bir az da şeşpərlə döyüşəsən. Koroğlunun çox xoşuna gəldi. O atın xurcunundan şeşpəri çıxardı. Ərəb Reyhanın şeşpəri yox idi. O əlinə uzun bir qılınc götürüb Koroğlunu döyüşə çağırdı. Koroğlu bir dəli nərə çəkib onun üstünə şığadı. Ərəb Reyhanın qılıncına şeşpərlə  bir zərbə vurdusa qılınc parça-parça olub yerə töküldü. Sonra Qızılquş kimi şığayıb başının üstünü aldı. İstədi onu vurub öldürsün, amma yazığı gəldi. Ərəb Reyhana dedi: -Görürəm ki, igid adamsan, İgid igidi yıxdısa, öldürməz. Amma gərək dəstənlə mənim dəstəmə qoşulasan. Ərəb Reyhan dedi: -Mən ömrümün axırına kimi sənin xidmətçinəm. Hara deyirsənsə, ora gedək. Onlar ayağa qalxıb dostlaşdılar, əl-ələ verib kişi kimi şərtləşdilər, razılaşdılar və Çənlibelə tərəf yola düşdülər.
Çənlibelin dəliləri  Koroğlunun yolunu gözləyirdilər. Nigar xanım yuxuda görmüşdü ki, bu gün Koroğlu bir dəstə igidlə gəlir. Səhər tezdən onlar təpənin başına yığışıb Koroğlunun yolunu gözləyirdilər. Bir də baxıb-gördülər ki, Koroğlu  Qıratın üstündə, tərkində də Eyvaz, yüz atla birlikdə gəlirlər. Bütün dəlilər  Koroğlunu, Eyvazı və Bəlli Əhmədin dəstəsini  toy-bayramla qarşıladılar.
Məclis quruldu, keflər duruldu, öyəclər, toxlular, qoyunlar kəsildi, qazanlar qaynadı, plov, kabab, bozbaş, soyutma və başqa yeddi cür yeməklər bişdi, saqilər dolanıb şərab süzdülər, ruhlar coşdu və təzələndi. Aşıq Çunun sazını kökləyib ortalığa çıxdı. Çaldılar, oxudular, dedilər, güldülər. Nigar xanım Eyvazın gözlərindən öpdü və onu köynəyinin yaxasından keçirib özünə oğul elədi...

(Ardı var)

Dastanı danışdı: Bakı şəhəri,132-134 saylı orta məktəbin şagirdi Uğur Əliyev

Bakı, 03 aprel 2019, Azadaz

  


Facebook

Instagram

Youtube

SORĞU


test