• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Milli məqsədlər naminə birlik vacib şərtdir

14:00 04/04/19 | Diaspora

Diaspor işinin əsas məqsədi Azərbaycanın milli maraqlarını xarici ölkələrdə layiqincə təmsil etməkdən ibarətdir

Bu gün diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir. Bu sahə ilə yaxından məşğul olan müvafiq dövlət qurumları, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə keçməlidir. Bunun nəticəsidir ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsinin zamanının yetişdiyi bildirilir və bu istiqamətdə əməli addımların atılmasının zəruriliyi qeyd olunur. Diaspor və lobbizm sahəsi üzrə ekspert Yəhya Babanlı da hesab edir ki, lobbiçiliyin metodları müasir dövrün qanunauyğunluqları ilə uzlaşmalıdır.

Onun sözlərinə görə, qloballaşma və transformasiya dövründə lobbi hərəkatını genişləndirməkdə və gücləndirməkdə əsas məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, milli özünəməxsusluğunu təbliğ etmək, inkişaf etmiş ölkələrin diqqətini ölkəmizə yönəltmək və insanlarda bura qarşı maraq oyatmaqdan ibarət olmalıdır: «Eyni zamanda, dünyanın nüfuzlu təşkilatlarının diqqətini özümüzə cəlb etmək, Birləşmiş Millətlər Təşkilatı, Avropa İqtisadi Birliyi, Avropa Şurası və beynəlxalq aləmdə fəaliyyət göstərən başqa təşkilatlarla qarşılıqlı münasibətlər qurmaq və onların mövqeyindən, təcrübəsindən bəhrələnmək lazımdır. Təbii ki, bu məsələlərin reallaşmasında əsas güc birinci olaraq xarici dövlətin vətəndaşı olan etnik mənşəli azərbaycanlılar və özünü azərbaycanlı hesab edənlərin üzərinə düşür. Bunlar müxtəlif ictimai mənşəyə mənsub ola bilərlər - siyasi lider, elm xadimi, mədəniyyət işçisi və digərləri. Daha sonra xaricdə müvəqqəti yaşayanlar və fəaliyyət göstərənlər bu işdə fəal olmalıdır. Üçüncüsü isə beynəlxalq təşkilatlarla əməkdaşlıq edən yerli dövlət və ya qeyri-dövlət təşkilatları, yəni siyasi partiyalar, ictimai birliklər, qeyri-hökumət təşkilatları və başqalarının üzərinə güc düşür. O cümlədən, xarici ölkələrdə yerli əhali ilə yanaşı digər xalqların lobbi birlikləri ilə əməkdaşlıq etmək də əsas şərtdir».

Lobbimizin formalaşma tarixi və xüsusiyyətlərindən danışan Y.Babanlı qeyd edib ki, yeni dünya mənzərəsi müstəqil dövlətlərin meydana çıxmasına şərait yaratdı: «Lakin postsovet məkanında hökm sürən xaos-anarxiya, siyasi-iqtisadi tənəzzül gənc dövlətlərin acınacaqlı duruma düşməsinə, narazı əmək miqrantlarının yaranmasına səbəb oldu. Sadalananlar üzündən ölkəni tərk edənlər milli maraqları çərçivəsində yox, şəxsi mənafeyi uğrunda mübarizəyə qoşulurdu. Nəticədə xoşagəlməz məqamlar ortaya çıxırdı. Maddiyyata satılan işsiz ordu formalaşırdı. Bu amillər birbaşa milli təhlükəsizliyimizə ağır zərbə idi. Nəticədə dövlətimizin xarici siyasətinin əleyhinə, beynəlxalq imicinə xələl gətirən narazı lobbi kontingentindən ibarət qruplar yaranırdı. Elə buna görə də yüzilliklər boyu formalaşmış və qəbul edilmiş lobbi mexanizminə yeni müstəqillik qazanmış keçmiş sovet ölkələrində başqa yanaşma tələb olunurdu. Tarix dönə-dönə sübut edib ki, milli keyfiyyətlərdən məhrum olaraq assimliyasiya prosesinə uğrayan millətlər yer üzündən silinmə kimi təhlükələrlə üzləşirlər. Bunun üçün müasir dünyanın qabaqcıl dövlətləri və xalqları ilə münasibətlər qurmaq və mütəmadi ünsüyyət saxlamaq lazım idi. Buna görə isə lobbi hərəkatını gücləndirmək və düşünülmüş şəkildə həyata keçirmək lazım idi. Yalnız bu halda beynəlxalq nüfuz qazanmaq olar. Azərbaycanda xoşagəlməz tendensiyaların və ümummilli problemlərin qarşısının alınması və lazımi məcraya yönəldilməsi Heydər Əliyev fenomenal dühasının və siyasi müdrikliyinin sayəsində reallaşdı. Müasir tarixi zərurət və xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkə daxilində gedən sosial-iqtisadi proseslərə yeni düzən verdi. Milli dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində konkret addımlar atıldı».

Ekspertin sözlərinə görə, Azərbaycanın qazandığı ikinci müstəqillik qələbəsi ölkə ərazisində yaşayan azərbaycanlılarla yanaşı həm də dünyaya səpələnən 50 milyonluq soydaşımızı bir mərkəzdən koordinasiya etmək üçün şərait yaratdı: «Məhz Ulu öndər himayəsiz diasporumuzun taleyinə və plansız lobbi işinə xüsusi diqqətlə yanaşdı. Bu sahəni bütövlükdə əhatə edənəcən “Xaricdə yaşayan azərbaycanlılar” haqqında qanun qəbul olundu. Bununla “Xaricdə yaşayan azərbaycanlılar” anlayışı ictimai və dövlət səviyyəsində dərk olundu. Milli diasporumuzun hüquqi təyinatı və lobbi siyasətinin cəhətləri müəyyənləşdi. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən həmvətənlərimizlə qarşılıqlı əlaqələrin qurulmasına başlanıldı. Artıq bu gün dünyanın geosiyasi arealında istər daxili, istərsə də xarici lobbinin təsir imkanları gündən-günə artır. Müasir şəraitdə Azərbaycan dövləti və hökuməti lobbi potensialının formalaşmasına xüsusi önəm verir. Bu amilin milli maraqlarımızın təminatında rolu araşdırılaraq bu istiqamətdə fəaliyyət göstərməsi üçün çoxşaxəli və kompleks işlər aparılır».

Y.Babanlı vurğulayıb ki, lobbinin keyfiyyətini xarakterizə edən kəmiyyətlər sırasında lobbiçinin yaşadığı cəmiyyətdə və işlədiyi təşkilatda düzgün münasibətin qurulması və geniş nüfuzun qazanılması əsas şərtdir: «Keçən əsrin sonlarında baş verən siyasi proseslərin keçmiş postsovet ölkələrində bir sıra problemlər yaratdığını vurğulamışdıq. Bu, ölkəmizdən də yan keçmədi. Azərbaycan və azərbaycanlılar ümummilli problemlə qarşılaşmışdılar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi ilə üz-üzə qaldıq. Üzləşdiyimiz haqsızlıq bütün detallarını dünya ictimaiyyətinə, müvafiq təşkilatlara çatdırılmalıdır. Bunun üçün düşünülmüş lobbi işinin həyata keçirilməsi şərti vacibdir. Bu fəaliyyəti daha da geniş vüsətlə həyata keçirmək lazımdır. Bu imkanlar digər ölkələrin müvafiq birlikləri ilə əlaqələrin qurulmasında, müştərək çıxışların edilməsində daha fəal olmağımızı əsaslandırır. Onu da xüsusilə qeyd etmək olar ki, dövlətimizin xarici siyasətində artıq lobbiçilik geniş yer alıb. Azərbaycan lobbisinin ictimai-sosial sistemi iqtisadi-siyasi fəlsəfə ilə əvəzlənib. Gənc lobbimizə təkan verən amillər sırasında Azərbaycanın tarazlaşdırılmış xarici siyasət kursunun olması, həm regional, həm də beynəlxalq, inteqrasiyasının cəhətlərininin müəyyən edilməsi durur. Ölkəmizin beynəlxalq aləmdə sivil vətəndaş cəmiyyəti, dini dözümmlülük məkanı kimi tanınmasına, yeraltı və yerüstü sərvətlərin, bəşər cəmiyyətinin inkişafına yönəldilən layihələrin həyata keçirilməsinə, qloballaşmanın təzahürü olan enerji təhlükəsizliyi siyasətinin dəstəklənməsinə və aparıcı rola malik dövlət kimi tanınmamıza nail olunub. Belə ki, artıq dövlətimizin xaricdə yaşayan həmvətənlərimizlə əlaqələrin daha da genişləndirilməsi və lobbi hərəkatının həyata keçirilməsini təmin edən fəaliyyət proqramı buna real zəmin yaradıb».

Ekspert Zaur Əliyev isə qeyd edib ki, günümüzdə lobbiçilik sahəsində ən doğru şəkildə təşkilatlanmağı bacaran bir sıra diasporlar mövcuddur: «Ümumiyyətlə bu təşkilatlanmalar 2 istiqamətdə həyata keçirilir, mahiyyətcə isə eyni istiqamətə hesablanmış hərəkətdir. Məsələn, Böyük Britaniya, ABŞ və Çin hazırki şəraitdə maliyyə siyasəti ilə diaspor və lobbi quruculuğunu həyata keçirirlər. Bu zaman onlar sosial baza olmadan da güclü hərəkət edir, ayrı-ayrı korporasiyalarla hətta həmin dövlətin xarici siyasətinə belə təsir edirlər. Bu kimi fəaliyyətlər isə istənilən halda maliyyə dəstəyi tələb edir. İstər dövlətin dəstəyilə, istərsə də xarici ölkələrdəki imkanlı soydaşlarımızın könüllü iştirakı ilə yaradılan fondlar diaspor təşkilatlarının fəaliyyətindəki çətinlikləri ortadan qaldırmağa imkan verərdi. Diaspor qurumlarının xaricdə mediaya çıxışı, nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurması, müstəqil təbliğat vasitələri yaratması kimi addımlar isə lobbi mexanizminin yaranmasını da labüd edəcək».

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?