• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Aparılan dövlət siyasəti bəhrəsini verir

12:00 11/04/19 | Diaspora

Xaricdə yaşayan həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərir

Artıq Azərbaycan diasporu təşkilatlanma mərhələsini arxada qoyaraq keyfiyyət baxımından günü-gündən güclənməkdədir. Beynəlxalq səviyyədə müxtəlif xalqların diasporları ilə “milli və bəşəri dəyərlərin qorunması naminə birgə fəaliyyət proqramları”nın hazırlanması və tədbirlərin həyata keçirilməsi istiqamətində son zamanlar ciddi addımlar atılmaqdadır. Əksər tədqiqatçıların gəldiyi qənaətə görə qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Rüfət Quliyev bu mənada Ukraynadakı diaspor təşkilatlarının işini qənaətbəxş hesab edir: «İşçi qrupunun sədri olaraq Ukraynadakı vəziyyəti daim diqqətdə saxlayıram. Ukrayna Ali Radasının ən azı 7-8 deputatı ilə vaxtaşırı görüşüb məsələləri müzakirə edirik. Azərbaycanın ən çox diaspor təşkilatları Ukraynadadır. Ümumilikdə Ukraynadakı diaspor təşkilatlarının işini qənaətbəxş hesab etmək olar. Azərbaycanla bağlı mühüm tarixi günləri unutmurlar. Amma belə bir deyim var ki, tək əldən səs çıxmaz. Ona görə də təşkilatlarımız Komitənin ətrafında sıx birləşməlidir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri işinin öhdəsindən gələn adamdır. Komitəyə təyinat almasından keçən az vaxtda önəmli yeniliklər edib, ən vacib məsələ olan koordinasiya işini yenidən qurur».

Millət vəkili qeyd edib ki, dünya azərbaycanlılarının, diaspor təşkilatlarının mərkəzləşmiş qaydada idarə olunmasına, onların inzibati və təşkilatı aspektdən birləşməsinə ehtiyac var: «Hesab edirəm ki, yeni rəhbərlik müəyyənləşdirdiyi yeni idarəçilik planları ilə bu məsələni kökündən həll edəcək. Parlamentdə İşçi qrupun rəhbəri olaraq Diaspor Komitəsinin həyata keçirdiyi islahatları dəstəkləyirəm». 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini  Murad Cəfərov da qeyd edib ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı daha güclü olur: «Əfsuslar olsun ki, azərbaycanlıların diaspor hərəkatını dərketmə prosesinin özü son illərdə meydana gəlmişdir. Bildiyiniz kimi, diaspor hərəkatı ictimai-siyasi prosesdir. Bu işlə məşğul olmağa başladığın ilk gündən etibarən o, həyat tərzinə çevrilir. Məlumdur ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır. Yəqin ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı  daha güclü olur. O insanlar daha emosional olurlar, Vətənə xidməti hər şeydən önə çəkir, hansı peşə sahibi olmağından, maliyyə durumundan asılı olmayaraq milli məsələ olan diaspor fəaliyyəti onlar üçün ən vacib amala çevrilir. Özü-özlüyündə ən vacib şərt Vətənə bağlılıq, torpaq sevgisi olsa da, peşəkar səviyyədə fəaliyyət üçün bu amil yetərli deyil. Məsələn, YUNESKO-nun məlumatına görə, dünyada hazırda 40 milyondan çox azərbaycanlı yaşayır. Ukraynada yaşayan soydaşlarımızın sayı isə YUNESKO statistikasında təxminən 1 milyon göstərilir. Amma bu insanların heç də hamısı diaspor fəaliyyətində özünü görmək istəmir. Çünki tarixi yurdundan uzaqda yaşayan soydaşlarımızın miqrant səviyyəsindən diaspor formatına keçməsi ancaq təşkilatlanma prosesindən keçir. Təşkilatlanma isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün sistemli şəkildə görülən  işlərin toplusudur. Yəni, ancaq təşkilatlanmış toplum istənilən ciddi layihəni həyata keçirmək üçün qüvvə sayıla bilər. Bu baxımdan son zamanlar Ukraynada gedən demokratikləşmə prosesi çoxsaylı diaspor üzvlərimizin də yüksək aktivliyinə təsir etdi». 

UABD-ın sədr müavini bildirib ki, qarşıda duran ən vacib məqsəd Ukraynada yaşayan, fəaliyyət göstərən soydaşlarımızın milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir.

Onun sözlərinə görə, bu gün xaricdə yaşayan həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərir: «Düzdür, əvvəllər bu meyl mövcud deyildi. Çünki soydaşlarımız Azərbaycan dövlətinin dəstəyini və marağını hiss etmirdilər. Belə olan təqdirə hamı öz işi ilə məşğul idi. Amma bu gün sözün əsl mənasında belə bir dəstək var. Dünyada Azərbaycan diaspor təşkilatlarının möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və qüvvəyə minən “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında” Qanunun müstəsna rolu oldu. Bu qanun xaricdə yaşayan soydaşlarımızın qarşısında çox böyük perspektivlər açır və onların milli mənafe ətrafında daha sıx birləşməsinə stimul verir». 

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir.

Qeyd edək ki, Azərbaycan diasporunun formalaşmağa başlaması respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərə - 1993-cü ildən sonraya təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmaları nümayəndələri ilə keçirdiyi görüşlərdə diasporlarımızın formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyuldu. Artıq bu gün Azərbaycan diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində nümayiş etdirdiyi real güc artıq lobbi fəaliyyətinə keçməyin zamanının yetişdiyini deməyə əsas verir.

Bu sahə ilə yaxından məşğul olan müvafiq dövlət qurumları, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə keçməlidir. Bunun nəticəsidir ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsinin zamanının yetişdiyi bildirilir və bu istiqamətdə əməli addımların atılmasının zəruriliyi qeyd olunur.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?