• 2019.05.22

İNSAN OL

17:53 12/04/19 | Mədəniyyət

İNSAN OL

 

Vəzifənə baxıb qürrələnirsən,

Zənn edirsən, göydən enən mələksən!

Çıxdığın qını da bəyənməyirsən,

Qundağım qızıldan olub deyirsən!

 

Çünki insanlığı pulda görürsən!

Bilmirsən ki, hələ duza gedirsən!

Sənə dayaq olan dostlardan indi,

Yoxsul hesab edib üz döndərirsən!

 

Necə unutdun bəs o günləri sən!

Yasın toy olurdu, məni görəni!...

İndi toyunda da unudub məni,

Başına yığmısan gədə, güdəni!...

 

Hər kəs axtarıb öz oxşarın seçər,

Bablı babın tapsa, günü xoş keçər...

Vəzifə naminə seçdiyin dostun,

Sənin tək, dostluğa bir gün xətt çəkər!

 

Ən böyük vəzifə insanlıqdır, bil!

Xoşbəxtlik ondadır, sərvətdə deyil!

O xoşbəxt anları yaşamaq üçün,

İnsan ol, insanlıq önündə əyil!

 

Hər doğulan elə insan doğulur!

Sonradan itirir insanlığını...

Pulun, vəzifənin qızdırmasına,

Hər adam dözməyir, çaşır ağlını!

 

P.S. Pisə yaxşı deyib meydan verəndə

Yaxşılar da pisə qoşulacaqdır!

Bu bir adət olub qana keçəndə

İnsanlıq get-gedə məhv olacaqdır!

 

KAMİLOĞLU

10.04.2019