• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Diasporumuz üçün milli mənafe ən vacib şərtdir

13:00 15/04/19 | Diaspora

Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri edir

Bu gün dünyanın əksər ölkələrində 500-ə yaxın Azərbaycan icması fəaliyyət göstərir. Məhz bunu nəzərə alan Azərbaycan dövləti də bu sahənin inkişafına nail olmaq üçün ciddi addımlar atır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyir ki, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır: "Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir. Bu, icma və birliklərin əhatəsində olduğu xarici mühitin təsiri altında formalaşmır, diasporun özünəməxsus keyfiyyəti olub onun mentalitetinin, tarixi yaddaşının, milli şüurunun, "milli mənlik" qürurunun təzahürü kimi özünü göstərir. Lakin dünyanın movcud diaspor ənənələri göstərir ki, bu birliklərin fəaliyyəti yalnız milli-mənəvi və mədəni dəyərlərin qorunması və milli varlığın təsdiqi dairəsi ilə məhdudlaşmır. Ölkəsindən kənarda yaşayan milli icmaların siyasi-iqtisadi mənafelər baxımından öz dövlətinin və xalqının maraqlarına xidmət etməsi, dövlətlərarası münasibətlərə təsir göstərməsi də vacib faktor kimi beynəlxalq siyasətdə aktiv şəkildə tətbiq edilməkdədir. Diasporların dövlətlər arasındakı münasibətlərin inkişafı haqqında danışarkən, Azərbaycanın bu sahədəki təcrübəsinə diqqət yetirmək yerinə düşür".

Komitə sədri deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr  möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb: "Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz  bu hədəfə doğru irəliləyir. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır. Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri" adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb".

Fuad Muradov qeyd edib ki, bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb: "Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni "Strateji Yol Xəritəsi" işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır. Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər norma­tiv-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndi­rilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyə­tinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması  istiqamətində ardıcıl tədbirlər həyata keçi­rilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib».

Ekspert Xəqani Hüseynov hesab edir ki, F.Muradovun dediyi kimi diaspor sahəsində inkişafa nail olmaq üçün təbliğat işinə geniş yer verilməlidir. Həmçinin diaspor təşkilatlarımız dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində KİV təsis etmək, milli icma üzvləri və yerli əhali arasında təbliğat və maarifçilik işi aparmalıdır.

Onun sözlərinə görə, bunun üçün Azərbaycanlı icmalar fəaliyyət göstərdikləri ölkələrin KİV-ləri ilə əlaqələrini yaxşılaşdırmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməlidir: «Ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan lobbisinin təşkilinə yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin QHT təmsilçiləri ilə sıx əlaqələr qurulmalı, onlarla məqsədyönlü iş aparılmalıdır. Azərbaycanın virtual məkanda coğrafi adları, mövcud reallıqları, mənəvi dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə geniş təmsil olunması istiqamətində tədbirlər görülməlidir. Bununla yanaşı, xarici ölkə yazıçılarının və alimlərinin Azərbaycan haqqında əsərlərinin yayılması və təbliğinə ehtiyac var. Ən əsası isə müxtəlif metod və texnologiyaların tətbiqi yolu ilə Azərbaycanın məruz qaldığı haqsızlıqlar, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda “erməni soyqırımı” iddialarının ifşası məqsədilə tədbirlər görülməlidir».
Ekspert bildirib ki, diaspor təşkilatları və onların nümayəndələri Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi ilə bağlı mövzulara həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsində, KİV-də Azərbaycan haqqında materialların dərc olunmasında, xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkilində aktiv olmalıdırlar.

Bu gün xaricdə yaşayan həmvətənlərimizn ən çox üzləşdikləri problemlərə gəlincə isə ekspert qeyd edib ki, problemlər müxtəlifdir: «Yerli şəraitdən asılı olaraq hərəsinin öz problemi ola bilər. Məskunlaşma ilə, işə düzəlməklə bağlı və s. Bundan başqa, müxtəlif  mənəvi diskomfortlar, psixoloji sıxıntılar və mentalitet fərqi də ola bilər. Əhatələrində başqa xarakterli adamlar var, mühit, şərait ayrıdır. Adaptasiya üçün yaşadığın yerin adət-ənənələrini, dilini öyrənməlisən. Həm də çalışmaq lazımdır ki, digər xalqların nümayəndələri kimi yaşadığın yerdə dövlət strukturlarında, bələdiyyələrdə, seçkili orqanlarda özünə mövqe tutasan. Uyğunlaşmaq və sərbəst yaşamaq üçün ölkənin tarixini, xalqın mentalitetini, mədəniyyətini, adət-ənənəsini bilmək vacibdir. Belə olanda öz vətəninə də daha səmərəli xidmət göstərəcəksən».

X.Hüseynov qeyd edib ki, bununla yanaşı öz milli-mənəvi dəyərlərimizi də qoruyub saxlamaq vacibdir: «İcma daxilində və yaxud ailədə azərbaycançılıq ideyasından çıxış edərək bizim mənəvi dəyərlərin qorunmasına çalışılmalıdır. Uşaqlara ailə tərbiyəsi vermək, süfrə mədəniyyətindən başlayaraq hər özəlliyi öyrətmək lazımdır. Xüsusilə indiki qloballaşma dövründə azərbaycanlılar milli-mənəvi dəyərləri qorumalı, başqa xalqların arasında assimilyasiyaya uğramamalıdırlar. Əlbəttə, qloballaşmaya əks getmədən bu prosesin dəyərli cəhətlərini öz dəyərlərimizlə, əxlaq və mənəviyyat normalarımızla uzlaşdırmaq lazımdır. Biz qədim mədəniyyətə malik, inkişaf etmiş müasir bir xalq olaraq dünyanın ən yaxşı dəyərlərini dərk etməli, münasib olanı qəbul etməliyik. Zamana uyğun olmayan dəyərlərimizi isə cəsarətlə redaktə etməyi bacarmalıyıq. Bundan çəkinmək lazım deyil. Ölkəmiz multikultural tolerantlığı ilə məşhurdur. Biz bu cəmiyyət modelini dünyaya nümunə kimi təqim edə bilərik».

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?