• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Dünya Azərbaycanlılarının birliyinə nail olaq

13:25 16/04/19 | Diaspora

I Bütöv Azərbaycan Forumu “BAO” Azərbaycanın problemlərini dünya səviyyəsinə çıxarmaq üçün çalışır

Dünya Azərbaycanlılarının birliyi Türk dünyasının möhtəşəmliyi deməkdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə və dünyada yaşayan Azərbaycanlıların birliyi naminə diaspor təşkilatları fəaliyyət göstəməyə başladı. Xarici ölkələrdə yaşayan diaspor təşkilatları Azərbaycanla sıx əlaqə yaratmalı və bu sahədə öz köməkliklərini əsirgəməməlidirlər. Erməni lobbiçiliyi artıq yüz ildən çoxdur ki, fəaliyyət göstərir.

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə I Bütöv Azərbaycan Forumu öz işinə başlaması ilə bağlı tədbir keçirilib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın problemlərini dünya səviyyəsinə çıxarmaq və ümummilli birliyə nail olmaqdır. Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatların nümayəndələri, Borçalıdan, Kərkükdən, Dərbənddən, Şimal-Qərbi Azərbaycandan olan fəallar, digər ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, gənclər, KİV nümayəndələri və s. iştirak ediblər.

Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açıb. Azərbacan Respublikasının dövlət himni səsləndirildikdən sonra Z.Əlisoy Dərbənd, Qərbi Azərbaycan, Borçalı, Kərkük və Azərbaycanın Güneyi ilə bağlı çıxış edəcək şəxslərin adlarını təqdim edib.

Daha sonra foruma həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra söz çıxışlara verilib. Qərbi Azərbaycan movzusunda tədqiqatçı Yasəmən Qaraqoyunlu fikirlərini bildirib: Orta Doğu və Azərbaycan bölündü, Türk Qacar dövləti devrildi, yerində fars İran dövləti quruldu. Batum konfransında İrəvan ermənilərə güzəştə gedildi. Qərbi Azərbaycanlılar XX əsrdə 4 dəfə deportasiyaya uğradıldı. Ermənistan adında monoetnik erməni-xristian dövləti quruldu. Biz dünyaya bəyan etməliyik ki, indiki Ermənistan Azərbaycan torpaqlarıdır. Oradan çıxarılmış Azərbaycanlılar geri qaytarılmalıdır. Qarabağ danışıqlarında Qərbi Azərbaycanlılarının məsələsi qoyulmalıdır. Qarabağda ermənilərə hansı status verilirsə, Ermənistanda da Azərbaycanılara həmin status verilməlidir. İndi bizim hücum etmə zamanımızdır. Qarabağın yox, İrəvanın statusu müzakirə olunmalıdır. Hamımıza Bütöv Azərbaycan uğrunda mübarizədə uğurlar! 

Dərbənd İctimai Birliyinin təmsilçisi Nurulla Əliyev:  Dərbənd İctimai Birliyini təmsil etməyimlə qürur duyuram. Bu qurum 25 il bundan əvvəl yaradılıb. Əsas məqsədi Dağıstan-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması və Dağıstandakı soydaşlarımızın hüquqlarını müdafiə etməkdir. Bu gün Dərbənddə 40 min, Dağıstanda 130 min soydaşımız yaşayır. Müxtəlif  birliklər fəaliyyət göstərir. Biz təkliflər hazırlamışıq. Dərbəndin tarixini olduğu kimi soydaşlarımıza çatdırmaq üçün Böyük Dərbənd Ensiklopediyası hazırlamışıq. Bu şəhərin 7 min ildən artıq tarixi var. Ensiklopediyanın siqnal variantını bura gətirmişəm. Ana dilimizin təbliği istiqamətində işlər görməyə çalışırıq. Orda Dövlət Dram teatrı da var. Dağıstana keçid məsələsi də vacib məsələlərdən biridir. Dəmiryol, su yolu və avtomobil yolu fəaliyyət göstərməlidir. Təmas qurmaqda bü gün çətinliklər var.

Borçalı türklərinin problemləri ilə bağlı Kamran Ramazanlı çıxış edib: 

Bu gün Gürcüstanın 14 rayonunda 500 minə yaxın Azərbaycanlı yaşayır. Orada əsas problem təhsil problemidir. 1989-cu ildə 183 məktəb vardı, bu gün 117 məktəb qalıb. Şagirdlərin sayı da azalıb. Universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrası da bağlanıb. Bu məsələlərlə bağlı Azərbaycanın dövlət strukturlarına müraciətlər etmişik. Bir də, «soydaş haqqında» qanun qəbul olunmalıdır. Bu qanun qəbul olunsa Borçalıda da, Dərbənddə də problemlər həll olunar.

İraq Türkman Cəbhəsindən Əli Zeynaloğlunun Kərkük türkləri ilə bağlı səsləndirdiyi fikirlər videoçarx vasitəsi ilə nümayiş olunub: Sizlərə uğurlar diləyirik. Qəlbimiz sizinlədir. Biz İraqda 3 milyon nüfusa malikik, geniş bir coğrafiyaya sahibik. 1991-də bizim siyasi hərəkatımız başlayıb. 1995-də Türkman cəbhəsinin ilk konfransı keçirildi. 2003-dən sonra başqa xalqların haqları tanınsa da, türkmanların haqqı tanınmadı. Biz mübarizəmizi davam etdirəcəyik. Bizə bütün Dünya Azərbaycanlılarının dəstəyi lazımdır. Nə mutlu türkəm deyənə!

Tədbirdə Güney məsələsi ilə bağlı Güney Azərbaycan Demokrat Partiyası (GADP) başqanı Mahmud Bilgin və Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) təmsilçisi Məcid Araz da danışıb.

Mahmud Bilgin: Bu gün Güney Azərbaycan rejimin əsiridir. Urmu gölü qurudu, Xuzistanda su daşqını yaradıldı. Lakin təbiət möcüzəsi nəticəsində daşqınlar Urmiyə gölünü əvvəlki səviyyəyə çatdırdı. İndi tarixi bir imkan əldə etmişik. Haradan olmağın fərqi olmamalıdır, hər bir yerdə qüvvələrimizi birləşdirməliyik. Lobbiçilik çox önəmli  bir məsələdir. Xaricdə də diaspor təşkilatımızı gücləndirməliyik. Bu yolla çox şeyə nail olarıq.

Məcid Araz: Həqiqətən Güneydə böyük oyanış gedir. 1937-ci ildən başlayaraq Güney Azəbaycanın ərazisi ayrı-ayrı inzibati bölgülərdə ayrıldı. PKK qrupları bu gün İranda da fəaliyyət göstərir. İranda ermənilərin məktəbi olduğu halda 30 milyondan artıq Azərbaycanlıların məktəbləri də yoxdur. Azərbaycan dilində dərsliklər yoxdur. Bu məsələ hər iki dövlət qarşısında qaldırılmalıdır. Qərbi Azərbaycan bölglərinə PKK yanlıları vali qoyulur. İndi hətta İranda rəsmi səviyydə “Urmiya Ostanı” ifadəsi işlədilir. Bu ifadələr çox təhlükəlidir. Bu Forum mədəni birliyin bir ifadəsi ola bilər.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə: Bu forumda təşkilati məsələləri həll etməliyik. BAO böyük bir təşkilata çevrilə bilər. Biz elə etməliyik ki, səmərəli iş görək. Bunu hansı vasitələrlə edə bilərik? Ona görə də təşkilatlanmaq, sosial bazanı gücləndirmək vacibdir. Rusiyada Azərbaycan konqresi dağılır, ermənilərinkində isə Putin gəlib iştirak edir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: Biz partiya olaraq  Bütöv Azərbaycan ideyasına sadiqik. Bu yolda da həmişə əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Güneylə bağlı BMT ilə aparılan işi davam etdirməliyik. Qarabağ qurultayının keçirilməsi də əhəmiyyətlidir. Dərbənd və Borçalıdan olan gənclərə ali məktəblərə kvotanın ayrılması məsələsini də biz Milli Məclisdə qaldıracağıq. Bu çox önəmli məsələdir.

Yazıçı, tədqiqatçı Mehriban Vəzir: 2018-ci ildən Türkiyədəki ali məktəblərdə artıq Türk Cümhuriyyətlərindən gələn tələbələrə, o cümlədən azərbaycanlı tələbələrə ödəniş güzəşti ləğv edilib. Amma Suriyadan gələnlər üçün saxlanılır. Bu məsələni də qaldırmaq lazımdır.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazıl Mustafa: Bölgələr üzrə çıxışları bəyəndim. Konket məsələlərə toxundular. Bizim istinad nöqtəmiz Azərbaycan Cümhuriyyəti olmalıdır, Qacarlar yox. Qacarlar bəlkə bir məktəb açıblar, elmi, təhsili inkişaf etdiriblər? Bu gün beynəlxaq hüquqda tanınan Azərbaycan Respublikasıdır. İşğal olunmuş Qarabağ da onun tərkib hissəsidir. Qarabağı tam hüquqla tələb edə bilərik. Güney Azərbaycanın da nə vaxtsa müstəqilliyi və ya muxtariyyəti tanınarsa, onda onun mənafeyi üçün çalışarıq. Realist olmalıyıq.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu: BMT-yə müraciətdə bu təşkilatın müzakirə etdiyi birinci məsələnin məhz Azərbaycan məsələsi olduğu qeyd olunmalıdır. BMT bizim üçün heç nə etməyb. Biz İİR-nın beynəlxalq normaların tələblərinə uyğun olaraq azərbaycanlılara qarşı siyasətini yumuşaldılmasını tələb etməliyik.

Günaz.az saytının redaktoru Rauf İlyasoğlu isə bildirib ki, 1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlı qaçqınlara dəyən zərər haqqında ərizələrlə müraciət olunmuş qovluqlar bu günə qədər Azərbaycan Qaçqınlar Cəmiyyətində saxlanılır. Yaxşı olar ki, həmin sənədlər beynəlxalq məhkəmələrə verilməklə Qərbi Azərbaycandan qovulan azərbaycanlıların hüquqları bərpa olunsun və Ermənistan təzminat ödəsin.

Tədbirdə həmçinin Ramiz İbayev, Bədrəddin Quliyev, Valeh Mirzəyev, Rizvan Talıbov, Taleh Əliyev və b. Forumun movzusu ilə bağlı öz fikirlərini bölüşüblər.

BİLMAN


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?