• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Dünya azərbaycanlılarının birliyi əsas hədəfimizdir

16:00 18/04/19 | Diaspora

Komitə sədri: «Ukraynada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir, burada güclü diaspor mövcuddur»

«Dünya azərbaycanlılarının birliyi bizim əsas hədəfimizdir. Cənab Prezidentimiz etimad göstərib məni Dövlət Komitəsinin rəhbəri təyin edərkən, çox ciddi tapşırıqları oldu. Bunlardan biri soydaşlarımızın birliyinin təmin edilməsi məsələsi idi». Bu sözləri Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayında çıxışı zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

O bildirib ki, Ukraynada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir, burada güclü diaspor mövcuddur: "Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qucaq açıb, Azərbaycanı sülhpərvər ölkə kimi tanıyıb. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi az olmayıb. İnanıram ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək".

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın birliyi, onların yaşadıqları cəmiyyətə daha yaxından inteqrasiya etməsi, Azərbaycanla əlaqələrinin gücləndirilməsi və digər istiqamətlərdə bütün mümkün olanlar edilir və gələcəkdə də davam etdiriləcək: "Burada bizim çox dəyərli, bacarıqlı, istər Azərbaycanda, istərsə də Ukrayna cəmiyyətində nüfuz sahibi olan soydaşlarımız yaşayır. Bu qurultayın əhəmiyyəti ondadır ki, belə soydaşlarımız birgə fəaliyyət göstərəcək və bu fəaliyyət daha səmərəli, daha uğurlu olacaq. Təbii ki, məqsəd yalnız bir ölkədə olan həmvətənlərimizin birliyi deyil, dünyada yaşayan soydaşlarımızın birliyinə nail olmaqdır".

Diaspor təşkilatlarının birliyindən söz açan F.Muradov bildirib ki, ümumilikdə, bir çox ölkələrdə, sözügedən birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: "Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu. O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib".

Dövlət Komitəsinin sədri əlavə edib ki, Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalıdır: "Azərbaycan dili məktəblərində hansı dərsliklər çatmırsa, siyahı tutulsun, Komitə tərəfindən yardım ediləcək".
Ukrayna - Azərbaycan əlaqələrindən danışan Ukrayna - Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü Borislav Bereza isə bildirib ki, indiyədək dağınıq şəkildə fəaliyyət göstərən Ukrayna azərbaycanlılarının diaspor təşkilatları daha əvvəl vahid bur qurumda birləşsəydi, öz maraqlarının qorunması və mədəniyyətin inkişafı baxımından mühüm işlər görmüş olardı.
Ukraynalı deputat nəhayət belə bir nümunənin gerçəkləşdirilməsindən məmnun qaldığını gizlətməyib. O,  Ukrayna azərbaycanlılarının ümumi maraqlar naminə bir-birinə güzəştə gedərək, aralarındakı ziddiyyətləri və şəxsi ambisiyaları kənara qoyub birləşmə istiqamətində atdıqları addımı mühüm qərar kimi dəyərləndirib: "Bu nümunədən bizim hamımız öyrənməliyik. Və ümid edirəm ki, azərbaycanlıların ümumi məqsədlərə nail olmaq üçün vahid qurumda birləşməsi, nümayiş etdirdikləri birlik yaxın vaxtlarda məhz Ukrayna cəmiyyəti üçün trend olacaq. Çünki birləşməsək, bizim Ukraynada maksimum müsbət nəticəyə nail olmağımız mümkün deyil".
B.Berezanın sözlərinə görə, o, Ukraynanı ikinci vətənləri sayan bu ölkədəki azərbaycanlıların birləşmə prosesini yaxından izləməyə çox şad olub. Deputat bir daha bu birliyin Ukrayna cəmiyyəti üçün yaxşı nümunə olduğunu qeyd edib: "Çünki müasir dünyada yalnız gücümüzü  birləşdirməklə səmərəli fəaliyyət göstərə və maksimum tez nəticə əldə edə bilərik! Ümid edirəm ki, cəmiyyətimizdə birləşmək istəyi həyata keçiriləcək".
B.Bereza Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini də müsbət qiymətləndirib: "Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi kimi və ya ona oxşar nazirliyin Ukraynada da yaradılması çox faydalı olardı. Bu qurum bütün dünyadakı Azərbaycan diaspor təşkilatlarının təkcə qarşılıqlı əlaqəsinin qurulması ilə məşğul deyil, həm də xalqın mədəni kökünü qoruya bilir, birləşməyi təmin edir. Eyni zamanda faktiki olaraq bütün dünyaya yayılmış diasporların əsasında Azərbaycan üçün qlobal dəstəyi yaradır. Ukraynaya da buna bənzər bir təsir rıçaqı lazımdır. Ukraynalıların da dünyaya səpələndiyi əslində heç kimə sirr deyil. Ona görə də belə bir rəsmi strukturun Ukraynada da fəaliyyətə başlamasını gözləmək qalır".

Qeyd edək ki, Azərbaycan diasporunun formalaşmağa başlaması respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərə - 1993-cü ildən sonraya təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmaları nümayəndələri ilə keçirdiyi görüşlərdə diasporlarımızın formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyuldu. Artıq bu gün Azərbaycan diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində nümayiş etdirdiyi real güc artıq lobbi fəaliyyətinə keçməyin zamanının yetişdiyini deməyə əsas verir.

Bu sahə ilə yaxından məşğul olan müvafiq dövlət qurumları, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə keçməlidir. Bunun nəticəsidir ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsinin zamanının yetişdiyi bildirilir və bu istiqamətdə əməli addımların atılmasının zəruriliyi qeyd olunur.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?