• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Diasporumuz həlli vacib vəzifələrin aktuallığını dərk edir

14:00 19/04/19 | Diaspora

Azərbaycan diasporu qarşıda duran vəzifələrin öhdəsindən gəlmək gücünə malikdir

Uzun illərdən bəri xaricdə yaşayan azərbaycanlılar zaman keçdikcə, həmin ölkələrin ictimai-siyasi, mədəni və digər sahələrinə inteqrasiya olunublar. Və nəticədə xaricdə tədricən Azərbaycan diasporu yaranıb. Dünya ölkələrində yaşayan azərbaycanlılar həmin dövlətlərin təhsil müəssisələrində alim-professor, dövlət orqanlarında məmur, siyasi partiyalarında aktiv üzv kimi, habelə incəsənət və mədəniyyət sahəsində özlərini sübut etdikcə, onların təşkilatlanması daha da sürətlənib. Ekspert Əhməd Şahidov hesab edib ki, diaspora işi əslində bir könül məsələsidir, ilk növbədə sevgin olmalıdır bu işə: «Savadlısan ya yox, güclü intellekt sahibisən və ya deyilsən, çoxlu dil bilirsən ya bilmirsən, təşkilatçılıq qabiliyyətin güclüdür ya yox – bunlar ikinci növbədə gələn məsələlərdir. Əvvəlcə içində sevgi olmalıdır… Vətənə sevgi, Xalqına sevgi, Dövlətinə, Bayrağına, Himninə sevgi… sevgi, sevgi və sonsuzadək sevgi…

Sevgi varsa, yola çıxa bilərsən. Uzun və keşməkeşli bir yoldur. Bu yolda büdrəmək olmaz, tərəddüd içində geri çəkilmək olmaz, əyilmək, sınmaq olmaz! Buna görə də mütləq savadlı olmalısan, güclü intellektin olmalıdır, çoxlu dil bilməlisən, təşkilatçılıq qabiliyyətin güclü olmalıdır. Bunlar da varsa, qələbə qaçılmazdır, uğur səninlə olacaq hər zaman».

Artıq milli həmrəyliyin real daşıyıcıları olan azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi və ictimai nöqteyi-nəzərdən kifayət qədər aktiv mövqe tuta bilirlər. 3-4 iyun 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının IV qurultayında prezident İlham Əliyev bildirdi ki, Azərbaycan diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini uğurla müdafiə edir, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini durmadan artırırlar. Dövlət başçısı xaricdəki soydaşlarımıza əldə edilən nailiyyətlərlə kifayətlənməməyi, fəaliyyətlərini daha da genişləndirməyi tövsiyə etdi. Prezident İlham Əliyevin Qurultayda bəyan etdiyi kimi, xaricdəki cəmiyyətlərimiz dövlətimizin inkişafında, dünya azərbaycanlılarının mənəvi dayağı olan müstəqil Azərbaycan Respublikasının tarixi çiçəklənmə prosesinə öz fəaliyyətləri ilə layiqli töhfələr verməli, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməməlidirlər. Çünki 50 milyondan çox dünya azərbaycanlılarının bir Vətəni var, o da müstəqil Azərbaycan Respublikasıdır.

Gənc Politoloqlar Mərkəzinin (GPM) sədri İlkin Əliyev hesab edir ki, xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini dərk edərək onu qoruyub saxlamağa artıq nail ola biliblər. Onun sözlərinə görə, indi qətiyyətlə demək olar ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqları Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və bu onların əsas strateji məqsədlərindən biridir: «Əslində hazırkı şəraitdə Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə heç vaxt olmadığı qədər ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, müstəqil daxili və xarici siyasət yürütməsi, ölkəmizin zəngin karbohidogen ehtiyatlarına malik olması və dünyanın güc mərkəzlərinin enerji mənbələri uğrundakı savaşı diaspora fəaliyyətimizin daha da güclənməsini zəruri edir. Bununla yanaşı, müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini tələb edir».

GPM sədri bildirib ki, Azərbaycan dövlətinə qarşı heç bir ölkədə olmadığı qədər təhdidlərin olması diaspora fəaliyyətimizin möhkəmlənməsini önə çıxarır: «Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza verilən dövlət dəstəyi məhz sadalanan məsələlərin həllində mühüm rol oynayır. Belə ki, artıq diaspora təşkilatlarımız bəzi problemlərin bir çoxunun həllində ciddi uğurlara nail olublar. O da etiraf edilməlidir ki, qarşıya qoyulan hədəflərə tam şəkildə nail olmaqdan ötrü diaspor təşkilatlarımızın dövlətlə əməkdaşlıq şəraitində bir sıra məsələlərin həlli vacib sayılır. Məlum olduğu kimi Azərbaycanın beynəlxalq imici, həyata keçirilən çoxşaxəli xarici siyasət, dünya ölkələrinin iqtisadi və enerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş dövlətlərlə bərabər səviyyədə əməkdaşlığına şərait yaradıb. Artıq Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə ticarət əlaqəsindədir. Bu isə o deməkdir ki, müstəqil Azərbaycan üçün dünyanın bir o qədər ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanı yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə siyasi əlaqələrimiz də normaldır, hətta bəzi ölklərlə siyasi əməkdaşlığımız fayda verməkdədir. Belə ki, artıq Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bir sıra ölkələrlə vahid mövqedən çıxış edir, beynəlxalq hüquq çərçivəsində dövlətlərin maraqlarının müdafiəsində prinspiallıq nümayiş etdirir».

İ.Əliyev qeyd edib ki, belə fəaliyyət parlamentlərarası əməkdaşlıq səviyyəsində özünü daha qabarıq büruzə verir: «Məhz belə bir vəziyyət imkan verir ki, Azərbaycanla normal siyasi-iqtisadi münasibətdə olan ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdə monolit qüvvə kimi çıxış etməyə nail olsunlar. Daha dəqiq, həmin ölkələrin siyasi və ictimai həyatına nüfuz edə bilsinlər. Sirr deyil ki, dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Həmçinin yaşadıqları ölkədə Azərbaycanın milli və dövlət maraqlarının təmin olunmasında müəyyən rol oynamaq imkanı yaranır. Konkret olaraq qeyd etmək olar ki, dünya azərbaycanlılarının yaşadıqları ölkələrin seçkili və yaxud icra strukturlarında təmsil olunmaları soydaşlarımızın hüquqlarının müdafiəsi ilə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bu halda dünya ölkələrinin parlamentlərində, nəticə etibarilə isə beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları barədə ədalətli qərarların qəbuluna nail olmaq mümkündür».

Ekspert vurğulayıb ki, dövlətin xüsusi dəstəyi nəticəsində son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrilib: «Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir. Bu onu deməyə əsas verir ki, hazırki şəraitdə Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək gücünə malikdir. Lakin o da etiraf edilməlidir ki, diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da təkmilləşməsinə ehtiyac duyulur. Belə məlum olur ki, dövlətin dəstəyi sayəsində Azərbaycan diasporasının müstəqillik illərindəki fəaliyyəti öz səmərəsini verməkdədir. Xüsusən, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra bu iş daha da güclənib. Deməli, diaspora fəaliyyətinin dövlət səviyyəsində aparılması çox əhəmiyyətlidir».

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?