• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Bu gün diasporumuz həmişəkindən daha güclüdür

14:30 23/04/19 | Diaspora

PA rəsmisi: «Azərbaycan diasporu erməni diasporu ilə müqayisədə son illər xeyli inkişaf edib»

Son dövrdə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı artıq okeanın o tayından da dəstək azalır. Məsələn, Hayastan Ümumerməni Fondunun builki telemarafonu baş tutmaya bilər. Bu məlumatı "Jamanak” qəzeti yayıb. "Fondun Los-Ancelesdəki ən böyük ofisinin işi iflic olub. Belə ki, fondun bir sıra əsas şəxsləri ofisi tərk etmək istədiklərini və Ermənistanın yeni hökumətiylə işləmək istəmədiklərini bildiriblər. Hazırda buna görə telemarafonun keçirilməsinə hazırlıq aparılmır. Belə görüntü yaranır ki, Ermənistanın yeni hökuməti də Hayastan Fondundan imtina edib və onu "Mənim Addımım”, eləcə də "Təbəssümlər Şəhəri” fondları ilə əvəz etməyə çalışır. Baş nazirin həyat yoldaşı Anna Akopyanın Amerika səfəri də göstərdi ki, bu fondlara inam elə də yüksək deyil. Bu fondlara vəd edilən məbləğ 1 milyon dollardır, əslində isə toplanacaq məbləğ daha az olacaq, – deyə qəzet bildirib.

Qeyd edək ki, Hayastan Fondu 1992-ci ildə Levon Ter-Petrosyanın əmriylə yaradılıb. Bu təşkilat hər il keçirdiyi telemarafonlarla Ermənistan və Qarabağ üçün vəsait toplamaqla məşğul olur. Hayastan Fondunun keçən il Los-Ancelesdə keçirdiyi illik telemarafon Ermənistanda söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, keçənilki tədbirdə Rusiyadakı diaspor nümayəndələrindən heç bir ianə verilməyib. Ən böyük ianələr İran, Avropa və ABŞ-dakı diaspor nümayəndələri tərəfindən bağışlanıb. Nəticədə keçənilki telemarafonda 10 ilin ikinci ən aşağı maliyyə yardımı toplanılıb. Ümumilikdə 12 il ərzində telemarafonda 220 milyon toplanıb. 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş bölməsinin müdiri Qafar Əliyev deyib ki, erməni diasporunda yaranmış bu parçalanmalar onlar arasındakı fikir ayrılığından irəli gəlir. PA rəsmisi qeyd edib ki, ermənilərin əksinə olaraq Azərbaycan diasporu son dövrdə xeyli güclənib.

Qafar Əliyev qeyd edib ki, artıq azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən birinə çevrilib. PA rəsmisi vurğulayıb ki, bu gün Azərbaycan diasporu prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında hücum xarakterində qurulub.

PA rəsmisi Azərbaycan diasporunun erməni diasporu ilə müqayisədə son illər xeyli inkişaf etdiyini vurğulayıb: “Güc mənasında müqayisə etsək konkret demək olmaz ki, dünyanın bir sıra ölkələrində Azərbaycan və ya erməni diasporu güclüdür. Bu məsələ əsasən ayrı-ayrı dövlətlərin mövqeyindən asılıdır. Etiraf etmək lazımdır ki, Fransada erməni diasporu güclüdür. Ermənilərin bu ölkədə kompakt yaşaması, lobbiçilik fəaliyyəti ilə məşğul olması, bir sıra məsələlərdə rəsmi qurumlara təsir göstərə bilməsi onu deməyə əsas verir ki, Fransada erməni diasporu Azərbaycan diasporundan güclüdür. Lakin digər dövlətlərlə müqayisədə bu fikri söyləmək olmaz. Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanlı Gənclər Təşkilatı və digər cəmiyyətlərin gücü erməni diasporundan heç də zəif deyil. Eyni şeyi Orta Asiya respublikaları, Ukrayna və digər ölkələr üçün də söyləmək olar. Həmçinin bir sıra Avropa ölkələrində Azərbaycan diasporu erməni diasporunu tam üstələyir. Birləşmiş Ştatlarda da erməni diasporunun gücü müəyyən mənada artıqdır. Ancaq hansısa ölkədə erməni diasporunun güclü olması onu deməyə əsas vermir ki, həmin ölkədə Azərbaycan diasporunun fəaliyyəti məhdudlaşır. Həmin dövlətlərin əksəriyyəti demokratik ölkədir və orada öz fikrini açıq şəkildə söyləmək üçün lazımı imkan və şərait var”.

Qafar Əliyev hazırda Azərbaycan diasporunun qarşısında dayanan mühüm vəzifələrdən də söz açıb. O bildirib ki, bu gün Azərbaycan diasporunun qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır: "Azərbaycan diaspora siyasətinin qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ probleminin həlli üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünyada Azərbaycanla maraqlanan qurumları daha çox məlumatlandırmaqdan ibarətdir. Bu birmənalıdır və diasporumuzun dəyişməz fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin dünya ictimaiyyətinə çatdırılması işində biz xarici ölkələrdə yaşayan soydaşlarımıza böyük ümidlər bəsləyirik. Etiraf etmək lazımdır ki, əvvəllər elə dövlətlər vardı ki, həmin ölkələrdə diaspora təşkilatları fəaliyyət göstərmirdi. Ancaq hazırda nəinki dünyanın hər bir ölkəsində, eləcə də həmin ölkələrin ayrı-ayrı şəhərlərində, vilayətlərində Azərbaycan diaspora təşkilatları, cəmiyyətləri yaranıb və məqsədyönlü şəkildə fəaliyyət göstərirlər. Diaspor təşkilatlarımız malik olduqları imkanlardan maksimum dərəcədə istifadə etməklə Azərbaycanın əleyhinə olan qüvvələrə qarşı mübarizə aparırlar".

Qafar Əliyev deyib ki, Azərbaycan diasporu ildən-ilə fəaliyyətini zənginləşdirir, inkişaf etdirir, strukturlarını təkmilləşdirir: “Daxili və xarici siyasət sahəsində əldə etdiyimiz uğurlar, ölkəmizin dünya miqyasında əldə etdiyi nailiyyətlər, Azərbaycanın haqq səsinin dünyada eşidilməyə başlanması, bizim mənafelərimizi müdafiə edən müxtəlif dövlətlərin siyahısının artması ona deməyə əsas verir ki, biz lobbiçilik fəaliyyətini gücləndirməliyik. Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən lobbiçilik fəaliyyətinə başlamağın zamanı gəlib və ötən illər ərzində bu istiqamətdə müfaviq işlər həyata keçirilib. Bu gün isə bizim malik olduğumuz imkanlar kifayət qədər yetərlidir ki, sözügedən istiqamətdə daha da keyfiyyətli, mükəmməl və təcrübəli şəkildə işlər aparaq”.

Qeyd edək ki, Azərbaycan diasporunun formalaşmağa başlaması respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərə - 1993-cü ildən sonraya təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmaları nümayəndələri ilə keçirdiyi görüşlərdə diasporlarımızın formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyuldu. Artıq bu gün Azərbaycan diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində nümayiş etdirdiyi real güc artıq lobbi fəaliyyətinə keçməyin zamanının yetişdiyini deməyə əsas verir.

Bu sahə ilə yaxından məşğul olan müvafiq dövlət qurumları, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə keçməlidir. Bunun nəticəsidir ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsinin zamanının yetişdiyi bildirilir və bu istiqamətdə əməli addımların atılmasının zəruriliyi qeyd olunur.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?