• 2019.06.27

Çətin və şərəfli peşə sahibi

16:05 24/04/19 | Elm

Respublikamız müstəqillik əldə etdikdən sonra paytaxt Bakı şəhəri, eyni zamanda bütün regionlarda dövlətimiz mədəniyyət, təhsil, idman, səhiyyə sahəsində bir çox işlər görmüşdür. Səhiyyə sahəsində son illər gedən inkişaf göz önündədir. Bir neçə il bundan öncə xəstəni müalicə etmək üçün hamı xarici dövlətlərə üz tuturdu. Lakin son illər bütün xəstəliklərin müalicəsi Azərbaycanda aparılır.

Xətai rayonundakı 6 nömrəli şəhər poliklinikası da fəaliyyətinə görə seçilən səhiyyə müəssisələrimizdəndir. Burada çox savadlı həkimlər çalışır. Onlardan biri də endokrinoloq həkim Elnaz Seyidovadır.

Elnaz həkim Bakı şəhərində anadan olub. 1997-ci ildə 266 nömrəli orta məktəbi bitirib. 1997-2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. O, 2004-cü ildə 4 saylı şəhər xəstəxanasında internaturanı bitirib. 2010-cu ildən 6 nömrəli şəhər poliklinikasında həkim-endokrinoloq kimi fəaliyyət göstərir. 2018-ci ildə ikinci ixtisas alaraq Nutusologiya və diatologiya üzrə təlimdə iştirak edib. 2000-ci ildən YAP-ın üzvüdür. Ailəlidir iki övladı var.

Elnaz Seyidova şəkərli diabet xəstələrini müalicə edir. Onunla söhbətdə qeyd etdi ki, 6 nömrəli şəhər poliknikasının nəzdində o 1200 xəstəni müalicə edir: «Şəkərli diabet xəstələri ilə davranmaq elə də asan məsələ deyil. Hər bir xəstəyə nəvazişlə yanaşmaq lazımdır. Şəkərli diabet xəstələri çox həssas olurlar. Təbii ki, xəstələrin içində yaşlıları çoxdur. Bu ay poliklinikamızın akt zalında şəkərli diabet xəstələri ilə böyük bir tədbir keçirdik. Tədbirdə 6 nömrəli poliklinikanın baş həkimini əvəz edən Gülmura İbrahimova da iştirak edirdi. Gülmura İbrahimova tədbirdə geniş çıxış edərək xəstələrə öz üzərlərinə düşən vəzifələrdən danışdı. Tövsiyələrini verdi».

E.Seyidova bildirdi ki, o bir çox ağır şəkərli diabet xəstələrini müalicə edib: «Bilirsiniz ki, şəkər xəstəliyində ən ciddi problem yara problemidir. Xəstələr çalışmalıdır ki, hər gün yeməklərinə fikir verib açıq havada çox gəzsinlər».

Həkimlə söhbət zamanı otağında 10-dan çox diplom, fəxri fərmanlar gözümdən yayınmadı. Bununla bağlı o dedi ki, həmişə seminarlarda iştirak edir, öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Xəstəliyə qarşı yeni-yeni kitabları mütailə edir».

E.Seyidova həkimlik peşəsini uşaqlıqdan sevdiyini də dedi: «Mənim böyük bacım da həkimdir. Özüm ziyalı ailəsində anadan olmuşam. Atam ADNSU-da müəllim, anam isə orta məktəb direktorudur. Bu peşəyə gəlməkdə əsas məqsədim atama qarşı mehribançılığım, ünsiyyətim, sevgim olub. Atam şəkərli diabetdən əziyyət çəkir. O, şəkər xəstəsi olduğu üçün mən belə qərara gəldim ki, bu sahə üzrə həkim olum və atamı müalicə edim. Çox şadam ki, qarşıma qoyduğum məqsədə çatdım. Hal-hazırda atamı da müalicə edirəm. Hər bir övladın borcudur valideynlərinə qulluq etmək».

MƏMMƏDHƏSƏN