• 2019.05.22

Diaspor sahəsində aparılan dövlət siyasəti təqdir olunmalıdır

16:00 30/04/19 | Diaspora

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir-birinə inteqrasiyası vacib şərtlərdən biridir

Diaspor təşkilatlarımızın problemlərinin aradan qaldırılması istiqamətində onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Bu siyasət isə təsadüfi xarakter daşımır. Çünki tarixən hər bir ölkənin xarici siyasətinin uğurlarında, ölkənin müsbət imicinin qorunub saxlanılmasında xaricdə yaşayan təşkilanmış həmvətənlər mühüm rol oynayıblar. Təbii ki, bu gün Azərbaycanın siyasi, intellektual, demoqrafik, iqtisadi, energetik və coğrafi potensialı onun xarici siyasətinin resursudur, desək səhv etmərik. Əgər energetika siyasəti dövlətimizin əsas xarici siyasi resursudursa, xaricdə fəaliyyət göstərən, yaxşı təşkilatlanmış diaspora birlikləri də vacib resurslarımızdan biridir.

Beynəlxalq təhlükəsizliyin artırılması və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə Azərbaycanın xarici siyasi fəaliyyətini bundan sonra da optimallaşdırma zərurətinə nəzər salarkən diaspora siyasətinin nə qədər vacib olduğunu başa düşmək heç də çətin deyil. Politoloq Zaur Məmmədov hesab edir ki, ölkəmizin xarici siyasətinin əsas prioriteti gənc dövlətin inkişaf  yolunun üstündə əsas maneə olan və onun milli maraqları üçün təhlükə mənbəyi sayılan Ermənistan – Azərbaycan münaqişəsinin tənzimlənməsidir. Onun sözlərinə görə, digər münaqişələr kimi bu münaqişədə də tərəflər arasında informasiya müharibəsinin getdiyinin şahidiyik. İnformasiya müharibəsi bəzən səngərdən də vacibdir. Ona görə indiki şəraitdə Azərbaycan üçün güclü diaspora olduqca lazımlıdır: «Cəbhədə sonuncu dəfə vəziyyətin gərginləşdiyi vaxt bir daha şahid olduq ki, xaricdə Azərbaycanı istəməyən, bu müharibədə erməni mövqeyindən çıxış edən, ölkəmiz haqqında dezinforimasiyalara, təxribat materiallarına geniş yer verən kütləvi informasiya vasitələri, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst mətbuat orqanları kifayət qədər çoxdur. Bu səbəbdən indiki vəziyyətdə xaricdə Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin düzgün əks etdirilməsi üçün xaricdəki soydaşlarımız, təşkilatlarımız əsas istiqamətləndirici qüvvədirlər. Xarici dilləri yaxşı bilən tələbə-gənclər sosial şəbəkələrdə daha aktiv olmalı, düşmənin təxribat xarakterli reallığı əks etdirməyən məlumatlarına dəqiq və məntiqli cavab verməlidirlər. Müstəqil Azərbaycanın tarixində diaspora quruculuğunda Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001 –ci ilin may ayının 23 – də ümumilli lider Heydər Əliyevin sərəncamı əsas rol oynamışdır. Bu bir tarixi proses idi. Cənab prezident İlham Əliyev tərəfindən 2008 ci ilin noyabr ayında  Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması dövlətimizin bu istiqamətə xüsusi diqqət yetirməsinin bariz nümunəsidir.

Bugün demək olar kı, dünyanın əksər ölkələrində Diaspora Komitəsinin dəstəyi ilə Azərbaycan təşkilatları yaradılmışdır. Ümumiyyətlə, olduqca çətin və məsuliyyətli bir məsələ ilə məşqul olan Komitənin xaricdə yaşayan azərbaycanlıların güclənməsindəki rolunu danmaq olmaz. Həmin birliklərin əsas vəzifəsi xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə təşkilatlanmaları, həmin cəmiyyətlərə inteqrasiya olmalarıdır. Lakin, eyni zamanda qeyd etmək yerinə düşər ki, diaspora siyasəti təkcə yuxarıdan aşağıya, vertikal şəkildə istiqamətlənməməlidir. Bu diaspora sahəsini xarici siyasətimizdəki digər resurslarımızdan fərqləndirən əsas amildir».

Politoloq qeyd edib ki, hər bir azərbaycanlı getdiyi ölkədə fərdi şəkildə yaşamamalı, xalqımıza aid olan təşkilatlarla əlaqədə olmalıdır: «Təəsüflər olsun kı, bəzən oxumaq, işləmək, yaşamaq dalınca xaricə üz tutan nümayəndələrimiz arasında vətənə və dövlətə biganəliyin şahidi oluruq. Bu olduqca utancverici bir haldır. Demək olar ki, xaricdəki bəzi təşkilatlarımız pərakəndə şəklində fəaliyyət göstərirlər. Misal üçün, milyonlarla  azərbaycanlıların yaşadığı  Rusiyanın hər şəhərində bir neçə diaspora təşkilatları  fəaliyyət göstərir. Bu isə təbii ki, diasporanın fəaliyyətinə zərbə vurur. Bir şəhərdə bir neçə azərbaycanlı icma birlikləri arasında tez–tez kəskin münaqişələr ortaya çıxır.  Bir çox diaspora təşkilatlarının adı mövcud olur, lakin real işlərlə məşğul olmurlar. Şəxsi maraqları naminə fəaliyyət göstərən bu icmalar vətənimiz üçün təəssüflər ki, heç bir iş görmürlər. Mən Rusiyanı misal olaraq çəkdim. Buraya Belarus, Ukrayna və s. kimi dövlətlərdəki bu sahədəki ümumi vəziyyət də daxildir. Fikrimcə, onlarla profilaktik təlimlər keçirilsə pis olmaz. Diaspora, vətənpərvərlik, dövlətçilik siyasi şüurla, siyasi mədəniyyət ilə bağlı olan məsələlərdir».

Ekspert Xəqani Hüseynov da hesab edir ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir-birinə inteqrasiyası vacib şərtlərdən biridir: «Bir ölkədə yaşayan soydaşımız başqa bir ölkədə yaşayanla çox yaxşı dostluq əlaqəsindədir. Mütəmadi ünsiyyətləri var. Gedirlər, gəlirlər, görüşürlər, danışırlar, məktublaşırlar, internetdə yazışırlar. Danimarkada yaşayan İspaniyada yaşayanla, ABŞ-da yaşayan Almaniyada yaşayanla isti münasibətdədir. Bütün dünya belə yaşayır, özünə  qapanıb qalmaq mənasızdır. Azərbaycan respublikasında yaşayan insanlar da bu gün dünya ilə əlaqələrini sıxlaşdırmalıdır. Belə əlaqələr nə qədər çox olsa, öz həqiqətlərimizi bir o qədər geniş yaya bilərik».

Ekspert əlavə edib ki, ən böyük qürur duyulacaq məqam ondan ibarətdir ki, biz 50 milyonluq xalq olduğumuzu artıq dərk edirik: «Xaricdə yaşayan azərbaycanılar arasında peşəsindən asılı olmayaraq çox maraqlı insanlar var. Bu insanlar müxtəlif səbəblərdən xaricdə yaşasa da, Azərbaycanı unutmurlar. Vətən naminə çalışırlar. Elə adamlar çoxdur və biz onlarla qürur duyur, onların səsini Vətənin səsinə qatırıq. Vaxtilə özünü ifadə üçün şərait yaradılmadığına görə ölkədən gedən peşəkar kadrlar olub, ona da təəssüflənirik. Amma bu gün ölkə prezidenti bütün dünya azərbaycanlılarının prezidenti kimi onların hamısını Vətən üçün faydalı iş görməyə dəvət edir. Onlar da imkanları daxilində o işi görürlər. Xaricdə Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirənlər kifayət qədər çoxdur. Öz bilikləri ilə qabaqcıl ali məktəblərə daxil olan qürurverici gənclərimiz var. Yüksək səviyyəli yaradıcı isanlar, sənət adamları, mətbuat işçiləri, həkimlər, mühəndislər, alimlər var ki, onlar həqiqətən də Azərbaycan üçün qürur mənbəyidir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, eləcə də diaspora quruculuğu sahəsində fəaliyyətimiz genişlənir. Ulu öndərin vaxtilə uzaqgörənliklə dediyi kimi, indi Azərbaycan həqiqətən dünyaya bir günəş kimi doğmaqdadır. Bunu təkcə özümüz demirik. Bunu xaricdə yaşayan azərbaycanlılar da, Azərbaycana gələn xarici qonaqlar da fəxrlə, qururla, heyrətlə deyirlər».

Cavanşir QƏDİMOV