• 2019.07.17

Aparılan diaspor siyasəti səmərəli nəticələr verir

13:00 06/05/19 | Diaspora

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların daha çevik təşkilatlanmasına yönələn islahatları diqqət mərkəzində saxlayır

Bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar artıq önəmli rol oynaya bilirlər. Məlumat üçün bildirək ki, əgər 2002-ci ildə dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız vardısa, hazırda onların sayı 500-ə yaxındır. Həm də onlar daha koordinasiyalı, sıx əlaqədə fəaliyyət göstərirlər. Daha əhəmiyyətlisi isə odur ki, bu diaspor təşkilatları azərbaycançılıq məfkurəsi altında birləşib. Onların vahid məqsədi, müstəqil dövlətçiliyə xidmət həvəsi, milli mədəniyyəti dünyada tanıtmaq kimi yüksək amalı vardır.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında qətiyyətlə bəyan etmişdir: "Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar".

Hazırda diaspor təşkilatlarımız dünya ölkələri ilə mədəni əlaqələrin genişlənməsi, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgiləri, musiqi xadimlərimizin konsertlərinin təşkilində əhəmiyyətli layihələr  reallaşdırırlar. Ukraynada da bu işlər uğurla həyata keçirilir.

Prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayıb: “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar”.

Ukraynada yaşayan bir neçə yüz minlik Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımızın mədəni əməkdaşlığının genişlənməsində mühüm rol oynayır. Bu günlərdə Ukraynada prezident seçkisi də baş tutdu. Maraqlıdır, yeni prezidentin azərbaycanlılara münasibəti necə olaca? Təbii ki, bu suala cavabı zaman verəcək. Ancaq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov deyib ki, onun rəhbərlik etdiyi təşkilat və bu təşkilatın çətiri altında əksər Ukrayna azərbaycanlıları prezident seçkisinin ikinci turunda qalib gəlmiş Vladimir Zelenskini dəstəkləyiblər: “Seçki prosesi zamanı çağırışlarımızda, bəyanatlarımızda biz öz mövqeyimizi əvvəldən ortaya qoymuşduq. Bunun da səbəbi digər ukraynalılar kimi, bizim də Petro Poroşenkonun yürütdüyü siyasətdən narazılığımız idi”.

Seçkinin nəticələrinin gözlənilən olduğunu deyən UABD sədri bildirib ki, nəticələr ilə onların proqonozu arasında cəmi 2 faiz fərq olub: “Bizim sosial şəbəkələrdə səhifələrimizdə də bu proqnozlar qeyd olunub. Elə gözlədiyimiz kimi, Poroşenko dərhal məğlubiyyətini etiraf etdi”.

“Sabiq Prezident Viktor Yanukoviçin dövründəki kimi, sifarişli həbslər, biznes monopoliyası, xalqın tələblərinin yerinə yetirilməməsi, orta sahibkarlığın sıxışdırılması, fərqli siyasi baxışları olan şəxslərə təzyiqlər və s. Poroşenkoya qarşı xalqın inamını itirdi. Onun hakimiyyəti vaxtında mənim özümə qarşı da təzyiqlər oldu. Amma tarixi vətənimiz Azərbaycanın, o cümlədən yaşadığımız Ukraynanın maraqları daim bizim üçün önəmli olduğu üçün biz bu təzyiqlərdən üzüağ çıxdıq”, -H.Cavadov vurğulayıb.

Diaspor rəhbəri bildirib ki, Zelenskinin xalqın etimadını qazanmasına “Xalqın xidmətçisi” serialında Prezident rolunda çıxış etməsi də kömək etdi: “Mən deyərdim ki, bu serial onun təbliğatının başlanğıcı oldu. O, xalqa "əsl prezident necə olur?" anlayışını öz peşəsi üzərindən həmin serialda göstərdi. Bizim Zelenskiyə ümidlərimiz böyükdür, onun qələbəsi bizi sevindirir. Yeri gəlmişkən, onun Azərbaycana xüsusi məhəbbəti var. Dəfələrlə Azərbaycanda olub, problemlərimizi kökündən bilir”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarından sonra xaricdə yaşayan azərbaycanlıların daha çevik və səmərəli şəkildə təşkilatlanması, təşkilatların fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatları ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Artıq xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarına görə təsnifatlanmır və Komitə hər hansı düşüncəyə fərq qoymadan hər bir azərbaycanlıya sahib çıxır.

Bu istiqamətdə müxtəlif ölkələrdə koordinasiya şuralarının təsis edilməsi öz səmərəsini dərhal verməyə başlayıb. Koordinasiya şuralarının yaradılması və buna Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa dəstək verməsi artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların "işinə" ciddi maneə yaradıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor təşkilatlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesinin başlanması antimilli qüvvələrin əl-qolunu bağlayıb. Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması isə xaricdə ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməyə kömək edəcək.

Yəni artıq Azərbaycan diasporunun fəaliyyəti təkcə dövlət büdcəsi hesabına maliyyələşməyəcək, iş adamlarının, imkanlı şəxslərin və Vətəninə hansısa yardımdan məmnunluq duyan soydaşlarımızın diaspor fəaliyyətinə dəstək göstərmələrinə də şərait yaranacaq.

Cavanşir QƏDİMOV