• 25 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

Mümkünsüzü mümkün etmək olarmış: SAÇI İLƏ VAQON DARTAN PƏHLƏVAN

17:00 06/05/19 | Maraqlı

Bazar günü Bakının Dəmir Yol Vağzalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə pəhləvan Nurəddin Beyləqanlının təşkilatçılığı ilə müsiqili idman tədbiri keçirildi. Azərbaycan bayrağı ilə bəzədilmiş platformada və ətraf ərazilərdə səliqə-səhman diqqəti cəlb edirdi. Əvvəlcə dövlət himnimiz səsləndirildi.

Musiqili şou proqramının aparıcıları - telejurnalist yazıçı Kamil Məhərrəmoğlu (Nehrəmli) və Nisə Yusifqızı tədbir iştirakçılarını salamladı. Kamil Məhərrəmoglu ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən söhbət açdı və tədbirin gənclərimizin vətənpərvər ruhda böyüməsində əhəmiyyətindən danışdı.

Şou proqramın aparıcısı və məlahətli səsiylə könülləri oxşayan mügənni Nisə Yusifqızı ifa etdiyi "Azərbaycan" mahnısı ilə tədbirdə xoş ovqat yaratdı. Nizami rayon 229 saylı tam orta məktəbin şagirdi Rəhilə Rəcəbli, Binəqədi rayon 182 saylı tam orta məktəbin şagirdləri Əli Hüseynli və Zəhra Hüseynli dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə yazılmiş şeirləri xüsusi məharətlə söylədilər və mahnılar səsləndirildi.

Onu da qeyd edək ki, tədbirdən bir gün öncə Azərbaycanı dünyanın hər yerində şərəflə təmsil edən pəhləvanımız haqqında "Azad Azərbaycan" qəzetində geniş və ətrafli bəhs olunmuşdu.

Tədbir iştirakçıları geniş məlumatlandırıldı.

"Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov pəhləvanımıza uğurlar arzuladı və tədbirin əhəmiyyətindən danışdı.

Vaxtılə məşhur, adlı-sanlı Rəşid pəhləvandan dərs almış və uzun illər pəhləvanlıq etmiş Ağabəy pəhləvan və Müsəllim pəhləvan, dostları ilə qürur hissi keçirdiklərini bildirdilər və Nurəddin Beyləqanlıya uğurlar arzuladılar.

Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Edinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov xüsusilə qeyd etdi ki, Rusiya xalqı bilir ki, Azərbaycanın belə mərd oğulları, igid pəhləvanları var: «Biz Nurəddin Beyləqanlının qarşısında baş əyirik, ona görə ki, o, bizim bayrağımızı Rusiyanın hər bir bölgəsində ucaldıb. Öz qeyri-adi gücü ilə tamaşaçıları heyrətləndirib».

Uzun illər Rusiyada diaspor rəhbəri olmuş Məhəmməd Əli iftixarla bildirdi ki, Nurəddin pəhləvan Azərbaycanı Rusiyada daim yüksək səviyyədə təmsil edib. Belə pəhləvanlarımız Qarabağın azadlığı naminə hər zaman öndə olacaqlar. Allah qorusun!

Sonra əyləncəli müsiqili şou proqram başladı.

Qara zurnanın sədaları hər tərəfə yayıldı. Meydan pəhləvanımıza verildi. İlk şou olduqca maraqlı və heyrətləndirici oldu.

Dəmir Yol Vağzalında xeyli canlanma var idi.

Nurəddin Beyləqanlı 150 millimetrlik mismarı alnı ilə iki həmlədə taxtaya vurduqdan sonra, dişiylə mismarı çıxardarkən alqış sədaları hər tərəfə yayıldı. Olduqca riskli və qeyri-adi hərəkətləri ilə tədbir iştirakcılarını heyrətləndirən pəhləvanımız bu dəfə diametri 15 sm qalınlığında olan dəmir armaturu dişləri ilə iki yerə qatladı. Nurəddin Beyləqanlının göstərdiyi bu proqram hər kəsi təəccübləndirdi.

Sonra açıq havada iki “Niva” markalı avtomobili əks istiqamətə sürməyə cəhd edən sürücülər dəmir barmaqlıqlar arasında məngənə kimi sıxılaraq yerindən tərpənə bilmədi. Nurəddin Beyləqanlı hər iki qolu ilə avtomobillərin hərəkərini dayandırmaqla qeyri-adi güc nümayiş etdirdi.

Hamının dəmir adam adlandırdığı pəhləvanımızın sonuncu proqramı olduqca maraqlı və təhlükəli idi. Təsəvvür edin ki, 64 ton ağırlığında olan vaqonu saçıyla dartaraq yerindən tərpətmək və ardınca aparmaq nə deməkdir?

Bu şou proqramının da öhdəsindən uğurla gələn pəhləvanımızın qeyri-adi gücü hər kəsi heyrətləndirdi və alqışlarla qarşılandı. Onlarla paytaxt sakinləri bu canlı səhnəyə tamaşa edib, Azərbaycan pəhləvanı ilə qürur duydular. Hər kəs Koroğlu biləkli dəmir adamla şəkil çəkdirməyə can atırdı.

Tədbir geniş içtimaiyyət tərəfindən alqışlarla qarşılandı. Belə igid, cəsarətli oğulları olan xalq heç zaman düşmənə baş əyməz.

İnanırıq ki, Ali Baş Komandanımızın əmri ilə belə cəsur, qorxmaz oğullarımızın sayəsində işgal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik.

Rauf İLYASOGLU


Facebook

Instagram

Youtube

SORĞU


test