• 2019.05.22

“Bir millətin iki diasporası olmaz”

13:00 07/05/19 | Diaspora

Azərbaycan-Türkiyə dövlətləri arasında olduğu kimi diaspora təşkilatlarımız da münasibətləri dərin köklər üzərində qurmalıdır

Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var. Ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti də təqdir olunmalıdır. Xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin son dönəmdə gördüyü işlər bu qənaəti formalaşdırır.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı hesab edir ki, belə davam edərsə, diaspor təşkilatlarının işində daha böyük uğurlar əldə ediləcək: «Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədrin təyin olunmasından sonra hər kəs kimi mən də fərqli bir yanaşmanın şahidi oldum. Diaspor sahəsində isti münasibətlər yaranmağa başlayıb. Ayrı-ayrı ölkələrdəki sağlam qüvvələr bir araya gətirilir. Əminəm ki, yeni sədr cənab Prezidentin onun qarşısında qoyduğu çox ciddi vəzifələri yerinə yetirə biləcək. Kifayət qədər dinamik, ağıllı, savadlı və dövlətə bağlı insandır. Şübhəm yoxdur ki, yaxın vaxtlarda xaricdə yaşayan soydaşlarımızın diaspor təşkilatları ətrafında daha sıx və sağlam birliyinin, dayanıqlı fəaliyyətinin şahidi olacağıq.

Qaldı Türkiyədəki diaspor təşkilatlarımıza, onu deyə bilərəm ki, orada diaspor bir qədər fərqlidir. Çünki Türkiyə ilə eyni kökə, dinə, dilə malikik».

Millət vəkili qeyd edib ki, Azərbaycanda 7-dən 70-ə qədər hamı Türkiyənin diasporudur: «Kimi dindirsən ancaq qardaş Türkiyə haqqında xoş sözlər söyləyə bilər. Əgər xatırlayırsızsa, bir neçə il bundan qabaq Türkiyəyə qarşı böhtan xarakterli fikir söyləyəndə Prezident İlham Əliyev "Türkiyə prezidenti burada deyil, amma mən buradayam" deməklə ermənilərin tutarlı cavabını vermişdi. Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur. Hər iki ölkə arasında diaspor işləri daha da güclü inkişaf edəcək».

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da hesab edir ki, hazırda türk birliyinin qurulması üçün də bütün sahələrdə işlər sürətlə davam etməkdədir: «Təbii ki, bu birliyin qurulmasında ən vacib olan məsələlərdən biri də türk dövlətləri ictimaiyyət nümayəndələrinin könüllü olaraq bu proseslərdə çox fəal şəkildə iştirak etmələridir. Hesab edirəm ki, ötən illər ərzində mərkəzimiz türk dövlətləri ilə əlaqələrdə özünün Azərbaycanda sağlam bir tərəfdaş olduğunu göstərə bildi. Çünki ötən  illər ərzində türk dünyası ilə bağlı ortaq layihələr həyata keçirmişik və bu gün də bizimlə türk dünyasında və Avropa məkanında ortaq layihələr gerçəkləşdirmək təklifi ilə bağlı ciddi qurumlar danışıqlar aparmaqdadır. Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, bu ötən illər ərzində türk xalqları diaspora təşkilatları ilə əməkdaşlıq bizim fəaliyyət sahəmizə daxil olduğundan bu sahədə də müsbət nəticələrə sahib olmuşuq. Azərbaycan prezidenti cənab İlham Əliyevin “Bir millət-iki dövlət” prinsipini davam etdirərək, söylədiyi “Bir millətin iki diasporası olmaz” fikirləri bu prosesin daha da sürətlənməsinə təkan verib. Biz artıq Azərbaycanla bağlı xarici ölkələrdə, xüsusən Avropa dövlətlərində keçirilən bütün tədbirlərdə bu iki qardaş xalqların diaspora təşkilatlarını bir arada görə bilərik. Lakin hesab edirəm ki, biz bununla qane olmamalıyıq və bütün türk xalqlarının diaspora təşkilatlarının birliyinə nail olmaq üçün gələcəkdə bütün gücümüzü səfərbər etməliyik».

İ.İsmayılov vurğulayıb ki, türkdilli xalqların əməkdaşlığının genişləndirilməsi və Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağın işğal altında olduğunu, Ermənistanın Azərbaycana təcavüzünü bütün türk dünyasına çatdırılması fəaliyyətlərinin prioritet istiqamətidir: «Xocalı soyqırımının və Qarabağ həqiqətlərinin təkcə türk dünyasında deyil, Avropada da geniş şəkildə gündəmə gətirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Artıq “Xocalıya  ədalət” kampaniyası çərçivəsində hər il Avropada möhtəşəm mitinqlər təşkil edirik. Bunlar Mərkəzimizin qarşısında duran, yaxın gələcəkdə həyata keçirmək istədiyimiz işlərdir. Qarşıda yeni layihələrimiz də olacaq. İnanırıq ki, türkdilli xalqların bir araya gəlməsinə və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına nail olacağıq».

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarından sonra xaricdə yaşayan azərbaycanlıların daha çevik və səmərəli şəkildə təşkilatlanması, təşkilatların fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatları ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Artıq xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarına görə təsnifatlanmır və Komitə hər hansı düşüncəyə fərq qoymadan hər bir azərbaycanlıya sahib çıxır.

Bu istiqamətdə müxtəlif ölkələrdə koordinasiya şuralarının təsis edilməsi öz səmərəsini dərhal verməyə başlayıb. Koordinasiya şuralarının yaradılması və buna Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa dəstək verməsi artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların "işinə" ciddi maneə yaradıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor təşkilatlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesinin başlanması antimilli qüvvələrin əl-qolunu bağlayıb. Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması isə xaricdə ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməyə kömək edəcək.

Yəni artıq Azərbaycan diasporunun fəaliyyəti təkcə dövlət büdcəsi hesabına maliyyələşməyəcək, iş adamlarının, imkanlı şəxslərin və Vətəninə hansısa yardımdan məmnunluq duyan soydaşlarımızın diaspor fəaliyyətinə dəstək göstərmələrinə də şərait yaranacaq.

Cavanşir QƏDİMOV