• 25 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

GƏLİN BİRLİKDƏ ƏDƏBİYYATIMIZI VƏ TARİXİMİZİ ÖYRƏNƏK: “KOROĞLU” DASTANI

17:00 08/05/19 | Mədəniyyət

MÜNDƏRACAT:

  1. Alı kişinin gözünün çıxarılması və Koroğlunun Çənlibelə köçməsi
  2. Dəli Həsənin dəstəsinin Koroğluya qoşulması
  3. Koroğlunun Nigar xanıma aşiq olması və onu qaçırması
  4.  Koroğlunun Dəmirçioğlunu Çənlibelə gətirməsi
  5.  Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
  6. Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
  7. Koroğlunun Qıratı geri qaytarması və Dəmirçioğlunun Həsən paşanın qızı Dona xanımla evlənməsi 
  8. Koroğlunun Ərzincan səfəri, Bolu bəylə döyüşü və onu öldürməsi. Koroğlunun dəlisi İsabalanın Həsən paşanın böyük qızı Dünya xanımla evlənməsi
  9. Gizir oğlu Mustafa bəyin Koroğlunun dəstəsinə qoşulması və onun Aslan Paşanın qızı Hürü xanımla evlənməsi
  10. Koroğlunun Rum səfəri və Rum paşasının qızı Məhbub xanımın  Çənlibelə gətirilməsi və  Bəlli Əhmədlə evlənməsi
  11. Koroğlunun Qars səfəri və Ərəb Reyhanla döyüşü. Eyvazın Əhməd Paşanın qızı Pərizad xanımla evlənməsi və Koroğlunun naibi təyin olunması və daha sonra Qarsın valisi təyin olunması
  12. Koroğlunun Həsən Paşa ilə  son döyüşü, atasının və  xalqın  qisasını ondan alması, Dəli Həsənin Həsən paşanın qızı Bulqar xanımla evlənməsi
  13. Koroğlunun Şah Abbasla döyüşü və onun ordusuna qalib gəlməsi
  14. Koroğlunun qocalığı
  15. Koroğlunun  Nigar xanımla birlikdə Həcc ziyarətinə getməsi və ölümü

6. Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması

İstambulda əyləşən Osmanlı sultanı xotkar Murada hər gün qasid qasidin dalınca düzülüb Koroğlunun əməlləri barədə bəd xəbərlər gətirirdi. Sultan Murad axırda dözməyib bir namə yazdı və Həsən paşanı Toqatdan İstanbula dəvət etdi. Elə ki, Həsən paşa İstanbula gəlib çatdı, xotkar Sultan Murad ona dedi: -Həsən paşa, bir mənə de görüm nəyi gözləyirsən? Gözləyirsən ki, Koroğlu gəlib səni Toqatda, məni də İstambulda öldürsün?
Həsən paşa dilini işə saldı, min bəhanə desə də, Xotkar Murad heç birinə məhəl qoymadı və axırda ona dedi: - Həsən paşa, bilmirəm, sənə qırx gün möhlət verirəm, ya Çənlibeli dağıdıb Koroğlunun başını gətirəsən, ya da qırxbirinci gün sənin özünü dar ağacından asdıracağam.
Həsən paşanın cürəti çatmadı ki, bircə kəlmə kəsə. Ordan durub bir baş gəldi Toqata və qoşun böyüklərini yığıb başladı Çənlibelə yürüş üçün hazırlığa.
Toqat elinin paşası Həsən paşa Koroğlunun atası Alı kişinin gözünü çıxardığına görə onun özü də çox narahatlıq keçirirdi. O bilirdi ki, haqsız əmələ görə onun qapısı nə vaxtsa, gec və ya tez döyüləcək. Çox fikirləşib götür-qoy eləyəndən sonra qərara gəldi ki, o, özü tezliklə qoşun toplayıb Çənlibelə hücum çəksin.

Bir gün Həsan paşa böyük bir məclis qurdu, elə ki, adlı sanlı bəylər, sərkərdələr, pəhləvanlar yığışdı, hər kəs öz yerini tutdu, o, məclisə toplaşanlara dedi: -Nə qədər ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzərində zindəganlıq bizə haram olacaq. Sizi çağırmışam ki, məsləhət görəsiniz görək, necə eləyək ki, onu dünya üzündən silək. Günü-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir padşahdan, sultandan, paşadan narazı adam varsa, gedib onun dəstəsinə qoşulur. Axırda bir gün görəcəyik ki, budu böyük bir qoşunla Koroğlu üstümüzə gəlir. Şəhərlərimizi, kəndlərimizi alacaq, mənim sarayıma od vurub yandıracaq. Ondan sonra siz ya gərək gedib ona nökərdən-naibdən olasınız, ya da qaçıb dağlarda-daşlarda qaçaqlıq-quldurluq edəsiniz.

Elə ki, Həsən paşa sözünü qurtardı, məclisdəkilər verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Biri dedi: Aldadaq, qonaq çağıraq, tutub dar ağacından asaq. Başqa birisi dedi: adamlarından ələ keçirək, pul verək, qızıl verək öldürtdürək. Digər bir nəfər isə dedi: Adam göndərək, görək nə istəyir, istədiyini verək, barışıq elan edək, silahı yerə qoyub öz evlərinə qayıtsınlar. Qərəz heç bir fikir Həsən paşanın xoşuna gəlmədi. Həsən paşa Osmanlı sultanı və xotkar Muradın sağ əli idi. Həmişə onun əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastığının dibini kəsərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Müharibə və dava dəsgəhının min bir fənd-felini sinədəftər eləmişdi. İndiyə qədər xotkar Sultan Murad onu hansı qulluğa buyurmuşdusa, birə beş yerinə yetirmişdi. Həsən paşa fikir verib gördü ki, bu danışanlardan heç biri qoşun çəkib Koroğlunun üstünə getmək cürətində deyil. Hamı ondan qorxur. Elə bir təhər eləmək istəyirlər ki, ilanı Seyidəhməd əli ilə tutalar. Həsən paşa vəziyyəti belə görüb dedi: -Bilin və agah olun! Bizim tədbirimiz belədir ki, Koroğlunun üstünə üç tərəfdən qoşun çəkək və onu mühasirəyə alıb Ağrı dağına tərəf sıxışdıraq.  Onlar orada qalıb ya acından öləcək, ya da təslim olacaqlar. İndi sizi buraya yığmaqda mənim məqsədim budur ki, deyəsiniz görüm, bu işə kim boyun qoya bilər? Kim bu iş üçün qoşun sərkərdəsi ola bilər?
Məclisin üstünə elə bil su səpələdilər. Daşdan, divardan səda çıxdı, məclisdəkilərdən səda çıxmadı. Onda Həsən paşa dedi:
-Qoşunun birini mən özüm aparacağam. Özü də qənşər tərəfdən gedəcəyəm. O biri qoşunlardan biri sağ tərəfdən gəlib baş qatacaqlar ki, onlara da mən hər bir kömək edəcəyəm.
Yenə də məclisdəkilərdən səs çıxmadı. Həsən paşa işi belə görəndə, çox qorxuya düşdü, başladı qözləri qaralmağa, ürəyinin döyüntüsü artdı, nəbzi yüksəldi və bilmədi nə desin. Özünü ələ almaq üçün əmr etdi ki, iki badə şərab doldurub gətirsinlər. O, əl atıb cibinə hər badəyə bir qiymətli ləl-cavahir atdı və sonra dedi:
- Sizin aranızda o igid kimdi ki, bu badəni alıb içə, bu ləl-cavahiri cibinə qoyub, bu işə boyun qoya. Mən əhd eləyirəm ki, Toqat paşalığını ona bağışlayam, üstündə də pərdeyi-ismətdə olan qızlarımdan birini ona verəm.
Bu anda məclisin baş tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim ola, kim olmaya, Ərzincan sakini Bolu bəy ola.
Bolu bəy Ərzincan qalasında qoşun böyüyü kimi igid oğlanlardan biri idi. Özü də çoxdan idi ki, Həsən paşanın böyük qızı Dünya xanıma aşiq idi. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini almaq istəmişdisə də, qız hər dəfə demişdi ki, iti görüm, qurdu görüm, onu görməyim. O da cürət eyləyib Həsən paşanın evinə elçi göndərə bilməmişdi. Çünki bilirdi ki, Həsən paşa qızlarını çox istəyir, ona görə də onların fikrinə zidd getməz. İndi ki, Həsən paşa özü işi gətirib bu əndazəyə mindirdi, Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa durcaq Həsən paşa sevincək dedi:
-Mərhaba, Bolu bəy! Elə mən bilirdim ki, bu işə axırda sən qol qoyacaqsan.
Bolu bəy irəli yeriyib badənin birini Həsən paşadan aldı. O dedi:
-Paşa sağ olsun! Sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm, ancaq mənim bir şərtim var.
Həsən paşa dedi:
-Şərtini de, hər nə olsa, yerinə yetirəcəyəm.  
Bolu bəy çox hiyləgər adam idi. O, necə deyərlər, şeytana papaq tikib təpəsini də deşik qoyardı. O, gözləri ilə məclisi süzərək üzünü Həsən paşaya tutub dedi:
-Paşa, mən bilirəm ki, bu əmr Osmanlı sultanı və xotkarı Muradın əmridir. Odur ki, burada verdiyin əhdə arxayınam. Ancaq gərək mənə kömək etmək üçün pəhləvan Qacar Alını və düz yeddi il Koroğluya mehtərlik etmiş Mehtər Murtuzu da verəsən ki, yolu-izi bizə göstərələr. Həsən paşa dedi:
-Şərtlərin şəkər üstə, hamısına razıyam!
Bolu bəy badəni başına çəkdi, ləl-cavahiri də götürüb cibinə qoydu və öz yerinə qayıtdı. 
 Həsən paşa yanılırdı. Mehtər Murtuz həqiqətən də Koroğlunun yanından qaçıb gələnlərdən idi, ancaq o, Koroğlunun tapşırığı əsasında gəlib burada yaşayır, Həsən paşanın atlarına baxır, hərdən-bir də tutduğu xəbərlərdən gizlincə Koroğluya məlumat göndərirdi. O, artıq Koroğluya xəbər çatdırmışdı ki, Həsən paşa onun üstünə yaxınlarda qoşun çəkmək fikrindədir. 
Nəhayət, Həsən paşa ikinci badəni qaldırdı və dedi: İndi növbə ikincinindir.
Elə bu an bir qasid toz-torpağa bulanmış özünü saldı məclisə və Həsən paşaya bir namə verdi. Həmin məktub Koroğlu Eyvazı Çənlibelə gətirməyə gedərkən onunla vuruşan  Ərəb Reyhandan idi.Ərəb Reyhan Koroğluya məğlub olduqdan sonra bir müddət Çənlibeldə yaşasa da, sonradan yenə öz adamları ilə oradan qaçıb getmişdi. Ərəb Reyhan gizlincə qasid tutmuş, onun vasitəsilə Həsən paşaya məktub göndərmişdi. Həmin gizli məktubda Ərəb Reyhan  yazmışdı ki,  Nigar xanım Həsən paşanın böyük qızı Dünya xanım ilə rəfiqə idi. O, söz vermişdi ki, nəyin bahasına olsa da Dünya xanımı Bəlli Əhmədə alacaq. Onlar bu məsələni Koroğluya məsləhət eləmişdilər və Koroğlu da bu işə qol qoymuşdu. Ona görə də Bəlli Əhməd yubanmadan Həsən paşanın sarayına gəlib Dünya xanımla tanış olmaq istəyir. Ərəb Reyhan  məktubda yazmışdı ki, Koroğlunun Çənlibeldəki qəsrinə gedən yola incəliklərinə qədər bələddir və əgər Həsən paşa onu da öz dəstəsinə qoşsa, bələdçilik edər və asanlıqla Koroğluya qalib gələrlər. Ərəb Reyhan  yazmışdı ki, Koroğlu onun da düşmənidir və onun üstünə qoşun çəkiləndə, mütləq onu da dəvət eləsinlər.
Həsən paşa sevincindən bilmədi ki, nə etsin.O, ikinci badəni də qaldırıb qasidə verdi və dedi:-Badəni iç, içindəki ləl-cavahiri də aparıb Ərəb Reyhana  ver, denə durmadan gəlsin yolunu gözləyirik.
Məclisdəkilərin hamısı şad oldu. Həsən paşa əmr elədi, çalanlar, oxuyanlar, oynayanlar gəldilər.  Kef başlandı. Elə ki, yedilər, içdilər, damaqlar duruldu, Mehtər Murtuz Həsən paşanın əlini öpüb dedi:
-Paşam sağ olsun, xotkara da qurban olum, sənə də. Sizin buyruğunuz allah buyruğudur. İndi ki, bizi Koroğlunun üstünə göndərirsiniz, gedəcəyik. Ancaq orasını deyim ki, nə qədər ki, Koroğlu Qıratın üstündədi, biz ona heç nə edə bilmərik. Əgər Koroğlunu məhv etmək istəyirsənsə, bir təhər elə Qıratı onun əlindən çıxart. Bu söz Həsən paşanın beyninə batdı. Məclisdəkilər də  Mehtər Murtuzun sözünü  təsdiqlədilər. Həsən paşa dedi:
Mehtər Murtuz, dərdi bilən, dərmanını da bilər. De görək nə təhər eləmək olar ki, Qıratı onun əlindən çıxaraq?
Mehtər Murtuz dedi:-Paşa, vallah nə bilim? Gərək elə adam ola ki, canından keçə, ya gedib Qıratı oğurlayıb buraya gətirə, ya da ki, başını Koroğluya təslim edə. Həsən paşa bilirdi ki, bu çox çətin bir işdir, fikirləşib yol axtarırdı ki, nə eləsin, bir də gördü ki, məclisin lap axırında başı par-par parıldayan, üz-gözündən hiyləgərlik yağan, göz-qaşları sağa-sola oynayan, üst- başından isə saray qadınları kimi tünd ətir iyi gələn  bir adam durdu ayağa. Həsən paşa baxdı ki, bu Keçəl Həmzədi.
Keçəl Həmzə irəliyə çıxıb dedi: -Həsən paşa, sən Toqat paşalığını və böyük qızın Dünya xanımı Bolu bəyə söz verdin. Bəs Qıratı gətirsəm, mənə nə verəcəksən?
Həsən paşa dedi: De, görüm sən nə istəyirsən?
Keçəl Həmzə dedi: -Mən də sənin kiçik qızın Dona xanımı sevirəm, onun yolunda ölümə də gedərəm. O qızı da mənə boyun ol,  gedim Qıratı gətirim. 
Həsən paşa dedi: -Axı sən bəy deyilsən, mən sənə necə qız verə bilərəm?
Keçəl Həmzə dedi: -Əgər sən qızını mənə versən, mən də olacam sənin kürəkənin, bəylik də öz-özünə gələcək, var-dövlət də.
Məclisdəkilərin hamısı Keçəl Həmzənin fərasətinə afərin deyib gülüşdülər. Həsən paşa getdi fikrə, bilmədi nə desin. Qızı Keçəl Həmzəyə verməyə ürəyində razı deyildi. Amma bir tərəfdən də fikirləşdi ki, qoy razı olum, gedər, atı gətirə bilməsə, ölər, canımız ondan qurtarar, yox ölməsə, Qıratı gətirsə, onda da bir hiylə qurub onu öldürərik, Koroğlunu da məğlub edərik.
Həsən paşa dedi: -Razıyam.
Keçəl Həmzə dedi: -Yox, paşa sağ olsun, zəhmət çək, öz dilindən bir dənə kağız yaz, mührünü də bas üstünə, ver qoyum cibimə.
Həsən paşa çar-naçar öz dilindən bir dənə qol kağızı yazdı, möhürünü də üstünə basıb verdi Həmzəyə.
Keçəl Həmzə kağızı alıb məclisdən çıxdı. Həsən paşa bu işə çox şad oldu və məclisdəkilərə tapşırıq verib hamını yola saldı. O öz-özünə dedi: -Bir qədər gözləyək görək Keçəl Həmzə nə iş görəcək? Əgər Qıratı gətirsə, həmin atı minib Koroğlunun üstünə qoşun çəkərik. Əgər gətirməsə, yenə öz atımızla onun üstünə gedərik. 

Sabahısı günü Keçəl Həmzə cır-cındır paltar və çarığını geyindi, patavasını bərkitdi, dəstərxanına  bir az çörək, pendir, bişmiş yumurta, soyutma kartof qoyub bükdü və torbanın içərisinə qoydu. O yol torbasını belinə bağladı,yola düşdü və mənzilbəmənzil bir neçə gün yol gedib Çardaqlı Çənlibelə çatdı.
Səhər vaxtı Koroğlu  Ağ Qayanın dibində durub Xacə Nəsrəddin Tusinin “Əxlaqi Nasir” əsərini oxuya-oxuya yollara baxırdı. Bir də gördü ki, budu, dəlilər bir nəfəri tutub gətirirlər. Bir qədər sonra dəlilər  Keçəl Həmzəni sorğu-suala tuta-tuta  qayanın dibinə -Koroğlunun yanına gətirdilər. Dəlilərdən biri dedi:-Ağa bu adam deyir ki, mən Koroğlunu görmək üçün Toqat elindən gəlmişəm.
Koroğlu soruşdu:
-Neyləyirsən Koroğlunu?
 Həmzə dedi: -Qadan-balan mənim canıma gəlsin. Mən ilxıçıyam,ömrümü-günümü bəy-paşa qapısında çürüdüb, ilxıya getmişəm. O, necə deyərlər qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım ziyil töküb. Anamı görüm ki, məni doğan günü bir qara daş doğa idi. Başım keşəldi, onun ucbatından heç bir qapıda duruş gətirə bilmirəm. Nə qədər işə can yandırsam da, yenə məni işdən qovurlar. Day bu keçəlliyim üzündən gen dünya  mənə dar olub. İndi mənim daha ümid yerim qalmayıb, son ümid yeri kimi Koroğlunu deyib gəlmişəm. Deyirlər ki, o çox mərd adamdı. Çörəyini, var-dövlətini  kasıba-kusuba, yetimə-yesirə  paylayır, hamıya əl tutur, iş verir.Ya məni də çəksin qanadının altına, qoysun qapısında-bacasında  süfrəsinin qırıq-quruğundan yeyib dolanım, ya da  bu keçəl başımı  çəkib bədənimdən qopartsın, bu dünyanın dərd-qəmindən  azad olum.
Bunu deyib Keçəl Həmzə elə ağladı, elə ağladı ki, gözünün yaşını  yaz yağışı kimi buldur-buldur tökdü. Koroğlu əlindəki kitabda elə indicə oxumuşdu ki, öz taleyinə, özünə qiymət verməyən, ləyaqəti olmayan, yaltaq adama inanmaq olmaz, amma alimin yazdığı müdrik bu kəlama inanmadı. Onun  qəlbində kasıb adamlara, xüsusilə də çobana, ilxıçıya böyük hörmət var idi, ona görə də keçələ yazığı gəldi və dedi:
-Dur gedək,o, Koroğlu dediyin elə mənəm.    
Bunu eşitcək Keçəl Həmzə düşdü Koroğlunun ayaqlarına ki:-Qurban kəsilim sənə, Koroğlu, məni qapından qovma!
Koroğlu onu ayağa qaldırıb dedi:
-Dur ayağa, kişisən. Kişi bir qarın çörəkdən ötrü ayağa yıxılmaz.
Koroğlu tapşırıq verdi ki, Keçəl Həmzəni aparıb yedirdib-içirtsinlər, sonra yer versinlər ki, yatıb istirahət eləsin.
Sabahısı günü Koroğlu Keçəl Həmzəni yanına çağırıb soruşdu:-De görüm əlindən nə iş gəlir?
Həmzə dedi: -Can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kababçı eləməyəcəksən, nə şərabçı. Elə mənə bir-iki dənə at tapşır, bəsləyim sənin üçün. Dədə-baba sənətim odur.
Sabahısı günü Koroğlu Keçəl Həmzəni  Dəli Mehtərə tapşırıb dedi:- Apar, bunu atlar olan tövləyə, iş tapşır, qoy sənə kömək eləsin.
 Beləcə, Keçəl Həmzəyə Çənlibeldə atabaxan ixtiyarı verildi. Keçəl Həmzə elə ilk gündən başladı atlara uşaq kimi qayğı göstərməyə. O, atları elə bəsləyir, çimizdirir, sabunla  yuyurdu ki, onların tükləri par-par parıldayırdı. Atların axurunu, tövləni elə süpürüb təmizləyirdi ki, sanki orada adam yatacaqdı.  Atlara arpa-buğdanı ovcu ilə elə yedizdirirdi ki, sanki ana öz balasına əlində  yemək verir. Qısa zaman ərzində atlar onu tanıdılar və ona öyrənişdilər. Çox keçmədi ki, Keçəl Həmzə həm Qıratın, həm də Duratın sevimlisi oldu.
Koroğlu Keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişərək  Kaloğlan qoydu. Lakin Dəli Mehtərin gözü Keçəl Həmzədən heç su içmirdi. O görürdü ki, Həmzənin gözləri  Üçtəpə Sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç düz əməl sahibinə oxşamır. İstəyirdi ki, onu Çənlibeldən qovub rədd eləsin. Ona görə də Qırata və Durata şəxsən özü qulluq edirdi.  Keşəl Həmzə bunu bildiyinə görə, Dəli Mehtər tövlədən kənara gedən kimi Qırata və Durata əlavə arpa-buğda yedizdirirdi. Bir neçə gündən sonra Koroğlu tövləyə atların yanına gəlmişdi, gördü ki, tövlə çox təmiz, atlar isə par-par parıldayır. O, Keşəl Həmzənin işini çox bəyəndi və dedi:
-Ay Kaloğlan, sən atlara nə yaxşı muğayat olursanmış. İndi ki, belə atlara baxmaq əlindən gəlir, Qırata və Durata da sən bax. Bu sözdən işə Dəli Mehtər və digər dəlilər razı olmadılar. Onlar qısa müddət ərzində Keçəl Həmzənin Çənlibeldə özünə belə hörmət qazanmağından  narahat idilər. Bəziləri bu haqda düşünürdü və  bir-birinə deyirdilər ki, Keçəl Həmzə  Həsən Paşanın cəsusudur. O, bizim sirrimizi öyrənməyə gəlib. Amma Koroğlu onlara qulaq asmırdı. Keçəl Həmzə bir neçə günün içində Koroğlunun bütün qəlbini ələ almışdı. Koroğlu həm Qıratı, həm də Duratı minib çölə çıxarmağa, gəzdirməyə ona icazə verdi. Dəli Mehtər Koroğluya yaxınlaşıb dedi:-Ay Koroğlu, sən nə edirsən, tanımadığın, bilmədiyin bir adama Qıratın  və Duratın  buxov açarlarını niyə verirsən?
Koroğlu yenə də onu sakitləşdirdi ki, qorxma, heç nə olmaz. Lakin Dəli Mehtər çox ayıq-sayıq adam idi. O, Keçəl Həmzəni bir an belə nəzər diqqətdən qoymurdu. Hər gün Qıratı bağladıqdan sonra açarı öz əlinə alıb gedib yatırdı.
Keçəl Həmzənin artıq Çənlibelə gəlişindən bir ay ötmüşdü. Onun Həsən paşaya verdiyi vəd tamam olurdu.
Çox fikir-xəyaldan və götür-qoydan sonra gecələrin birində öz-özünə dedi:-Mən bir il də burada qalsam, Dəli Mehtər nə Qıratın buxovunun açarını mənə verəcək, nə də mehtərlərin başçılığını. Toqatda nə tanıyırlar ki, Qırat hansıdır, Durat hansıdır. Elə bunu aparım, paşanı aldadım, Dona xanımı alım, beş gün bu dünyada kef çəkim.
Keçəl Həmzə bunu deyib, səhər açılana yaxın  xəlvətcə Duratı yəhərlədi. Minib asta qaçan namərddi, birbaş Toqat deyib daban aldı.
Sabah açıldı. Dəli Mehtər yerindən qalxıb, atlara baş  çəkmək üçün  tövləyə gəldi. Gördü nə Durat var, nə də Keçəl Həmzə. Başı lovlu gəldi  Koroğlunun yanına  və dedi: Niyə yatıbsan? Nə Durat var, nə də Keçəl Həmzə...
Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Onlar düşdülər Koroğlunun üstünə  və məzəmmət eləməyə ki:
-Biz sənə demədikmi tanımadığın adama  etibar eləyib belə geniş səlahiyyətlər vermə. Onu bizim aramızda yuxarı başa keçirmə.Yeri gəldi-gəlmədi, belə əzizləyib, tərifini göylərə qaldırma. İgidin atını apardılar, ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan  quş quşluğu ilə Çənlibelin həndəvərinə gələ bilmirdi. Koroğlunun, Çənlibelin dəlilərinin adı gələndə paşalar, bəylər tir-tir əsirdilər. Amma sayımız artdıqca içərimizə keçəlhəmzələr soxulur. Gör indi iş nə yerə gəldi ki, bir keçəl gədənin birisi  gəlib buradan Duratı  apardı.  İndi bu xəbər ətrafa yayılacaq. Düşmənlər üstümüzə ayaq açacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı sənə eləyə bilməzdi. İndi de görək Duratı haradan tapacaqsan? Necə gətirəcəksən?
Koroğlu bərk qəzəblənmişdi. O, həm bu bu məsələdə özünü günahkar bilirdi, həm də gözətçilərini. Deməli, Koroğlunun özünü və ya istənilən adamını oğurlayıb apara bilərdilər. Ona görə də Koroğlu dəlilərə əmr etdi ki, Çənlibelin hər tərəfində keşik çəkən  dəstələri gücləndirsinlər. Keçəl Həmzə haradan gedibsə, həmin keşikçilərə cəza versinlər. Bundan sonra, Çənlibelə gələn və gedən hər bir şəxsin sənədi yoxlanılsın, Dəli Həsənin xüsusi icazəsi  olmadan heç kəs ərazidən kənara buraxılmasın. Sonra Dəli Mehtərə əmr etdi ki, Keçəl Həmzənin ardınca düşmək üçün Qıratı yəhərləsin. Dəlilərdən Dəmirçioğlu, Bəlli Əhməd da onunla getmək istədi. Lakin Koroğlu dedi: Mən tək gedib ya ölməliyəm, ya da Duratı geri almalıyam.  O, Qıratı minib yola düşdü.
Koroğlu Qıratı minib sürməkdə olsun, sizə deyim Keçəl Həmzədən. Həmzə canının qorxusundan dincəlmək bilmədən at sürürdü. Yolun üstündə  Qırx Dəyirmanlar deyilən  bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, Həmzə dönüb geri baxdı və gördü ki, yolda toz-dumana  qarışıb, duman toza. Bir qədər sonra gördü ki, budur,Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında qurudu, ha udqundu, gördü ki, yox, ağzının suyunu uda bilmir. Tez Duratı qamçılayıb özünü Qırx Dəyirmanların  qapısındakı dirəyə bağlayıb tələsik çağırdı:
-Ay dəyirmançı, bir tez eşiyə çıx!
Dəyirmançı tez eşiyə çıxıb soruşdu: -Ay qardaş, nə istəyirsən?
Keçəl Həmzə dedi: -Dəyirmançı qardaş, mən Həsən paşanın kürəkəniyəm. O gələn atlı məni tutsa, öldürəcək. Mənə yazığın gəlsin, sənə nə qədər desən mal, mülk, qızıl verəcəm, mənə  paltar ver, paltarımı dəyişim, məni tanıya bilməsin. Əgər  çıxıb getsə, sənə nə desən onu verəcəm. Dəyirmançı pulgir adam idi, ona görə tez bir dəyirmançı paltarı gətirib Keçəl Həmzəyə verdi, özü isə  onun paltarlarını götürüb gizlətmək üçün dəyirmanın içərisinə getdi. Keşəl Həmzə tələsik dəyirmanın unundan üzünə-gözünə sürtüb özünü tanınmaz hala saldı. Elə bu andaca Koroğlu özünü dəyirmanın qapısına çatdırıb çığırdı: -Ay dəyirmançı, çölə çıx!
Keçəl Həmzə  dəyirmançı paltarında, başında ağ qapaq, qaşı-gözü ağ-appaq unlu halda qapıya çıxıb soruşdu: -Nə buyurursan? Mənə görə nə qulluq?

Koroğlu dedi:
-Mənim qabağımca buraya gələn atlı necə oldu? 
Keçəl Həmzə dedi:
-Odu, girib dəyirmanın içərisinə gizlənib. Mənə də dedi ki, yerimi heç kəsə demə. 
Koroğlu atdan sıçrayıb yerə düşdü və Qıratın yüyənini Keçəl Həmzəyə verib tələsik dəyirmana girdi. Dəyirmançı əlində qılınc Koroğlunu görüb qorxaraq dəyirmanın içərisinə doğru qaçıb düz dəyirman çarxının yanında gizləndi. Koroğlu nə qədər çalışdısa, dəyirmançı gizləndiyi yerdən çıxmadı, get-gedə daha dərinə doğru getdi ki, Koroğlu oraya girə bilməsin. Beləcə, Koroğlu xeyli vaxt itirdi. Nəhayət, dəyirmançı az qalmışdı ki, çarxa ilişib gedə un kimi üyüdülməyə, Koroğlu aman verməyib cəld onun qıçından tutub çəkdi bayıra. Baxdı ki, bu dəyirmançı imiş. Başa düşdü ki, Keçəl Həmzə onu yenə aldadıb. Tez geri qaçıb Qıratı verdiyi adamı axtardı.Gördü ki, nə Qırat var, nə də Həmzə. Həmzə nə gəzir, Duratın əvəzinə Qıratı minib qaçıb.
İndi qulaq asın görün Keçəl Həmzə nə elədi. Keçəl Həmzə Çənlibeldə  Durata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, ona arpa-buğda verərək  özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini  kimə tapşırsaydı, ona üzəngi verərdi və hansı tərəfə çapsa o tərəfə də var gücü ilə qaçardı. Odur ki, Koroğlunun başı içəridə dəyirmançıya  məşğul olan  müddətdə  Həmzə vaxt itirmədən Qıratı tumarlayıb minmişdi və yola düşmüşdü. Koroğlu baxdı ki, Durat yorulub uzanıb elə yatıb ki, şimşək çaxsa, ayılmaz. Koroğlunun ata yazığı gəldi. Bildi ki, artıq Həmzə xeyli müddətdir ki, oradan uzaqlaşıb. Artıq onun ardınca düşməyin faydası yoxdur. Ona görə də əlini dəyirmanda asılan saza atıb onu götürdü və sinəsinə basıb kədərli-kədərli oxumağa başladı:

                                                                  Canım Həmzə, gözüm Həmzə,
                                                                  Həmzə, incitmə Qıratı!
                                                                  Budu sənə sözüm,Həmzə,  
                                                                  Həmzə, incitmə Qıratı!

                                                                  Qıratdı mənim dirəyim,
                                                                  Əriyər, qalmaz ürəyim.
                                                                  Sən olasan duz-çərəyim,
                                                                  Həmzə,  incitmə Qıratı!

                                                                  Qırat mənim iki gözüm,
                                                                  Belə dərdə necə dözüm?
                                                                  Həmzə, sənə budu sözüm,
                                                                  Gədə, incitmə Qıratı!

                                                                  Eşidər paşalar, bəylər,
                                                                  Şadlıq xəbərini söylər.
                                                                  Koroğlu iltimas eylər
                                                                  Bala, incitmə qıratı!


 Koroğlu öz-özünə dedi: Doğru deyiblər ki, Keçəl Şeytanı da aldada bilər. İndi ki, belə oldu  gərək sözü Misri qılınc deyə. Koroğlu dəyirmançı ilə bir az çörək yedi və çay içdi. Sonra Duratı minib səyirtdi və  Çənlibelə qayıtdı.
Çənlibeldə dəlilər, xanımlar və uşaqlar hamı Koroğlunun yolunu gözləyirdi. Bir də gördülər ki, budur, Koroğlu gəlir. Durat yedəyində, başını tikib aşağıya. Dəlilər, xanımlar başa düşdü ki, Keçəl Həmzə necə olubsa, Koroğlunu aldadıb, Duratı qoyub, Qıratı qaçırdıb. Hamı başını aşağı saldı. Nə bir salam, nə bir kəlam. Heç kəs Koroğlunun kefini-halını soruşmadı. Koroğlu elə bir hala düşmüşdü ki, ətini kəssən qanı çıxmazdı.Nigar xanım vəziyyəti belə görüb tapşırıq verdi bir məclis düzəldi. Dəlilər, xanımlar oraya yığışdı. Sonra Eyvazı Koroğlunun ardınca göndərdi. Koroğlu gəlib gördü ki, bir məclis qurulub gəl-görəsən.Yedilər, içdilər, keflər kökəldi, damaqlar çağaldı, inciklik yaddan çıxdı. Koroğlu Keçəl Həmzənin onu dəyirmanda necə uşaq kimi aldatmasını danışdı. Dəlilər “igidin başı qalda gərək” dedilər. Onlar sabaha qədər yeyib-içib, deyib-gülüb şənləndilər.
    İndi sizə kimdən deyim, Keçəl Həmzədən. Keçəl Həmzə birbaşa atını dayanmadan çaparaq gəldi Həsən Paşanın yanına. Həsən paşanın sarayında hamı Keçəl Həmzəni Qıratın belində görəndə qaldı maatı-məəttəl. Keçəl Həmzə o ki var yalanlar uyduraraq öz igidliyindən,qorxmazlığından, cəsarətindən danışdı. O, elə yalanlar danışırdı ki, bişmiş toyuğun da gülməyi gəlirdi. Guya Koroğlu yuxuda olarkən, Dəli Mehtərdən tövlənin açarını götürüb və Qıratı minib qaçırdıb. Guya o, Qıratı elə çapırmış ki, Koroğlu belə nə qədər çalışıbsa, onu arxadan tuta bilməyib. Bu minvalla, Keçəl Həmzə bir çox yalanlar uydurub özünü qəhrəman kimi sırıya bildi. Artıq Keçəl Həmzə olmuşdu Həmzə bəy və hamı elə düşünürdü ki, Həsən paşa Dona xanımı Həmzə bəyə verəcək. Həsən paşa da guya sözünə əməl edəcəyini deyərək Həmzəyə demişdi ki, özü hərdən-bir qıza yaxınlaşıb toya qədər onun qəlbini ələ alsın. 
Hər gün Həmzə bəy təzə paltarını geyinib, bəy papağını başına qoyub adamların gözündən yayınaraq  Dona xanımın yaşadığı imarətin yanına gəlir, onun pəncərəsinin qabağında o yan-bu yana gedirdi. Bir gün Həmzə gəlib onun pəncərəsinin qabağından keçəndə Dona xanım pəncərəni açıb ona dedi: -Həmzə, görəsən mənim başı batmış atam məni vermək üçün bir başqa normal adam tapa bilmədi ki, məni sənin kimi at oğrusuna vermək istəyir.
Həmzə dedi: -Xanım, niyə elə deyirsən? Bu, oğurluq deyil, Buna oğurluq deməzlər. Bu, igidlikdir. Koroğlunun atını gətirmək özünü gətirməklə tən yarıdı. Hələ bir az da  ondan artıqdı.
Dona xanım dedi: -Həmzə, bax, budu sənə deyirəm, məndən sənə yar olmaz, get özünə layiq adam tap. Mən ölərəm, amma sənin kimi rəzil, qorxaq və hiyləgər adama ərə getmərəm.
Həmzə gülüb dedi: -Atan mənə yazılı müqavilə ilə sənəd verib, əgər dediyinə əməl etməsə, Sultana şikayət edəcəm.

Dastanı danışdı: Bakı şəhəri,132-134 saylı orta məktəbin şagirdi Uğur Əliyev

Bakı, 08 may 2019, Azadaz


Facebook

Instagram

Youtube

SORĞU


test