• 2019.06.27

Türkiyə,İtaliya və Hollandiya kuboklarının sahibləri

09:00 16/05/19 | İdman

Türkiyə kubokunda 2018/19 mövsümünə yekun vurulub.

Image may contain: 3 people, people smiling, text

Turnirin final oyunu Sivas şəhərində keçirilib.

Həlledici qarşılaşmada kubokun 17 qat qalibi “Qalatasaray”la ötən mövsüm mükafatı başı üzərinə qaldıran “Akhisar” üz-üzə gəlib. Super Liqanın fərqli qütblərində qərarlaşan komandaların oyunu gərgin mübarizə şəraitində keçib.

Sonuncu pillədə yer alan və aşağı liqaya yuvarlanacağı rəsmiləşən “Akhisar” oyunun 57-ci dəqiqəsində hesabı açıb. Elvis Manu autsayderin azarkeşlərini sevindirib.

İstanbul klubu buraxılan qoldan 9 dəqiqə sonra penalti imkanı qazansa da, şansdan yararlanmayıb. Final fitinə 10 dəqiqə qalmış “Akhisar” ikinci penalti və qırmızı vərəqəylə cəzalanıb. Sinan Gümüş 11 metrlik nöqtədən vurduğu zərbə ilə hesabda tarazlıq yaradıb. Matçın sonlarında Fequlinin, ardınca Mbaye Diaqnenin vurduğu qollar isə “Qalatasaray”a 18-ci Türkiyə kubokunu qazandırıb. “Akhisar”ın Avropa Liqasında iştirak arzusu isə reallaşmayıb.

Türkiyə kuboku
Final
15 may
“Akhisar” - “Qalatasaray” – 1:3
Manu, 57 – Gümüş, 80, Fequli, 88, Diaqne ​​​​​90+4
66-cı dəqiqədə Diaqne penaltidən yararlana bilməyib.

İtaliya kubokunda 2018/19 mövsümünün final oyunu keçirilib.

Həlledici görüşdə “Atalanta” ilə “Latsio” üz-üzə gəlib.

Romanın Olimpiya stadionunda baş tutan qarşılaşmanın taleyi görüşün sonunda həll olunub. İki cavabsız qol vuran “Latsio” mükafata sahib çıxıb.

Matçın 82-ci dəqiqəsində Sergey Milinkoviç-Saviç hesabı açıb. 90-cı dəqiqədə isə Xoakin Korrea fərqlənib.

Bu, “Latsio”nun tarixində 7-ci İtaliya kuboku olub. Sonuncu dəfə 2013-cü ildə bu mükafata yiyələnən paytaxt təmsilçisi 6 ildən sonra azarkeşlərini sevindirib.

İtaliya kuboku
Final
15 may
“Latsio” – “Atalanta” – 2:0
Milinkoviç-Saviç, 82, Korrea, 90

 

Hollandiya çempionatında 2018/19 mövsümünün əsas mərhələsinə yekun vurulub.

Erediviziyanın qalibi son turda müəyyənləşib.

XXXIV tur ərəfəsində ən yaxın izləyicisi PSV-ni üç xal qabaqlayan “Ayaks” səfərdə “Qraafşap”ın qonağı olub. 4:1 hesablı qələbə qazanan Amsterdam klubu xal hesabını 86-ya çatdırıb. Qonaqların heyətində Şöne və Taqlyafiko hərəyə bir, Tadiç iki qol vurub.

Öz meydanında “Herakles”i 3:1 hesabı ilə üstələyən PSV gümüş mükafatla kifayətlənib. Bürünc medalı isə Eyndhoven təmsilçisindən 18 xal geri qalan “Feyenoord”a nəsib olub.

Qeyd edək ki, 2013/14 mövsümündən sonra ilk qızıl medalını əldə edən “Ayaks” tarixində 34-cü dəfə ölkə çempionu olmaqla, PSV ilə qızıl medalların sayındakı fərqi 10-a çatdırıb.

Çempionat pley-off mərhələsi ilə davam etdiriləcək ki, burda da Erediviziyaya gələcək və gedəcək klublar bilinəcək.