• 2019.06.27

GƏLİN BİRLİKDƏ ƏDƏBİYYATIMIZI VƏ TARİXİMİZİ ÖYRƏNƏK: “KOROĞLU” DASTANI

15:00 11/06/19 | Mədəniyyət

MÜNDƏRACAT:

I.  Alı kişinin gözünün çıxarılması və Koroğlunun Çənlibelə köçməsi
2.Dəli Həsənin dəstəsinin Koroğluya qoşulması
3. Koroğlunun Nigar xanıma aşiq olması və onu qaçırması 
4. Koroğlunun Dəmirçioğlunu Çənlibelə gətirməsi
5. Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
6.Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
7.Koroğlunun Qıratı geri qaytarması və Dəmirçioğlunun Həsən paşanın qızı Dona xanımla evlənməsi 
8. Koroğlunun Bolu Bəy ilə Ərzincanda döyüşü və İsabalanın Həsən paşanın qızı Dünya xanımı Çənlibelə gətirməsi
9.Koroğlunun Qars səfəri və Ərəb Reyhanla döyüşü. Eyvazın Əhməd Paşanın qızı Hürü xanımla evlənməsi və Koroğlunun naibi təyin olunması                                                                                                                                      10.Koroğlunun Həsən Paşa ilə  son döyüşü, atasının və  xalqın  qisasını ondan alması, Dəli Həsənin Həsən paşanın qızı Bulqar xanımla evlənməsi
11.Koroğlunun Rum səfəri və Rum paşasının qızı Məhbub xanımın  Çənlibelə gəlməsi və  Bəlli Əhmədlə evlənməyi
12.Koroğlunun Bəyazid səfəri
13.Gizir Oğlu Mustafa Bəyin Koroğlunun dəstəsinə qoşulması və onun Əhməd Paşanın qızı Pərizadla evlənməsi
14.Koroğlunun Dərbənd səfəri və Mömünə xanımla ikinci dəfə evlənməsi 
15.Misir Padşahının oğlu İsabalanın Koroğlunun dəstəsinə qoşulması.
16.Şah Abbasın  Koroğlunun üzərinə qoşun göndərməsi və onunla  döyüşməsi, Koroğlunun qalib gəlməsi 
17.Koroğlunun qocalığı,odlu silah,tüfəng və topu görəndən sonra özünün igidlik dövrünün  sona çatdığını və  qocaldığını etiraf etməsi, əmr verib elmlə, təhsilə bağlanması.
18.Koroğlunun nəvələrinin Çənlibeldən  dünyanın hər yerinə səpələnməsi
19.Koroğlunun Naxçıvana ikinci səfəri
20.Koroğlunun  ölümü. Çənlibelə qayıdarkən onun dəstəsinin mühasirəyə düşməsi  və Sultan Muradın ordusu tərəfindən məğlub olması. Azadistan dövlətinin varlığına son qoyulması

7.Koroğlunun Qıratı geri qaytarması və Dəmirçioğlunun Həsən paşanın qızı Dona xanımla evlənməsi
 

Həsən paşanın sarayında olan söz-söhbətləri Mehtər Murtuz  cikinə-bikinə qədər yığıb Aşıq Cununa ötürür, o isə vaxtı-vaxtında Koroğluya çatdırırdı.Odur ki, yenə də Mehtər Murtuz bütün bu söz-söhbətlərin, hazırlıqların  hamısını çikindən bikinə kimi əl altdan öyrənib Koroğluya məktub yazdı və Aşıq Cununa verdi. O, həmin məktubda yazmışdı ki, Həsən paşa onun üstünə qoşun çəkməyə hazırlaşır və  Keçəl Həmzənin oğurlayıb gətirdiyi Qırat Həsən paşanın tövləsindədir. Koroğlu məktubu alıb oxudu, bərk hirsləndi və bilmədi ki, nə etsin. Həsən paşa onun atasının gözlərini çıxartdırmışdı, özünü dağlara-daşlara salmışdı, Keçəl Həmzəni öyrədib atını oğurlatmışdı, indi də üstünə qoşun çəkməyə hazırlaşırdı. Koroğlu bilirdi ki, əgər Həsən paşa Çənlibelə qoşun çəksə, qan su yerinə axacaq, qız-gəlinlər, uşaqlar, qocalar ayaq altında qalıb tapdaq olacaqlar. Ona görə də qərara aldı ki, Həsən paşa gəlməmiş onu qabaqlasın, aşıq paltarı geyinib Qıratın ardınca Toqata getsin.
Koroğlu gecəni yatdı. Elə ki, səhər açıldı, hələ heç gün çırtlamamışdan o yerindən durdu. Dəliləri yanına alıb Çənlibelin bütün bəndərgahlarını gəzdi, müdafiə səngərlərini gözdən keçirtdi. Baxdı ki, vallah dəlilər bəndərgahları  elə tutublar, elə pusqular düzəldiblər, elə səngərlər basıblar ki, Həsən paşa nədi, lap xotkar Muradın özü də  bütün dünyanı yığıb Çənlibelə töksə, yenə də bir adam bu yerlərdən keçə bilməz. Elə ki, Koroğlu bəndərgahların hamısını gəzib qurtardı, deməlisini dedi, tapşırılmasını tapşırdı, sonra Dəli Həsəni, Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi və Nigar xanımı öz hüzuruna dəvət edib xeyli məsləhətləşdi. O dedi:-  Nə qədər ki, Qırat Çənlibelə gəlməyib, mən  necə başqa ata minib  döyüşəcəyimi  təsəvvür belə etmirəm. Ona görə də  belə   qərara gəldim ki, əvvəlcə aşıq paltarı geyinib Həsən paşanın sarayına özüm gedim, Qıratı dincliklə alıb gətirim. Əgər bu mümkün olmasa,  bütün dəliləri silahlandırıb Həsən paşanın üstünə qoşun çəkim, ya allah ona verə, ya da bizə.
 Koroğlu bu fikirləri deyəndə dəlilər razı olmadılar və dedilər:   -Koroğlu, sən bizim ümid yerimizsən, allah imkan yaradıb, bu mərtəbəyə qalxıbsan, indi paşalar, bəylər səninlə döyüşə girməyə qorxurlar. Nigar xanım və bütün dəlilər də sənin arxandadır. Gəl Qıratı yaddan çıxar, onsuz da həmin at beş-üç ilə qocalıb öləcək. Elə Həsən paşa da bu oyunu ona görə qurub ki, sən Qıratın dalınca gedəsən, səni tutub Osmanlı Sultanı Murada təhvil-təslim eləyə.
Koroğlu çox tərs adam idi, öz fikrindən dönən deyildi. Dəlilər çox dedi, Koroğlu razılaşmadı. Axırda Dəli Həsən  məcbur qalıb dedi ki, Bəlli Əhməd və Dəmirçioğlunun hərəsi min igiddən ibarət dəstə səni qarabaqara izləsinlər.Onlar   sənin ardınca gedərək Həsən paşanın düz  sarayına yaxın məsafədə mövqe tutsunlar. Əgər sən Qıratı alıb gətirə bildin, bildin, yox əgər ələ keçdin, onda, onlar hücum edib Həsən paşanın sarayını viran qoysunlar və səni azad edib gətirsinlər. Əgər döyüş uzandısa, xəbər göndərin, əlavə iki min nəfər döyüşçü də  göndərim. Bu fikri hamı bəyəndi.
Koroğlu ayaqdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, Əmud götürdü, dava libasının üstündən  bir kürk geyindi, çiyninə də bir saz keçirtdi və tək başına Toqata yola düşdü. Onun ardınca isə iki dəstə hərəsi min nəfər olmaqla dəlilər silahlanıb yola düzləndilər. Onlar gecə-gündüz yol gedib  Toqat şəhərinə yetişdilər. Koroğlu hava qaranlıqlaşanda Toqat şəhərinin girəcəyində bir qarının qapısını  döydü. Qapını qoca bir  qarı açdı.
Koroğlu dedi:-Ay  nənə, məni bir gecəliyə evində qonaq saxlayarsanmı?
Qarı dedi:-Niyə saxlamıram, qonaq allah qonağıdır.
Koroğlu qarıya bir qədər pul verib dedi:- Mənim anam,  bu pulu götür,  bazardan bir şey al gətir, yemək hazırla, birlikdə şam edək.
Qarı pulu alıb tez bazara tələsdi, yağ, düyü, ət alıb gətirdi və döşəmə plov bişirdi. O tez bir zamanda ortalığa bir yekə mis məcməyi qoyub plovu çəkdi. Həm Koroğlu, həm də  qarı ac idilər, onlar girişdilər  plova, nə girişdilər, sonra hərəsi bir neçə tikə plovun altına qoyulmuş toyuğun döş ətindən  yeyib  şirin-şirin söhbətə başladılar.
Qarı soruşdu:
-Qonaq qardaş, sazından görürəm ki, yanşaqsan, amma heç bizim yerlərin yanşağına oxşamırsan?
Koroğlu dedi:-Anacan, mən Qafın Ağrı tərəfindənəm.  Bizim yerlərin adamları  belə olur.
Qarı dedi:-Bir sazını çal, baxaq görök necə çalırsan.
Koroğlu dedi:-Bu gün yorğunam, sabah çalıb oxuyaram.
Qarı dedi:-Sabah  mən evdə olmayacağam. Həmzə bəyin qonaqlığına gedəcəyəm.
Koroğlu dedi:-Həmzə bəy kimdir?
Qarı dedi:-Həmzə bəy gedib Koroğlunun atını gətirib, Həsən paşa da ona bəylik verib, üstəlijk də qızı Dona xatını ona verməyə hazırlaşır. Sabah məclis qurublar, yeyib-içəcək, şənlənəcəklər. Məni də plov bişirmək üçün dəvət ediblər. Mən də şənlik edən qızların-gəlinlərin içində yeyib-içənlərdən, hakuşka deyənlərdən  biri olacam.
Koroğlu soruşdu: -Ay  nənə, bəs Koroğlunun atını harada saxlayırlar?
Qarı dedi:-Həsən paşanın tövləsində, amma at cər dəymiş,  deyirlər yaman bəddi, yanına bir adam qoymur, day Həsən paşanın tövləsində bir adam qalmayıb, hamısını şül-küt eləyib. İndi ona arpa-samanı bacadan tökürlər. Koroğlu qarıdan nə öyrənmək mümkün idi öyrəndi və onlar gecədən xeyli keçəndə yatdılar. 
Səhər vaxtı Koroğlu qarıya bir qədər də pul verib dedi:-Yenə yemək hazırla, gəldim,birlikdə yeyərik, gəlmədim özün yeyərsən, halal xoşun olsun, qalan pulu da özünə xərclərsən.
Koroğlu aşıq paltarını geyinib yavaş-yavaş  Həsən paşanın imarətinə çatdı. Baxdı ki, bir məclis qurulub gəl görəsən. Məclis paşa, bəy, xan, tacirlərlə doludu. Elə ki, aşıq libasında Koroğlunu gördülər, hamı sevindi. Koroğlunu çəkib məclisə apardılar. Məclisdəki paşalardan biri soruşdu:-Aşıq, hara aşığısan?
Koroğlu dedi: Qafın anrı tayındanam.
Paşa dedi: -Koroğlunu tanıyırsanmı, aşıq?
Koroğlu dedi:-Çox yaxşı tanıyıram, Koroğlunun bir çərən dəymiş atı var, adına Qırat deyərlər. At çox yaxşı atdır. Günlərin bir günü bu saz da çiynimdə yolla gedərkən bir də gördüm ki, məni qamarladılar. Gözümü bağlayıb başıma torba keçirdilər. Hara ketdik, necə getdik bilmədim. Bir də gözümü açdılar, baxdım ki, bir dağın üstündəyəm. Sən demə, bura Çənlibel imiş və  Qıratın yenə dəliliyi tutub, yaxınına adam qoymur ki, qoymur. Kipinə kim keçirsə, şül-küt eləyir. Axırda bir həkim gəlib deyib ki, bu atın cini var, gərək bunun yanında üç gün, üç gecə saz çalına, söz oxuna ki, bəlkə bunun cini yata. Qərəz, məni itələyib saldılar  bu atın yanına. O üç gündə mən nə çəkdim, bir  allah bilir.
Həsən paşa tez soruşdu:-At necə oldu,sağaldımı?
Koroğlu dedi:-Sağaldı. Deyirlər yenə  atın cini tutanda Koroğlunun  özü saz çalıb-oxuyub onu sağaldır.
Keçəl Həmzə Qıratı gətirib Həsən paşaya təhvil verəndən sonra at heç kəsi yaxına buraxmırdı.Onlar Qırata ancaq damın bacasından ot və ya su verirdilər. Ona görə də  Həsən paşa sevindi ki, bu aşıq öz ayağı ilə gəlib çıxıb. Yəqin ki, Qıratın yenə cini tutub. Ona görə də tez aşbazı yanına çağırıb buyurdu:
-Apar, aşığı yedirt, içirt, doydur, sonra  buraya gətir.
Aşbaz Koroğlunu  götürüb aşbazxanaya apardı. Həsən paşa gözlədi ki, onlar  məclisdən çıxdılar, yavaşca  yanındakı paşaya dedi:-Qoy yesin, doysun, gəlsin, Qıratın dərdini dedi, dərmanını da özünə elətdirəcəyəm. Koroğlu yeyib-içib qayıtdı, Həsən paşa soruşdu:-Aşıq doydunmu?
Koroğlu dedi:-Bəli, doydum.
Həsən paşa dedi:-İndi bir az çal, oxu qulaq asaq.
Koroğlu sazı köklədi və çalıb-oxumağa başladı. O dedi:

Qıratım kişnəyib girər,
Atılar meydan başına.
Qılınc çəkib dəlilərim,
Od ələr düşmən başına.
 Yaxşı ər yaxşı at minər,
Ortada göstərər hünər.
Atılanda nizə, şeşpər,
Qaldırar qalxan başına.

Gər girişsəm çalhaçala,
Quş gərəkdir qanad çala.
Çəkib uçurdaram qala,
Bəy, paşa, sultan başına.

Dava günündə Eyvaz xan
Yüz yağıya verməz aman.
Dolanıb olasan qurban
Bir belə oğlan başına.

İgiddə olar namus,ar,
Dar gündə  görər gücü kar.
Koroğlu, dəlilər, Nigar,
Yığılar dövran başına.


Koroğlu  Qırat, dəlilər, Eyvaz  haqqında elə oxudu ki, hamı hayıl-mayıl oldu. Amma Həsən paşa çox qəzəbləndi, istədi aşığa cəza versin, amma fikrindən döndü.Həsən paşanın qanı  çox qaraldı  və dedi:- Aşıq, dediyin haman o Qırat bu saat mənim tövləmdədir. İndi de görüm, mən ki, onu Koroğlunun  əlindən çıxartmışam, mən igidəm, ya Koroğlu?
Koroğlu dedi:-Paşa,  doğrudan da sən atı onun əlindən vuruşaraq alıbsansa, onda sən igid adamsan. Yax əgər kimsə gedib onu oğurlayıb gətiribsə, bu igidlik yox, sadəcə qorxaqlıqdır.
Həsən paşa dedi: -Aşıq, igidlik ondur, mən  onun birini eləmişəm, O birilərini də edərəm, görərsən. İndi səni aparacağam Qıratın yanına. Bir bax, gör odu, ya yox?
Koroğlu dedi: -Mən Koroğlunun sözlərindən oxuyacağam, əgər Qırata əsər elədi, onun yanına girəcəyəm, yox əsər eləmədi, onda  istəsən lap boynumu vur, mən onun yanına girən deyiləm.
Həsən paşa razı oldu, Koroğlu qabaqda, digər paşalar isə arxada gəldilər Qıratın olduğu yerə. Yolda Həsən paşa öz adamlarına tapşırıq verdi ki, çatan kimi aşığı itələyib Qıratın yanına salsınlar. Qapını da bağlasınlar ki, bəlkə  öz canının qorxusundan çala-oxuya və atı sağalda.
Bəli, gəlhagəl hamısı bir yerdə gəlib  çıxdılar tövlənin  qabağına, Qapını açdılar və Koroğlunu itələyib saldılar Qıratın yanına. At Koroğlunu görcək elə kişnədi ki, dam-daş lərzəyə gəldi. Qırat burnunu Koroğlunun qoynuna, qoltuğuna soxub elə iyləyirdi, elə iyləyirdi ki, elə bil inək balasını iyləyir. Xeyli müddət Qırat onu duz kimi yaladı, Koroğlu isə atın başını sığallayıb üzündən-gözündən öpdü. Nəhayət, Koroğlu sanki yuxudan ayıldı və tez özünü ələ alıb öz-özünə dedi:-Ey dili qafil, nə eləyirsən?  Sən yağı içindəsən, birdən  Həsən paşa tövlənin deşiyindən baxar, özünü tanıdarsan. O tez qapıya yaxınlaşıb dedi:-Paşa, indi siz bir az  aralı durun, mən atı çıxardım, gəzdirim, bir-az hava zad dəysin. Sonra atı qaytarım özünüzə. Amma paşa, gərək məni razı salasınız.
Həsən paşa dedi:-Arxayın ol, aşıq, nə istəsən, onu da verəcəyəm.
Həsən paşa qabaqda, qalan paşalar da dalda birbaş qalanın bürcünə gedib orada oturub gözləməyə başladılar. Koroğlu yəhəri götürüb basdı Qıratın belinə, atı minib çölə çıxdı. Həmin vaxt haradansa Keçəl Həmzə də gəlib oraya  çıxdı. Həmzə baxıb gördü ki, budur, bir aşıq, Qırat da yedəyində tövlədən çıxır. Yaxına gəlib gördü ki, aşıq-zad boş sözdü, bu Qıratın üstündəki adam qoç Koroğlu özüdü. Həmzə tez onun qabağına qaçıb dedi:-Koroğlu, indi sən məni tanıdınmı?  Mən sənin tövləndə atlara  baxan, sonra isə Qıratı oğurlayıb qaçıran Həmzəyəm.Allah səni mənim üçün buraya gətirib. Mən  Həsən paşanın qızı Dona xanımı sevirəm. Ona görə də onun atası Həsən paşanın tapşırığı ilə gəlib Qıratı oğurladım. Məni bağışla, günahımdan keç. Söz verirəm ki, mənə etdiyin yaxşılığın əvəzini qaytaracam. Amma eşit və başa düş: mənə Qırat lazım deyil, səni də ələ vermərəm. Amma mənim səndən bircə xahişim  var ki,gərək ona əməl edəsən.   Mən hələ muradıma çatmamışam, çünki Dona xanım mənə belə bir şərt qoyub ki, Koroğlunu öz gözü ilə görməyincə  inanmayacaq və mənə ərə getməyə razılıq verməyəcək. İzn ver, Həsən paşanın qızı Dona xanıma deyim ki, Koroğlu öz ayağı ilə buraya gəlib. Onu  buraya çağırım, o səni görsün ki, necə igid adamsan. Ondan sonra mən öz muradıma çatım, sən də  götür Qıratını, sakitçə çıx get evinə.
Koroğlu dedi:- Get, Dona xanımı çağır gəlsin bura. Amma eşit və agah ol, bu gün burada qan töküləcək. Əgər atı səssiz-səmirsiz aparsam, mən də olaram at oğrusu Keçəl Həmzə. Onda səninlə mənim aramda day nə təfavüt qalar? 
Həmzə başını saldı aşağıya, sakitcə dedi:-Məni bu hala gətirən Dona xanıma olan sevgidir.Onun yolunda hər nə desələr, etməyə hazıram. Mən sənin kimi igid adam deyiləm, mənim də gücüm at oğurlayıb qaçırmağa çatır. 
Koroğlu dedi:-Allah səni də belə  yaradıb, alçala-alçala  ucalmaq, sürünə-sürünə xöşbəxt olmaq istəyirsən. 
 Koroğlunun yenə ona yazığı gəldi və dedi: -Utanma! De görüm, bu qaladan çıxmaq üçün neçə yol var?
Həmzə dedi:-Üç. Ancaq  gərək qoşun bəndləri kəsməmiş sən qaladan çıxasan. Yoxsa, sonra sənə çətin olar.
Koroğlu Həmzədən ayrılıb Qırata bir üzəngi göstərdi. At bayaq şaxə qalxaraq kişnəməyə başladı. Koroğlu atın belində girdi meydana.
Həsən paşa dedi:-Ayə, aşıq bir o başa bu başa sür görüm, Qırat necə yeriyir. Koroğlu atı bir o başa, bir də bu başa  sürdü.
Koroğlu meydanda gərdiş eləməkdə  olsun,eşit, sizə deyim, Həmzədən. Həmzə oradan bir baş özünü yetirdi Dona xanımın  pəncərəsinə və çığırdı:-Ay Dona xanım! Ay Dona xanım!
Dona xanım pəncərəni açıb dedi:-Nə var,ədə?!
Həmzə dedi:-Muştuluğumu ver, gəlmişəm səni atanın toyuna  çağıram.
Dona xanım dedi:-Ədə, nə danışırsan, atamın toyu nədi?
Həmzə dedi: -Bir gəl meydana bax! Sən deyirdin ki, Koroğlunun özünü gətirməsən, sənə ərə gedən deyiləm.Budur, Koroğlu öz ayağı ilə gəlib, meydandadı.  Dona xanım baxdı ki,  meydanın düz ortasında bir igid atın üstündə dayanıb var-gəl edir. O dedi:-Ədə, o kimdir elə? Həmzə dedi: O sənin üzünü görmək istədiyin Koroğludu, qoç  Koroğlu. Dona xanım əvvəl inanmadı. Sonra o qaçaraq düz meydana, Koroğlunun yaxınlığına qədər gəldi. Paşalardan biri əyilib Həsən paşaya dedi:-Həsən paşa, mənə nə deyəcəksən de, bu aşıqdan mənim gözüm su içmir. Bu, deyəsən Çənlibeldən gəlmiş qoç Koroğludu.
Həsən paşa elə bil yatmışdı, yuxudan oyandı. Diksinib qalxdı və tez Həmzəni yanına çağırdı və dedi:-Ayə, Həmzə bəy, bax gör, o  Koroğlu deyil ki?
Həmzə baxdı ki, Koroğlu Qıratın üstündədi, bundan sonra min dənə Həsən paşa gəlsin, ona  bir şey  eləyə bilməz. Yalandan bir əlini gözlərinin üstünə qoyub baxdı və dedi:-Eviniz yıxılsın, bu Koroğlu olmayanda bəs kimdi? Atı ona kim verdi?
Elə bil ki, dünya, aləm Həsən paşanın gözlərində  qaraldı.Tez öz xidmətçilərinə  əmr elədi ki, təcili nə qədər atlı, əlisilahlı adamlar var hamısını meydana yığın, meydanı doldurun ki, Koroğlu heç yana qaça bilməsin. Sonra qoşun başçılarına əmr elədi ki, bütün yolları, bəndləri tutsunlar. Elə ki, hamı meydana doldu, Koroğlu gördü ki, onun  adamları da -Dəmirçioğlu öz dəstəsi ilə, Bəlli Əhməd də öz dəstəsi ilə meydanda mövqe tutdular. Elə bu vaxt Həsən paşa qoşuna əmr verdi:- Tutun, tutun bu aşığı! 
Koroğlu Misri qılıncı çəkib  özünü Həsən paşanın qoşununa tərəf  vurdu. Bütün dəlilər də eyni andaca qılıncı çəkib Həsən paşanın adamlarının üstünə şığadılar. Meydanda bir vurhavur, bir qışqırıq, bağırtı, ah-nalə başladı ki, gəl görəsən. Həsən paşanın adamları güclə onu harasa qaçırtdılar. Dəlilər de birini, beşini, on beşini vurub yerə saldılar. Keçəl Həmzə Dona xanımı da götürüb qaçmaq istəyəndə Dona xanım onunla getmək istəmədi. Elə bu anda Dəmirçioğlu baxıb gördü ki, Keçəl Həmzə zorla Dona xanımı  evinə dartıb aparmaq istəyir, amma Dona xanım razı olmur və  Koroğlunun dəlilərinə  tərəf qaçmaq istəyir. Dəmirçioğlu atını onlara tərəf  çaparaq  əlini Dona xanıma uzadıb dedi: -Gözəl xanım, sən burada atların ayağı altında qalacaqsan, tez gəl min mənim atıma, sən haraya istəsən, mən səni oraya çatdıracağam. Keçəl Həmzə Dəmirçioğlunu tanıdı və “nə durmusan, asta qaçan   namərddir”- deyib dabana tüpürdü. Dona xanım bu igidi sanki ilahidən göndərilmiş qismət bilib Dəmirçioğluna tərəf  qaçdı və əlini ona tərəf  uzatdı. Dəmirçioğlu onu götürüb öz atının tərkinə mindirdi və ortadan qaçırdı. O, Dona xanımı dəlilərdən birinə əmanət olaraq verib tapşırdı ki, gözü üstündə olsun, onu qorusun. Özü isə bir dəstə atlı ilə  yenidən döyüş meydanına -Koroğluya köməyə  gəldi. 
Meydanda döyüş getdi, nə getdi. Dəlilər Həsən paşanın qoşununda qoşunluq qoymadılar. Xeylisini qırıb tökdülər. Amma  qoşunun dalı kəsilmək bilmirdi. Bəlli Əhməd elə vuruşurdu ki, Koroğlu yalan idi. Bir dəstə adam Həsən paşanı qaçırdıb güclə qalaya saldılar. Koroğlunun dəliləri vuruşa-vuruşa gəlib  Həsən paşanın yaşadığı saraya çatdılar. Bəlli Əhmədlə bərabər bir neçə dəlilər  vuruşa-vuruşa sarayın qapısını qırıb içəri  girdilər. Sarayın içərisində  Həsən paşanın büyük qızı Dünya xanım  əlində qılınc döyüşə hazır vəziyyətdə dayanmışdı.  Bəlli Əhməd ona tərəf gələndə Dünya xanım qılıncı çəkib onunla döyüşmək istədi.  Lakin Bəlli Əhməd onu tanıyırdı. O da öz növbəsində qılıncı çəkib özünü müdafiə etməyə başladı. O Dünya xanımla  çox ehtiyatla döyüşürdü ki, bu igid  xanım heç bir yara almasın. Onlar bir qədər döyüşdükdən sonra, nəhayət, Bəlli Əhməd onu vurub yerə yıxdı və dəlilərdən birinə əmr etdi ki, qızı öz atının tərkinə mindirsin. Dəlilərdən İsabala adlı biri dərhal atdan düşüb nəzakətlə Dünya xanımı yerdən götürdü.Onu öz atının tərkinə mindirib  döyüş müydanından uzaqlaşdırdı. Dünya xanım elə bildi ki, İsabala onu öldürməyə aparır. Lakin İsabala Dünya xanımı atdan düşürüb dedi:-Xanım, biz quldur deyilik, sən azadsan, bizim işimiz qadınlar, qocalar  və uşaqlarla deyil, bizə qarşı vuruşan kişilərlədir. Dünya xanım  atdan düşüb yaxındakı evlərdən birinə tərəf qaçdı.  Digər  dəlilər Həsən paşanı axtarıb tapmaq üçün saraya girdilər. Hə qədər ələk-vələk elədilərsə, Həsən paşa tapılmadı ki, tapılmadı. O öz yaxın adamları ilə  Toqat qalasındakı gizli yolla  qaçıb aradan çıxmışdı. Dəlilər Həsən paşanın sarayında gözə dəyən qiymətli nə varsa hamısını götürüb   saraydan çıxdılar. 
İndi sizə kimdən deyim, Koroğludan. Koroğlunun özü də bu biri tərəfdə döyüşə-döyüşə gözləri ilə Həsən paşanı axtarırdı. O, Qıratı nə qədər o yana- bu yana sürdü, Həsən paşadan bir xəbər çıxmadı. Koroğlu tez dəlilərinə əmr etdi ki, nə qədər gec deyil qalanı tərk etsinlər. Dəlilər hamısı tələsik qalanı tərk etməyə başladılar. Onlar birinci yola çıxanda gördülər ki, qoşun yolu bağlayıb. Koroğlunun dəstəsi özünü vurdu ikinci yola. Yenə Həsən paşanın qoşunu onların yolunu kəsdi. Koroğlunun dəstəsi qayıtdı yenə meydana. Həsən paşanın dəstəsi onları oxa tutmağa başladılar. Toqat qalasının iki tərəfi quru yol idi. Hər iki yol bağlanmışdı. Bir tərəfindən isə Tona çayı axırdı. Həsən paşa iki tərəfi tutdurmuşdu, ancaq çay axan tərəfi boş saxlamışdı. O elə bilirdi ki, Koroğlunun dəstəsi Tona çayına düşsə, oradan salamat çıxa bilməz. Lakin Koroğlu üzünü dəlilərinə tutub dedi:-Mənim dəlilərim, əgər biz bu qalada çox qalsaq, Sultan Muradın qoşunu Həsən paşanın köməyinə çatacaq və bizi məğlub edəcəklər. Gəlin atları Tona çayına vurub qalanı tərk edək. Dəlilər hamısı onunla razılaşdılar. Onlar atlarını Tona çayına tərəf sürdülər. Yolda Həsən paşanın dəstəsinin üzvləri onların qabaqlarını kəsmək istəyəndə Koroğlunun dəliləri onlardan bir neçəsini vurub yerə uzatdılar. Digərləri isə qaçıb canını güclə qurtardı. Dəlilər gəlib Tona çayının sahilinə çatdılar. Koroğlu Qıratı vurdu Tona çayına, o biri dəlilər də həmçinin.  Dəmirçioğlu isə Tona xanımı  öz atının tərkinə mindirdi. Onların atları qulaqlarına qədər suya batsa da, çay atlara güc eləyə bilmədi. Onlar heç birinin burnu qanamadan çayın o biri tərəfinə üzüb keçdilər. Həsən paşanın adamları  isə   çayın bu biri tərəfinə çatsa da, suya girməyə cürət etmədilər.
Koroğlu çayın o tayında Həsən paşanı çağırıb dedi: -Həsən paşa, bu dəfə əlimdən qurtarıb aradan çıxdın, görüm gələn dəfə nə edəcəksən?  Eybi yoxdur, borclu-borclunun sağlığını istər. Amma qızın Dona xanımdan narahat olma,  Dəmirçioğlu ilə  Dona xanımın  el qaydası ilə toyunu edib onu Çənlibeldə göz bəbəyimiz kimi qoruyacağıq.  Bunu deyib Koroğlunun dəstəsi Toqatdan Çənlibelə tərəf üz tutdu.
Çənlibelin əhalisi bir də gördü ki, Koroğlu dəstəsi ilə, Bəlli Əhməd qabaqda, Dəmirçioğlu isə  bir gözəl xanımı alıb atın tərkinə gəlir, hamı sevindi, uşaqdan böyüyəcən hamı çalıb oynamağa, əl-ələ verib yallı tutmağa başladı. Erkək qoyunlar,öyəclər, xoruzlar, beçələr kəsildi, qazan-qazan yeməklər bişirildi. Nigar xanım Çənlibelə gələn təzə gəlini- Dona xanımı öpüb təbrik etdi.  Dəmirçioğlunun  Dona xanımla toyu çalındı. Çənlibel əhalisi  üç gün üç gecə ancaq yemək- içmək, çalıb- oynamaqla məşğul oldular.

Dastanı danışdı: Bakı şəhəri,132-134 saylı orta məktəbin şagirdi Uğur Əliyev

Bakı, 11 iyun 2019, Azadaz