• 2019.07.21

Rusiya Azərbaycanlıları İttifaqı Moskvada növbədənkənar toplantı keçirib

14:00 18/06/19 | Diaspora

Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının iyunun 16-da Moskvada, Aerostar hoteldə növbədənkənar toplantı keçirib. Toplantıya Rusiyadakı Azərbaycan diaspor qurumlarının sədrləri və fəalları qatılıb.

Musavat.com-a verilən məlumata görə, növbədənkənar toplantının gündəmindəki əsas məsələ Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının regionlardakı nümayəndəliklərinin seçilməsilə bağlı olub. Tədbir iştirakçıları eyni zamanda Rusiya Azərbaycanlıları İttifaqının loqosu, Nizamnaməsi, 2019-cu ilin tədbirlər planını da müzakirə ediblər.

Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanlıları İttifaqı vahid mərkəzdən koordinasiya edilən diaspor qurumu yaratmaq yolunda tarixi şansdır. Onun fikrincə, bütün təbəqələrdən olan soydaşlarımızı birləşdirəcək qurumun yaradılması sosial sifarişdir: ”Diaspor təşkilatlarının pərakəndə fəaliyyətinin fəsadları, yaranan böhranın həlli yolunda son illər müşahidə edilən uğursuz cəhdlər belə bir sosial sifarişin əsas yaranma səbəbidir. 1988-ci ildən başlayan diaspor fəaliyyətimiz Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu çərçivəsində bir çox ölkələrdə davam etməkdədir. Hətta Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət göstərdiyi müddətdə Dünya Azərbaycanlıları İttifaqı Rusiyada və onun hüdudlarından kənarda daha fəal olub. ÜAK 3 ildir ki, yoxdur. Bu 3 ildə nə guclu diasporu qura biləcək ideya, nə çoxsaylı diasporumuzun rəğbətini qazanmış federal miqyaslı rəhbər ortaya çıxmadı. Təbii ki, biz böhrana laqeyd qala bilməzdik. Biz 30 illik diaspor təcrübəmizə arxalanaraq, bu təşəbbüsü üzərimizə götürdük və ümid edirik ki, real nəticələr Azərbaycan diasporunun güclənməsinə, onun arzu etdiyimiz məqama yüksəlməsinə imkan yaradacaq”.

Regional diaspor qurumlarının təmsilçiləri çıxışlarında Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər. “Smolniy Universiteti” Elm-Təhsil Konsorsiumunun prezidenti, professor Heydər İmanov yeni təşkilatın işində yaxından iştirak edəcəyini, öz təcrübəsini vətənpərvər soydaşları ilə bölüşəcəyini bildirib.

Sankt-Peterburqdakı “Azərbaycan diasporu” təşkilatının sədri Sabir Məsimov Şimal-Qərb Federal Dairəsində Rusiya Azərbaycanlıları İttifaqının möhkəmlənməsi istiqamətində iş aparacağını vurğulayıb.

Rusiya Azərbaycanlıları İttifaqının İdarə Heyətinin üzvü, tanınmış diaspor fəalı Tofiq Rzayev Kalininqrad vilayətində vitse-admiral Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi məsələsində maddi yardımına görə RAİ prezidenti Fizuli Məmmədova, eləcə də ideyanı dəstəkləyən Baltiysk şəhərinin merinə və ictimaiyyətinə təşəkkür edib. Layihə haqqında toplantı iştirakçılarına geniş bilgi verən Tofiq Rzayev bildirib ki, bu önəmli hadisə əslən Azərbaycandan olan vətəndaşların Rusiyada necə böyük yeniliklərə imza atmasının göstəricisidir.

Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Asman Hüseynov, Velikiy Novqorod şəhərindəki “Bakılı” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Elşad Qurbanov, Xabarovsk şəhərindəki “Azərbaycanlıların dostluğu” Cəmiyyətinin sədr müavini Əhəd Əhədov, Voronej vilayətindəki “Xəzər” Cəmiyyətinin İdarə Heyətinin sədri Eldar Sadıqov, Tatarıstan Respublikasındakı “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının” prezidenti Sərraf Kərimov, Kirov vilayətindəki “Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov, Moskvanın Oçakov-Matveev rayonu uzrə milli mədəni müxtariyyət sədrinin müavini Rahib Bayramov, Rusiya Azərbaycanlıları İttifaqının İdarə heyətinin üzvü Mais Cəfərov və Novorossiysk şəhərindəki Azərbaycan diasporunun Təbriz təşkilatının sədri Cəlal Abdullayev Rusiya Azərbaycanlıları İttifaqının fəaliyyəti ilə bağlı fikir və təkliflərini bildiriblər.

Müzakirələr zamanı siyahıda adı keçən şəxslər RAİ-nın vitse-prezidentləri və Rusiya regionları üzrə rəhbərləri seçiliblər:

1. Mais Cəfərov – vitse-prezident 
2. Elnur Hüseynov – vitse-prezident

1. Asman Hüseynov – Yaroslavl nümayəndəliyinin rəhbəri 
2. Eldar Sadıqov – Voronej nümayəndəliyinin rəhbəri 
3. Elşad Qurbanov – Velikiy Novqorod nümayəndəliyinin rəhbəri 
4. Elşən Əliyev – Ryazan nümayəndəliyinin rəhbəri 
5. Rakif Əzizov – Dağıstan Respublikası nümayəndəliyinin rəhbəri 
6. Xanoğlan Əliyev – Moskva vilayəti, Ximki şəhəri nümayəndəliyinin rəhbəri 
7. Sabir Məsimov – Sankt-Peterburq vilayəti nümayəndəliyinin rəhbəri 
8. Sərraf Kərimov – Tatarstan Respublikası nümayəndəliyinin rəhbəri 
9. Tofiq Rzayev – Kalininqrad vilayəti nümayəndəliyinin rəhbəri 
10. Əli Kazımov – Moskva şəhəri, Oçakovo – Matveevsk rayonu nümayəndəliyinin rəhbəri

Adı çəkilən şəxslərin vəzifə səlahiyyətləri Rusiya Azərbaycanlıları İttifaqının qurultayına qədər qüvvədə olacaq. Səlahiyyətlərin uzadılmasına qurultay qərar verəcək.