• 16 Sentyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8818 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.3006

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib

16:24 03/07/19 | Mədəniyyət

UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib.

Azadaz xəbər verir ki, sessiyanın növbəti günündə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.

Sessiyada iştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətindən söz açıblar.

Tədbirdə Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.

Strateji ətraf mühitin qiymətləndirilməsinin vacibliyindən və bu istiqamətdə görülən işlərdən söz açılıb. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır. Bütün layihələr monitorinq qrupunun tövsiyəsi əsasında həyata keçirilməlidir. Elektrik stansiyaları bufer zonadan kənarda inşa edilməlidir. İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunlar qarşılıqlı şəkildə müzakirə olunmalıdır.

Azərbaycan Kuba və Çinin Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflərini dəstəkləyib. Su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.

Günün birinci yarlısında Hindistan ilə Banqladeşin sərhədində yerləşən, dünyanın ən böyük manqrov meşəsi olan Sundarbanda elektrik stansiyasının tikintisinə dair müzakirələr aparılıb. Bildirilib ki, Banqladeş hökumətinin apardığı bu tikinti ətraf mühitə və milli irsə böyük təhlükədir. Bununla bağlı bir çox ölkələr öz fikir və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, meşənin Hindistandakı hissəsi milli park elan edilib və 1997-ci ildə UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Bu məsələ ilə bağlı işçi qrup yaradılıb və onlar gün ərzində Sundarbanda elektrik stansiyasının tikintisi ilə bağlı hesabatın müvafiq bəndinə dəyişiklik edəcəklər və bu məsələyə yenidən baxılacaq.

Sessiyada üzv ölkələr müzakirələr zamanı diqqətə çatdırıblar ki, milli parkların qorunması ilə əlaqədar mənbələrin çirklənməsi məsələləri diqqətdə saxlanılmalı, qoruyucu tədbirlər görülməlidir. Küveyt, Zimbabve, Avstraliya, Kuba və Çinin dəniz dibinin dərinləşməsi, monitorinq, tərəflərin idarəçilik planı və milli parklarda qorunan heyvanlarla bağlı əlavə tədbirlər həyata keçirilməlidir.

Sonra gündəliyə uyğun olaraq Vyetnamda Phong Nha Ke Bang milli parkı ilə bağlı məsələ müzakirə edilib. Vurğulanıb ki, parkda tikinti işlərinin aparılması planlaşdırılır və bu, ərazidə flora və faunaya mənfi təsir göstərə bilər. Milli parkın Ümumdünya İrs Komitəsi tərəfindən nəzarətə götürülməsi və buna qarşı addımlar atması təklif edilib. Vyetnamın təmsilçisi çıxışı zamanı bildirib ki, bu mövzuda təhdidlərin yaranmaması üçün komitə ilə razılıq əldə olunub. Üzv ölkələr Vyetnamın qabaqlayıcı tədbir görməsini müsbət qiymətləndirib və təklifləri dinlənildikdən sonra müvafiq qərar qəbul olunub.

Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətinin müzakirəsi zamanı da Avstraliya, Hindistan, İndoneziya və Yaponiyanın meşə massivlərinin Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi ilə bağlı məsələ müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Daha sonra Kanadada Meşə Öküzü Milli Parkının dağılmaq üzrə olması haqqında məsələyə baxılıb. Milli park ərazisində yaşayan yerli icmanın nümayəndəsi bu məsələyə xüsusi diqqətin ayrılmasını xahiş etdi.

Bundan başqa, Latın Amerikası və Karib regionunun milli parklarının mühafizəsi məsələləri də müzakirə olunub.

Sessiya işini müzakirələrlə davam etdirir.


Facebook

Instagram

Youtube

SORĞU


test