• 2019.07.21

Salyanda daha 23 nəfər YAP-a üzv qəbul olunub - FOTO

13:30 09/07/19 | Siyasət

Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatı səyyar qəbul keçirib  Partiyanın boy sırasını artırmaq məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatının aparatı bir ənənə olaraq yerlərdə səyyar qəbullar keçirir. Belə növbəti tədbir rayonun Aşağı Muğan Meliorativ Sistemlərin İstismarı İdarəsində keçirilib.  

Tədbiri YAP-ın ərazi ilk təşkilatının sədri Fəxrəddin Cəfərov açaraq gündəlikdə duran məsələ ilə iştirakçıları tanış edib, 23 gəncin ərizə ilə müraciət edərək YAP sıralarına qəbul olunmaq arzusunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlməsinin 50 illik yubileyinin qeyd olunduğu ərəfədə keçirilən bu tədbir bir daha göstərir ki, gənclərimiz də hamı kimi Heydər Əliyev ideyalarını, prezident İlham Əliyevin siyasi kursunu bəyənir və müdafiə edir.  20 ildir ərazi ilk Partiya təşkilatının sədri işləyən F.Cəfərov daha sonra qeyd edib ki, 14 iyul 1969-cu ildən artıq 50 il keçir. Bu illərdə Böyük Öndər hamının qəlbində yaşayıb və yaşayacaqdır. Vurğulanıb ki, bu ayın 17-də həm də YAP Salyan rayon təşkilatının yaranmasının 26-cı ildönümü tamam olacaq. Bütün bunlar rayonda silsilə tədbirlərlə qeyd olunacaq.  YAP Salyan rayon təşkilatının yaradıcılarından biri, 18 ildir təşkilatın aparat rəhbəri olan Mirzə Mirzəyev isə həyatının böyük bir hissəsini partiyaya xidmətə həsr edib. O, 1998-ci ildə Prezident seçkiləri ərəfəsində rayon seçki qərargahına rəhbərlik edib, YAP üzvü Hacı Hafis Əskərovla Şimal bölgəsində Quba, Qusar, Şabran, Xaçmaz, Abşeron - ümumilikdə 7 rayonda Heydər Əliyevin xeyrinə imza toplama mərasimində iştirak edib. 2484 imza toplayaraq Lənkəranda yerləşən təşkilat komitəsinə təhvil verib. Aparat rəhbəri çıxışında qeyd edib ki, hazırda rayonda 7804 nəfər YAP üzvü var. Son 6 ayda 98 nəfər YAP sıralarına qəbul olunub. Bu gün daha 23 nəfərin qəbul olunması sıralarımızı 7827 nəfərə çatdırır. Biz ayrı-ayrılıqda qəbul olunan gənclərlə söhbət etmişik. Onların hər biri Partiyamızın siyasi kursunu bəyəndikləri üçün YAP sıralarına qəbul olunmaq istədiklərini bildiriblər. Rayonda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə silsilə tədbirlərə start verilib.  

Sonda 23 nəfər kollektiv üzvü sual–cavabdan sonra YAP sıralarına qəbul olunub. Onlardan Rəis Xəlilov, Əbdul Əliyev, Elnur Dadaşov, Xəlil Nəsirov, Zaur Gözəlov, Kamil Əhədov YAP-a qəbul olunduqları üçün təşəkkürlərini bildiriblər.  

Rasim NƏHMƏDOV