• 2019.07.21

Çörək ətri qəhətə çıxıb: həyəcan təbili çalmağın vaxtıdır

14:00 09/07/19 | Sosial

Gündəlik tələbatımız olan çörəyimizin əvvəlki şöhrətini, dadını, ətrini özünə qaytarmalıyıq

Binəqədi rayonunda yaşayan bir şəhid ailəsigilə qonaq getmişdik. Əslən Laçın rayonunun Minkənd kəndindən olan 87 yaşlı, şəhid atası, müdrik el ağsaqqalı Məhəmməd Mürsəloğlu bizi adəti üzrə mehriban qarşıladı.

Laçın rayonunun Minkənd kənd orta məktəbi vətənimizin azadlığı uğrunda canını qurban vermiş, ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərərkən şəhid olmuş Bayram Məhəmməd oglu Məmmədovun adını daşıyır. "Bayramsız Laçın, Laçınsız Bayram" kitabını (480 səhifəlik) bu sətirlərin müəllifi şəhidin xatirəsinə həsr etmişdir. Odur ki, bu mehriban ailə mənə doğma və əzizdir. Hər gəlişimizdən sevinən Zərif nənə məni görən kimi deyir: Ay bala, harda qaldın? Necəsən? - deyərək çox sevinir. Bu müdrik insanların söhbətlərinə qulaq asmaqdan zövq alıram. İqtisadçı-alim dostumuz Hacı Zahid kişini də bu ailə ilə tanış etmişəm. Dünya elmindən xəbərdar olan müdrik insanlardan öyrənməyə çalışırıq. Çay süfrəsi ətrafında drojla mayalanmış çörəyin keyfiyyətindən söhbət salıram. 12 övlad böyüdüb boya başa çatdırmış qəhrəman, ağbirçək ana bildirir ki, “bala, biz Minkənddə yaşayanda su dəyirmanında buğdanı üyüdərdik. O, undan bişirilən çörəyin ətri kəndə yayılardı. Çörək bir həftədən də çox qalsaydı xarab olmazdı, yuxa isə aylarla qalsa da, təravətini itirməzdi. İndi qızım Ağca Bakıda un alıb, xəmir yoğurubdur. Mənə zəng edib ki, droj vurmadan xəmiri yoğurdum, baxıram ki, xəmir şişib, acıyıbdır. Çox məəttəl qaldım. İnsanları məhv edən keyfiyyətsiz undur, drojdur. Çörəyin içi drojdur. Droj isə mədədə həll olunmur. Əvvəllər xəmiri yoğurduqdan sonra, həmin xəmirdən təxmini 100 qram kəsib növbəti xəmiri acıtmaq ücün maya (Qarabağ zonasında balata deyirlər) saxlayardılar. Təndirdə bişirilən çörək iki həftə də qalsa, öz keyfiyyətini itirməzdi”. Bir əsrə yaxın ömür sürən Məhəmməd Mürsəloğlu söhbətimizi daha da şirinləşdirir: "Çörək bərəkətdir. Yaşadığımız gül-çiçək ətirli Minkənddə 12 su dəyirmanı olub. Çörək üçün buğda ayrı olardı. həmin buğda yuyulardı, xəlbirlənərdi, toz-torpaqdan təmizlənərdi. Təmiz buğda su dəyirmanında üyüdülərdi. Kəpəyi üzə çıxardı. Bu Zərif nənən külfətimiz çox olduğu üçün 70 kiloqramlıq unu bir dəfəyə ələyər, yoğurub kündələyərdi. Sonra sacda mal və qoyun peyinindən ocaq qalayardı. Xəmirin yarısını yuxa edərdi, yarısını da yoğurub əppək yapanla təndirə yapardı. Təndirdə bir tərəfi çiy qalmış çörəyi qarmaqla fırladıb tam bişirəndən sonra təndirin divarından qopardıb yan-yana düzərdi. Bişirilən yuxa, lavaş və kündə çörəyinin ətri kəndə yayılardı. Yağlı motal pendirində yuxanı, lavaşı dürmək edib yeməyin ayrı ləzzəti var idi. Çörək bişirilib qurtarandan sonra ət şişə çəkilər və təndirə sallanardı. Hər tərəfi bişmış pilək kimi yumşaq kababın dadı-tamı tamam başqa idi. Təndirdə köz azalanda isə kartofu küldə üstün basdırardıq. Yum-yumşaq bişmiş kartofun əsl dadın hiss edərdik. Bəxtəvər günlərimizi yaşadığımız bir gündə çörəyimizi yeyən, həyətimizdə işləyən ayagı çarıqlı, yazıgımiz gəldiyı ermənilər bizə birdən-birə qənim kəsildilər, qudurdular. Ermənilər, rus ordusuyla o cür gözəl yurdumuzu, yaylaqlarımızı işgal etdilər. Vətənsiz yaşadığımızdan 26 ildən çox vaxt keçsə də, dogma yurdumuzu, Qaragölümüzü, Həkəri çayımızı, min bir ətirli çəmənliklərimizi, dağ dərəmizi, ata-baba qəbirstanlığımızı bir an da olsun unuda bilmirəm”. İndi bişirilən çörəyin xəmirin sıxırsan, əlinə yapışır. Buna tibdə kartof xəstəliyi deyirlər ki, bu da elmə məlum deyil. İndiki dəyirmanlarda gərək texnologiyaya düzgün və ciddi nəzarət oluna. Elektrik dəyirmanları buğdanı yandırır, ətri də məhv olur. Bütün xəstəliklər gündəlik tələbatımız olan çörəkdən başlayır. Küçələrə nə qədər kiflənmiş çörəklər atılır. Bakıda kənd adamları həmin çörəkləri kisələrə yığıb mal-heyvana yedirdirlər. Həmin heyvanın əti də, südü də qatığı da göy ot yeyən heyvanın ətindən də, qatığından da, südündən də çox fərqlənir. Çörəyin qədrin bilməliyik. Əvvəllər çörək yerə düşəndə tez əyilib götürər, öpüb gözümüzün üstünə qoyardıq. İndi kiflənmiş, yapışqanlı çörəyi yerdə görən ana uşağına deyir: - Əlini vurma, "pıxıdı". Üzümü kənd təsərrüfatı mütəxəssislərinə, çörək istehsalçarına tutub deyirəm: Gündəlik tələbatımız olan çörəyimizin əvvəlki şöhrətini, dadını, ətrini özünə qaytarmalıyıq. Bu həm insanların sağlamlığı üçün vacibdir, həm də axı çörək, ruzi, bərəkət Qurandan əvvəl yaranıbdır. Xarici ölkələrdən, o cümlədən Çindən işbazların ağına-bozuna, vaxtına, keyfiyyətinə baxmadan gətirdikləri drojların keyfiyyətinə kim cavabdehdir? Zirli-zibilli tonlarla keyfiyyətsiz, çölə atılan drojlar una qatılaraq qarışdırılır, xəmir yoğrulur və hazırlanan və orqanizmə zərər verən ətirsiz çörəklərdən nə qədər insanlar mədə-bağırsaq, ürək damar və s. xəstəliklərinə tutulur. Əlbəttə ki, bu sahəyə dövlət nəzarəti daha da artırılmalıdır. Biz özümüz çörək bişirmək üçün yerli buğda əkməliyik, özü də dədə-baba sortundan. Xaricdən gətirilən keyfiyyətsiz məhsullar insanların axırına çıxır. Amma bizə vurulan zərbəni başa düşmürük. Odur ki xəstəlik günü-gündən artır, apteklərdə isə şıdırığı alver gedir. Təki pul gəlsin.

Belə yaramaz, ay işbazlar, tamahkarlar! Xüsusilə də dələduz işbazlar tərəfindən xaricdən gətirilən süni düyülər, yumurtalar və sair zərərli qida və yeyinti məhsulları insanları sağalmaz xəstəliklərə mübtəla edir. Özümüz-özümüzə niyə qənim kəsilirik?

Mənşəyi bilinməyən məhsulların ölkəyə gətirilməsi qadagan edilməlidir. Vicdanınızı oyadın! Kafir yoluyla getməyin. Qəlbinizdə mərhəmət hissi oyadın. İnsan ömrünü gödəltməyin. Dünyanın axırı deyil ki? Xalqa yazığınız gəlsin. Həyəcan təbili çalmağın vaxtı deyilmi?

Rauf İLYASOĞLU