• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8968 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2935

XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək

17:30 23/07/19 | Mədəniyyət

Dünyanın fərqli məkanlarında səslənən musiqilər, özünəməxsus və valehedici ifada Qəbələdə canlanaraq, bu il də hər bir musiqisevərin zövqünü zənginləşdirəcək.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçiriləcək XI Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərini bir araya gətirəcək. Xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl bir ənənəyə çevrilən festival bu dəfə iyulun 31–dən avqustun 5-dək davam edəcək.

Festivalın təntənəli açılış mərasimi avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində baş tutacaqdır. Festivala müxtəlif musiqi janrlarında çıxış edən görkəmli musiqiçilər, solistlər, dirijorlar qatılacaq.

Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dəvət olunan dünya şöhrətli dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, eləcə də Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu kimi musiqiçilər və digərləri çıxış edəcəklər.

Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet kvarteti, Trio Mirakulum (Türkiyə) məharətlərini səhnədə nümayiş etdirəcək.

Xalq artistləri Murad Adıgözəlzadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların zövqünü oxşayacaq.

Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcək.

Hər il olduğu kimi, bu il də Festival çərçivəsində “Muğam axşamı” təşkil olunacaq. Muğamsevərlər “Naz-nazı” muğam qrupunun çıxışından zövq alacaq.

Möhtəşəm musiqi bayramı olan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına ənənəvi olaraq, böyük töhfə verəcəkdir.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3