• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

GƏLİN BİRLİKDƏ ƏDƏBİYYATIMIZI VƏ TARİXİMİZİ ÖYRƏNƏK: “KOROĞLU” DASTANI (8-ci söhbət)

12:00 29/07/19 | Mədəniyyət

MÜNDƏRACAT:

  1. Alı kişinin gözünün çıxarılması və Koroğlunun Çənlibelə köçməsi
  2. Dəli Həsənin dəstəsinin Koroğluya qoşulması
  3. Koroğlunun Nigar xanıma aşiq olması və onu qaçırması
  4.  Koroğlunun Dəmirçioğlunu Çənlibelə gətirməsi
  5.  Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
  6. Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
  7. Koroğlunun Qıratı geri qaytarması və Dəmirçioğlunun Həsən paşanın qızı Dona xanımla evlənməsi 
  8. Koroğlunun Ərzincan səfəri, Bolu bəylə döyüşü və onu öldürməsi. Koroğlunun dəlisi İsabalanın Həsən paşanın böyük qızı Dünya xanımla evlənməsi.
  9. Gizir oğlu Mustafa bəyin Koroğlunun dəstəsinə qoşulması və onun Aslan Paşanın qızı Hürü xanımla evlənməsi
  10. Koroğlunun Rum səfəri və Rum paşasının qızı Məhbub xanımın  Çənlibelə gətirilməsi və  Bəlli Əhmədlə evlənməsi
  11. Koroğlunun Qars səfəri və Ərəb Reyhanla döyüşü. Eyvazın Əhməd Paşanın qızı Pərizad xanımla evlənməsi və Koroğlunun naibi təyin olunması və daha sonra Qarsın valisi təyin olunması
  12. Koroğlunun Həsən Paşa ilə  son döyüşü, atasının və  xalqın  qisasını ondan alması, Dəli Həsənin Həsən paşanın qızı Bulqar xanımla evlənməsi
  13. Koroğlunun Şah Abbasla döyüşü və onun ordusuna qalib gəlməsi
  14. Koroğlunun qocalığı
  15. Koroğlunun  Nigar xanımla birlikdə Həcc ziyarətinə getməsi və ölümü

 8.Koroğlunun Ərzincan səfəri, Bolu bəylə döyüşü və onu öldürməsi. Koroğlunun dəlisi İsabalanın Həsən paşanın böyük qızı Dünya xanımla evlənməsi.
Ərzincandan Bolu bəy qoşun toplayıb Çənlibelə tərəf yola düşdü, heç yerdə dayanmayıb, dincəlməyib, gecə-gündüz at sürdü,özünü çatdırdı Çənlibelin ətəklərinə. Həsən paşanın yanında mehtər işləyən Mehtər Murtuz onu müşayət edirdi. O Toqata adam göndərib Həsən paşadan xahiş etmişdi ki,Mehtər Murtuzu onun yanına köməyə göndərsin. Mehtər Murtuz Çənlibeli yaxşı tanıyırdı. O, Bolu bəyin yanına gəlib dedi:-Bolu bəy, mən bu yerləri yaxşı tanıyıram. Çənlibelə çatdıqdan sonra biz gərək etibarlı bir yerdə, bulaq başında düşüb Koroğluya pusqu quraq, onu gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. Günüz vaxtı hücum etsək, məğlub olarıq, gecə vaxtı hücum etsək, qoşunu aparıb tələyə salarıq.
Bolu bəy Mehtər Murtuzun fikrini bəyəndi, hökm elədi, bir bulağın başında qoşun düşüb düşərgə saldı. Bolu bəy bir neçə silahdaşını götürüb ətrafı gəzməyə, hər şəraiti gözdən keçirməyə getdi. Onlar Çənlibelə tərəf gəlməkdə olsun, sizə deyim qoç Koroğludan. Koroğlunun dəliləri xəbər gətirdilər ki, Çənlibelin anrı tayında Ağ qayanın ətəyində saysız-hesabsız atlı və silahlı adam toplaşıb. Deyəsən, hücuma hazırlaşırlar.Koroğlu dərhal əmr verdi ki, dəlilər oyansın və döyüşə hazır vəziyyətdə dayansın. O,özü isə qayaların dalı ilə gizlincə gəlib öz gözləri ilə görmək istədi ki, bu gələnlər kimdir. Birdən Koroğlu ilə Bolu bəy çıxdılar üz-üzə. İş elə oldu ki, nə Koroğlu çəkilib gizlənə bildi, nə də Bolu bəy. Bolu bəy ondan soruşdu:-De görüm kimsən? 
Koroğlu özünü cəmləşdirib dedi:
-Qoruqçuyam.
Bolu bəy bir onun bazburutuna baxdı, bir boy-buxununa baxdı,dedi:- Kimin qoruqçususan?
Koroğlu dedi:-Çənlibel qoruqçusuyam.
Bolu bəy sevindi ki, yaxşı oldu. Bundan əhval-pürsan olub Çənlibeldən bir az xəbər tutaram.O soruşdu:-Ayə, de görüm, Koroğlu bu saat haradadır?
Koroğlu dedi:-Dünən axşam Çənlibeldə idi,əgər gecə bir yana getməyibsə, demək Çənlibeldədir.
Elə bu anda daldan Mehtər Murtuz gəlib yetişdi. Özünü Koroğluya göstərməyib, yavaşca onun arxasına keçdi. Bolu bəy onu çağırıb dedi:-Ayə Mehtər Murtuz, bax gör bu kimdir? Mehtər Murtuz Koroğluya baxıb dedi: -Yəqin Koroğlunun qoruqçularındandır.
Bolu bəy birdən hay vurdu adamlar tökülüb Koroğlunu tutdular, əllərini-qollarını möhkəm-möhkəm bağladılar. Koroğlu Mehtər Murtuzu tanıdı, bildi ki, Mehtər Murtuz onu satmadı və satmayacaq. Koroğlu düşündü ki, əgər burada o, Koroğlu olduğunu boynuna alsa, ya dinməz-söyləməz onu öldürəcəklər, ya da aparıb Osmanlı sultanı,xotkar Murada təhvil verəcəklər. Bolu bəy hökm elədi başladılar Koroğlunu döyməyə. Koroğlu Bolu bəyə dedi:-Məni niyə döyürsünüz. Açın qollarımı, siz nə desəniz onu da edəcəm. Koroğlunun sözləri Bolu bəyi daha da şübhələndirdi ki, birdən bu elə Koroğlunun özü olar. Bolu bəy əmr etdi ki, onun qollarını bir möhkəm zəncirlə bağlasınlar, sonra bir-iki kəndirlə də sarısınlar ata. Elə ki, iş bitdi, Bolu bəy ona dedi: -Bil və agah ol ki, mən ərzincanlı Bolu bəyəm. Gəlmişəm ki, Koroğlunu tutub aparam. Səhər çağı biz Çənlibelə hücum çəkəcəyik.Gərək sən bizi elə yolla oraya aparasan ki, dəlilər xəbər tutmaya. Koroğlu dedi:- Bolu bəy, sən qurd ürəyi yemisən, elə ki, Koroğlu bildi ki, sən Çənlibelə gəlibsən, dəlilərinə hay verəcək, biriniz buradan sağ-salamat qurtara bilməyəcəksiniz. Yaxşısı budur ki, mənim qollarımı aç, gedim Koroğlunu aldadıb buraya gətirim, tutun aparın. Bolu bəy dedi:-Yox, mən sənin dediyin qədər də axmaq deyiləm ki, kimisə tutam, sonra da sağ-salamat buraxam ki, çıxıb getsin.Bolu bəy bunu deyib qılıncını çəkdi və Koroğlunun başına bir zərbə vurdu.Qılınc neçə barmaq işlədi Koroğlunun başına.Üz-gözü, pal-paltarı qızıl qana boyandı. Mehtər Murtuz işi belə görüb dözmədi və dedi:-Bolu bəy, gəl bunun qanlı paltarını soyundurub buraya qoyaq və özünü isə götürüb gedək Ərzincana. Orada gözləyək.Qoy Koroğlunun özü üstümüzə gəlsin və pusquya düşsün. Bolu bəy bu fikri bəyəndi və tez belə bir namə yazıb qoydu:- Qoç Koroğlu, biz sənin dəlini tutub Ərzincana gedirik, əgər özünə güvənirsənsə, gəl orada görüşək. Onlar Koroğlunun başını da bağlamadılar, elə qanı axa-axa düzəldilər yola.Koroğlunun əli hər yerdən üzüldü, bu dar vaxtında başladı öz-özünə oxumağa:


Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı.
Əlim çatmaz, ünüm tetməz,
Dal budaqda narım qaldı.

Məni tutan Bolu bəydi,
Ağır zəncir boynum əydi,
Hamı bir-birindən yeydi,
İgid dəlilərim qaldı.
 
Məni tutdu qəm əcəli,
Öldürər, verməz macalı,
Göz qaralı, baş gicəli,
Sinəmdə dağlarım qaldı.

Canım Qırat, gözüm Qırat,
Səni minən alar murad.
Ağcaquzu, bir də Dürat,
Bağlı bədöylərim qaldı.

Yaxşıdı igidin varı,
Namusu, qeyrəti,arı.
Hanı Koroğlunun yarı?
Nigar kimi yarım qaldı.


Onlar bir az da ketmişdilər ki, qabaqdan bir karvan çıxdı. Həmin karvanın içində Koroğlunun dostu Xoca Əziz də var idi. O yaxınlaşıb gördü ki, əlibağlı, başıqanlı bir əsir qabaqda, arxada isə böyük bir qoşun gedir. Mehtər Murtuz Xoca Əzizi tanıdı və ona tərəf gəlib dedi:-Bu dəstə Bolu bəyin dəstəsidir. Gəlmişdi Çənlibelə Koroğlu ilə vuruşmağa, elə oldu ki, Koroğlu qəflətən özü gəlib ona rastlaşdı və əsir düşdü. İndi Bolu bəyin apardığı əsir Koroğlunun özüdür. Amma Bolu bəy bilmir ki, o Koroğludur. Bolu bəy onu özü ilə aparır ki, Koroğlu onların ardıca gəlsin və puskuya düşsün.Təcili Çənlibelə get və çatdır ki, Bolu bəy Koroğlunu əsir aparır.Qoy dəlilər gəlib onu azad eləsinlər.
Xoca Əziz dayanmadan karvanı tapşırdı yoldaşlarına, birbaş daban aldı Şənlibelə.Çənlibeldə Xoca Əziz gəlib gördü ki, dəlilərin bir-birinə qarışıblar, Koroğlunun harada olmağını, haraya aparıldığını bilmirlər. O, açıb əhvalatı, necə ki, görmüşdü, dəlilərə danışdı. Dəlilər elə bilirdilər ki,Koroğlunu Həsən paşanın adamları tutub Toqata aparıb. Onlar qalmışdılar mat-məəttəl ki, nə etsinlər. Dəlilər elə götür-qoyda idilər, bir də baxdılar ki, budu Aşıq Cunun gəlir. Aşıq Cununun elə birinci sözü bu oldu ki,Ərzincandan Bolu bəy hazırlaşır gəlsin Çənlibelə. Əhvalatı ona dedilər, o isə iki əllərini dizinə vurub dedi:-Koroğlunu Bolu bəy əsir götürüb getdi.
Dəlilər soruşdular:-Axı bir de görək, haradan gəlirsən, nə eşitmisən.
Aşıq Cunun dedi:- Eşidin və agah olun! Mən bu ayaq Toqatdan gəlirəm. Paşalar Çənlibelə qoşun çəkirlər. Bolu bəy Ərzincan tərəfdən, Ərəb Reyhan Qars tərəfdən, Həsən paşa özü də Toqat tərəfdən üstünüzə gələcək. Bu Sultan Muradın əmridir. Mən eşitdim ki, Bolu bəyin qoşunu artıq Çənlibelə yola düşüb.
 Dəlilərin içinə vəlvələ düşdü və başladılar bir-birini günahlandırmağa. Onlardan biri Eyvaz günahgardı, o biri Dəli Həsəni, başqa biri Dəmirçioğlunu günahlandırdı. Axırda Nigar xanım dedi:-Əziz qardaşlarım, indi günahkar axtarmaq vaxtı deyil.Tez atlanın, qoşun yığın, gedin Koroğlunu xilas edib gətirin. Dəli Həsən əmr verdi ki,dəstə iki yerə bölünsün, birinə Dəmirçioğlu rəhbərlik eləsin, birinə də Bəlli Əhməd. Koroğlunun dalınca isə İsabala getsin. İsabalanın getməyinə hamı razı oldu. Dəli Həsən İsabalaya dedi:-Əvvəl Ərzincana, sonra Toqata, orada olmasa İstanbula gedərsən, Koroğlunun yerini öyrənib bizə xəbər verərsən.
İndi İsabala getməyində olsun, sizə kimdən xəbər verim, Bolu bəydən.
Bolu bəy Koroğlunu bir baş gətirdi Ərzincana. Əvvəlcə xeyli sorğu-suala tutdu. Bolu bəy gördü ki, o haradan sual verirsə, dustaq hər şeyi bilir. Bolu bəy gördü ki, Çənlibelə tam bələd olan, elə Koroğlu olmasa da Koroğlu kimi bir igidi əsir tutub. O,zindana, zirzəmiyə etibar etməyib dustağı öz həyətinə gətirdi və həyətində dərin bir quyu var idi, Koroğlunu gətirib saldırdı o quyuya. Həyətin dörd bir tərəfinə də çitəmə keşikçi düzdürdü. Elə ki, bu işləri görüb qurtardı, yadına Dünya xanım düşdü. Gecəyə qədər onun haqqında fikirləşdi, axırda dözə bilməyib götürüb Həsən paşaya belə bir məktub göndərdi: “Həsən paşa, Koroğlunun bir dəlisini tutub gətirmişəm, bu saat Ərzincandadı. Koroğlunun bütün sirlərinə bələddir. Bu adam bizə Koroğlu ilə döyüşdə hər bir məsələdə yaxından kömək edəcək. Qaydası bu idi ki, gərək bu saat mən onu sənin yanına gətirəydim. Ancaq yanında küstaxlıq eləyirəm, bağışla. Mən istəyirəm ki, Dünya xanımı bir günlüyə Ərzincana göndərəsən, gəlib onu burada görsün, sonra hara desən, necə desən, nə vaxt desən onu sənin yanına gətirmək mənim gözüm üstə”. O həmin naməni qasiddən Həsən paşaya göndərdi. Həsən paşa naməni oxuyan kimi düşündü ki, Bolu bəy ona inanmır. İstəyir ki, hansısa yolla Dünya xanımı Ərzincana aparıb oradakılara göstərsin ki, baxın, artıq Dünya xanım mənim nişanlımdır.O çox götür-qoy edib nəhayət Dünya xanımı başının adamı ilə Ərzincana gəzmək adı ilə Bolu bəyin yanına göndərdi.
Bolu bəyə xəbər çatdı ki,bəs Dünya xanım gəlir, dəm-dəskahla çıxdı onun qarşısına, cəh-cəlal ilə gətirib öz imarətinə qoydu.
Dünya xanımın Bolu bəyi görməyə gözü yox idi. Elə ki, eşitmişdi ki, onu almaq üçün Bolu bəy Koroğlunun üstünə gedəcək, sevinmişdi. Ona görə ki, inanırdı ki, Bolu bəyin öhdəsindən gəlsə-gəlsə bəlkə Koroğlu gələ. İndi, atası Həsən paşa əmr edəndə ki, bəs hazırlaşsın, gedir Ərzincana, halı pisləşmişdi, atasının qorxusundan səsini çıxara bilməmişdi. O, Ərzincana çatan kimi Bolu bəyə dedi ki, xeyli yol gəldiyindən bərk yorulub və yatmaq istəyir. Bolu bəy bir söz deməyib onu yerbə yer elədi və vidalaşıb getdi ki, Dünya xanım yatıb istirahət eləsin. Lakin Dünya xanım Bolu bəyin ayırdığı yerdə yata bilmədi. O, xeyli oturdu, axırda dözməyib çıxdı həyətə. Elə təzəcə həyətə düşmüşdü ki, həyətdə səs eşitdi, kimsə sanki quyuya düşən adam kimi qışqırırdı. O çağırdı qarabaşı və soruşdu ki:-Bu nə səsdi? Gecənin bu vaxtı burada qışqıran kimdi? 
Qaravaş dedi:-Bu Koroğlunun dəlisidi, xanım, Bolu bəy tutub gətirib salıb quyuya.
Dünya xanım qarabaşdan soruşdu:-Məni gizlicə o quyunun başına apara bilərsənmi? Qarabaş sevinərək dedi:-Əlbəttə apararam. Onlar quyunun başına çatanda, Dünya xanım başını quyuya uzadıb soruşdu: -Ey igid, de görüm sən necə olub ki, buraya düşübsən?
Koroğlu dedi:-Xanım, igidin başı qalda gərək.Özüm də bilmədən əsir düşdüm.
Dünya xanım dedi:-Sən Koroğlunu tanıyırsanmı? O necə igiddir?
Koroğlu dedi:-Xanım, Koroğlu elə igiddir ki, onu bir dəfə görsən, buradakı adamlarla bir gün də yaşamazsan. Mən də onun kimi bir igidəm. Onun yanlız adı-sanı məndən artıqdır. Əmr ver, çıxım quyudan, məni görmüş olsan , elə Koroğlunu görmüş kimi olacaqsan.
Dünya xanım bir istədi buyursun ki, onu quyudan çıxarsınlar, amma fikrindən döndü və soruşdu: -İgid, sənin yeməyə -içməyə meylin varmı? 
Koroğlu dedi:-Xanın, siz zəhər də göndərsəniz mənə xoşdur.
Qərəz, Nigar xanım oradan evə gəlib onun üçün stolun üstünə qoyulmuş yeməli-içməli nə varsa bir ləyənə yığıb qarabaşa verdi ki, aparıb quyudakı adama versin.
Koroğlu quyunun içərisində bəh-bəhlə yemək yeməyində olsun, sizə kimdən deyim, İsabaladan.
İsabala Ərzincana çatanda səhər təzəcə açılırdı.

O, şəhərdə gəzə-gəzə, soruşa-soruşa gəlib çıxdı Bolu bəyin imarətinin qabağına. Dünya xanım da oturmuşdu pəncərənin qabağında, bir də gördü ki, boylu-buxunlu, igid qüssəli cəngavər libasında bir atlı gəlir. İstədi ki,fikir verməsin, lakin dözə bilmədi, maraq ona güc gəldi.Çağırıb soruşdu ki:-Ay oğlan, kimsən? Haradan gəlib, haraya gedirsən?
İsabala dedi:-Xanım, mən bu yerlərə nabələdəm, istəyirəm ki, bir ev ola düşüb atdan bir az dincələm və çay içəm.
Dünya xanım dedi:-Mən də elə burada qonağam, yaxınlaş qoşun böyüyünə, denə ki, Həsən paşadan məktub gətirmişəm, Dünya xanıma verməliyəm. Sonra qaravaşı çağırıb tapşırdı ki, o atlını içəriyə buraxdırsın. Qaravaş qaçıb qapıdan İsabalanı həyətə buraxdırdı. Elə ki, İsabala gəlib Dünya xanımın pəncərəsi önünə çatdı, qaravaş buyurdu:-düş atdan, gəl içəriyə. İsabala atı sürdü tövlənin qabağındakı qapıya, atdan düşdü, yüyəni mehtərə verib gəldi Dünya xanımın yanına.
De xoş, beş, on beş. Dünya xanım İsabalanı tanıdı, İsabala da Dünya xanımı. Onlar uşaq vaxtı Toqatda yay düşərgəsində bir-birini görmüşdülər və birlikdə əl topu da oynamışdılar. İndi bir-biri ilə elə mehriban danışırdılar ki, elə bil qırx ildi ki, bir yerdəymişlər. İsabala Koroğlunu axtardığını deməmiş, Dünya xanım dedi:-Koroğlunun bir dəlisi də burada quyudadı. Ancaq indi onu çıxarmaq olmaz. Gözləyək qaranlıq düşsün, gedib quyudan çıxararıq. 
Onlar orada yeyib-içməkdə olsunlar, qoşun böyüyü Bolu bəyə məlumat göndərdi ki, Dünya xanımın yanına Həsən paşadan məktub gətirən igid hələ də oradadır. Onlar durub gəlməkdə olsunlar, İsabala Dünya xanıma dedi:- Gecəni gözləyə bilmərik, dur gedək quyunun başına. Onlar quyunun başına çatanda, İsabala istədi ki, haraylasın, Dünya xanım qoymadı, ona ip verdi və dedi:-Sakitcə çək, quydan çıxart! İsabala ipi quyuya atdı və bir nəfəsə dartıb Koroğlunu quyudan çıxartdı. Onlar qucaqlaşdılar və bir-biri ilə hal-əhval tutanda Dünya xanım bildi ki, Quyuda olan Koroğlunun dəlisi yox, elə özü imiş.Koroğlu bir Dünya xanıma baxdı, bir İsabalaya baxdı və dedi:-Dünya xanım, hazırlaş, səni də Çənlibelə aparaq. Sizin toyunuzu gərək özüm eləyəm.Onlar atın tövləsinə tərəf gəlib üç at mindilər.Qapıdan çıxmaq istəyəndə Bolu bəy öz dəstəsi ilə gəlib çatdı və soruşdu:-Dünya xanım, siz hara gedirsiniz?
Dünya xanım dedi:-Mən bu igidlərlə bir az şəhəri gəzməyə gedirəm.
Bolu bəy dedi:- Dünya xanım,sən nə edirsən, bunlar Koroğlunun dəliləridir? 
Dünya xanım dedi:-Bunlar dəli deyil, dəli sən özünsən.Bunlar ağıllı və normal adamlardır.Mən də onlarla gedirəm.
Bunu deyəndə Bolu bəy əlini atdı qılınca ki, onu vursun, İsabala 
 Qılıncı çəkib onun qabağını kəsdi və dedi:-Qadına əl qaldırmaq kişiyə yaraşmaz.
Bolu bəy dedi:-O mənin nişanlımdır, özüm bilərəm,çəkil, 
İsabala dedi:-Sənin nişanlın olsaydı, bizimlə getmək istəməzdi.
Bolu bəy dedi:-Həsən paşa, özü söz verib ki, kim Koroğlunun ölüsünü, ya dirisini gətirsə, qızım Dünya xanımı ona verəcəm. Bu işi ancaq mən görə bilərəm.Deməli, Dünya xanım da mənə çatacaq.
Dünya xanım dedi:-Kül sənin başına, məgər mən əşyayam ki, sənə çatam. Atam da, sən də geri qalmış insanlarsınız. Mən kimi sevsəm,ona da ərə gedəcəyəm. İndi yol ver, biz öz yolumuza davam edək.
Bolu bəy qılıncı çəkib onu vurmaq istəyəndə, İsabala onun təpəsinə elə bir qılınc vurdu ki, başı iki parça olub yerə düşdü. Koroğlu Bolu bəyin qılıncını götürüb İsabala ilə birlikdə başladılar o biri döyüşçülərlə vuruşmağa. Mehtər Murtuz qabağa çıxıb döyüşü dayandırdı və bəyan etdi ki, hamımız Koroğlunun dəstəsinə qoşulmağa hazırıq.Dünya xanım da öz qarabaşını çağırdı.
Koroğlu soruşdu: Dünya xanım bu kimdir?
Dünya xanım dedi:-Bu mənim qarabaşımdır, əgər bu olmasaydı, mən sənin yerini bilə bilməzdim.
Qərəz onlar Bolu bəyin dəstəsindən əsir götürdüyü adamlarla birlikdə üz tutdular Çənlibelə. Çənlibelin dağlarını görcək, Koroğlunun ürəyi oynadı, gözləri doldu, üzünü dağlara tutub dedi:


Bir zamanlar səfa sürüb gəzərdim,
Onda səndin mənim qardaşım, dağlar!
Nə zaman ki, yağı düşmən gələndə
Cəndə çox olurdu savaşım,dağlar!

Taladım şahları, hələ az dedim,
Türfə gözəllərə işvə,naz dedim,
Neçə tacir-tüccar səndə gizlədim,
Açmadın sirrimi, sirdaşım dağlar!

Koroğluyam, gəzdiyimi tapardım,
Qayalar başımda qala yapardım,
Ağ sürüdən əmlik quzu qapardım,
Yeyib qurtlarınla ulaşım, dağlar!

Koroğlunun Ərzincandan sağ-salamat qayıdıb gəlməyi Çənlibeldə toy-bayramla qarşılandı.Onlar nə baş verdiyini, Bolu bəyin öldürülməsini olduğu kimi dəlilərə danışdılar. Sonra Koroğlu Dünya xanımın qeyrətindən, namusundan danışdı və bəyan etdi ki, İsabala ilə Dünya xanımın toyuna hazırlaşsınlar. Hamı sevindi və üç gün-üç gecə toy çalındı.Çənlibeldə qələbə sevinci toy-bayrama çevrildi.

 

Dastanı danışdı: Bakı şəhəri,132-134 saylı orta məktəbin şagirdi Uğur Əliyev

Bakı, 29 iyul 2019, Azadaz


Facebook

Instagram

Youtube

SORĞU


test