• 24 Avqust 2019
  • Dollar: 1.7 , Avro: 1.8816 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2946

AZƏRBAYCAN NAXIŞLARI

19:00 31/07/19 | Mədəniyyət

Nəriman HƏSƏNZADƏ, Xalq şairi

Səadət Qaraxan qızı Yaqubova! Bu ad, hələ ki, Azərbaycan oxucularına heç nə demir. Amma inanıram ki, zaman gələcək, bu ad Azərbaycanda layiqincə tanınacaq.

Biz, onunla Avstriyada yenidən görüşdük. O, meşələri, gölləri, bulaqları ilə seçilən bir qəsəbədə, məşhur Dunay çayının sahillərində yaşayır və təhsil alır. Səadət bu il qəsəbədəki orta məktəbin 4-cü sinfini əla qiymətlərlə bitirib, 5-ci sinifə keçib. Alman dilində oxuyan balaca Səadət öz ana dilindən savayı (evdə - ailədə ancaq azərbaycanca danışırlar) türkcə, almanca, ingiliscə sərbəst danışır və ünsiyyət qurur.

Oxuduğu məktəbdə əlaçıdır, bir sıra şagird müsabiqələrinin qalibi kimi, alman dili müəllimlərinin də sevimlisidir Səadət Qaraxanqızı.

Atası Qaraxan Əkbər oğlu Yaqubov iş adamı olmaqla yanaşı, həm də aşıqlarımızın oxuduğu gözəl qoşmaların müəllifidir. Əczaçılıq elmləri doktoru olan Qaraxan Əkbəroğlu həm də Avstriyada yaratdığı və Baş redaktoru olduğu “Dünya Şair və Yazıçılar İttifaqı” təşkilatının nəşr etdiyi jurnalın artıq 1-ci sayı yüksək nəfislə çapdan çıxıb. İnanıram ki, bu jurnal az bir vaxtda Avropada tanınacaq.

Onun əsli qədim Göyçə mahalındandır. Aşıq Ələsgərin həmyerlisidi və sinəsi də qoşmalarla, gəraylılarla doludur.

Səadətin anası Təranə xanım Yaqubova “Dünya Şair və Yazıçılar İttifaqı”nın təşkilat katibi seçilib.

Nənəsinin adı qoyulan Səadətin əl işlərində təzə-təzə tumurcuqlayan, pöhrələnən milli koloriti görüb təbrik etdim. Xahiş elədim ki, onlardan bir neçəsini versin, Bakıya dönəndə həmyaşıdlarına göstərim. Razı qaldı. Mən də ona bir şeir həsr elədim. Çünki onu körpəlikdən tanıyırdım.

Hörmətli oxuculara Səadətin əl işlərini, həmin şeiri və orada çəkdirdiyimiz bir şəklimizi təqdim edirəm.

SƏADƏT

Gözəl gördüm Səadəti,

zarafatı, xasiyyəti,

danışıb-gülmək adəti,

ətirlidi çiçək kimi,

saçları da ipək kimi!

Mən görəndə uşaq idi,

onda da şux, qoçaq idi,

bir də bir oyuncaq idi, -

yanında ayıya oxşar,

başında bant, əlində şar.

İndi o başqa bir qızdı,

rəssam qızdı, şair qızdı!

Bir az da memarımızdı, -

qurub-yaratmaq niyyəti,

Səadətin-səadəti!

Avstriya

20 iyul 2019


Facebook

Instagram

Youtube

SORĞU


test