• 22 Oktyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8961 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2902

Biz Azərbaycandanıq: Kaluqada Vətən eşqiylə döyünən ürək

16:00 07/08/19 | Siyasət

Azərbaycan–Rusiya münasibətləri ildən-ilə yaxşılaşır. Bu münasibətlər artıq yeni tarixi mərhələsini yaşayır. İki ölkə arasında bütün sahələrdə əlaqələrin möhkəmlənməsində, dostluq münasibətlərinin yaxşılaşmasında təbii ki, Rusiyada yaşayan soydaşlarımızın da əməyi az deyil. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi naminə həmyerlilərimiz bütün sahələrdə öz dəyərli töhfələrini verirlər. Dostluğumuzun kökü isə keçmiş Sovetlər Birliyindən gəlir. Bəs hazırda Rusiyada yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz hansı şəraitdə və necə yaşayırlar? Onlar mənsub olduqları xalqın, vətənin şərəf və ləyaqətini necə qoruyurlar?

Kaluqa şəhərinin mərkəzində səfalı bir yerdən asılmış, şərəf lövhəsi diqqəti cəlb edir. Bu lövhənin yanından keçənlər istər-istəməz ayaq saxlayır, lövhədən boylanan portretə qürur hissi ilə baxır və altında yazılmış bu sözləri maraqla nəzərdən keçirirlər: «Tanış olun, Kaluqa vilayətinin Babınin rayonundan olan kənd təsərrüfatı qabaqcılı Balaxan Səfər oğlu Səfərov».

Bəs doğma Azərbaycanın adını Rusiya Federasiyasının uzaq Kaluqa vilayətinə yayan, xalqımız üçün qürur mənbəyinə çevrilən azərbaycanlı Balaxan Səfərov kimdir? Onu bu qürbət diyara hansı istək, arzu gətirib?

Bu suallara fikrimizcə tələm-tələsik cavab vermək heç də düzgün olmaz. Balaxanı azərbaycanlı oxucuya olduğu kimi tanıtmaq, onun uzaq Kaluqa vilayətində iz qoyan, yaşayıb işlədiyi Babınin rayonu sakinlərinin şöhrət tacına çevirən xeyirxah əməllərini diqqətə çatdırmaq üçün tərcümeyi-halını nəzərdən keçirmək, həyat tarixçəsini vərəqləmək lazım gəlir.

Səfərov Balaxan Səfər oğlu Lənkəran rayonunun Parakənd kəndində 1966-cı ildə dünyaya göz açıb. Avrora (indiki Hirkan) qəsəbə orta məktəbini bitirib. 1984-1986-cı illərdə Almaniya Demokrativ Respublikasında sovet qoşunlarının tərkibində hərbi xidmətdə olub. 1988-ci ildə doğma Azərbaycana qayıdaraq Bakının Buzovna qəsəbəsindəki hərbi zavodda əmək fəaliyyətinə başlayıb. Sonra Qazaxıstanın Çimkənd şəhərinə gedərək orada ticarətlə məşğul olub. 1993-cü ildə Rusiyanın Kaluqa şəhərinə köçüb. Rusiya vətəndaşlığını qəbul edən Balaxan Səfərov əvvəlcə Kaluqa şəhər Kənd Təsərrüfatı Texnikumunu bitirib. Yaşadığı Babınin rayonunda “Avrora-MMC” fermer təsərrüfatı yaradıb. 13 il bundan əvvəl yaradılan təsərrüfat əsasən heyvandarlıq məhsulları, taxıl və kartof istehsalı ilə məşğul olur. Məhsul istehsalında rekord nəticəyə nail olan fermer təsərrüfatı artıq bütün Kaluqa vilayətində tanınır. Təsadüfi deyil ki, Kaluqa vilayətinin qubernatoru Anatoli Dmitryeviç Artamanov dəfələrlə təsərrüfatda olub, istehsal göstəricilərinə görə vilayətdə öndə gedən əmək kollektivini təbrik edib. Və “Avrora-MMC” fermer təsərrüfatının rəhbəri Balaxan Səfərova Rusiya Federasiyası Əməkdar Kənd Təsərrüfatı işçisi fəxri adını təqdim edib.

“Avrora MMC” fermer təsərrüfatının tərkibi beynəlmiləldir. Burada çalışan 50-dən çox daimi işçinin arasında müxtəlif millətlərin nümayəndələri var. Təsərrüfatı daha da genişləndirmək üçün dövlət tərəfindən güzətli kredit alınıb. Hər cür müasir kənd təsərrüfatı texnikası ilə təchiz edilən təsərrüfatın ümumi sahəsi 1500 hektardır. Bunun 250-300 hektarında kartofu, 450 hektarında taxıl, 150 hektarında isə qarğıdalı əkilir. Qalan torpaq sahəsindən isə yem bazası kimi istifadə olunur. Kollektiv hər hektardan 70-80 sentner taxıl götürür, ildə isə 1500-2000 ton taxıl tədarük edərək çörək kombinatlarına təhvil verir. Həmçinin hər hektardan 300-500 sentner kartof götürülür. Bu da nəzərdə tutulduğundan xeyli çoxdur. Eyni zamanda heyvandarlıq məhsulları istehsalında da maksimum nəticə əldə edilir. Heyvandarlıq fermasında 500 baş iribuynuzlu sağmal inək saxlanılır. Göstərilən yüksək zootexniki və zoobaytar xidməti nəticəsində hər gün sağmal inəklərdən 3500-4000 litr süd sağılır. Eyni zamanda ildə 15-20 ton ət istehsal edilərək emal zavodlarına göndərilir.

“Avrora-MMC” fermer təsərrüfatı toxumçuluqla da məşğul olur. Bu barədə təsərrüfatın rəhbəri Balaxan Səfərov deyir:

- Məhsul toxumdan başlanır. Əgər toxum sağlam, standarta uyğun seçilərsə, istehsal edilən məhsulun keyfiyyəti də yüksək olar. Biz kartofçuluqda əsasən Rusiya, Belarus, Hollandiya, Fransa və Almaniya sortları ilə işləyirik. Elə buna görə istehsal etdiyimiz kartof məhsulu müasir standartlara cavab verir. Qeyd edim ki, biz sağlam, seçilmiş kartof toxumundan Azərbaycana da göndəririk....

Dəfələrlə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanını alan “Avrora–MMC” fermer təsərrüfatı artıq Kaluqa vilayətində təcrübə məktəbi kimi tanınır. Təsadüfi deyil ki, Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aqronomiya, zoomühəndislik, baytarlıq fakültələrinin tələbə və professor–müəllim heyəti hər il elmi-istehsalat praktikasını məhz bu təsərrüfatda keçir.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasında hazırlanan toxumlar ilk dəfə “Avrora MMC” fermer təsərrüfatında istehsalata tətbiq olunur.

Rusiyanın ən populyar mətbu nəşrlərindən olan “Vestnik” jurnalı bu ilin may-iyun nömrəsini “Avrora–MMC” fermer təsərrüfatının səmərəli fəaliyyətinə və onun rəhbəri, tanınmış iş adamı Balaxan Səfər oğlu Səfərovun keçdiyi həyat yoluna həsr edib. Jurnalda verilən geniş oçerkdə Hirkan qəsəbəsində dünyaya göz açan Balaxan müəllimin həyatının və iş və ictimai fəaliyyətinin ən mühüm məqamları rəngarəng fotoşəkillərlə müşaiyyət olunur.

Təbii ki, həyatda qazanılan hər hansı uğur ağır zəhmət bahasına başa gəlir. Balaxanın valideynləri də zəhmətkeş olublar. Atası Səfər kişi o vaxt Avrora (indiki Hirkan) sovxozunda mexanizator, Həcc ziyarətində olan anası Nənənaz isə çaybecərən işləyib. Hər ikisi dünyasını dəyişib. Onlardan ailədə ərsəyə çatan 7 övlada yalnız təmiz ad-san və zəhmətkeşlik qalıb.

Balaxan məhz belə bir halal ocaqda həyata gəlib. Hirkan qəsəbəsindən başlanan həyat yolu onu əvvəl Qazaxıstana, sonra Kaluqa vilayətinə gətirib. Burada təhsilini davam etdirib. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirib. Ali təhsilli aqronom kimi Rusiya Federasiyasında Kənd Təsərrüfatının inkişafına sanballı töhfə verib.

Rusiyanın tanınmış iş adamlarından birinə çevrilən Balaxan Səfərov ictimai-siyasi fəaliyyəti ilə də diqqət çəkir. O, Kaluqa vilayətinin deputatı, Vahid Rusiya Partiyasının üzvü və Rusiya Dövlət Dumasının deputatı Vladimir Valentinoviç Koşelyukun köməkçisidir. Eyni zamanda 2000-ci ildə Kaluqa şəhərində

Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin açılışında fəal iştirak edib. Hazırda oranın üzvü kimi səmərəli iş aparır.

Qanında daim qurub yaratmaq eşqi olan Balaxan Səfərov həm də mehriban və qayğıkeş bir ailənin başçısıdır. Hələ Qazaxıstanın Çimkənd şəhərində yaşayanda Tamella Fazil qızı ilə tanış olaraq ailə həyatı qurub. Hazırda “Avrora-MMC” nin nəzdində yaradılan fermer təsərrüfatında çalışan Tamella xanım əsli-kökü Lerik rayonundan olan azərbaycanlıdır. Ailədə bir oğlan, bir qız övladı ərsəyə çatıb. Famil həm atasının ali təhsil aldığı Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını (iqtisadiyyat fakültəsini), həm də Moskva Dövlət Universitetinin (Psixologiya fakültəsini) məzunudur. Famil ailəlidir, həyat yoldaşı Şəfiqə xanım da azərbaycanlıdır. Milli adət-ənənələrimizi layiqincə qoruyur. Famil atası Balaxanın rəhbərlik etdiyi fermer təsərrüfatının meneceridir. Nuriyeva Elnarə Balaxan qızı isə Moskva Maliyyə Akademiyasını bitirib. Ailəlidir, 3 uşaq anasıdır. Həyat yoldaşı Zaur Nuriyev bezneslə məşğul olur. Hazırda ailə Moskvada yaşayır. Eyni zamanda Elnara “Avrora–MMC”-nin aparıcı məsləhətçisidir.

Kaluqa vilayətinin fəxri vətəndaşı olan azərbaycanlı Balaxan Səfərov buranı özünə haqlı olaraq ikinci vətən sayır. Çünki onu Kaluqada hamı yaxşı tanıyır. “Avrora-MMC” fermer təsərrüfatının şöhrəti isə coğrafi sərhəd tanımır. Lakin Balaxanı Kaluqaya bağlayan başqa bir tel də var. Böyük Vətən Müharibəsində həlak olan əmisi Sərdar Səfərov məhz bu torpağın qardaşlıq qəbirstanlığında uyuyur. Əmisinin məzarını tapmaq üçün çoxdan axtarış aparsa da heç bir məlumat ala bilmirdi. Axırda Rusiya Müdafiə Nazirliyinin arxivindən kömək gəldi. Məlum oldu ki, onun qəbri Babınin rayonunun Qardaşlıq qəbirstanlığındadır. Qardaşlıq qəbirstanlığını ziyarət edərkən, nəhayət uzun illər axtardığı əmisinin qəbrini tapıb. Balaxana aydın oldu ki, əmisi Sərdar Səfərov 1942-ci ildə Kaluqa vilayətinin Babınin rayonu uğrunda döyüşlərdə həlak olub. Balaxan öz ailə üzvləri, qohumları, dost-tanışları ilə birlikdə tez-tez Qardaşlıq qəbirstanlığına gəlir, əmisinin məzarını ziyarət edir, xatirəsini əziz tutur.

Balaxan Səfərovun uzaq Kaluqadakı hörmət və nüfuzu, şöhrəti doğma Azərbaycana, Lənkərana, eləcə də doğulub boya başa çatdığı Hirkan qəsəbəsinə də çatıb. Qəsəbə sakinləri həmyerliləri, tanınmış iş adamı olan Balaxanla qürur duyurlar. Təsadüfi deyil ki, həmyerliləri dəfələrlə Kaluqada olur, şəhərin mərkəzindəki Şərəf lövhəsində Balaxanın portretinə dönə-dönə baxır, iftixar hissi keçirirlər. Onların ürək sözlərini oxuculara çatdırmağı özümə borc bilirəm.

    Sücəddin Kərimov (Hirkan qəsəbəsi sakini, ziyalı):

- Bir neçə dəfə Kaluqada olmuşam. Balaxan Səfərovun Babınin rayonunda yaratdığı və rəhbəri olduğu “Avrora-MMC” fermer təsərrüfatı məndə xoş təəssürat oyatdı. O, qazandığı təsərrüfat uğurları ilə bərabər burada böyük hörmət və nüfuz sahibidir. Təsərrüfatda çalışan müxtəlif millətlərin nümayəndələri necə deyərlər, onun başına and içirlər. Çünki Balaxan hamıya eyni qayğı və diqqətlə yanaşır, problemlərinin həllinə maraq göstərir.

Kaluqaya gəlişim Novruz bayramına təsadüf etmişdi. Təsərrüfatın kollektivi milli bayramımız olan Novruz şənliyində iştirak edirdi. Musiqi sədaları, oynaq rəqslər xoş ovqat oyadırdı. Balaxan müəllim şənliyə yığışanlara milli bayramımızın tarixindən danışdı, diqqətə çatdırdı ki, əsrlərdən bəri bu günümüzə qədər gəlib çatan Novruz sülh, əmək, ruzi-bərəkət bayramıdır. Hiss edirdim ki, Novruz şənliyi milliyətindən asılı olmayaraq hamıya unudulmaz təsir bağışlayır...

    Seydəmir Babayev (Hirkan qəsəbəsi):

- İnsan hər yerdə öz yüksək mənəvi keyfiyyətləri ilə seçilir. Təbii ki, bu keyfiyyətlər də, söykökdən irəli gəlir. Mən Balaxanın valideynlərini həmişə öz zəhməti, əllərinin qabarı ilə çörək qazanan görmüşəm. Hər ikisi sovxozda işləyib. Uşaqlıq və gənclik illərini qəsəbəmizdə keçirən Balaxan indi doğma yurdun hüdudları xaricində yaşasa da el-obasını unutmur. Vaxt tapan kimi qəsəbəyə gəlir, sakinlərlə görüşür, ehtiyacları, problemləri ilə tanış olur. Lakin biz də qarşılıqlı olaraq Balaxan və onun ailə üzvləri ilə Kaluqada görüşür, fikirlərimizi bölüşürük. Açığını deyim ki, həmyerlilərimizin rus torpağında qazandığı böyük hörmət və nüfuz, xeyirxah əməlləri vətənpərvərlik nümunəsidir.

Mən özüm də Kaluqada Balaxanın evində olmuşam. Evdəki yüksək səliqə-səhman, tərbiyə, mədəniyyət, böyük-kiçiklik, milli-mənəvi dəyərlərimizin layiqincə qorunmasından və ailə ənənəsinin bir estafet kimi övladlara, nəvələrə ötürülməsindən xəbər verir. Elə Tamella xanımın, gəlini Şəfiqə xanımın bişirdiyi xörəklərin dadı, ləzzəti hər şeyə dəyər. İlk günlərdən məndə elə təsəvvür yarandı ki, ailədə Balaxan hətta milli mətbəximizi də həyat yoldaşı Tamella xanımın, gəlini Şəfiqə xanımın simasında yaşadır. Bax, budur hamıya örnək göstəriləsi əsl Azərbaycan ailəsi! Eyni zamanda xalqımızın tarixi, milli bayramlar da ailə tərəfindən təntənə ilə qeyd olunur.

Ümumiyyətlə, Balaxan Səfərov qürbət yerdə yaşayıb işləsə də yurd sevgisiylə yaşayan insandır. Milli-mənəvi dəyərlərimizi yorulmadan təbliğ edir. Təbii ki, Qarabağ nisgili ürəyi daim Azərbaycanla döyünən bu vətən övladının da yaralı yeridir. Azərbaycan həqiqətlərini Kaluqa vilayətinin əhalisinə çatdırmaq üçün bütün imkanlarını səfərbərliyə alır. Müntəzəm olaraq qəzet və jurnal səhifələrində çıxış edir, həyata keçirdiyi tədbirlərdə xalqımızın haqqını ortaya qoymaq üçün Qarabağın tarixinə aid rus dilində nəşr olunan kitabları tədbir iştirakçılarına paylayır, oxumalarını tövsiyə edir.

Yuxarıda qeyd etdik ki, Balaxan Səfərov vətəndən uzaqda yaşasa da, ürəyi həmişə vətəndədir. O, tez-tez Azərbaycana gəlir, doğulub boya-başa çatdığı Lənkəranda, Hirkan qəsəbəsində sakinlərin xeyir-şərində iştirak edir. Qəsəbənin abadlıq işlərində öz köməyini əsirgəmir. Xan şadlıq sarayının tikintisi onun adıyla bağlıdır. Eyni zamanda həmyerlilərinin problemlərinə də laqeyd deyil. Qarabağ veteranlarına, şəhid və aztəminatlı ailələrə maddi yardım göstərir.

Balaxan Səfərov və ailəsi vətəndan uzaqda yaşasalar da Azərbaycanda baş verən mühüm yeniliklərdən xəbər tutur, doğma yurdun ildən-ilə tərəqqi etməsinə, bütün sahələrdə inkişafına sevinir, bunu burada yaşayan azərbaycanlılarla bölüşürlər. Təbii ki, bu, Vətən sevgisindən, el-oba təəssübkeşliyindən irəli gəlir. Balaxanın rəhbərlik etdiyi və adı bütün Rusiyada tanınan təsərrüfatı “Avrora-MMC” adlandırması da heç də təsadüfi deyil. Elə bil Balaxan Azərbaycanın, Vətən torpağının bir parçasını Kaluqa vilayətində yaşadır. Qədim Hirkan meşələri ilə yaşadığı Babınin rayonunun flora və faunası arasında bir oxşarlıq görür. Axı, bir vaxt Azərbaycanda olarkən böyük rus şairi Nikolay Tixonov Lənkəranı əsrarəngiz və ecazkar təbiətinə görə Cənub mirvarisi adlandırıb. Təbii ki, onun dünyaya göz açdığı və arxasını əsrlərinin şahidi qocaman Talış dağlarına söykədiyi “Avrora” (indiki Hirkan qəsəbəsi) qəsəbəsi də məhz subtropiklər diyarının bir parçasıdır. Elə bir parça ki, Balaxan sadiq bir övlad kimi onu öz ürəyində uzaq rus torpağına gətirib və öz yüksək iş bacarığı, azərbaycanlı mədəniyyəti, milli–mənəvi dəyərlərin layiqincə qoruması ilə yaşadır. Başqa millətlərin nümayəndələrinə də sübut edir ki, biz azərbaycanlılar harada yaşasaq da və işləsək də oranı özümüzə vətən sayırıq, ürəyimiz genişdir, burada xəyanətə xəbisliyə yer yoxdur. Elə onun rəhbərlik etdiyi beynəlmiləl əmək kollektivi də bunun canlı təcəssümüdür.

Uzaq Kaluqada, rus torpağında Azərbaycanın, mənsub olduğu xalqın adını ucaldan, ünvanlarına şöhrət gətirən Balaxan Səfərovun haqqında çox danışmaq olar. Lakin onun keçdiyi həyat yolu, rəhbərlik etdiyi “Avrora-MMC” fermer təəsərrüfatının uğurlu fəaliyyəti bir qəzet yazısına sığışmaz. Əslində Balaxan Səfərov nəsillərə örnək olan bir kitab qəhrəmanıdır. Təbii ki, bu kitabdan gənclər vətəni dildə deyil, əməllərində qızğın məhəbbətlə sevməyi, daim yurd, xalq təəssübkeşliyi ilə yaşamağı öyrənəcəklər.

Bəxtiyar HÜSEYNOV


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3