• 19 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8804 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Radikal müxalifətin məqsədi bəllidir: iğtişaş törətmək

17:53 18/10/19 | Sosial

Millət vəkili: «Razılaşdırılmayan mitinqə çağırış qanun pozuntusudur»

«Milli Şura» tərəfdarları Bakıda iğtişaş törətmək istəyirlər. Şəhərin mərkəzində, metropolitenin "28 May" stansiyasının qarşısındakı meydanda. Alınmasa, meydanın ətrafındakı küçələrdə. O da olmasa, həmin küçələrə bitişik, yaxın məkanlarda. Məqsəd nəyin bahasına olursa-olsun, iğtişaşdır. Ssenari müəllifləri Strasburq, London və ABŞ-dadır. Ssenarinin Bakıdakı icrası AXCP sədri və həm də bloqer Əli Kərimliyə tapşırılıb.

Bu iğtişaşlar cəmiyyət tərəfindən birmənalı şəkildə pislənir. Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli də radikal müxalifətin bu qərarını düzgün hesab etmir: “Milli Şuranın oktyabrın 19-da metronun “28 may” stansiyasının yaxınlığında mitinq təyin etməklə bağlı qərarını düzgün hesab etmirəm. Mitinq keçirilməsi üçün müvafiq icra hakimiyyətindən razılıq alınması ilə bağlı qanunları yanlış izah edirlər. Ola bilər, bəzi ölkələrdə müvafiq icra hakimiyyətini yalnız xəbərdarlıq etməklə aksiya keçirmək mümkündür. Amma Azərbaycan qanunvericiliyində göstərilib ki, mitinq keçirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət edilməklə razılaşdırılmalıdır”.

Millət vəkili qeyd edib ki, razılaşdırılmayan mitinqə çağırış qanun pozuntusudur: “Müxalifət deyir ki, qanunda “icazə” ifadəsi yoxdur. Söhbət icazə almaqdan getmir, mitinqin keçirilməsi müvafiq icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Razılaşdırılmayan mitinqə çağırış qanun pozuntusudur. Bakı Şəhər İcra Hakimiyyətinin qərarından narazıdırlarsa, məhkəməyə müraciət etsinlər. Yəni məsələ hüquqi müstəvidə həll edilməlidir. Birbaşa mitinq təyin etmək qərarı qanunsuzdur”.

T.Kərimli vurğulayıb ki, qanunvericiliyə əsasən, metro stansiyalarının yaxınlığında mitinq keçirmək qadağandır: “O ərazidən minlərlə insan, nəqliyyat vasitələri intensiv hərəkət edir. Deməli, razılaşdırılmamış mitinqlə digər insanların hüquqlarını pozurlar, onları narahat edirlər. Sənin hüququn başqasının hüququnu pozmamalıdır. Bilirlər ki, qanunsuz mitinqin qarşısı alınacaq. Belə olan halda nə qədər insan qanunsuz aksiyaya cəlb olunduğuna görə əziyyət çəkəcəklər. İnsanların hissi ilə oynamaq olmaz. Bunu dərk etmirlər? Mənfi nəticələri olanda, kim cavab verəcək? Nə qədər gec deyil, sərt qərarlarından çəkinsinlər. Azərbaycanda sabitliyin pozulmasına yol vermək olmaz. Sadə insanlar başa düşmür ki, sabitliyin pozulması ölkəni Suriyanın, Liviyanın vəziyyətinə gətirib çıxarar. Sonra demokratiyanın heç bir əhəmiyyəti olmayacaq. Ölkə cəhənnəmə çevrilə bilər, vətəndaşları ağıllı davranmağa çağırıram”.

Millət vəkili Elman Məmmədov da açıqlamasında xatırladıb ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətə oktyabrın 19-da mitinq keçirməyə Bakının Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasını təklif edib: “Şəhər icra hakimiyyəti müxalifətin təklif etdiyi yerlərə razılıq verməməsini də əsaslandırıb. Cavabda qeyd olunub ki, müxalifətin təklif etdiyi sayda insanın metropolitenin “Nəriman Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar. Müxalifətin mitinq keçirilməsi üçün qeyd etdiyi ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq. Deyirlər ki, qanunda sərbəst toplaşmaq azadlığı var, nə vaxt istəsək, mitinq keçirə bilərik. Qanunların müddəaları onların təqdim etdikləri kimi deyil. Kimsə müəyyən yerdə mitinq keçirmək istəyir, həmin ərazidə də minlərlə insan əmək fəaliyyəti ilə, istirahət etməklə məşğuldur. Burada turistləri də nəzərə almaq lazımdır. Ona görə də yalnız özünü fikirləşməməlisən, digər insanların hüququnu pozmaq olmaz”.

Millət vəkili qeyd edib ki, mitinq keçirilərkən təhlükəsizlik məsələsi çox ciddi şəkildə nəzərə alınmalıdır: “Kimlərsə özbaşınalıq edərək qanunu pozacaqsa, cəzalanacaq. Müvafiq qurumlar qanunsuz əməllərin qarşını alacaqlar. Azərbaycan hökuməti, Prezidenti müxalifətin mitinq keçirmək arzusuna qarşı çıxmır, yer müəyyən edilir, amma müxalifət oraya getmir. Buna baxmayaraq kimlərsə qəsdən asayişi, vətəndaşların rahatlığını pozmaq üçün qanunsuz yollara əl atırlar. Təklif edirəm ki, razılaşdırılmamış mitinq təyin edən şəxslər bu qərarı geri götürsünlər”.

NATİQ


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3