• 17 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8744 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2954

Müsavatda sular durulana oxşamır

20:00 18/10/19 | Sosial

Tərəflərin ittihamları belə nəticəyə gəlməyə kifayət edir ki, bu xəmir hələ çox su aparacaq

Müsavat partiyasının başqanlıq və məclis seçkilərində uğur əldə edə bilməyən üzvləri və onların tərəfdarları sosial şəbəkələrdə eks-başqan İsa Qəmbərə və yenidən başqan seçilmiş Arif Hacılıya qarşı sürəkli kampaniyalarını davam etdirməkdədir. Maraqlıdır ki, qarşı tərəf də boş dayanmayaraq, əks-həmlələrə start verib. Bu dəfə uzun müddətdir ki, müxalifətdaxili proseslərdə adı çəkilməyən Mehriban Vəzir mətbuata açıqlamasında İ.Qəmbər - A.Hacılı cütlüyünə dəstək göstərib, onları ittiham edənləri isə kəskin şəkildə suçlayıb.

Prosesləri müşahidə etdiyini deyən M.Vəzir partiya rəhbərliyini hədəfə götürənləri bu dəfə özü hədəfə alaraq ilginc fikirlərini önə sürüb. “Mən də müşahidə edirəm, bu məsələyə görə ciddi adamlar partiya rəhbərliyini qınadılar”, deyə qeyd edən müsavatçı buna baxmayaraq, bəlkə də onların əllərində hər hansı bir dəlil olduğunu da istisna etməyib. Lakin buna baxmayaraq, ittihamlarını davam etdirib: “Kənardan gördüyüm qədər buna bir az komik baxıram. Qurultay nümayəndəsi səs vermir. Qurultay nümayəndəsi səs vermirsə, nə etmək olar? Qurultay öz partiyasının rəhbərini, Məclis üzvünü bu keyfiyyətlərdə görmək istəmir. Adamlar niyə bunu başa düşmək istəmir? Hər kəs müsavatçıları, indiki rəhbərliyi ittiham edir və onları yönləndirən bir əlin olduğunu deyir”.

“Bir daha təkrar edirəm, ola bilər, onların əlində hansısa dəlillər var və mən o dəlilləri bilmirəm”, deyən M.Vəzir onu da deyib ki, əgər etirazçıların əllərində dəlil yoxdursa, partiya rəhbərliyini qınamağın tam əleyhinədir.

Ancaq daha bir maraqlı məqam başqanlığa namizəd olmuş və seçkilərdə uduzmuş Tofiq Yaqublu ilə bağlıdır. Belə ki, T.Yaqublunun hələ də hansı siyasi təşkilatda olduğunu müəyyənləşdirə bilmədiyini önə sürən M.Vəzir hətta onun Müsavatı söydürdüyünü də bildirib.

O, eyham vurub ki, bu gün T.Yaqublu Müsavat üzvü olsa da, AXCP və “Milli Şura”da daha fəal görünür, əvəzində cəbhəçilər də müsavatçıları söyüb-təhqir edirlər. Ona görə də, müsavatçılar onu partiyada görmək arzusunda deyillər: “Bir ayağı o tərəfdə, bir ayağı bu tərəfdə olan, yaxud partiya üzvü olaraq Müsavat rəhbərliyi və partiyanın özünü rüsvay edən, söydürən adamı Məclisdə görmək istəmirlər. Bu, təbii deyilmi?”

“Tofiq Yaqublu həm Milli Şuradadır, həm AXCP ilə yaxın münasibətləri var, həm də Müsavatdadır. Amma, bu, Müsavatın içində xoş qarşılanmır, orada başqa tələblər var”, deyə o qeyd edib.

M.Vəzir bütün bunlarla yanaşı, T.Yaqublunun təxribatçılıqla da məşğul olduğunu bildirib və iddia edib ki, onu dolayısı ilə AXCP sədri Əli Kərimli və ətrafı öyrədib müsavatçıların içinə salır: “Partiyanın qatı təəssübkeşi, tərəfdarı olmaq şərti var. Bu səbəbdən kənarda olan şəxs müsavatçını başa düşmür, ona anlayışla yanaşmır. Müsavatçı da kənarda olanı anlamaq istəmir ki, axı mənim seçimimə niyə müdaxilə edirsən. Mən bu adamı Məclisdə görmək istəmirəm və sən təxribat aparırsan. Deyirsən ki, bunu filankəslər öyrətdi, rəhbərlik idarə elədi...”

Beləliklə, bu xəmirin hələ çox su aparacağını indidən demək olar. Lakin nəticəsinin də ağır olacağını istisna etmək olmaz. Çünki baş verənlər, eləcə də tərəflərin ittihamları da belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır.


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3