• 17 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8744 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2954

Müsavatın laxlayan sütunları günü-gündən dağılır

18:30 21/10/19 | Sosial

Yadigar Sadıqlı: «Arif Hacılının başqanlığı altında Müsavatın güclənəcəyini mümkünsüz hesab edirəm»

Müsavatdaxili qarşıdurmalar və ittihamlar səngimək bilmir. Partiyanın səsli-küylü qurultayından sonra baş verənlər və həmin hadisələr kontekstində, xüsusilə başqanlığa namizədlərdən biri olmuş Yadigar Sadıqlının hələ də eks-başqan İsa Qəmbəri hədəfə alması, o cümlədən, partiyanın yaxın 5 ildə daha ağır iflasa uğrayacağı ilə bağlı fikirləri səslənməkdə davam edir. Bu barədə həm sosial şəbəkədə, həm də mətbuatda fikirlərini irəli sürən Y.Sadıqlı bu dəfə daha kəskin danışaraq, digər məqamları da önə çıxarıb.

Müsavatda müzakirələrin aparılıb-aparılmaması məsələsini şərh edən Y.Sadıqlı qeyd edib ki, onun həmin müzakirələrdə iştirak etmək istəməməsinin iki səbəbi var. O, birinci səbəb kimi qurultay öncəsi və qurultayın gedişində İsa Qəmbərin birtərəfli mövqe tutması, Arif Hacılının rəqiblərinə, yəni özünə və Tofiq Yaqubluya qarşı kampaniya aparmasını, ikinci səbəb kimi isə, T.Yaqublunun hətta Məclis üzvlüyünə seçilməməsini göstərib. Bu baxımdan, başqanlığa namizəd olmuş Y.Sadıqlı bundan sonra hər hansı müzakirələrə qatılmayacağını bildirib.

Maraqlı məqamlardan digəri isə, onun İ.Qəmbəri tərbiyəsizlikdə günahlandırmasıdır. Belə ki, Y.Sadıqlı eks-başqanı etik qaydalara riayət etmədiyini bildirib. Ona görə də, “İsa Qəmbərin qurultaydakı mövqeyi ümumiyyətlə, etik qaydaya sığmırdı”, deyən müsavatçı funksioner əlavə edib ki, nəticədə o, bir namizədi həddən artıq dəstəkləməklə xoş olmayan münasibətini ortaya çıxardı: “Əlbəttə, istənilən namizədi dəstəkləmək onun haqqıdır. Amma həm mən, həm də Tofiq Yaqublu səs verərək, onu sədarətə seçmişdik. Bu halda sədarətdə olan şəxs bizə qarşı ifrat dərəcədə sui-istifadəyə yol verməməli, bizə qarşı təbliğat aparmamalı idi. Xüsusilə, nəzərə alsaq ki, sədarət adətən, məhdud fəaliyyət göstərməli, prosedurları müəyyən etməli, danışmaq istəyənlərə söz verməli idi. O vəzifədən bizə qarşı bu dərəcədə istifadə etmək heç bir əndazəyə sığmırdı... Nəticələr yəqin ki, fərqli olmazdı. Amma İsa Qəmbərin çıxışı belə təəssürat yaratdı ki, o, bizim maksimum az səs almağımızda və nüfuzdan düşməyimizdə maraqlıdır. O belə düşünürsə, çox yanılır. Bu məni mübarizədən yayındıra bilməz. Əksinə, mübarizəmi davam etdirəcəyəm”.

Bu arada, Y.Sadıqlının tez-tez İrana səfər etməsi iddiaları səslənməkdədir və bu xüsusda, Müsavat partiyasında daha çox fikirlər önə çıxır. Lakin Y.Sadıqlı onun barəsində bu cür fikirlər yaradanları “şərəfsiz” adlandırıb: “Mən ömrümdə iki dəfə İranda olmuşam və yalnız Təbrizə getmişəm. Arif Hacılının Cənubi Azərbaycan dediyi torpaqlara. Bunlardan biri 2013-cü ildə, digəri bu ilin aprelində olub. Yalan-palan söhbətlərdir. Məni İrana bağlamaq istəyirlər, ya hara? Bunlar olduqca gülüncdür. Sadəcə olaraq şərəfsizcəsinə ortaya atılan sözlərdir”.

Y.Sadılı A.Hacılının ona vəzifə təklif edəcəyi məsələsinə də aydınlıq gətirərək, belə bir təklifin olacağı halda onu rədd edəcəyini deyib: “Mətbuatda informasiya getmişdi ki, Arif Hacılı vəzifə təklifi edə bilər. Mən də elə mətbuatda bildirdim ki, ondan vəzifə qəbul etmək niyyətim yoxdur. Arif Hacılının başqanlığı altında Müsavatı gücləndirməyi mümkünsüz hesab edirəm və zəhmətimi mənasız xərcləmək istəmirəm. Odur ki, bundan imtina etdim. Rəhbərliklə isə görüşməmişəm”.

O, hətta İ.Qəmbərin də onunla görüşmək istəyində olduğunu istisna etməyərək, bu görüşü də rədd edəcəyini gizlətməyib. “İsa Qəmbər mənə qarşı nifrətini büruzə verdikdən sonra onunla görüşməyə ehtiyac görmürəm”, deyə o məsələnin bununla qapadıldığını bildirib.

Görünən isə budur ki, artıq Müsavatın laxlayan sütunları günü-gündən daha çox dağılmaq reallığını daşıyır. Xüsusilə, qurultaydan sonra yaşananlar da bu cür proqnozlar vasitəsi ilə öz təsdiqini tapır.

R.RƏSULOV


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3