• 19 Noyabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8804 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Güclü xalq, zəif müxalifət reallığı

15:30 07/11/19 | Sosial

Və ya belə müxalifət lazımdırmı?

Sirr deyil ki, hər bir normal, demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığını, siyasi yetkinliyini və səviyyəsini müəyyənləşdirən meyarlardan biri də siyasi institutlardır. Azərbaycanda kifayət qədər siyasi institutlar mövcuddur və onların bir sırası müxalifətçilik amili üzərində fəaliyyət göstərirlər. Lakin özlərini “müxalifət” adlandırıb, radikallıq, dağıdıcılıq, itaətsizlik çağırışları edən tərəflərdən biri də elə bu yöndə xarici qüvvələrə işləyən qanaddır. Artıq fakt budur ki, ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən bütün dövrlər ərzində dağıdıcı müxalifət düşərgəsində müşahidə olunan kəskin böhran daha da dərinləşir, davamlı xarakter alır. Ona görə də, müxtəlif ermənipərəst dairələrin sifarişlərini həyata keçirməklə ölkədaxili çaxnaşmalar salıb, bu zəifliklərini gizlətməyə cəhdlər göstərirlər. Artıq bu da sübut olundu ki, bir qrup beyinsiz kütlənin “xalq”adı altında küçələrə çıxıb, qarmaqarışıqlıq salmaq səyləri də nəticəsiz qaldı. Əslində bu, “liderlərin” siyasi ölümünün, xalqın onlara dəstək göstərməməsinin məntiqi nəticəsi idi. Əminliklə deyə bilərik ki, dağıdıcı təfəkkürə malik olan ünsürlər indi də guya bir araya gəlməklə, nəyi isə həll etmək istəklərinin də əslində baş tutmayacağını da dərk edirlər. Müsavat partiyasının qərargahında yığışıb, özlərini “ağıllı” göstərməyə çalışanlar – sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “MSDM”in sədri İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, ya da Müsavatdan istefa verib, indi də həmin partiyanın qərargahında boy göstərən Hikmət Hacızadə xalq tərəfindən rədd edilmiş lazımsız yığnaqdırlar!

Özgəsinin buğda süfrəsindən yalmanan pişik məqam düşəndə özününkünün qəsdinə duran çaqqala çevrilə bilər!

Lakin bir reallıq da qəbul edilməlidir: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik, konstruktiv qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanmasına rəğmən, radikal müxalifət liderləri belə bu addımı çoxdan atmalı idilər. Artıq nəinki cəmiyyət, heç rəhbərlik etdiyi partiyaların üzvləri də onların gələcəyinə inanmır. Son illər ərzində Müsavat və Xalq Cəbhəsi partiyalarının sıralarındakı "yarpaq tökümü"nə nəzər salmaq kifayətdir. Kimlər getmədi? Kimlər tərk etmədi yumşaq "divan"dakı yerini? Özü də gedənlər necə deyərlər, qapını sərt şəkildə çırparaq oraları tərk etdilər ki, bunun özü də “liderlər” üçün siyasi söyüşdür.

Heç kəsə sirr deyil ki, bu gün radikal mövqe nümayiş etdirən müxalifət partiyaları maliyyə dəstəyini xarici dövlətlərdən alır, həmçinin əlləri "qoca qitə"dən tutmuş okeanın o tayına qədər səpələnmiş "dayı"larının cibindən çıxmır ki, çıxmır. Bu isə əlbəttə ki, birbaşa Azərbaycanın dövləti və milli təhlükəsizliyinə təhdid və təhlükə mənbəyidir. El arasında nahaq yerə demirlər ki, özgəsinin buğda süfrəsindən yalmanan pişik məqam düşəndə özününkünün qəsdinə duran çaqqala çevrilə bilər!

Ötən yaxın və uzaq zamanlar, hadisələr isə bir daha göstərdi ki, müxalifətin artıq xalqa deyəsi heç bir sözü qalmayıb, o tükənib, aşınıb, köhnəlib, naftalin qoxusu verir. Normal düşüncəli insan, vətəndaş belə müxalifətdən ürpənir, çirkinir. Belə bir uğursuz sonuc nəticə etibarilə radikalların səhnədən üzüsulu getməsini şərtləndirməli idi. Bu, iqtidarın arzusu, yaxud hansısa siyasi qrupun istəyi deyil, konkret situasiyada özünü təsbit edən yeganə məntiqi variantdır. Uduzdunsa, xalqdan dəstək ala bilmədinsə, istefa ver!

O da sirr deyil ki, bu gün onların arasında gənc müxalifətçilər də yetişir. Onlar sıralarındakı köhnə təfəkkürlü, antimilli adamları görürlər, müasir tipli mübarizə vasitələrinə meyil edirlər, intellektual üstünlüyə, ağıl və əməlin prioritetinə önəm verirlər. Anlayırlar ki, sivil mübarizə yolu ilə, ağılla məqsədə daha tez və rahat çatmaq mümkündür, nəinki küçələrə tökülüşüb fit calmaq, daş atmaq, məzhəkə çıxarmaqla. Belə bir davranış artıq müxalifətin öz içərisindən çıxan müxalifət yaranmasından xəbər verir. Cəmiyyət normal müxalifət və sivil mübarizə üsullarını tanıyır. Əbəs deyil ki, partiyalarının kürsüsündən ikiəlli yapışıb, yerlərini normal düşüncəli gənclərə vermək istəməyən radikal müxalifətin qocalmış “liderləri” onlara etiraz edən gəncləri də təşkilatlarından müxtəlif bəhanələrlə uzaqlaşdırırlar.

Bu gün Azərbaycandakı real hakimiyyətə konstruktiv müxalifətçilik edən siyasi qüvvələr də var. Demokratik İslahatlar, Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi və digər partiyalar fəaliyyətləri dövründə cəmiyyətə normal, sivil müxalifətçiliyin nümunəsini göstərməklə sosial baza toplaya bildilər və elə həmin fəal elektoratın dəstəyi ilə növbəti parlament seçkilərində də deputat mandatı əldə etdilər. Müsavat, AXCP, AXP, AMDP və s. radikal müxalifət partiyaları isə qapısının ağzında tum sata-sata gözü onun-bunun arxasında qalan qarı kimi hələ də yerində sayırlar. Artıq təkzibedilməz faktdır, ən yeni tariximizin inkişaf və kəşməkeşlərlə müşayiət olunan ötən illərində müxalifət öz üzərində işləmədi, şitil olaraq qaldı. Azərbaycan cəmiyyəti, toplum o qədər tolerantdır ki, müxalifət partiyalarının yaranıb kağız üzərində də olsa təşəkkül tapması üçün münbit zəmin tanıyıb. Ancaq həmin partiyalar ümummilli maraqları sıxışdıraraq öz dar firqə, hətta bolşevizim maraqlarını önə çəkdilər ki, bu da artıq xalqın sinirlərini oynatmağa başladı. Sual oluna bilinər ki, müxalifət bu xalqa nə verib? Bəs iqtidar xalqa nə verib? Dəyərləndirmə məhz bu müstəvidə, qoyulan suallar ətrafında getməlidir. 1993-cü ildən bəri, xüsusilə coşqun inkişaf illəri kimi yadda qalan illər Azərbaycanın nail olduğu nə varsa, hamısı iqtidarın əməyi, əməli, zəhmətidir. Qərb sərhədlərimiz Balakəndən və Qazaxdan, şimalda Qusar, cənubda Lənkərandan, Naxçıvandan üzü bəri respublikanın hər bir guşəsində, rayonunda, kəndində, paytaxt Bakıda həyata keçirilən nəhəng quruculuq işlərinin, reallaşdırılan islahatların, hər gün həyata vəsiqə alan yeni-yeni sosial-mədəni və istehsal təyinatlı ünvanların tək bir memarı və inşaatçısı var - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtidarı və onları dəstəkləyən Azərbaycan xalqı!

Bu müxalifətin ac toyuğun yuxudakı darı sevdasına qalan ümidi də közərərək sönür

Bu kimi anti-dövlətçi müxalifətin əsas məqsədi cəmiyyətdə siyasi qüvvələr arasında sivil münasibətlər qurmaq, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirmək, Azərbaycanın Avropanın, Qərbin demokratik cəmiyyətlərinə inteqrasiyası yolunda atdığı addımlarda iqtidara yardım göstərmək deyil, əksinə, iqtidarın uzun illər gördüyü işləri, çox gərgin fəaliyyət nəticəsində əldə etdiyi uğurları inkar etmək, bütün vasitələrlə, hətta vətəndaşlar arasında qarşıdurma yaratmaq, xalqa maddi ziyan və mənəvi zərbələr vurmaq bahasına olsa belə, öz çirkin məqsədlərinə nail olmaqdır. Lakin indi onların nə əvvəlki tək zəif olaraq qalan sosial bazası, nə də müxalifətçiliklərinin uzanması səbəblərini izah edə biləcək ciddi arqumentləri qalıb. Ümumiyyətlə, bu müxalifətin ac toyuğun yuxudakı darı sevdasına qalan ümidi də közərərək sönür.

Azərbaycanda müxalifətin fövqündə cəmiyyətin, toplumun radikallaşması üçün real zəmin oynaya biləcək amillər yox dərəcəsindədir. Hakimiyyətin ölkəiçi siyasətinin əsas məhvərini, aparıcı leytmotivini xalqın sosial rifahının artırılması xətti təşkil edir. Həqiqətdir ki, bu gün Azərbaycan insanı işini, çörəyini, övladlarının sabahını kimlərinsə volyuntarist iddialarının ayaqları altına atıb meydanlara çıxmayacaq. Ən azından Prezidentdən sonra kütləni arxasınca apara biləcək ikinci belə bir siyasi qüvvə, lider də yoxdur.

Beləliklə, bu gün Azərbaycanda hakimiyyətə iddialı müxalifət liderləri 90-cı illərin səviyyəsində ilişib qalıblar. Lakin indiki dövr quruculuq dövrüdür və konstruktiv təklif və proqramlar, mütərəqqi ideya və konsepsiyalar irəli sürməyi zəruri edir. Müxalifət isə məhz bu məsələdə intellektual qısırlıqdan əziyyət çəkir. Çünki 2003-cü ilin payızında hakimiyyət başına gəlmiş cənab İlham Əliyev başqa yolu - sivil və intellektual mübarizə yolunu seçib. Elə bir dirçəliş kursu seçilib ki, sonucda Azərbaycan insanı dəyişsin, cəmiyyətə yeni düşüncə və təfəkkür tərzi hakim kəsilsin: "Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir".

Xalq müxalifətdən deyil, məhz bu cür dırnaqrarası, sərsəm və hər an dövlət və xalq maraqlarını satmağa hazır olan müxalifətdən bezib!

Bu gün müxalifət xaricdəki şəbəkələrlə birləşib pozuculuq, təxribat xarakterli fəaliyyətini genişləndirməyə cəhd göstərir. Nə azərbaycançılığa, nə müsəlmançılığa, nə insanlığa, nə də ki bütövlükdə milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşan çirkin təbliğat aparır. Əsas məqsəd xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, sabitliyi pozmaqdır. Bu müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zəruriliyini diktə edən daha bir amil isə sosial bazasının, elektoratının düşkün, zəif və marginal olmasıdır. Azərbaycan reallığında hətta normal opponentliyə belə yaramayan antimilli müxalifət partiyalarının sosial bazasını təşkil edən qruplar yekrəng və amorfdurlar. Onları ideya-qayəvi birlik, milli həmrəylik, azərbaycançılıq ideologiyası, xəlqi ruh, məfkurə yekdilliyi deyil, şəxsi maraq və ambisiyalar birləşdirir. Ancaq zaman başqa, şərait özgədir. Xalq müxalifətdən deyil, məhz bu cür dırnaqrarası, sərsəm və hər an dövlət və xalq maraqlarını satmağa hazır olan müxalifətdən bezib!

Rövşən NURƏDDİNOĞLU


Facebook

Instagram

Youtube

SORĞU


Azadaz Test 3