• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Ümumtürk diasporu zamanın tələbidir

11:30 14/11/19 | Diaspora

Türkdilli və digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq çərçivəsində erməni uydurmaları ifşa edilməlidir

Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan həmvətənlərimiz üçün əsas ideyaya çevrilmişdir. Ümummilli Lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən Ulu Öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir.

Millət vəkili Nizami Cəfərovun fikrincə, XIX əsrin sonu, XX əsrin əvvəllərində milli özünüdərk və ifadə Azərbaycan xalqının daxili ehtiyacı idi: “Elə bir ehtiyac ki, dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər tərəfindən ardıcıl müdafiə olunurdu. Məhz həmin ehtiyacın və həmin proseslərin təsiri ilə 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Sovet dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün bilavasitə təzahürünə imkan olmasa da, respublikanın dövlət orqanlarında çalışan, ümumən dövlət idarəçiliyi təcrübəsini yaxşı bilən kadrlar potensialı formalaşdı. Bu, həmin təcrübəni çoxdan itirmiş bir xalqın tarixində olduqca əhəmiyyətli hadisə idi”.

N.Cəfərov hesab edir ki, Azərbaycan xalqının birliyi onun milli tarixi ideallarının həyata keçirilməsinin əsas şərtidir: «Müstəqillik illərində biz bu birliyə nail olmaq üçün aşağıdakı səviyyələrdə mümkün olan təşəbbüsləri gerçəkləşdirməyə çalışmışıq. İdeoloji baxımdan əsaslandırılmış mübarizə aparmaq məqsədəuyğun sayılmışdır. Bu baş xətt hər şeydən əvvəl, Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti, ikincisi, azərbaycanlıların müxtəlif dövlətlərin (Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Rusiya) ərazilərindəki tarixi vətənləri, üçüncüsü, ümumdünya səviyyəsində gerçəkləşdirilmişdir. Şübhəsiz, hər üç səviyyənin etnocoğrafi iyerarxiyası mövcuddur ki, onu azərbaycanlıların Yer üzündəki məskunlaşma tarixi müəyyənləşdirmişdir. Hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir - bu və ya digər dərəcədə milli dövlətçilik təfəkkürüdür. Dövləti olmayan xalq özünün yaradıcılıq potensialını tam gücü ilə, bilavasitə ifadə etmək imkanlarından məhrumdur. Azərbaycanda dövlətçiliyin çoxmillilik tarixi tipləri arasında Azərbaycan türk dövlətçiliyi (I minilliyin ortalarından sonra) tarixən etnik birliyin parlaq örnəklərini nişan verir. Azərbaycan milli dövlətçilik təfəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. Və onu da qeyd etmək lazımdır ki, qədim türk dövlətinin özü də daha qədim dövrlərin dövlətçilik ənənələrinin varisidir. Qədim türk dövləti dedikdə, birinci növbədə, yeddi-səkkiz yüz illik bir dövrü əhatə edən hun-türk dövləti (imperiyası) nəzərdə tutulur. Avrasiyanın şərqindən qərbinə doğru uzanan həmin dövlət-imperiya, görünür, qədim dövrün sonlarında Azərbaycanın şimalını da ehtiva etmişdi”.

Qeyd edək ki, türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlıq Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında da öz əksini tapıb. Xartiyada tövsiyə edilib ki, xarici ölkələrin televiziya kanallarında Azərbaycan və türk xalqlarının mədəniyyətindən bəhs edən filmləri nümayiş etdirilsin, domen adların qeydə alınması zamanı türk dilləri standartlarının qeydə alınması, “.turan”, “.turk”, “.azeri”, “.qarabaq” domenlərin yaradılması məsləhət görülür.

Tövsiyədə türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi irəli sürülüb. Burada qeyd edilir ki, xarici ölkələrdə məskunlaşan türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyəyə qarşı yönəldilən təbliğatın neytrallaşdırılması, əsassız iddia və böhtanların aradan qaldırılmasında bu birlik və diaspor təşkilatları arasında sıx əməkdaşlıq günün tələbidir. Bu tələbdən irəli gələrək Azərbaycan və Türk diasporların vahid mənafe uğrunda fəaliyyətdə yaxınlaşdırılması siyasətinin davam etdirilməsinə xarici ölkələrdə yaşayan hər azərbaycanlı əməli kömək göstərməsinin əhəmiyyəti vurğulanır.

Buradan irəli gələrək Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Xartiyada həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin martın 9-da Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda qəbul edilən “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”ndan irəli gələn vəzifələr yerinə yetirilməlidir. Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumlarının təşkili təcrübəsinin davam etdirilməsi, Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurası ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası arasında əməkdaşlığın intensivləşdirilməsi, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində fəal iştirak tövsiyə olunur. Bunlardan başqa, türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultaylarının təşkilinə dəstək vermək və qurultayların işində fəal iştirak etmək, türk dünyasının birliyi ideyalarının əhəmiyyətini və türkdilli xalqların perspektivlərinə təsir ilə bağlı mütəmadi olaraq təbliğat-təşviqat işinin aparılması, xarici ölkələrin birində türk dünyası mədəniyyət mərkəzinin yaradılması ideyasının həyata keçirilməsinə dəstək vermək, türkdilli xalqların problem və qayğılarının Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməsinin təmin edilməsi məsləhət bilinir.

Xartiyada türkdilli xalqlarla, xüsusilə də Türkiyə türkləri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanır. Bu əməkdaşlığın erməni fitnəkarlığına, onların işğala haqq qazandırmaq siyasətinə qarşı güclü cəbhə olacağına işarə edilir. Həmçinin tövsiyə edilir ki, türkdilli və digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq çərçivəsində erməni uydurmalarının ifşa edilməsi istiqamətində tədbirlər görülməli, bu məqsədlə konfranslar, elmi simpoziumlar təşkil edilməlidir.

Bu məqsədlə xarici ölkələrin parlamentlərinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarlara etiraz olaraq türk icmaları ilə birgə aksiyaların təşkili, beynəlxalq ictimaiyyətin bu barədə obyektiv məlumatlandırılması məqsədilə digər zəruri tədbirlərin görülməsi, hər il bir neçə dəfə xarici ölkələrin Azərbaycan və Türkiyədəki səfirliklərinə, habelə beynəlxalq təşkilatlardakı nümayəndəliklərinə Ermənistanın Azərbaycana təcavüzü, 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının əsassızlığı, erməni terrorizmi, azərbayanlılara və digər xalqlara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı aktları barədə materialların təqdim edilməsi tövsiyə olunub.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?