• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

Bütün dəyərlərdən uzaq düşmüş türk düşməni

12:56 14/11/19 | Siyasət

İlham İsmayılov: «Araz Əlizadənin genetik olaraq, şüuraltında bir türk rahatsızlığı var»

Siyasi aləmə öz çirkin qədəmləri ilə düşmənçilik, qeyri-etik mübarizə, satqınçılıq gətirən, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti tərəfindən Rusiyanın köləsi kimi tanınan sosial demokratların lideri Araz Əlizadə eyni zamanda türkçülük əleyhdarı, türkə olan nifrət, qərəzi ilə də ad çıxarıb. O, xalq tərəfindən də bu cür qəbul edilir.

Hələ Milli Azadlıq Hərəkatı zamanından Rusiyanın adamı, daha doğrusu agenti kimi tanınan A.Əlizadənin Moskvadakı ağalarına xoş getmək üçün bütün dəyərlərdən belə imtina etdiyi də cəmiyyətin hər bir üzvünə məlumdur. Ağalarından daha çox "sağ ol" və daha çox mənfəət əldə etmək üçün hətta həyatda olan yeganə qardaşı Zərdüşt Əlizadədən belə imtina edən, onunla uzun illər küsülü qalan A.Əlizadənin zaman-zaman kütləvi informasiya vasitələri, televiziya və elektron portallar vasitəsilə, eyni zamanda Rusiyadakı ağalarının sifarişi əsasında türkə qarşı olan nifrət hissini, qəzəbini büruzə vermək kimi mərəzi, sərsəm-sərsəm açıqlamalar verməsi kimi adəti də var. Özü də sosial demokratların lideri bir qayda olaraq Türkiyənin yerləşdiyi regionda gücü, nüfuzu artan ərəfədə, həmçinin Azərbaycanla Türkiyə arasında günü-gündən inkişaf edən münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu günlərdə türkçülük əleyhinə daha çox fəallaşır və içərisində olan bütün eybəcərlikləri çölə çıxarır.

Bu günlərdə A.Əlizadə növbəti dəfə türklük, türkçülük əleyhinə olan nifrət hissini ortaya qoydu. Belə ki, Rusiya agenti başından böyük danışaraq iddia edib ki, 1918-ci ildə Bakını bolşevik-daşnak birləşmələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Azərbaycana pul müqabilində gəlibmiş və onlar muzdla döyüşən birləşmələr olub.

Qeyd etdiyimiz kimi sosial demokratların lideri bir qayda olaraq bu kimi sərsəm açıqlamalarını ya Türkiyənin yerləşdiyi regionda nüfuzu, siyasi çəkisi artdığı bir ərəfədə, ya da Bakı ilə Ankara arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğu günlərdə verir. Əlizadənin son açıqlaması da məhz Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü və həmin zirvə görüşündə Türkiyənin Suriyada həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına dəstək bəyanatından dərhal sonraya təsadüf etdi. Onun bu sərsəm fikirlərinə həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti, siyasiləri, elm, tarix adamlarından kəskin etiraz bildirilsə də, Rusiya agenti kimi tanınan A.Əlizadə nəinki söylədiklərindən peşmançılıq keçirib üzr istədi, hətta bir qədər başından böyük qələt edib ona haqlı irad bildirənləri avara adlandırdı. Türkçülük, türklük düşməni olan Əlizadənin növbəti dəfə öz çirkin, eybəcər, üfunət dolu fikirlərini ortaya qoyması cəmiyyət tərəfindən hiddətlə qarşılanıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov qeyd edib ki, A.Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verlişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirləri hamı kimi onda da çox böyük təəssüf hissi yaradıb.

ATXƏM sədrinin sözlərinə görə, A.Əlizadə bu fikirləri hələ 2017-ci ildə bir neçə dəfə təkrarlamışdı və araşdırmaçı-tarixçilərdən layiqli cavabını da almışdı: "Məsələyə bir az gec cavab verməyimizin səbəbi son bir həftə ərzində Avropada (Brüsseldə) Azərbaycanın diaspor və media lobbiçiliyi ilə bağlı həyata keçirdiyimiz layihə ilə bağlıdır. Əslində biz ictimai təşkilatlar olaraq, Araz Əlizadə və onun kimi "millət vəkilləri"nin görməli olduqları işləri görməklə məşğuluq. Araz Əlizadə isə Milli Məclisdə boş-boş oturduğu müddət ərzində nə bir faydalı təşəbbüslə çıxış edib, nədə ki, seçicilərin problemlərinin həllində bir yardım göstərib".

Bəs A.Əlizadəni dönə-dönə Nuru Paşa mövzusuna qayıdıb, Türkiyəni ittiham etməsinin kökündə nə dayanır?

İlham İsmayılovun fikrincə, A.Əlizadənin genetik olaraq, şüuraltında bir türk rahatsızlığı var: "Bir ay öncə Bakıda baş tutan Türk Şurasının 10 illik yubileyi və bu Şuranın tərkibinin hər keçən il daha dolğunlaşması Araz Əlizadəni rahatsız edir. Həm də o qıcıq yaradan çıxışları ilə İran və Rusiyaya bu rahatsızlığını nümayiş edirməyə çalışır. İki il əvvəl də Araz Əlizadə bu mövzunu ortaya atmışdı. Bu həmin vaxtlar idi ki, Azərbaycanla-Türkiyə arasında yaxınlaşma, strateji tərəfdaşlıq pik həddə çatmışdı. Bəlkə də o zaman onun bu münasibətini fikir plüralizmi, fikir müxtəlifliyi kimi dəyərləndirmək olardı. Amma görürük ki, o içərisində bir türk düşmənçiliyi bəsləməkdədir və fürsət düşən kimi qardaş xalqlar arasında nifaq toxumu səpmək, düşmənçilik etməklə məşğuldur. Hesab edirik ki, bu cür açıq-aydın düşmən mövqeyi sərgiləyən bir şəxsin nifrət etdiyi bir xalqın millət vəkili olması da arzuolunan deyil".

SÜLEYMAN


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?