• 8 Dekabr 2019
  • Dollar: 1.7 , Avro: 1.8883 , Rus rublu: 0.0267 Türk lirəsi: 0.2957

GƏLİN BİRLİKDƏ ƏDƏBİYYATIMIZI VƏ TARİXİMİZİ ÖYRƏNƏK: “KOROĞLU” DASTANI (10-cu söhbət)

23:20 22/11/19 | Mədəniyyət

 MÜNDƏRACAT:

  1. Alı kişinin gözünün çıxarılması və Koroğlunun Çənlibelə köçməsi
  2. Dəli Həsənin dəstəsinin Koroğluya qoşulması
  3. Koroğlunun Nigar xanıma aşiq olması və onu qaçırması
  4.  Koroğlunun Dəmirçioğlunu Çənlibelə gətirməsi
  5.  Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
  6. Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
  7. Koroğlunun Qıratı geri qaytarması və Dəmirçioğlunun Həsən paşanın qızı Dona xanımla evlənməsi 
  8. Koroğlunun Ərzincan səfəri, Bolu bəylə döyüşü və onu öldürməsi. Koroğlunun dəlisi İsabalanın Həsən paşanın böyük qızı Dünya xanımla evlənməsi
  9. Gizir oğlu Mustafa bəyin Koroğlunun dəstəsinə qoşulması və onun Aslan Paşanın qızı Mömünə xanımla evlənməsi
  10. Koroğlunun Qars səfəri və Ərəb Reyhanla döyüşü. Eyvazın Əhməd Paşanın qızı Hürü xanımla evlənməsi və Qarsın valisi təyin olunması
  11. Koroğlunun Rum səfəri və Rum paşasının qızı Məhbub xanımın  Çənlibelə gətirilməsi və  Bəlli Əhmədlə evlənməsi
  12. Koroğlunun Həsən Paşa ilə  son döyüşü, atasının və  xalqın  qisasını ondan alması, Dəli Həsənin Həsən paşanın qızı Bulqar xanımla evlənməsi
  13. Koroğlunun Şah Abbasla döyüşü və onun ordusuna qalib gəlməsi
  14. Koroğlunun qocalığı
  15. Koroğlunun  Nigar xanımla birlikdə Həcc ziyarətinə getməsi və ölümü

10.Koroğlunun Qars səfəri və Ərəb Reyhanla döyüşü. Eyvazın Əhməd Paşanın qızı Hürü xanımla evlənməsi və Qarsın valisi təyin olunması

  Koroğlu Bağdad səfərindən yenicə qayıtmışdı. Giziroğlu Mustafa bəyi vali təyin edib Bağdada göndərmişdi. İstəyirdi ki, bir müddət Çənlibeldə qalıb istirahət etsin. Lakin Çənlibelə xəbər gəldi ki, Ərəb Reyhan Qarsda oturub qoşun toplayır və istəyir ki, Koroğlunun üstünə yerisin və Çənlibeli yerlə yeksan eləsin. Qars paşası da söz verib ki, Ərəb Reyhan Koroğlunu məğlub eləsə, qızı Hürü xanımı ona verəcək. Bu xəbər Koroğlunu narahat etməyə başladı. Ona görə ki, Eyvaz artıq tam böyüyüb evlənmək həddinə çatmışdı. Koroğlu Eyvazı öz oğlu kimi görürdü və istəyirdi ki, ona da layiqli bir qız tapıb evləndirsin. Di gəl ki, hansı qızı göstərirdilər, Eyvaz bəyənmirdi ki, bəyənmirdi. Koroğlu istəyirdi ki, Eyvaza sadə ailədən çıxan bir qız alsın. Amma Çənlibeldə olan qızlardan kimi təklif edirdilərsə, Eyvaz onlardan bir bəhanə ilə imtina edirdi. Koroğlu və Nigar xanım həmişə deyərdilər: Eyvaz, çox ora-bura qaçma, sənə kasıb bir ailədən qız alacağıq ki, gəlib sənə də bizə də qocalanda xidmət eləsin. Varlı qızından xidmətçi olmaz. Lakin Eyvaz isə deyirdi: Mən özüm sizin xidmətçinizəm, istəyirsiniz ki, həyat yoldaşım da sizə xidmət eləsin? Çənlibeldə hamıya bəy qızı alırsınız, mənə nökər qızı. Mən də gərək bəy qızı alam ki, övladlarımız “bəyzadə” kimi qəbul edilsin. Koroğlu bu sözdən həm kədərlənir, həm də hirslənirdi: Mən ömrüm boyu bəylərə, xanlara qarşı vuruşdum, amma yenə ətrafımı bəy-xan balaları ilə doldurdum. Lakin Nigar xanım isə Eyvazın bu sözündən razı qalırdı və deyirdi: Narahat olma, sənə elə bir gözəl qız alacam ki, o birilər onun əlinə su tökməyə yaraşmasın. Eyvaz bu sözlərdən məmnun qalıb gülərdi.
İndi sizə kimdən deyim, kimdən deyim: Qars paşası Əhməd paşadan. O sevinirdi ki, Həsən paşanın planı alt-üst oldu və o, öz qızı Dünya xanımı Bolu bəyə verə bilmədi. Əgər Həsən paşa öz qızı Dünya xanımı Bolu bəyə versəydi, onun o biri qızlarından birini Ərəb Reyhan alacaqdı və ondan sonra daha Həsən paşanın qılıncının dalı da kəsəcəkdi, qabağı da. Ona görə də Qars paşası Əhməd çox sevinirdi ki, Bolu bəy Ərzincanda məğlub oldu və Dünya xanım da İsabalaya-yəni Osmanlı sultanı Murada düşmən olan sadə bir igidə, qaçağa ərə getdi. Lakin Qars paşasının qızı Hürü xanım da az aşın duzu deyildi, yəni öz atasının sözü ilə oturub-duran bir qız deyildi. O da istəyirdi ki, öz istədiyi ağıllı, savadlı, qoçaq və ədalətli, haqq yolunda vuruşan, ləyaqətli və qeyrətli bir igid oğlanla ailə qurub xöşbəxt yaşasın. Lakin Hürü xanım biləndə ki, atası onu türkmanlı Ərəb Reyhana ərə vermək istəyir, o, buna heç cür razı olmurdu. O da Nigar, Dünya, Dona, Mömünə və başqa xanımlar kimi Koroğlunun yaşadığı Çənlibeldə, açıq cəmiyyətdə, təmiz ab-havada yaşamaq, dağlarda at çapmaq, sərin bulaqların suyundan içmək, təmiz hava udmaq faydalı yeməklər yeyib, təmiz əxlaqlı insanların arasında, şər-böhtandan, dedi-qodudan, saray intiriqalarından uzaq bir yerdə yaşamaq istəyirdi. Bu fikirlə o, yanına etibar etdiyi Azər adlı bir cavan xidmətçi oğlanı çağırıb pul-para verdi və Çənlibelə, Koroğlunun yanına getməsini xahiş elədi. Həmin cavan oğlan hazırlaşıb Çənlibelə tərəf gəlməkdə olsun, indi sizə kimdən deyim: Qoç Koroğludan.
Koroğlu Bolu bəyi Ərzincanda məğlub edəndən sonra yaxşı bilirdi ki, növbəti döyüş Qars paşası və onun qoşun başçısı türkmanlı Ərəb Reyhanla olacaq.
Bağdad zəfərinin abı-havası Koroğlunun başından təzəcə getmişdi. Bir gün o səhər tezdən yuxudan oyanıb yenə Çənlibelin bəndərgahlarını gözdən keçirməyə başladı. O gördü ki, dəlilər ayıq-sayıq Çənlibelin keşiyini çəkirlər. Koroğlu gəzə-gəzə yenə gəlib yol kənarında olan bəndərgaha çatdı. Ona xəbər gətirdilər ki, Qarsdan bir cavan oğlan gəlib və onu görmək istəyir. Koroğlu buyurdu ki, həmin oğlanı onun yanına gətirsinlər. Koroğlu həmin oğlandan soruşdu: -De görüm kimsən və buraya niyə gəlmisən?
Azər dedi: -Koroğlu sağ olsun, mən ancaq sizə təkbətək sözümü deyə bilərəm. Elə ki, dəlilər kənara çəkildilər, Azər dedi: -Koroğlu sağ olsun, mən sizin fəaliyyətinizi təbliğ edirəm. Hər yerdə Koroğlunun təbliğatçısı kimi ad qazanmışam. Məni sizin yanınıza Qars paşasının qızı Hürü xanım göndərib. Bil və agah ol ki, bir neçə müddətdir türkmanlı Ərəb Reyan gəlib oturub Qarsda. Qoşun toplayır ki, Çənlibelin üstünə hücum çəkə. Qars paşası da ona söz verib ki, əgər Çənlibeli ala bilsə, qızı Hürü xanımı ona verəcək. Hürü xanım isə sizə o qədər hörmət bəsləyir ki, istəmir ona məğlub olasınız. Ona görə də məni sizin yanınıza göndərib ki, vəziyyətdən xəbərdar olasınız.
Koroğlu dedi: -Mən bir dəfə Ərəb Reyhanı məğlub etmişəm, o bir daha mənim üstümə qoşun çəkməyə cürət etməz. Amma hiylə ilə məni aldadıb tutmaq və öldürmək istəyər. Yaxşısı budur ki, onu qabaqlayaq və planlarını yarımçıq qoyaq. İndi gərək mən özüm Qarsa gedib vəziyyəti gözlərimlə görəm və Hürü xanımla görüşüb söhbət eləyəm. İndi de görüm səninlə Qarsa getsəm, məni bir-iki gecə evində qonaq saxlaya bilərsənmi?
Azər dedi: -Əlbəttə. Mən qaraçı deyiləm ki, evim olmasın. Kişinin evi də olmalıdır, ailə uşağının və qonaq-qarasının qarşılanması üçün şəraiti də. Evimizdə bir qoca anamla mən yaşayırıq. Gözümüz üstündə yerin var.
Koroğlu dəliləri toplayıb öz tapşırıqlarını verdi və buyurdu ki, o, Qarsa getməyə qərar verib. Sonra Dəli Mehtərə buyurdu ki, Qıratı və onun aşıq paltarını gətirsin. O geyinib-keçinib Azərlə birlikdə Qarsa yola düşdü. Onlar axşam hava qaralanda Qarsa çatdılar. Şəhərin mərəzində olan Cümə Məscidinin yanında Azər Koroğluya dedi: -Bizim evimiz buradadır, düş atdan, atları bağlayım, gedək evə.
Koroğlu dedi: -Gərək mən əvvəl gedəm Hürü xanıma baş çəkəm, ondan vəziyyəti öyrənəm, sonra sizə gedəm. Bəlkə elə oldu heç sizə getməli olmadım.
Azər Koroğluya dedi: -Onda, sən bu küçə ilə getməkdə ol, mən atları bağlayım, yemləyim, sənin ardınca gəlirəm. Azər atları yerbəyer elədi və tez evə qaçıb anasına xəbər verdi ki, səliqə-səhman, yemək-içmək və çay hazırlasın, axşam qonaq olacaq. Özü isə qaçdı bazardan ərzaq almağa.
Koroğlu həmin küçə ilə gəzə-gəzə gəlib çıxdı böyük bir imarətin yanına. Baxdı ki, pəncərədə bir qız durub, bir qız durub ki, o necə deyərlər, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Özünü öldürsə olar 20-22 yaşı. Koroğlu həmən qıza baxa-baxa düşündü: Kaş bu qız Qars paşasının qızı Hürü xanım olaydı. Necə mənim evimin gəlini olmağa yaraşan qızdır. Kaş onu Eyvaza alardım.
 Elə bu dəmdə Azər özünü yetirdi ora və Hürü xanımı Koroğluya göstərib dedı: Can Koroğlu, məni sənin yanına göndərən xanım budur. Koroğlu çox sevindi və başı ilə Hürü xanımı salamladı. Hürü xanım da onları görüb eyvana çıxdı və salam verib soruşdu: Azər bəy, sənin yanındakı aşıq kimdir?
Azər dedi: -Bu aşıq deyil, sənin görmək istədiyin, mənə məktub verib dalıca göndərdiyin Koroğlunun özüdür. Mən ona sənin sözlərini deyən kimi o, özü səni görmək üçün buraya gəldi. Koroğlu İstədi ki, salam versin, hal-əhval tutsun, bir də gördü ki, qarşı tərəfdən bir dəstə atlı gəlir. Hürü xanım onlara dedi: Qarşı tərəfdən gələnlər mənim atam və bir də Ərəb Reyhandır. O bizə qonaq gəlir. Qoy gəlib getsinlər, mən özüm sizinlə görüşəcəyəm. İndi isə tez gedin.
Azər Koroğlunu götürüb evə gətirdi. Amma evdə ətdən başqa hər şey var idi. Ət olmasa qonağa nə bişirmək olar? Azər qaçdı yaxın dostunun ət dükanına, oraya girib dedi: -Qardaşım, mənə elə ət ver ki, qonaq üzünə çıxa bilim.
Qəssab soruşdu: -Sənin qonağın Qars paşasından yuxarı adamdır, ya Ərəb Reyhandan? İndicə onlar üçün bu ətdən göndərmişəm.
Azər dedi: Mənim qonağım onlardan da üstün adamdır, elə bil ki, qoç Koroğlunun özüdür.
Qəssab soruşdu: -De görüm nə qədər ət istəyirsən, bir çetvert, ya altı misqal?
Azər dedi: -Misqal nədi, bir batman ət çək! Qəssab onun dediyi qədər ət çəkib verdi.
Amma bu qəssab çox ağzıyırtıq adam idi. O, əti yaxşı satmaq üçün elə tükana girən hər kəsə dedi ki, bəs Koroğlu gəlib Qarsa, özü də filankəsin evində qonaqdır. Xəbər bütün ətrafa yayıldı və gəlib çatdı Qars paşası ilə Ərəb Reyhanın qulağına. Onlar xeyli götür-qoy elədilər və axırda belə qərar verdilər ki, qoy yeyib-içsinlər, elə ki, yuxuya getdilər, gecənin qaranlığında hücum edib onları yorğan-döşəkdəcə tutarıq.
Hürü xanım bunu eşitdi: O qarabaşı yanına çağırıb dedi: -Təcili qaç Azərin yanına, ona de ki, nə qədər ki, gec deyil, Koroğlunu aparıb minarədə gizlətsin. Gecə yarısı Ərəb Reyhan Azərin evinə silahlı dəstə tökəcək.
Azərin anası təzəcə yemək bişirmişdi və onlar başlamışdılar yeyib içməyə, birdən qarabaş gəldi və Hürü xanımın xəbərini onlara çatdırdı. Azər Koroğluya dedi: Can Koroğlu, nə qədər gec deyil, qaçıb minarəyə girməliyik, yoxsa, Ərəb Reyhan bizi evdəcə tutub məhv edəcək. Onlar vaxt itirmədən minarəyə tərəf qaçdılar. Azər Koroğlunu minarəyə qoyub, birbaşa gəldi evə, atını minib xəbər vermək üçün Çənlibelə yola düşdü. Çənlibelə çatan kimi dəlilər ondan Koroğlunu soruşdular. Azər dedi: Mən Koroğlunu Qarsda Minarənin içərisində gizlədib özüm bura gəlmişəm.Əgər yubansaq, Ərəb Reyhan Koroğlunu tutub Qars paşasına təhvil verəcək. Dəlilər məşvərətə başladılar. Dəmirçioğlu dedi: Mən gedirəm. Bəlli Əhməd dedi: mən gedirəm, İsabala da dedi ki, mən gedirəm. Eyvaz kənarda durub öz növbəsini gözləyirdi. Birdən o dözməyib ayağa durdu və dedi: -Əziz qardaşlar, izin verin mən gedim. Siz gedib igidlik edib, qan töküb, ad-san qazanıbsınız. İndi növbə mənimdir. Dəli Həsən, Nigar xanım, Bəlli Əhməd, Dəmirçioğlu bu təkliflə razı oldular. Dəli Həsənin əmri ilə Eyvaza yeddi yüz nəfərdən ibarət bir qoşun ayrıldı. Eyvaz həmin qoşunla Qarsa tərəf gəlməkdə olsun, indi sizə deyim Koroğludan.

 Ərəb Reyhanın dəstəsi Azərin evini mühasirəyə aldı və qapını qırıb evə girəndə evdə qoca qarıdan başqa heç kəsi tapmadılar. Ərəb Reyhan qoca qarıdan soruşdu: -Qarı nənə, bu gecə sənin evində qonaq kim idi?
Qarı dedi: -Oğlumun dediyinə görə Çənlibeldən gəlmiş aşıq idi.
Ərəb Reyhan soruşdu: -Bəs həmin aşıq necə oldu?
Qarı dedi: -Yeyib-içib getdilər minarəyə.
Ərəb Reyhan əmr etdi ki, qoşun minarəni mühasirəyə alsın. Ərəb Reyhan özü minarəyə yaxın gəlib qışqırdı:       -Koroğlu, çıx çölə, sən mühasirədəsən. Öz razılığınla təslim ol!
Koroğlu dedi: -Ərəb Reyhan, gəl sən özün bura, qollarımı bağla, məni tut apar.
Ərəb Reyhan dedi: -Yox, məni aldada bilməzsən, bir dəfə mən belə səhv eləmişəm. Sonra o əmr elədi ki, minarənin dibini qazsınlar ki, minarə uçsun və Koroğlu qalıb daşın altında ya ölsün, ya da məcbur qalıb təslim olsun. Külünçlülər başladı minarənin dibini qazmağa. Minarə az qalırdı ki, uçsun, Ərəb Reyhan bir də gördü ki, hər tərəfdən Eyvazın dəstəsi tökülüşdü. Ərəb Reyhan əmr etdi ki, minarəni qazmağı dayandırsınlar. Elə ki, Eyvaz ilə Ərəb Reyhan üz-üzə gəldi, onlar başladılar vuruşmağa. Nə qədər vuruşdular, heç biri o birinə güc gələ bilmədi. Axırda onlar qılıncı və qalxanı bir kənara atıb güləşməyə başladılar. Birdən Eyvaz əli ilə onun çiyin damarını ələ keçirdib yerə çırpdı. Qılıncı götürüb minarənin başında olan Koroğludan soruşdu: - Ərəb Reyhanı öldürüm, ya bağışlayım?
Koroğlu telli sazını götürüb minarənin başına çıxıb ucadan oxumağa başladı:
 

Dolun at belinə, qoç dəlilərim!
Xotkarı taxtından endirək, hoydu!
Talayaq mülkünü, alaq canını,
Evini başına endirək, hoydu!

Şığayıb üstünə qəddini bükək,
Gərək Çənlibelə min əsir çəkək,
Paşanın başına gəlin turp əkək,
Şahın çırağını söndürək, hoydu!

Bir hayqırsam, polad qollar boşalar,
Düşmənlər əlimdən çəkər haşalar,
Öldürək xotkarlar, qıraq paşalar,
Meydanı məhşərə döndərək, hoydu!

Qeysəri öldürək, sərdarı tutaq,
Böyüyün, kiçiyin qol-qola çataq,
Ərəb at döşünə cümləsin qataq,
Çənlibelə əsir göndərək, hoydu!

Gələr Koroğlunun damaqlı çağı,
Dəlilər məclisdə, xan Eyvaz sağı,
Aladı gözləri, qaşları yağı,
Burdakı xanımı dindirək, hoydu!


Elə ki, Koroğlu süzünü bitirdi, Eyvaz ondan soruşdu: -Mən onu öldürüm, yoxsa, əsir götürüm?
Koroğlu dedi: -Mən onu bir dəfə bağışladım, amma ibrət götürmədi. İndi onu öldürmək vaxtıdır. Dəlilər də hər yerdən qışqırıb dedilər: -Öldür! Öldür!
Eyvaz qılıncla vurub Ərəb Reyhanın başını bədənindən ayırdı. Onun dəstəsi vəziyyəti belə görüb təslim oldu. Hürü xanım da dəstənin içərisində Eyvazın igidliyinə tamaşa edirdi. Koroğlu minarədən çıxdı və dəlilərlə görüşüb öpüşdü. Sonra onlar dəstə ilə Qars paşasının imarətinə hücum çəkdilər, lakin paşanı orada tapa bilmədilər. Onlar Ərəb Reyhanın dəstəsini də əsir götürüb Qarsı tərk etmək istədilər. Amma Eyvaz ata minmirdi. Elə gözləri Hürü xanımda idi. Çünki Hürü xanımla Eyvaz bir-birini görən kimi ilk baxışdan aşiq olmuşdular. Tanrı sanki onları da bir-biri üçün yaratmışdı. Koroğlu Eyvaza dedi: Mən ömrümü-günümü paşalarla, bəylərlə mübarizəyə həsr etdim, nə qədər paşa, bəy, xan öldürdümsə, onların ailələrinə, qohum-əqrabasına dəymədim. Axı onların nə günahı var ki, ağalarının günahına görə əzab çəksinlər. Kimlər ki, zalımların yolu ilə yox, haqq-ədalət yolu ilə gedir, onlar mənim övladlarımdır. Hürü xanım da mənim övladımdır. Götür onu, gedək Çənlibelə. Eyvaz əlini Hürü xanıma tərəf uzatdı. Hürü xanım qaçıb onun atının təkinə mindi. Dəstə Çənlibelə tərəf yön aldı. Çənlibeldə yenə toy-bayram oldu. Koroğlunun buyruğu ilə qoçlar, quzular, danalar kəsildi, 7 ləvin yeməklər bişrildi. Aşıqlar çaldı, oxudu, Eyvazla Hürü xanıma üç gün üç gecə toy çalındı. Sonra Koroğlu Eyvazı Qarsın valisi təyin etdi. Osmanlı Sultanı, xotkar Murad isə Qars valisi Əhməd paşanı valilikdən azad etdi.

Dastanı danışdı: Bakı şəhəri,132-134 saylı tam orta məktəbin şagirdi Uğur Əliyev

Bakı, 22 noyabr 2019, Azadaz


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?