• 26 Fevral 2020
  • Dollar: 1.7 , Avro: 1.9309 , Rus rublu: 0.026 Türk lirəsi: 0.3202

Kremldə hazırlanmış ölüm planı

11:57 23/01/20 | Siyasət

Tələbəlik illərimin ağrılı xatirələri

Azadlıq və müstəqillik tariximizə qanla yazılan o müdhiş gecədən, qırğından qaça bilməzdik. Onsuz da bu işi öz öhdəsinə götürənlər məqsədlərinə nail olacaqdılar.

Bu ölüm planı Kremldə hazırlanmışdı. Azərbaycanda “qanun-qayda” yaratmaq qərarına gəlmişdilər...

Həmin şənbə gecəsi marşal Yazov Bakını vertolyotdan seyr edirmiş. İnsan qırğınını belə soyuqqanlıqla müşahidə edən militarist hərbçini insani baxımdan xarakterizə etmək elə də çətin deyil. Çünki fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri, xalqa divan tutmaq komandasını verən o idi.

Səhər isə general Dubinyak şəhərin komendantı kimi Bakıda fövqəladə vəziyyət elan edildiyini bildirdi – vertolyotdan üstümüzə səpələdiyi vərəqələr vasitəsilə. Bu zaman biz Mərkəzi Komitənin binası qarşısında – başı dəbilqəli, əli dəyənəkli yekəpər rus əsgərlərinin sıx cərgəsilə “hasarlanmış” izdihamda idik. Ötüb keçən tankların gurultusu, Salyan kazarmasında hələ də səngiməyən “döyüş”lər, əsgərlərin havaya açdığı atəş sədalarının vahiməsi adamı basdıqca intiqam hissini coşdururdu.

Burdakı insanlar Dağüstü parka – məzarlar qazılan əraziyə axışırdı. Adamların çoxluğu, işləmək istəyənlərin yaratdığı növbələr məzarların qazılmasına mane olurdu. Tələbələr üstünlük təşkil edirdi. Qrup və “patok” yoldaşlarımdan da bir neçəsi burda idi. Az da olsa bir müddət onlara kömək etdim. Çünki o qədər alət (ling, balta, lapatka, bel və s.) gətirilmişdi ki, sıxlıqdan işləmək mümkün deyildi. Şəhidlərin ruhu rahatlasın deyibən min bir əzaba qatlaşan insanlar sanki dırnaqları ilə yeri didib dağıdırdı. Qazıntılar zamanı 1918-ci il şəhidlərinin sümüklərinin çıxması (bu sümüklər ayrıca dəfn edilirdi) hər kəsi həyəcana gətirir, düşmənə qarşı nifrəti alovlandırırdı.

SSRİ-nin mərkəzi qəzetləri isə yazırdı ki, guya gecə saat 3-də qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəlib, evlərin üstündən rus əsgərləri atəşə tutulub, onlar da məcbur olub cavab atəşi açıblar...

Yanvarın 22-də səhər saat 9-dan Azadlıq meydanı və ona bitişik küçə, prospektlər, bulvar, idarə və evlərin qarşısı, damları, eyvanları adamla dolu idi. Vətən şəhid övladları ilə vidalaşırdı. Məsciddə yuyulduqdan sonra cənazələr Azadlıq meydanına gətirilirdi. Saçını yolan qadınların nalə, fəryadı, doğma Xəzərin harayı – gəmilərin aramsız, həyəcanlı fit səsi göyə bülənd olur, matəm mitinqində canilərin cəzalandırılmasını tələb edən şüarlar səslənirdi. Yüzlərlə partiyaçı və komsomolçu üzvlük biletlərini cırıb atırdı.

Saat 12-də matəm alayı yola düşdü – ötən əsrin əvvəllərindən bəri xatirəsini əziz tutduğumuz Dağüstü parka tərəf. İzdihama qoşularkən otaq yoldaşım Rövşənlə ard-arda addımlayırdıq ki, bir-birimizi itirməyək. Əmim Rafiq isə boyca bizdən hündür olduğundan şəhid Əflatun Kazımovun cənazəsinə girə bildi. İlk cənazənin önündə gedən şeyxülislam Hacı Allahşükür Paşazadə və digər din xadimləri şəhidlərin ruhuna Qurani-Kərim ayələri oxuyur, yolboyu yüz minlərlə adam qatillərə lənət yağdırırdı. Respublikanın ictimai, elm və mədəniyyət xadimləri də ön sırada idi. Yollara qərənfillərdən xalı döşənmiş, nakam gənclərin al-əlvan xonçalarla bəzədilmiş tabutları gül çələnginə bürünmüşdü. Dərd yükümüzü çiyin-çiyinə ötürərək şəhidlər xiyabanına yaxınlaşdıqca izdihamın hıçqıran göz yaşları daha üsyankarcasına kükrəyirdi. Həmin gün bu müqəddəs məkan 50-dən artıq şəhidi öz qoynuna aldı (yanvarın 20-21-də isə Bakı ətrafı kəndlərdən və bir çox rayonlardan olan şəhidlərin nəşi ata-baba yurdunda, bəzisi isə şəhərdə ailə məzarlığında torpağa tapşırılmışdı). Dəfn mərasimində xalqın kütləvi iştirakını görəndə (milyondan artıq insan var idi) başa düşdük ki, dünənki çarpışmada əsl uduzan imperiya oldu.

Axşam saatlarında evə döndük. Kirayədə qaldığımız ünvana az qalmış (indiki Nəsimi RPŞ-nin binasının aşağı tərəfində) əsgərlər bizi saxladı. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi yuxarı qaldıraq. Üstümüzü yoxlayıb silahımız (hətta üstündə sənədi olmayanları, cibindən kiçik bıçaq çıxanları həbs gözləyirdi) olmadığına əmin oldular. Xeyli rahatlandıq, elə bil nədənsə xilas olmuşduq. Amma sevinə bilmirdik. Məndən bir az aralı dayanan oğlanın ayaqlarına təpiklə elə vurdular ki, paltarı cırıldı, yerə yıxıldı. Arada elə olurdu ki, kimisə qorxutmaq üçün avtomatın çaxmağını çəkib barmağı tətiyə qoyur, sanki bizi gərginlikdə saxlamaqdan həzz alırdılar. Küçələrin hər tinində zirehli texnika dayanmışdı. Odur ki, yanlarından keçəndə dönüb sifətlərinə baxmaq da təhlükəli idi...

Dəfn axşamı paytaxtın səmasını alan qara buludlar boşaldı. Şəhid olmuş yurddaşlarımıza təbiət də ağlayırdı...

Akif AĞAYEV


Facebook

Instagram

Youtube

SORĞU


“KOROĞLU” dastanını bəyənirsinizmi?