• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

“Mübariz bulağı”: əsl qəhrəmanlıq, vətənpərvərlik məbədi

12:45 04/02/20 | Sosial

Qədim tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqının XXI əsr qəhrəmanlıq, cəsurluq, qorxmazlıq, Vətənə məhəbbət keyfiyyətləri ilə Milli Qəhrəman səviyyəsinə yüksəlmiş Mübariz İbrahimovun vətənpərvərliyinə, igidliyinə prezident İlham Əliyev tərəfindən daim yüksək qiymət verilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu şəraitində belə mövzulara üstünlük verilməsi silahlı qüvvələrdə vətəndaşlarımıza, xüsusən də gənclərimizdə düşmən üzərində qələbənin təmin edilməsində başlıca rol oynayan mənəvi-psixoloji hisslərin daha da yüksəlməsinə müsbət təsir edən hərbi-siyasi hazırlıq sahələrindən başlıcasıdır. Mübariz İbrahimov Azərbaycanın qəhrəmanlıq tarixinə öz ölümü ilə ölməzlik qatmış, əbədiyaşarlıq zirvəsinə yüksəlmiş, vətəninin başını ucaltmış, xalqının hər bir övladının əbədi sevgisinə, dilinin əzbərinə çevrilmişdir.

Onun əbədiyaşar xatirəsi respublikamızın hər bir rayonunda, şəhərində olduğu kimi 30 ildən artıq bir vaxtda Ermənistanla döyüşlərdə mərdlik nümayiş etdirən, düşmənə bir qarış torpaq da verməyən Tovuz rayonunda da yüksək səviyyədə əbədiləşdirilib. Vətənpərvərlik ruhunda tərbiyənin əsas tərkib hissələrindən olaraq Milli Qəhrəmanın döyüşkənlik, qorxmazlıq, şəhidlik zirvəsindən bəhs edən fotoşəkillərdən ibarət stendlər, lövhələr rayonun bütün idarə, müəssisə, elm-təhsil, səhiyyə təşkilatlarının hamısında öz əksini tapmışdır. Rayonun ən gözəl, mənzərəli ərazisində isə bəlkə də respublikamızda öz möhtəşəmliyi, xüsusi görkəmi, təbii bulaq suyunun olması ilə sayılıb-seçilən “Mübariz” bulaq kompleksi isə əsl tarixi memarlıq abidəsidir. Artıq bura sözün əsl mənasında ziyarətgahdır. Buranı hər gün onlarla insan ziyarət edir. “Mübariz” bulaq kompleksinin önündə ziyarətə gələnlər çox səmimi baş əyirlər. Onun qəhrəmanlığından qürur hissi duyurlar.

“Mübariz” bulağının ətrafına çoxlu sayda ağaclar əkilib. Uca dağlardan, meşələrdən, sıldırım qayalardan süzülüb gələn bulaq suyu ziyarətə gələnləri daha da ruhlandırır.

Qeyd etdiyimiz kimi indiki müharibə şəraitində Mübariz kimi mərd, igid oğlanlarımızın qəhrəmanlığından hər birimiz, o cümlədən, gənclərimiz əsl nümunə götürməlidir. Çünki “Vətən uğrunda ölən varsa, Vətəndir!”, - deyib atalarımız. Həmçinin, “Vətən müqəddəsdir, Vətən anadır”, “Vətən yaşadığımız, havasını udduğumuz, çörəyini yediyimiz, bizi yaşadan , qoynuna alan torpaqdır”, “Torpaqdan, Vətəndən pay olmaz!”, deyib aqillərimiz. Ona görə də bu vətəndə daha alnıaçıq, üzüağ yaşamaq üçün əsl vətənpərvər olmalıyıq, hər an şəhidlik zirvəsinə yüksəlməyi bacarmalıyıq və bunu qarşımıza vətəndaşlıq borcu kimi qoymalıyıq. Necə ki, Mübariz öz qarşısına qoyduğu məqsədə nail oldu. Öz ölümü ilə əbədi ölməzliyə qovuşdu. Əbədi şəhidlik, qəhrəmanlıq, igidlik, mərdlik zirvəsinə yüksəldi. Azərbaycan xalqının XXI əsr qəhrəmanlıq, döyüşkənlik tarixinə qızıl hərflərlə yazılmış yeni bir səhifə daxil oldu.

Bu gün respublikamızın hər bir regionunda vətənpərvərlik ruhunun yüksəldilməsi üçün xüsusi mərkəzlər yaradılıb. Mərdlik, qəhrəmanlıq, igidlik səhifələrini vərəqləyən hər bir azərbaycanlıda böyük fərəh hissi formalaşdıran bu səhifələr nəticə etibarı ilə yaxın gələcəkdə düşmən üzərində qələbəmizin tez bir zamanda təmin edilməsinə öz nəticəsini verəcəkdir.

“Mübariz Bulağı” tovuzlularda və Tovuza gələn hər bir qonaqda vətənpərvərlik ruhunu daha da yüksəldir. Bu bulaq kompleksinin seçilib inşa edildiyi ərazi Mübarizin mübarizliyinin, igidliyinin, qəhrəmanlığının, vətənpərvərliyinin nə dərəcədə yüksəkliyindən xəbər verir. Uca dağlarla böyük sənət əsərini xatırladan sıldırım qayalarla əhatə olunmuş “Mübariz Bulağı” əsl qəhrəmanlıq salnaməsidir, əsl ziyarətgahdır. Canlı igidlik, ölməzlik epopeyasıdır.

Dövlət gerbimizdə qalxanın təsvirində öz əksini tapmış xalqımızın şərq xalqları qrupuna aid olaraq tarixən döyüşkən, qəhrəman xalq olmasını, döyüşlərdə bayrağımızı ucadan ucalara qaldırmasını, Azərbaycanımızın aylı, işıqlı gələcəyi üçün şəhidlik zirvəsinə yüksəlməsini, dövlət himnimizdə qeyd edildiyi kimi və daim ucadan səsləndirilən “Azərbaycan!, Azərbaycan!”, deyərək, “ey qəhrəman övladın şanlı vətəni”, səndən ötrü can verməyə cümlə hazırız, səndən ötrü qan tökməyə cümlə qadiriz!”, fəlsəfəsinə ürəkdən sadiq qalaraq, düşmən üzərinə mərdliklə gedərək düşmənin qanını tökməklə, canını almaqla, məhv etməklə son nəticədə qəhrəmancasına vətəndən ötrü, doğma Azərbaycanımız yolunda canını qurban verməsini bir daha təsdiq edir. Bu həmçinin vətənpərvərlik ruhunun ən yüksək zirvələr fəth etməsinin təsdiqidir.

Mübarizin vətənpərvər, qəhrəman olaraq doğulduğu 7 fevral 1988-ci il tariximizə əbədi daxil olan, daim qeyd edilən, xatırlanan gün kimi də yaddaşlarımızdadır.

Fürsətdən istifadə edərək bu abidəni ucaldanlara, Mübarizin qəhrəmanlığına, vətənpərvərliyinə, ümümiyyətlə, xalqımızın qəhrəmanlıq tarixinə yüksək qiymət verərək ən yüksək zirvədə belə bir möhtəşəm, ucadan uca abidə ucaldan, rayonumuza uzun müddət uğurla rəhbərlik etmiş vətənpərvər ziyalımız, hörmətli Tofiq Zeynalova dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çünki bu hər bir azərbaycanlının Ali Baş Komandanı, prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşməyə səsləyən canlı sənət əsəridir, vətənpərvərlik abidəsidir. Bu abidəni ucaldanlara eşq olsun!

Dəmir QURBANLI, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Yazıçı-publisist, “Qızıl Qələm”, “Azərbaycan Bayrağı”,
“Xalqın nüfulu ziyalısı” mükafatlarının laureatı


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?