• 10 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9145 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2985

Hədəflərə çatmaq üçün lobbiçilik ən yaxşı vasitədir

12:00 20/02/20 | Diaspora

Diaspor sosial-mədəni xarakter daşıyırsa, lobbi siyasi və iqtisadi əhəmiyyətə malikdir

Qədim dövrlərdən başlayaraq birliyə həmişə ehtiyac olub. Birlik və həmrəylik olmayan yerdə həyat da yoxdur. Bütün bunlar ailədən başlayaraq geniş mənada millət və xalq, qlobal mənada isə millətlərarası və dövlətlərarası birliyə keçir. Azərbaycan xalqı çox qədim xalqdır, Azərbaycan isə insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdəndir. Əcdadlarımız özünəməxsus zəngin mənəvi irs yaradaraq dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bununla belə, zaman–zaman xalqımızın başı bəlalar çəkib. Zəngin təbii sərvətlərimiz, əlverişli iqlimimiz və strateji mövqeyimiz üzündən daim yadellilərin işğalına məruz qalmışıq. Lakin xalqımız əzab–əziyyətlərə düçar olsa da, həmişə birlik nümayiş etdirmişdir ki, nəticədə XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini qazandı.

Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, eyni zamanda dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açdı. Bir sıra müəlliflər diaspor və lobbi anlayışlarını forma və məzmun baxımından eyni məna, fəaliyyət növü kimi qəbul etsələr də, fikrimizcə bu belə deyil. Onların oxşar və fərqli cəhətləri, biri-biri ilə bağlı tərəfləri olsada tamamilə başqa mahiyyət kəsb edirlər. Diaspor sosial-mədəni xarakter daşıyırsa, lobbi siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Diaspor anlayışının əsas amili hər hansısa bir etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır. Bununla belə başqa xalqlar arasında yaşayan hər hansı bir xalqın müəyyən hissəsinə diaspor demək heç də düzgün olmazdı. Diaspora-milli məişətə, adət-ənənələrə, mədəniyyətə və dilə, milli şüura malik olan, onu qoruyan, inkişaf və təbliğ edən etnik cəmiyyətdir.

Tədqiqatçı Zaur Əliyev bu iki anlayışın fərqini belə xarakterizə edib: Diaspor xüsusi maraqları olan bir qrup kimi siyasi proseslərdə iştirak edir və digər maraq qrupları kimi o da öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi kimi lobbizmdən istifadə edir. Mövcud taktikadan istifadə etdiyi üçün diaspor lobbi qrupu kimi tanınır. Beləliklə, diaspor qrup, lobbizm isə qrupların istifadə etdiyi taktikadır. Lobbi termininə gəldikdə isə son dövrlərdə daha geniş yayılmasına baxmayaraq insanlar bunu tam mənasında dərk etmirlər.

Ekspert Yəhya Babanlı isə qeyd edib ki, lobbiçilik fəaliyyətinin nədən ibarət olduğunu bilmək üçün ilk növbədə “lobbi” sözünün mənasının nə olduğunu bilmək lazımdır. Lobbi sözünün mənası ingilis dilindən tərcümədə “dəhliz, vestibül, holl, üstüörtülü gəzinti meydançası, səhnəarxası” mənasını daşıyır. Lobbi anlayışı 1553-cü ildə İngiltərə monastırlarında “gözətçi meydançası” kimi işlədilirdi. Digər bir mənada lobbiçilik konsepti təşkilatlarımış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi şəxslərə məqsədyönlü təsirini ifadə edir. Başqa sözlə lobbiçilik təkcə bu və ya digər qrupun sosial, siyasi və iqtisadi maraqlarının müdafiəsi olmayıb, əslində formal hakimiyyəti faktiki hakimiyyətlə hesablaşmağa vadar edən bir mexanizmdir, anlayışdır. Əslində sivil qaydada həyata keçirilən lobbiçilik təkcə hər hansı qruplar marağının müdafiəçisi olmayıb, həm də cəmiyyət və hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir. Tarix dönə-dönə sübut edib ki, bu keyfiyyətlərdən məhrum olan xalqlar gec-tez güclü millətlərin təsiri altına düşərək assimilyasiya olunur və öz milli simasını itirir. Sovetlər çağında isə Qərb cəmiyyətində çox geniş yayılmış bu təcrübəni, yəni lobbizmi birtərəfli və təhrif olunmuş şəkildə təqdim edən kitablarda və məqalələrdə insanların şüuruna “Lobbizm korrupsiyanın sinonimidir” kimi sırınmışdır. Bu anlayış hər hansı bir qrupun maraqlarının nəzərə alınması məqsədilə hökumət qurumlarına birbaşa, yaxud dolayı yolla təsiretmə fəaliyyəti kimi adlandırıla bilər. Bu cür adlandırma ümumi mahiyyətli olduğu üçün hər hansı siyası, yaxud ictimai fəaliyyəti bura aid etmək olar.

Y.Babanlı deyib ki, hər hansı bir ölkədə lobbizmin inkişafı və yayılması həmin ölkənin siyasi (diplomatik) və iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə formalaşmış dövlət ənənələri və institutları ilə müəyyən olunur.

Mütəxəssislər tərəfindən lobbiçilik fəaliyyətinin metod və formaları aşağıdakı kimi qruplaşdırılır: 1. Şəxsi mülahizələrin təklif edilməsi; 2. Tədqiqatların nəticələrinin təqdim edilməsi; 3. Parlament komissiyalarındakı müzakirələrlə çıxışlar edilməsi; 4. Nüfuzlu seçicilər vasitəsilə qanunvericiliyə təsir göstərilməsi; 5. Parlamentlərin müəyyən şənliklərə və əyləncələrə dəvət edilməsi; 6. Seçki kompaniyalarına pul xərclənməsi; 7. Seçki kompaniyasının keçirilməsində iştirak; 8. Seçicilər tərəfindən “məktub və teleqram”ların təşkil edilməsi; 9. Təbliğat kompaniyasının təşkili; 10. Birbaşa rüşvət verilməsi; 11. Bir neçə təşkilatın birləşib lobbi təşkil etməsi. Lobbiçiliyin fundamentində təşkilatlanmış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi şəxslərə məqsədyönlü təsir etmək mexanizmi durur. Başqa sözlə, lobbiçilik cəmiyyətin sosial, iqtisadi və siyasi maraqlarının müdafiəçisi olmaqla yanaşı, hakimiyyət nümayəndələrini əməli iş görməyə vadar edən işlək mexanizm anlayışıdır. Məsələyə geniş yanaşdıqda aydın görmək olar ki, sivil lobbizm anlayışı təkcə bir qrupun müdafiəsində yox, bütövlükdə dövlətin, xalqın və hakimiyyətin hüquqlarının tənzimlənməsində müəyyən rola malik sistemdir. Lobbi hər hansısa bir cəmiyyətin keyfiyyət mexanizminin göstəricisidir.

Ekspert xatırladıb ki, Avropada çox geniş yayılan lobbi institutlarının mərkəzi Brüssel hesab olunur. Burada 700-dən artıq dünyanın nüfuzlu təşkilatlarının nümayəndəlikləri fəaliyyət göstərir. Lobbizmin geniş təşəkkül tapdığı yer Amerika Birləşmiş Ştatları, Mərkəzi isə paytaxt Vaşinqton şəhəri sayılır. ABŞ-da lobbistlərin fəaliyyətini tənzimləyən qanunlar içərisindən, 1938-ci “Xarici nümayəndələrin qeydiyyatı haqqında”, 1946 və 1995-ci illərdə “Lobbiçiliyin Açıq Xarakteri haqqında sənədlərin adlarını çəkmək olar. Bu gün ABŞ siyasi sisteminin mühüm qolu olan lobbiçilik fəaliyyəti Qanunverici-İcraedici-Məhkəmə hakimiyyətilə yanaşı digər sahələrdə müxtəlif formalarda aparılır. İri transmilli korporasiyalar, keçmiş və hazırkı konqresmenlər, bankirlər, hüquqşünaslar, siyasi-ictimai xadimlər, qeyrihökumət təşkilatları, fermerlər, iş adamları, etnik diasporlar və digər peşə sahibləri imkanları çərçivəsində lobbi fəaliyyəti ilə məşğul olurlar. Zənnimizcə, lobbiçiliyin əsas məğzi iqtisadi və siyasi maraqların həyata keçirilməsidir. Nəzəri baxışdan lobbiçilik həm iqtisadi, həm də siyasi kommunukasiyanın modeli sayılır. Bu fəaliyyət iqtisadi və siyasi marağın reallaşması istiqamətində aparılan bir kampaniyadır. Hətta elə millətçi təşkilatlar vardır ki, insanları planlı şəkildə lobbi fəaliyyətinin qurulmasına sövq edirlər. Bu həm xarici siyasət kursuna həm də daxildə hər hansısa referendumun kecirilməsi zamanı lazım olan vacib elektoratın dəstəyi və qazanılan səslərin sayı deməkdir. Bu gün dünyada fəaliyyət göstərən lobbi təşkilatları və lobbiçilər fərqli strategiyalardan istifadə edirlər. Yəni, biri öz dövlətinin milli və ya etnik mənafeyi, digəri özünün iqtisadi və ya siyasi marağı əsasında işini qurur. Lobbini işini məsafədən idarəolunan informasiya maşınına bənzətsək yanılmarıq. Belə ki, bunu da yönəldən rəsmi və ya qeyri-rəsmi qurumlar vardır. Burada insan və onun siyasi-iqtisadi marağı işin əsasını təşkil edir. Lobbiçiliyin uğurlu olması üçün daim işlək mexanizm olmalıdır. Yəni istəyinə nail olmaq üçün daim cəhd etmək, hücumda olmaq əsas şərtdir.

Y.Babanlı vurğulayıb ki, diaspor hər hansı bir millətin dünyanın müxtəlif regionlarına səpələnən milli toxumudursa, lobbi səpələnən toxumların cücərən siyasi bəhrəsidir. Əksər lobbistlər siyasi birlik rolunda çıxış etsələr də onların məqsəd və məramında maddi mənafe və siyasi tələb durur. Lobbi təşkilatlarının xüsusi mexanizminin, özünəməxsus üsullarının və qabaqcadan müəyyənləşdirilmiş strateji xəttinin olması vacibdir. Lobbçilərin ən böyük uğurlarından biri maraqlarına uyğun hədəfi düzgün müəyyən etmək bacarığının və onlarla münasibətlərin düzgün qurulmasına nail olunmasıdır. Lobbi mənşə və donor dövlətlərin strateji maraqlarının müəyyənləşdirməli, vahid mövqedən çıxış etməsi üçün işlər aparmalıdır. Şəxsi münasibətləri milli maraqlar istiqamətinə yönəltməyi bacarmalıdır. Məsələn, tarixin müxtəlif dövrlərində xaricə miqrasiya etmiş soydaşlarımız vardır ki, onlar bu gün yaşadıqları dövlətdə yüksək nüfuza və maddi imkana malik şəxslərdir. Həmin insanlar özlərinin ixtisasları, sənət və peşələri, əməli işləri ilə cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Yəni, sosial-mədəni həyatda, elm-təhsil ocaqlarında, iqtisadi-siyasi arenada, hərbi qrumlarda və digər sahələrdə. Bu potensialdan Azərbaycanın təbliğində istifadə edilməsi çox fayda ola bilər. Lobbiçilər təsir dairəsinə görə hərəkət etməyi və bunun vaxtını, formasını müəyyənləşdirməyi bacarmalıdırlar. Lobbi təşkilatlarının əsas məqsədi hakim dairələrdə səs hüququnun qazanılmasıdır. Yəni gündəmə çıxardıqları hər hansı bir məsələnin istər ictimaiyyət, istərsədə dövlət tərəfindən təsdiq olunmasına nail olmaqdır. Bu gün iri biznes lobbistləri birləşərək dövlətin nəzarətində olan və tənzimlənən qiymətləri dəyişə və ya böhran yarada bilirlər. Məsələn, Dünya bazarında neftin qiymətinin iri korporasiyalar tərəfindən hərraclar vasitəsilə tənzimlənməsi bəlkə də hansısa lobbi institutunun iqtisadi maraqlarının qələbə çalmasıdır. O cümlədən, son dövrdə dünyanı cənginə almış maliyyə böhranı mənbəyində lobbi amilinin olması və ya olmaması müəmmalıdır. ABŞ-da lobbizm məsələlərindən danışarkən bir çox tədqiqatçıların “Amerikadan kənarda lobbi fəaliyyəti axtarmaq bir çox aspektdən məntiqsiz görünə bilər” fikri ilə razılaşmaq olmaz. Çünki araşdırmalar göstərir ki, Fransa, Almaniya, Kanada kimi inkişaf etmiş dövlətlərdə iri lobbi təşkilatları mövcuddur və onların fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul olunmuşdur.

Tədqiqatçı qeyd edib ki, hələ 1920-ci ildə San-Remo, 1922-ci ildə London və Genuya, 1923-cü ildə Lozanna konfranslarında iştirak edən azərbaycanlılar Azərbaycanın milli-siyasi mənafeyini müdafiə etməklə lobbiçiliyin əsasını qoymuşlar. Avropada, xüsusilə Türkiyədə aktiv siyasi işlə məşğul olan Azərbaycan diasporunun əsas silahı mətbuat idi. Lakin bu lobbiçilik qanunla tənzimlənməmiş, hüquqi status almamışdır. 1991-ci ildən sonra lobbimizin inkişafında dərin boşluq var idi. Həmin illərin siyasi savadsızlığından istifadə edən erməni lobbisi 1992-ci ilin oktyabrın 24-də ABŞ Konqresinin 102-ci sessiyasının Azərbaycanın əleyhinə 907-ci əlavənin qəbul edilməsinə nail olmuşdu. O, dövrdə ölkə prezidenti Corc Buşun Senatın ona təqdim etdiyi “FreedomSupport ACT-S 2532, P.L. 102- SN 23 saylı” qanun layihəsini tərəddüd etmədən imzalanması Azərbaycan lobbisinin zəifliyinin nəticəsi idi. Bu gün də cəmiyyətdə böyük rezonans doğuran və münasibətlərə böyük təsir qüvvəsi olan 907-ci əlavənin qüvvədə qalması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin müharibə şəraitində olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz tarixi-etnik torpaqlarından didərgin düşməsi və bu kimi neqativ hallar Qərbdə ölkənin dəstəklənməsi işində boşluq yaratdı. 1993-cü ildən başlanan məlum siyasi hadisələri, hakimiyyət dəyişikliyi, atəşkəs imzalanması, hərbi əməliyyatların dayandırılması, diplomatik münasibətlərə yer verilməsi və s. hadisələr ciddi nöqsanların aradan qaldırılmasına şərait yaratdı. Bu proseslər azərbaycanlıların birliyi və həmrəyliyinə, yeni mərhələdə formalaşan və inkişaf edən Azərbaycan diasporunun fonunda isə lobbi işinə də öz töhfəsini verdi.

Tədqiqatçı bildirib ki, ABŞ-da və digər ölkələrdə Azərbaycan diasporunun inkişafı və lobbisinin formalaşması prosesinin əsası Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra başladı. Məhz bu dövrdən başlayaraq diasporun təşkilatlanması və institutlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. XX əsrin sonları Azərbaycan tarixinin elə bir dövrü idi ki, artıq Azərbaycan neft ehtiyatları ilə dünyanın inkişaf etmiş dövlətlərinin, daha çox Qərbin və ABŞ-ın diqqətini çəkirdi. Xəzər neftinin əhəmiyyətinin artması Azərbaycanın regionda geosiyasi cəhətdən nüfuzunun yüksəlməsinə təsir etdi. Xüsusilə, 1994-cii ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” bu prosesləri gücləndirdi. Bir sözlə, müstəqil Azərbaycan Respublikasının nüfuzunun güclənməsi Azərbaycan diasporunun fəallaşmasına və onların lobbiçilik fəaliyyətinə qoşulmasında mühüm rol oynadı. Dünyada gücü və nüfuzu ilə seçilən yəhudi lobbisinin Azərbaycan maraqlarını müdafiə etməsi erməni lobbisinin və diasporunun neytrallaşdırılması işində böyük əhəmiyyət kəsb etdi. Türk, yəhudi lobbisindən dəstək alan Azərbaycanın yeni formalaşan lobbisi bəzi məsələlərdə uğurlar əldə etməyə başladı. 2000-ci il sentyabrın 8-də ABŞ-da səfərdə olan prezident Heydər Əliyevin Amerikanın nüfuzlu yəhudi təşkilatları, Yəhudi Komitəsi, Prezidentlər Konfransının, Yəhudi Konqresinin, Sovet Yəhudiləri Komitəsinin rəhbərləri ilə görüşü də Azərbaycan lobbisinin formalaşmasında və siyasi imicinin yüksəlməsində böyük əhəmiyyət kəsb etdi. 2003-cü ildə mart ayının 17-də Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan lobbisinin Dağlıq Qarabağ münaqişəsi və Bakı-Tbilisi-Ceyhan enerji dəhlizi və digər məsələlərlə bağlı keçirdiyi tədbirlər böyük tarixi uğur kimi qiymətləndirilə bilər. Bu tədbirin ardınca Böyük Britaniya parlamentində “Xocalı soyqırımı” ilə əlaqəli sənədin qəbul olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı.

Y.Babanlı əlavə edib ki, son dövrlər baş verən proseslər, ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycan amilinin prioritet təşkil etməsi, Azərbaycan diasporu və lobbisinin rəsmi şəkildə fəaliyyətində geniş imkanlar açmaqla yanaşı, eyni zamanda, Azərbaycanın neft lobbisinin formalaşmasına gətirib çıxarmışdır. Bu da xüsusi əhəmiyyətə kəsb etməklə diqqət mərkəzindədir. Heydər Əliyevin milli meyarlara və bəşəri dəyərlərə əsaslanan dövlətçilik siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikası keçmiş SSRİ məkanında geosiyasi və geoiqtisadi qüdrətə malik dövlətə çevrilmişdir. Məhz bu ideya dünyada yaşayan Azərbaycan toplumunu bir araya gətirməyə müvəffəq olunmuşdur. Bakı şəhəri Azərbaycanın deyil, dünyanın beş qitəsinin paytaxtına çevrilmiş və Cənubi Qafqaz regionunun mərkəzi statusunu qazanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində lobbiçiliyə verdiyi böyük önəmi belə ifadə edib: “Ümumazərbaycan məsələləri ilə bağlı təsirli addımlar atılmalı, aparıcı ölkələrdə güclü Azərbaycan lobbisi formalaşdırılmalıdır. Dost icmalar və lobbi təşkilatları ilə səmərəli əməkdaşlıq qurulmalı, diaspor quruculuğu sahəsində onların müsbət təcrübəsindən istifadə olunmalıdır”.

Tədqiqatçı bildirib ki, hal-hazırda da Azərbaycan lobbisi öz səmərəli işi ilə ölkə hüdudlarından kənarda milli simamızı əks etdirir. Bu sahədə ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız tərəfindən müəyyən nailiyyətlər əldə edilsə də, bunu qənaətbəxş hesab etmək olmaz. Lakin son illər yəhudi, türk və digər diaspor və lobbilərlə, onların təşkilatları ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etmək, onların köməyindən istifadə edərək təcrübə toplamaq və qarşıya qoyulan məqsədləri reallaşdırmaq artıq nəzəriyyədən praktikaya keçidin göstəricisidir. Bu gün artıq formalaşmış Azərbaycan diasporunun imkanlarından geniş istifadə edilərək məqsədyönlü lobbi fəaliyyətinin inkişaf etdirilməsi və lobbi institutlarının yaradılması dövrün vacib tələblərindən biri hesab olunur. Lobbiçiliyin fəaliyyət istiqamətinə gəldikdə isə birmənalı şəkildə qeyd olunmalıdır ki, bu fəaliyyət həm milli maraqların qorunmasına, həm də qloballaşan dünyanın təhlükəsizliyinə xidmət etməlidir. Sadalanan fikirlərdən belə nəticəyə gəlmək olar ki, diasporun və lobbinin əsas missiyası yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrin adət-ənənələrinə, qayda-qanunlarına riayət etməklə, milli özünəməxsusluğunu qoruyub saxlamaqdan, milli xüsusiyyətlərini təbliğ etməkdən, milli birliyinin təminatında durmaqdan ibarət olmalıdır. Həmçinin, bu fəaliyyətlər xalqlar arasında sosial-mədəni əlaqələrin yaranmasında və dövlətlərarası siyasi-iqtisadi əməkdaşlığın inkişafında körpü rolunu oynamalıdır.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?