• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Prokurorluq və TƏBİB "orqan mafiyası" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

17:09 20/02/20 | Sosial

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstə tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ailə üzvlərinin icazəsi olmadan ölən şəxsin meyitinin daxili orqanlarının satış məqsədi ilə çıxarılması üçün əməliyyat olunmasına dair əsassız məlumatlar yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Baş Prokurorluğun Mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunur ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, cari il fevralın 13-də saat 11 radələrində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Hüseyn Mirzəyevin hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətlərlə “qapalı kəllə-beyin travması, daxili qanaxma” diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına daxil olması və həmin gün saat 15 radələrində orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hüseyn Mirzəyevin meyiti “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biləsuvar rayon şöbəsinin təşrih otağında məhkəmə-tibb eksperti tərəfindən prokurorluq və polis əməkdaşlarının, eləcə də mərhumun ailə üzvlərinin iştirakı ilə xarici və daxili müayinə olunub. 

Meyit daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilib, mərhum rayonun Bəydili kənd qəbiristanlığında dəfn olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?