• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

HƏQİQƏTİN YALAN ÜZƏRİNDƏ MÖHTƏŞƏM QƏLƏBƏSİ

00:00 21/02/20 | Siyasət

Prezident İlham Əliyev: Erməni xalq öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

UKRAYNADA YAŞAYAN AZƏRBAYCANLILAR PREZİDENTİN ALMANİYA SƏFƏRİNDƏN MƏMNUN QALDILAR

2020-ci il fevralın15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyada səfər edib və 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak edib. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr zamanı erməni lideri pis vəziyyətə düşərək bir neçə yalanlar uydurub. Həmin yalanların Azərbaycan Respublikasının prezidenti tərəfindən alt-üst edilməsi zamanı dövlət başçımızın yüksək intellektual düşüncə, güclü məntiqi, dərin yaddaş, ingilis dilində dəqiq və sərbəst şəkildə öz fikrini auditoriyaya çatdırmaq bacarığı ilə Ermənistanın Baş naziri Nikol Paşinyandan qat-qat yüksəkdə duran bir şəxsiyyət və dövlət xadimi olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Debatın gedişində dövlət başçımızın diplomatik məharəti, dərin tarixi biliyi və siyasi təcrübəsi də özünü aydın şəkildə göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış fürsətdən tam şəkildə istifadə edib Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələrin əsl mahiyyətini bütün reallıqları ilə dünya ictimaiyyətinə bir daha çatdırmışdır. Bu diplomatik və siyasi səhnədə əldə edilən qələbə bütün Azərbaycan xalqını və xaricdə yaşayan dünya azərbaycanlılarını məmnun etmişdir. Biz mövzu ilə əlaqədar biz diaspor fəaliyyəti ilə məşğul olan ekspert İsmayıl Ağayev və Ukraynada yaşayan və fəaliyyət göstərən bəzi Azərbaycan təşkilatlarının rəhbərlərinə müraciət etdik. İlk öncə “Beynəlxalq Diaspor Mərkəzi”nin sədri İsmayıl Ağayev görüş zamanı Nikol Paşinyanın söylədiklərinin başdan-ayağa yalan və cəfəngiat olduğunu, prezident İlham Əliyev tərəfindən Paşinyana tarix və hüquq dərsi keçirildiyini bildirdi. O qeyd edib ki, Ermənistanın Baş naziri bir neçə təzə yalan uydurub beynəlxalq ictimaiyyəti aldatmaq istədi:1-ci yalan-Dağlıq Qarabağın, regionun tarixi ilə bağlı idi. N.Paşinyan deyir: ”Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və budan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi. Bu, bir nov Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi idi. Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib”. Görün erməni həyasızlığı hansı səviyyəyə gəlib çatıb ki,belə sözlər danışırlar.Bəlkə 1805-ci ildə hansısa erməni dığası Qarabağın Rusiyaya ilhaq edlməsi barədə sənədə qol çəkib. Azərbaycan prezidenti İlham Əliyev tutarlı faktlarla Paşinyanın bütün fikirlərini alt-üst edərək belə deyib:”Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır.

Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir”.

Həmin debat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan qədim türk-oğuz yurdu Naxçıvan haqqında da söz açaraq ən qədim Azərbaycan diyarı olan Naxçıvan haqqında da yalan uyduraraq auditoriyanı aldatmağa cəhd edib. XIX əsrin əvvəllərində imzalanmış Türkmənçay müqaviləsindən sonra Naxçıvana köçürülmüş ermənilərin oradan qovulmasından söz açıb. Lakin tarixi biliyinin az olmasından, və yaxud riyakarlıq edərək yalan danışmasından irəli gələrək Paşinyan Çar Rusiyasının məqsədli şəkildə Naxçıvana göndərib kitab yazdırdığı V.Qriqoryevin 1829-cu ildə Sankt-Peterburqda çap olunmuş “Naxçıvan vilayətinin statistic təsviri” adlı əsərində yazılanlardan bixəbər kimi özünü göstərib. Həmin əsərdə müəllif ermənilərin Naxşıvana köçürülməsi və yerləşdirilməsindən doğan çətinliklərdən geniş bəhs etmişdir. Lakin Naxçıvana küçürülmüş ermənilər buradakı yerli azərbaycanlı əhalisinə inteqrasiya oluna bilmədikləri üçün XXəsrin II yarsından başlayaraq Ermənistana köçməyə məcbur qalmışlar.Nikol Paşinyan isə bu faktı ermənilərin Naxçıvandan qovulması kimi qələmə vermək istəyib.Bütün dünya bilir ki,Naxçıvanda “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapmış 50-dən çox Azərbaycan toponimi vardır. Aparılan arxeoloji qazıntılar, zəngin folklor materialları Naxçıvanın ən qədim Azərbaycan diyarı olduğunu təsdiq edir. Azərbaycan prezidentinin söylədiyi tarixi faktlar nəticəsində Ermənistan rəhbəri aciz və çıxılmaz duruma düşdü.

-Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq neçənci dəfədir ki, Ermənistan rəhbərlərini öz diplomatik-siyasi və tarixi biliyi,sərrast nəntiqi,cəsarəti sayəsində məğlub edib əsl həqiqəti dünya ictimaiyyətinə çatdırır. 2014-cü ildə Praqada “Sülh tərəfdaşlığı” proqramının 5 illiyi münasibəti ilə keçirilən sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı məğlub vəziyyətə salmışdı. Həmin sammitdə Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar yağdırarkən prezident İlham Əliyev sinəsini irəli verərək belə demişdi: ”Bu gün Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”.

Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyev çox tutarlı arqumentlərlə Serj Sarkisyanın yalançı və qondarma “erməni soyqırımı” iddialarını puç elədi. Eyni şəkildə də 15 fevral Münhen sammitində Paşinyan Daölıq Qarabağ münaqişəsinin başvermə səbəblərini saxtalaşdırmaq istədi. O deyir:-Biz ərazi bütövlüyündən danışan zaman qərar verməliyik ki, biz hansı ölkənin ərazi bütövlüyü barədə danışırıq. Mənim sualım bundan ibarətdir. Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycanın Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib. Siz indi deyə bilərsiniz ki, mən hazırda mövcud olmayan ölkə - Sovet İttifaqı barədə danışıram. Lakin Dağlıq

Qarabağın da tərkibində olduğu Sovet Respublikası da mövcud deyil. Azərbaycan Sovet Sosial Respublikası da mövcud deyil. Bu, həqiqətdir. Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etdiyi kimi, eyni yolla Qarabağ həm Sovet İttifaqından, həm də Sovet Azərbaycanından müstəqilliyini əldə edib”.

Göründüyü kimi Paşinyan beynəlxalq hüquqdan tam xəbərsiz danışır.O hələ də anlamır ki, Azərbaycan Respublikasının SSRİ tərkibindən çıxmaq hüququ SSRİ Konstitusiyasında var idi. Lakin Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibindən çıxmaq hüququ və səlahiyyəti yox idi. Yeri gəlmişkən, Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərən "Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" fikri barədə millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev öz müsahibəsində bu məsələyə aydınlıq gətirərək bildirib ki, SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi. 1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi.

Hikmət Cavadov qeyd edib ki, bu haqda beynəlxalq hüquqda da heç nə deyilməyib. keçmiş SSRİ rəhbəri M.S.Qorbaçovun xəyanəti, o vaxtkı Ə.R.Vəzirov, A.Mütəllibov və başqa Azərbaycan rəhbərlərinin satqınlığı və maymaqlığı üçbatından ermənilər Dağlıq Qarabağı 1988-1991-ci illərdə işğal etdilər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, 2020-ci il fevralında Ukrayna Parlamentinin Xarici Əlaqələr Komitəsində Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Xocalı soyqırımının tanınması məsələsinə baxılacaq. Artıq Ali Radanın komitəsində UABD-sədri Hikmət Cavadovun təşəbbüsü ilə Azərbaycan-Ukrayna Parlamentarası dostluq qrupu və Ali Radanın Xarici Əlaqələr Komitəsinin üzvləri arasında Xocalı soyqırımı məsələsi ilkin olaraq müzakirə edilib.

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri olan Elmar Məmmədov Paşinyanın Xocalı soyqırımını törədilməsi ilə bağlı yalanına diqqət yetirilməsinin vacib olduğunu bildirdi. E.Məmmədov Paşinyanın söylədiyi bu yalana da münasibət bildirib: N. Paşinyan deyir: ”Xocalıya gəlincə isə, 1990-cı illərin ortasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyanın "Arqumentı i Faktı” qəzetinə müsahibə verib. Həmin müsahibədə deyir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunub. Əslində bu, baş verib. Çünki bu hadisə nəticəsində Ayaz Mütəllibov Azərbaycan prezidenti vəzifəsindən devrildi”. Bəli, o fikir doğrudur ki, Ayaz Mütəllibov Xocalı hadisəsinə görə devrildi. Lakin Ayaz Mütəllibov bir prezident kimi öz xalqının təhlükəsizliyini qoruya bilmədiyi üçün Xocalı soyqırımından sonra hakimiyyətdən qovuldu. Əgər rəhmətlik Çingiz Mustafayev şəhid olan insanları vaxtında çəkib göstərməsəydi, dünya ictimaiyyəti Xocalı soyqırımının baş verməsindən vaxtında yox, xeyli gec xəbər tutacaqdı.Lakin yaxşı olardı ki, Paşinyan günahı Ayaz Mütəllibovun və ya Xalq Cəbhəsinin üstünə atmaqdansa,Köçəryandan, Sarkisyandan, hansıların ki, əli Xocalıda vədigər rayonların işğalında günahsız azərbaycanlıların qanına batmışdı, onların adlarını çəkəydi.Akademik Rəfael Hüseynov “Millətin iftixarı” haqqında məqaləsində yazır:” Vaxtilə Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Avropa Şurası Parlament Assambleyasında çıxış edərkən xatırlatmışdım ki, Karnegi Fondunun Proqram direktoru Tomas de Vaalın 2003-cü ildə Nyu Yorkda nəşr edilmiş kitabında sizin ona verdiyiniz müsahibə əksini tapıb və orada söyləyirsiniz ki, Xocalıda törədilən qırğında bilavasitə iştirak etmisiniz, etiraf edirsiniz ki, azərbaycanlılar Xocalıya qədər elə zənn edirmişlər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır, bu düşüncəni dəyişmək lazım idi və biz də etdik. Sual vermişdim ki, artıq soyqırımı kimi rəsmən tanınmış Xocalı qətliamında iştirakınıza görə peşmanlıq hissi keçirirsinizmi? İfrat arsızlıqla, bütün Avropa Şurasına meydan oxuyaraq demişdi ki, mən bununla fəxr edirəm.(Bax:”525-ci qəzet”,19 fevral 2020-ci il,№19(5400) -səh.6-8). Təəssüflər olsun ki, Paşinyan bu faktı ya bilmir, ya da qəsdən izi azdırıb günahı Azərbaycan tərəfinin boynuna atır.

Müslüm Maqomayev adına “Azərbaycan Mədəniyyət Mərkəzi”-nin sədri Qurbanəli Abbasov bildirib ki, Paşinyan BMT TŞ qətnamələrinin mənasını və məğzini təhrif etmək istədi: Paşinyan Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz boşaltmalarını tələb edən BMT TŞ-nın qətnamələrinin də əsl mahiyyətini təhrif edir. O deyir:”BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə. Bu sənədlərin ümumi mənası nə olub? Bu sənədlərin ümumi mənası hər cür zorakılığın qarşısını almaq və hərbi əməliyyatların dayandırılması məqsədilə qeyd-şərtsiz və dərhal atəşkəs elan edilməsindən ibarət olub. Biz BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinə baxdıqda görərik ki, orada yazılıb ki, Azərbaycan atəşkəsi pozub və nəticədə torpaqlarını itirib. Hər şeydən öncə Təhlükəsizlik Şurası qətnaməsinin şərtlərinə əməl etməyən Azərbaycan özü idi. Bunu bəyan etmək çox vacibdir. Lakin bilirsiniz, mən Azərbaycan və Ermənistan liderləri üçün hər dəfə eyni şeyləri təkrar etməyin yaxşı yol olduğunu düşünmürəm. Lakin təəssüf ki, son 25, hətta 30 il ərzində biz hər dəfə eyni şeyləri təkrar edirik. Qorxuram ki, beynəlxalq ictimaiyyət müəyyən mənada eyni şeyləri eşitməkdən artıq yorula”. Göründüyü kimi, erməni xisləti burada da özünü biruzə verir.

“Lvov Azərbaycanlıları Diasporu”-nun sədr müavini Kamaləddin Ağayev bildirib ki, Paşinyan özünün mikroinqilablar etməklə yenilik gətirdiyini söyləməklə işğal planlarını ört-basdır etmək istədi. Görün Paşinyan nə deyir:”Düşünürəm ki, biz yeni ideyalar gətirməliyik. Demək istəyirəm ki, mən qeyri-zorakı "Məxməri xalq inqilabı” vasitəsilə Ermənistanın baş naziri olanda anladım ki, 30 ildir davam edən münaqişəni bir və ya iki addımla həll etmək mümkün deyil. Mən düşündüm ki, bu problemin həlli üçün bizim inqilablara ehtiyacımız var. Mən mikroinqilab proseslərinə başladım və növbəti çıxışım zamanı siz mənə sözü verdikdə mən sizə mənim təşəbbüskarı olduğum Dağlıq Qarabağ danışıqları prosesində mikroinqilabların rolu barədə danışacağam”. Paşinyanın inqilabı nə ola,nə olmaya, sən demə bu ilk Ermənistan dövlət bağçısıdır ki, deyib ki, bu münaqişənin həlli zamanı elə etmək lazımdır ki,nə Ermənistanın,Nə Azərbaycanın, nə də Dağlıq Qarabağ əhalisinin mənafeyi tapdalanmasın.Erməni hiyləgərliyi burada daha qabarıq hiss olunur, hələ buna da inqilab deyir.

”Dnepropetrovsk Azərbaycan məktəbi”-nin müəllimi Könül Məmmədova hazırkı dövrdə erməni vandalizmini ört-basdır etmək çəhdlərinə münasibət bildirərək deyib: Azərbaycan prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi,1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər.Lakin bütün bunları ört-basdır edərək Paşinyan Almaniyada özünü sülhsevər bir lider kimi qələmə verir.

”Dnepropetrovsk Azərbaycanlıları Liqası”-nın sədri Sərxoş İsmayılov bildirib ki, sülh prosesinin əldə olunması üçün Paşinyan tərəfindən deyilən yalanlar gülməli idi.Paşinyanın bu münaqişənin sülh yolu ilə həllinə dair baxışları ziddiyyətlidir. Paşinyan deyir: Beynəlxalq ictimaiyyətin edə biləcəyi çox konkret bir məqam var. Bir məsələ aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Beynəlxalq ictimaiyyət bunu güclü və aydın şəkildə bəyan etməlidir. Əgər kimsə əksini düşünürsə, deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür, güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xalqları cavab verərdi. Bu halda, biz deyə bilərik ki, münaqişə artıq həll edilib”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Paşinyanın bu haqda söylədiyi fikirlərə görə layiqli cavabını verib. O deyib:”biz beynəlxalq ictimaiyyətdən danışan zaman, əsasən, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, - onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyr-qanuni qurumu tanımır. Bu, birincisidir. İkincisi, düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. İlham Əliyev bir daha vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın.

Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov Münaqişənin tərəfləri ilə bağlı Paşinyanın uydurduğu yalanlara münasibət bildirib. O deyib ki, Paşinyan bu münaqişənin 3 tərəfi olduğunu deyir: Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ. Lakin Azərbaycan prezidenti İlham Əliyev isə onun cavabını verərək bildirib ki, münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Paşinyan yeni yalanlar uydurarq deyib ki, ”Prezident Əliyev Dağlıq Qarabağın nümayəndələri ilə danışmaqdan imtina edir. Bu, çox qəribə faktdır. Dağlıq Qarabağın nümayəndələri ilə danışmadan Dağlıq Qarabağ münaqişəsini necə həll etmək mümkündür? Paşinyan daha sonra bu haqda yeni arqument gətirmək istəyib: Yeri gəlmişkən, Dağlıq Qarabağ ATƏT tərəfindən münaqişə tərəfi, danışıqlar tərəfi kimi tanınıb. Bu, iki dəfə - 1992-ci il martın 24-də və 1994-cü il ATƏT-in Budapeştdəki sammitində baş verib”. Lakin Prezident Əliyev çox doğru olaraq deyir ki, Dağlıq Qarabağ danışıqların və münaqişənin tərəfi deyil. Paşinyan orada belə bir yalan ifadə işlədib ki, Azərbaycan iki dəfə Dağlıq Qarabağla razılaşma imzalayıb. Birincisi, 1994-cü ildə oldu. Bu, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında atəşkəs sazişi idi. Müdafiə nazirləri onu imzaladılar. Üç aydan sonra, 1994-cü ilin iyulunda onlar təsdiqlədilər ki, atəşkəs münaqişənin siyasi həllinə qədər qorunub saxlanılacaq”.” Çox sevindirici haldır ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Paşinyanın bütün arqumentlərini alt-üst edib.”-deyə o bildirib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyəti üzvləri sədr müavini, Dnepropetrovsk üzrə birləşmiş konqresin sədri Nəcəf Əhmədov, Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq cəmiyyətinin sədri, texnika elmləri doktoru, Xarkov Milli Radioelektron Universitetinin prorektoru Murad Ömərov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, Dnepropetrovskdakı Azərbaycan məktəbinin müəllimi Könül Məmmədova, Ukrayna xalq rəssamı, heykəltəraş Katib Məmmədov, Lvov Azərbaycanlıları Diasporunun sədr müavini Kamaləddin Ağayev, Müslüm Maqomayev adına “Azərbaycan Mədəniyyət Mərkəzi”-nin sədri Qurbanəli Abbasov və başqaları bildiriblər ki, Paşinyanın dediyi ” Dediyim kimi, biz də danışıqlar prosesinə, sülh prosesinə sadiqik. Düşünürəm ki, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında aparılmalıdır. Biz çox intensiv şəkildə işləyirik. Qeyd etdiyim kimi, biz real dəyişiklik etmək və münaqişənin həllinə çatmaq üçün real səylər göstərməyə hazırıq”-fikirlərinin başdan -ayağa yalan olduğunu bildiriblər. Onların fikrincə, Paşinyanın orada “bu gün, danışıqlar gedən vaxtı Qazaxda Ermənistan və Azərbaycan sərhədində erməni əsgər Azərbaycan snayperləri tərəfindən yaralanıb”-məlumatı ilə oradakıları aldatmaq istəsə də buna nail ola bilmədi. Çünki Azərbaycan prezidenti İlham Əliyev ondan xeyli əvvəl həmin görüşdə vurğulamışdı ki, Ermənistan tərəfdən hər gün atəçkəs pozulur. Paşinyanın atəşkəsə əməl etməsi ilə bağlı dedikləri fikirlər “bu gün baş verənlə, təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi ilə necə uzlaşır?”-deyə sual etmişdi. Ukraynada yaşayan və fəaliyyət göstərən diaspor rəhbərləri Azərbaycan prezidentinin bu qələbəsindən qurur duyduqlarını bildirərək İlham Əliyev həmin görüş zamanı söylədiyi fikirləri bəyəndiklərini və müdafiə etdiklərini bəyan ediblər. Diaspora rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevin bir daha bəyan etmişdir ki, “beynəlxalq ictimaiyyət Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır” və “İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın”-fikrini də yüksək qiymətləndiriblər

İLKİN ƏLİYEV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?