• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edir

11:00 25/02/20 | Diaspora

Artıq diasporlarımızın formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyulub

Ermənilərin Xocalıda həyata keçirdikləri insanlıq əleyhinə cinayətdən 28 il keçir. Ötən 28 il ərzində Azərbaycan dövlətinin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlər müəyyən mənada öz müsbət nəticəsini göstərib desək yanılmarıq. Artıq bir sıra ölkələrin parlamentləri, digər rəsmi dairələri Xocalıda törədilən vəhşiliyi soyqırım kimi tanıyıb, yaxud bu soyqırımı pisləyən bəyanatlar verib, qərarlar qəbul edib.

Bu günlərdə eyni tendensiya Ukraynada müşahidə edilməkdədir. Belə ki, bu günlərdə Ukrayna Radasında Xocalı soyqırımı ilə bağlı məsələnin müzakirə ediləcəyi və müvafiq qərarın qəbul olunacağı gözlənilir. Bəs görəsən erməni lobbisinin də müəyyən mənada güclü olduğu Ukraynada belə bir qərarın qəbul edilməsinə nə dərəcədə nail olacağıq?

Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, sözügedən məsələ gündəmə gələr-gəlməz Ukraynadakı erməni lobbisi bir qədər aktiv fəaliyyətə keçib. Onun sözlərinə görə, artıq Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynada sürətlənib: "Ukraynadan bir gün fərqi ilə gələn iki xəbər bundan xəbər verir. Birinci xəbər bundan ibarət idi ki, Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi xəbəri yayıldı. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər. Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi. İkinci xəbər isə belədir. Ukrayna Ali Radasında xanım deputat Darya Volodinanın "erməni soyqırımı qurbanlarının anılması" ilə bağlı qanun layihəsi də qeydə alınıb. Maraqlıdır ki, Darya Volodina prezident Vladimir Zelenskinin rəhbəri olduğu "Xalqın qulluqçusu" partiyasının üzvüdür. O, parlamentdə maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxli olmayan komitənin üzvü nədən "erməni soyqırımı" mövzusuna maraq göstərir?".

Politoloq hesab edir ki, Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılmasıyla eyni gündə "erməni soyqırımı" məsələsinin də qabardılması təsadüfi deyil: "Bu Ukraynada azərbaycanılarla erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni diasporunun arxası daha güclüdür. Ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski vəzifəsindən uzaqlaşdıra bilmir. Təsadüfi deyil ki, Ukrayna parlamentində 10 ildə 4 dəfə "erməni soyqırımı"nı qəbul etdirməyə çalışan qrupun arxasında məhz Arsen Avakov dayanıb. Bu dəfəki erməni təşəbbüsünün arxasında da onun dayandığına dair şübhələr var. Nə olsun ki, təklifi irəli sürən deputat Zelenskinin partiyasındandır. Arsen Avakovun qrupu "soyqırım" təklifinin məhz hakim partiyadan irəli sürməsiylə izi itirməyə çalışıb. Yəni guya bu məsələdə onun əli yoxdur. Sevindirici hal odur ki, Ukrayna parlamenti "erməni soyqırımı" qətnaməsini heç müzakirəyə belə çıxarmadı. Rada eyni təşəbbüsləri 2013, 2015 və 2019-cu illərdə də rədd etmişdi. Çünki rəsmi Kiyev adi məntiqdən çıxış edir. Ukraynanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Həm Bakı, həm də Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan isə BMT-dəki səsvermələrdə Krımın Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Kiyev İrəvanın Ukrayna torpaqlarını zəbt edən Rusiyanın vassallığı olduğuna şübhə etmir. Elə buna görə də Vladimir Zelenski bölgə ölkələrindən yalnız Azərbaycana və Türkiyəyə səfər etməyi lazım bildi".

E.Şahinoğlu deyib ki, "erməni soyqırımı" qətnaməsinin Ukrayna parlamentində bu dəfə də qəbul edilməyəcəyini ermənilər yaxşı bilirdilər. Sadəcə, onların bu hiyləgərliyinin arxasında Ukrayna parlamentinin Xocalı soyqırımını tanımasını əngəlləmə istəyi dayanırdı: "Yəni ermənilər Rada rəhbərliyinə demək istəyirlər ki, "əgər erməni soyqırımını tanımırsınızsa, onda Xocalı soyqrımını da tanımayın". Ukrayna parlamentində "erməni soyqırımı" təşəbbüsünün Xocalı soyqırımının tanınması təşəbbüsündən bir gün sonra qəfil peyda olması da bundan xəbər verirdi. Nə qədər ki, Arsen Avakov Ukraynanın daxili işlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək. Vladimir Zelenskinin və onun tərəfdarlarının Arsen Avakova ən layiqli cavabı Radanın Xocalı soyqırımını tanıması olar".

Bəli söhbət Ukraynadakı azərbaycanlılardan düşmüşkən, burada artıq birlik və həmrəylik istiqamətində ciddi addımlar atılmaqdadır. Bu birlik isə qısa zaman kəsiyində qeyd etdiyimiz kimi Xocalı soyqırımının tanıdılması məsələsində də öz bəhrəsini verməkdədir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da deyilənləri təsdiqləyib. Onun sözlərinə görə, dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə, buna əməl edilməlidir: «Bu gün Ukraynada onlarla Azərbaycan diaspor təşkilatı var. Etiraf edək ki, onların bir çoxu kağız üzərindədir. Lakin bir çox təşkilatlar da var ki, imkanları daxilində fəaliyyət göstəririrlər. Təəssüf ki, aktiv fəaliyyət göstərən təşkilatların sayı bizim arzu etdiyimiz səviyyədə deyil. Bu nöqteyi-nəzərdən daha çox onun tərəfdarıyam ki, biz keçmişdə nəyin baş verdiyini deyil, gələcəkdə dövlətimiz və millətimiz adına daha yaxşı nələri edə biləcəyimiz haqqında düşünməliyik».  

Diaspor sədri qeyd edib ki, birləşmək ideyası artıq zərurətə çevrilib: «Etiraf edim ki, biz heç vaxt birləşmək məsələsini gündəmə gətirməmişdik. Daha doğrusu, bu barədə təklif nə bizdən, nə də Bakıdan irəli sürülməmişdi. Digərlərinə nisbətən daha aktiv fəaliyyət göstərən üç təşkilat - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Kiyev Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ayrı-ayrılıqda tədbirlər keçirir, təkbaşına fəaliyyət göstərirdilər. Birləşmək ideyası Cənab Prezidentin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Fuad Muradovu təyin etməsi ilə başladı. Qısa zaman ərzində digər ölkələrdə olduğu kimi Ukraynada da fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiya məsələsi gündəmə gəldi. Komitə rəhbərliyində təmsil olunan şəxslər bir neçə dəfə Kiyevdə oldular, mən və digər diaspor təşkilatlarının sədrləri ilə görüşlər keçirildi. Şəxsən mən bütün görüşlərdə Komitənin bu prosesə çox ciddi yanaşdığının şahidi oldum. Və beləliklə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun 17-19 iyul 2018-ci il tarixdə Kiyevə səfəri zamanı məhz onun rəhbərliyi ilə bir araya gəldik. Ədalət naminə qeyd edim ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatlarının birləşmək ideyasının müəllifi məhz Fuad Muradov oldu. Əlbəttə, istər Bakıda, istərsə də Ukraynada, xüsusən də mətbuatda hamı bizə “niyə birləşmirsiniz?” deyə sual edir, bəzən haqlı olaraq tənqid hədəfinə də tuş gəlirdik. Onlarla tamamilə razıyam, amma yenə də israrla qeyd edirəm, bu nə Hikmət Cavadovdan, nə Rövşən Tağıyevdən, nə Oleq Krapivindən, nə də digər dostlarımızdan asılı deyildi. Bu ideyanı reallaşdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi aylardır iş aparırdı».   

H.Cavadov bildirib ki, “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması aparılan müzakirələrin müsbət nəticəsi idi: «Ukraynada Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrup artıq bu istiqamətdə işlərini yekunlaşdırdı. Kiyev şəhərində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısını keçirdik. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr apardıq. Müzakirələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin bu işlə əlaqəli məsul şəxsi də iştirak edirdi». 

Diaspor rəsmisi qeyd edib ki, sonrakı fəaliyyət ilk növbədə birgə addımlamaqdan ibarət olacaq: «Rada elə bu məqsəd üçün yaradılıb. İlk növbədə Azərbaycanla bağlı tədbirlərin birgə keçirilməsinin daha səmərəli və faydalı nəticələr verəcəyi qənaətindəyik. Hamı kimi biz də düşünürük ki, diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyəti günün tələbidir. Çalışacağıq ki, Prezident İlham Əliyevin diaspor quruculuğu istiqamətində fəaliyyətinə dəstək verək. Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin tövsiyələri var. Bu tövsiyələr birgə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə hesablanıb. Nəticədə daha səmərəli mexanizmlər işlənib hazırlanacaq, Ukraynadakı Azərbaycan diasporunun inkişafında ümumi mövqeyin formalaşması prosesi sürətlənəcək».  

H.Cavadov qeyd edib ki, bütün təşkilatlar bu işə könüllü razılıq verib, heç kimin qarşısında hansısa tələb qoyulmayıb: «Hər bir təşkilat birləşmə ideyasının tezliklə reallaşması üçün əlindən gələni edir. Bizim geriyə yolumuz yoxdur, dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə, biz də buna əməl etməliyik. Əslində dövlətin yeni diaspor siyasəti bizim işimizi asanlaşdırır, yükümüzü və məsuliyyətimizi paylaşır. Bunun nəyi pisdir ki? Əlbəttə, gələcəkdə fikir ayrılıqlarını da istisna etmirəm. Biz robot deyilik, insanıq, səhvlərimiz, düzlərimizlə yola davam edəcəyimizə inanırıq. Amma şəxsən mənim qəti mövqeyim ondan ibarətdir ki, bu fikir ayrılığı Azərbaycanla, xüsusən də dövlətimiz, Cənab Prezidentin daxili və xarici siyasəti, xalqımız və Ukraynada yaşayan azərbaycanlılarla bağlı olmasın». 

Bəli Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur. İndiki tarixi mərhələdə Vətənə məhəbbət hər şeydən əvvəl dövlətin milli maraqlarının qorunmasında fəal iştirakda ifadə olunmalıdır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Diaspor təşkilatlarımızın da bu işlərdə üzərinə ciddi vəzifələr düşür.

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları vacib vəzifələrdir. Azərbaycan da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini  Murad Cəfərov da hesab edib ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı daha güclü olur: «Əfsuslar olsun ki, azərbaycanlıların diaspor hərəkatını dərketmə prosesinin özü son illərdə meydana gəlmişdir. Bildiyiniz kimi, diaspor hərəkatı ictimai-siyasi prosesdir. Bu işlə məşğul olmağa başladığın ilk gündən etibarən o, həyat tərzinə çevrilir. Məlumdur ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır. Yəqin ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı  daha güclü olur. O insanlar daha emosional olurlar, Vətənə xidməti hər şeydən önə çəkir, hansı peşə sahibi olmağından, maliyyə durumundan asılı olmayaraq milli məsələ olan diaspor fəaliyyəti onlar üçün ən vacib amala çevrilir. Özü-özlüyündə ən vacib şərt Vətənə bağlılıq, torpaq sevgisi olsa da, peşəkar səviyyədə fəaliyyət üçün bu amil yetərli deyil. Məsələn, YUNESKO-nun məlumatına görə, dünyada hazırda 50 milyondan çox azərbaycanlı yaşayır. Ukraynada yaşayan soydaşlarımızın sayı isə YUNESKO statistikasında təxminən 1 milyon göstərilir. Amma bu insanların heç də hamısı diaspor fəaliyyətində özünü görmək istəmir. Çünki tarixi yurdundan uzaqda yaşayan soydaşlarımızın miqrant səviyyəsindən diaspor formatına keçməsi ancaq təşkilatlanma prosesindən keçir. Təşkilatlanma isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün sistemli şəkildə görülən  işlərin toplusudur. Yəni, ancaq təşkilatlanmış toplum istənilən ciddi layihəni həyata keçirmək üçün qüvvə sayıla bilər. Bu baxımdan son zamanlar Ukraynada gedən demokratikləşmə prosesi çoxsaylı diaspor üzvlərimizin də yüksək aktivliyinə təsir etdi». 

UABD-ın sədr müavini bildirib ki, qarşıda duran ən vacib məqsəd Ukraynada yaşayan, fəaliyyət göstərən soydaşlarımızın milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir.

Onun sözlərinə görə, bu gün xaricdə yaşayan həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərir: «Düzdür, əvvəllər bu meyl mövcud deyildi. Çünki soydaşlarımız Azərbaycan dövlətinin dəstəyini və marağını hiss etmirdilər. Belə olan təqdirə hamı öz işi ilə məşğul idi. Amma bu gün sözün əsl mənasında belə bir dəstək var. Dünyada Azərbaycan diaspor təşkilatlarının möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və qüvvəyə minən “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında” Qanunun müstəsna rolu oldu. Bu qanun xaricdə yaşayan soydaşlarımızın qarşısında çox böyük perspektivlər açır və onların milli mənafe ətrafında daha sıx birləşməsinə stimul verir». 

Təbii ki, diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir.

Qeyd edək ki, Azərbaycan diasporunun formalaşmağa başlaması respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərə - 1993-cü ildən sonraya təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmaları nümayəndələri ilə keçirdiyi görüşlərdə diasporlarımızın formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyuldu.

Cavanşir QƏDİMOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?