• 10 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9145 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2985

Vətən ən müqəddəs dəyərdi

11:23 03/03/20 | Digər

Qadın gülərsə…

Əslində ötən ildən vədəsini almışdım müsahibə üçün. Amma bəzən iş içindən çıxan işlər səni nəyisə ləngitməyə, təxirə salmağa vadar edir. Onu hamı tanıyır – bir alim kimi, bir tədqiqatçı kimi, bir ziyalı kimi, bir elm ocağının rəhbəri kimi, bir ictimai xadim kimi. Elə mənim də bildiklərim bu qədər idi, ta ki onunla üzbəüz oturub söhbətimizə körpü salana qədər. Ünvanladığım sualların müqabilində aldığım çox səlis, məntiqli cavabların fövqündə qarşımda hədsiz təvazökar bir insan da gördüm ki, bu da onun bəlkə də çoxlarının bilmədiyi bir məziyyətidi. Bu gün “Qadın gülərsə...” demək üçün qocaman bir elm ocağının astanasına gələrək, Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanı rubrikamızın qonağı etdik.

TANIŞLIQ

1954-cü ilin payız ayında Bərdə rayonunda dövlət qulluqçusu ailəsində anadan olmuşam. 5-6 yaş arasında maliyyə işçisi olan atama Bakıda iş verildiyi üçün ailəmiz bu böyük şəhərə köçdü. İlk olaraq Poluxin küçəsində (indiki Murtuza Muxtarov) kiçik bir həyətdə yerləşdik. Bir neçə aydan sonra Montində atama mənzil verdilər və biz həyatımıza orada davam etməyə başladıq. 1972-ci ildə 212 saylı orta məktəbi bitirmişəm. Mən rus bölməsində təhsil almışam və oxuduğum məktəbdən çox razı idim. Beynəlmiləl bir sinfimiz var idi. İki azərbaycanlı qız və bir neçə oğlan. Qızların biri mən, digəri futbol üzrə hakim Tofiq Bəhramovun qızı Gülnarə idi. Qalanları rus və nankor qonşularımızın millətindən idi. O zaman elə bir dövr idi ki, millətlər arasında fərq qoyulmurdu. Məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb bölməsinə daxil oldum. 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. Və həmin ildən taleyim Akademiyanın Şərqşünaslıq İnstitutu ilə bağlandı. Aspirant, laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və beləcə yüksəlişlər davam etdi. Böyük alim, mərhum akademik Ziya Bünyadovun faciəsindən sonra hər sahədə onun izi görünən bu ocağa rəhbərlik edirəm.

AİLƏ

Uşaqlara güclü nəzarət və tələb olan bir ailədə böyümüşəm. Atam əməkdar iqtisadçı, maliyyə sahəsində məsul vəzifələrdə çalışan və sonda 18 il respublikanın Maliyyə naziri olan Baxşəli Baxşəliyevin biz övladlarından yalnız oxumaq və çalışmaq tələbi olub. Onun tək bir narahatçılığı vardı ki, nazir uşaqlarıyıq deyə, bizdə təkəbbür, özündən razılıq və tənbəllik yaranar. Deyərdi ki, hər şeyə öz zəhmətinizlə nail olun, var gücünüzlə çalışın. Bu, kiçik yaşlarından atamdan eşitdiyimiz tövsiyə ilə bərabər həm də onun tələbi idi. Bu gün atama o qədər rəhmət oxuyuram ki... Qazandığım, nail olduğum nə varsa, onun tərbiyəsi, öyüd-nəsihəti, erkən yaşından bizi gərgin əməyə alışdırmağı sayəsində olub. Mən qəbul imtahanları verən zaman cavablarımdan çox razı qalan müəllimlərin müsbət rəyi o zaman Mərkəzi Komitəyə qədər çatmışdı. Qeyri-təvazökarlıq kimi səslənməsin bir nazir qızının bu dərəcədə yüksək hazırlığı demək olar ki, hamını heyrətləndirmişdi. Evdar xanım və atamla qohumluğu olan anam Sürəyya xanım orta məktəbi bitirəndən sonra ailə qurub, ard-arda doğulan altı uşağı tərbiyə etməklə bütün ömrünü yoldaşına və övladlarına həsr edib.

ALİM

Desəm ki, mən Elmlər Akademiyasının divarları arasında alim kimi formalaşmışam, düz olar. 23 yaşında bu nəhəng elm ocağına gələn Gövhər Baxşəliyeva bu gün Şərqşünaslıq İnstitutunun direktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Akademiya elə bir məkandı ki, burada sakit oturmaq olmur, daim axtarışdasan, araşdırırsan, tədqiqat aparırsan. Şərqşünaslığa daxil olanda heç də bura zamanın prestijli fakültəsidir deyə gəlmədim. Atam məni həkim görmək istəyirdi. Böyük bacım Tibb İnstitutunda oxuyurdu. Xatırlamıram neçənci kursda idi, o məni ozü ilə dərsə aparırdı. Böyuk bir mühazirə zalı idi və orada əyani vəsait kimi çoxlu tibbi eksponatlar qoyulmuşdu. Təbiətcə çox həssas olduğum üçün gördüklərim məni xeyli təsirləndirdi. Daha sonra skeletin hissələrinin adlarını öyrənmək üçün bacım evə sümüklər gətirirdi, morqa getməklərindən danışırdı. Beləcə hiss etdim ki, tibb mənlik deyil. Heç vaxt həkim olmayacam deyə təkid etdim. Bütün zamanlarda Şərq dünyası insanlar tərəfindən sehrli bir aləm kimi qəbul olunub. Bir əmim şərqşünaslığı fars bölməsi üzrə bitirib. O zaman məktəbli idim və yadımdadı ki, Oruc əmimin bu institutun zalında keçirilən müdafiəsində iştirak etmişdim. Elə o vaxtdan Şərqin sehri bir növ məni də ovsunladı və bu səmtə istiqamət götürdüm, təhsil aldım. “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik mövzusu” adlı namizədlik işimi 1984-cü ildə, 1996-cı ildə isə “Əbülfərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və Azərbaycan klassik ədəbiyyatı” mövzusu üzrə doktorluq işimi müdafiə etdim. Çox təəssüf edirəm ki, olduqca güclü sivilizasiya yaratmış Şərq bu gün Suriya, Livan kimi faciələr yaşayır. Ərəb mədəniyyətini öyrənənlər çox gözəl bilir ki, ərəb-müsəlman sivilizasiyası (bunu bəzən İslam sivilizasiyası da adlandırırlar) nələr, nələr yaratmayıb? Bu gün çox öyünən Avropa hər şeyi vaxtı ilə Şərq mədəniyyətindən götürüb. Şərq dünyanın ilk mədəniyyət beşiyidir. Və bu sehrli dünyanın araşdırılmasında, tədqiqində mənim də azacıq payım varsa, xoşbəxtəm.

MÜRŞİDLƏRİM

Hər zaman öyrənə bildiyim gözəl müəllimlər, alimlər çıxıb qarşıma. Mən onları mürşid adlandırmışam həmişə. Hər bir cavan müridin (tələbə) mürşidi (müəllim) olmalıdı ki, ondan inkişaf etməyi, hansı ideyalarla yaşamağı, nəyə can atmaq lazım olduğunu öyrənsin. Universitetdə oxuyanda mənim Ələsgər Məmmədov kimi müəllimim olub. Ərəb dili dərsliklərinin müəllifi özü idi. Əmin olmaq istəyəndə ki, tələbələr dərsi necə qavrayır, birinci məni yoxlayardı. Cavablarımdan razı qalanda, bilirdi ki, hər şey qaydasındadı. Akademiyaya gələndə Azərbaycanda ilk qadın ərəbşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın rəhbərlik etdiyi “Ərəb filologiyası” şöbəsində 15 il çalışmışam. Elmin enişli-yoxuşlu yollarında o, mənim mürşidim olub, yol göstərib, bütün yazılarımı oxuyub, rəy bildirib. Alim və şəxsiyyət kimi formalaşmağımda Aida xanımın əvəzsiz rolu olub. Onu erkən itirməyimiz hamı kimi məni də çox sarsıtdı və uzun illər bu itkinin ağrısını yaşadım. Mürşidim olan daha bir insan haqqında danışmamaq qeyri-mümkündü. Onun çoxsaylı xüsusiyyətləri sırasında ən birinci hədsiz vətənpərvərliyi durur. Gözəl insan, dəyərli ziyalı, görkəmli alim Ziya Bünyadov... 1981-ci ildə Ziya müəllim Şərqşünaslıq İnstitutuna direktor təyin olundu. Gənc kadr idim və ondan oyrənməli çox şey vardı. Yəqin ki, işim, fəaliyyətim, bacarığım, məsuliyyətim, elmə olan həvəsim onu qane etdiyindən 1993-cü ildə məni özünə elmi işlər üzrə müavin təyin etdi. Onu da vurğulayım ki, Ziya müəllimin atama böyük hörməti vardı. Həmişə deyərdi ki, Baxşəliyev kimi ikinci bir maliyyəçi yoxdu. Düşünürəm ki, atama olan münasibətin də burada rolu olub.Təbii ki, bu mənə olan etimaddan savayı, həm də məsuliyyət idi. O faciəyə qədər onunla birlikdə işlədik. Həmin ərəfədə Ziya müəllim həm vitse-prezident idi, həm də deputat. Həftədə üç dəfə səhər instituta gələr, iki saata qədər burda olardı. Sonra ya aşağı binaya, ya da Milli Məclisə gedərdi. Bu artıq bir qayda idi. Həmin gün Ziya müəllimlə iki saata yaxın söhbət etdik. Mən ona adəti üzrə institutun cari işləri haqda məruzə etdim. Ziya müəllim öz məsləhətlərini verdi. O, keçmişindən, keçdiyi hərb yolundan danışmağı çox sevərdi. Beləcə söhbəti tamamlayıb aşağı binaya Rəyasət Heyətinə getdi. Axşam saat 6-ya yaxın bir əməkdaşımız zəng vurdu ki, Ziya müəllimdən xəbəriniz var? Yox, deyib soruşdum ki, nə olub? «Deyirlər ki, Ziya müəllimi vurublar» sözləri bu gün də qulağımda cingildəyir. Çaşqın halda Rəyasət Heyətinə zəng etdim. Katibəsindən Ziya müəllimi soruşanda qızdan ağlaya-ağlaya, «mən heç nə bilmirəm» cavabını aldım. Anladığım o oldu ki, Azərbaycan elmi görkəmli bir alimini, xalqımız bir şəxsiyyətini itirdi. Ziya müəllimin yerinə təyin olunduqdan sonra mən bugünədək mürşidimin qoyduğu yolu saxlayıb davam etməyə çalışmışam. Ziya müəllimin anası rus, atası azərbaycanlı olub. O, hamıdan artıq azərbaycanlı idi. Xalqının, millətinin tarixini, ərazi bütövlüyünü əsaslı dəlillərlə sübut edən alim bütün ömrünü xalqa, Vətənə xidmət etməyə sərf etdi. Çox böyük alim idi Ziya Bünyadov. Elmi nöqteyi-nəzərdən Ziya müəllim Azərbaycan xalqının qarşısında müstəsna xidmətləri olan, milləti üçün fədakarlıq edən alim idi. Onun yoxluğu ilə biz zəngin bir xəzinə itirdik.

MİLLƏT VƏKİLİ

Etiraf edim ki, parlament seckilərinə bərdəlilərin istəyi ilə qatılmışam. II çağırış Milli Məclisə seckilər ərəfəsində mənə Bərdədən saysız zənglər gəlməyə başladı. Hamı mənim parlamentdə onları təmsil etməyimin arzusunda olduğunu bildirirdi. Bunu normal qarşıladım. Çünki Bərdə camaatı mənim nəslimi, kökümü çox gözəl tanıyır. Beləliklə, 2000-ci ildə namizədliyimi verdim və deputat mandatı qazandım. 2001-ci ildən 2005-ci ilədək spikerin müavini oldum. Dörd çağırış parlament seçkilərində yurdumun insanları məni dəstəkləyərək, millət vəkilliyimə səs verib. Üst-üstə 19 il Milli Məclisdə onları təmsil etdim və çalışdım ki, onların etimadını doğruldum. Rayondan gələn müraciətləri aidiyyatı üzrə təqdim etmişəm, təkliflərimi bildirmişəm, yazılı vəsatətlər qaldırmışam. Bəzən insanlar elə düşünür ki, millət vəkilisənsə, hər problemi həll edə bilərsən. Millət vəkili əlində hər səlahiyyət olan mənsəb sahibi deyil, istərdim ki, insanlar bunu unutmasın. Bu illər ərzində insanlar üçün zəruri olan işıq, su problemi öz həllini tapıb. Daha sonra qaz çəkilişi dövlət proqramı çərçivəsində həll olundu. Yenə dövlət səviyyəsində yollar abadlaşdırıldı. Əsas ana və magistral, bir neçə kəndi birləşdirən yollar çəkildi. Seçicilərimi həm Milli Məclisdə, həm institutumuzda qəbul edib dərdlərini həmişə dinləmişəm. Bir hadisəni xoş bir xatirə kimi unutmuram. Spikerin müavini olduğum vaxtda yanıma bir xanım gəldi. Üçəm övladları olmuşdu, Rusiyada işləyən həyat yoldaşı isə onların dolanışığını təmin etmirdi. Qadının mənzil problemi vardı. Mən çox yerə müraciət etsəm də, bu məsələni o zaman dövlət səviyyəsində həll etmək olmadı. Sumqayıtda iş adamı olan bir deputatdan kömək etməsi üçün xahiş etdim. Və sonra həmin xanım zəng edərək təşəkkürünü bildirib dedi ki, onlara kifayət qədər kömək olundu. Birbaşa yardım edə bilməsəm də, problemin həll olunmasında vasitəçi olmağım məni çox sevindirdi. Növbədənkənar seçkilərə qatılmadım, ona görə ki, xeyli sayda işlərim yığılıb. Elə bir yaş dövrüdü ki, onları tamamlamaq lazımdı. Əlimdə 5-6 kitab var, onları yekunlaşdırıb çap etdirmək istəyirəm. “Bir daha N.Gəncəvinin etnik mənsubiyyəti haqqında” adlı kitab geniş auditoriya üçün nəzərdə tutulduğundan rus dilində çap etdirmək fikrindəyəm. İllərlə qədim xəritələri toplamışam, artıq onların yekunlaşıb çap olunma vaxtıdı. Vatikanda Azərbaycana aid materiallar, Roma Milli Kitabxanasında saxlanılan əslən azərbaycanlı olan müəlliflərin topladığım qədim əlyazmaları üzərində işləmək lazımdı. Bir əməkdaşımızla birlikdə “Şərq ölkələri” adlı böyük bir məlumat kitabı hazırlamışıq, ona müəyyən əlavələr edlib ərsəyə gətirilməlidi. “Məqalələr, məruzələr, müsahibələr” toplusunun üç və dördüncü cildlərinin materilları nəşr üçün tamamlanmalıdı və üstəlik institutun işləri, tələbə, aspirant və dissertantlarla iş. Bütün bunlar çox vaxt tələb edən böyük işlərdi. Bu baxımdan millət vəkilliyinə son verməyi münasib bildim. Bir arzum da var – bir alim və şəxsiyyət kimi formalaşmağımda silinməz iz qoyan həmkarlarım haqda “Müəllimlərim” adlı kitab yazmaq.

GÖVHƏR XANIM

Təbiət etibarilə çox həssas insanam. Cəmiyyətdəki mövqeyimi kənara qoyaraq, bu xalqın bir övladı kimi Qarabağ məsələsinin hələ də həllini tapmaması məni çox üzür. Vətənimin bir parçasına neçə illərdi həsrət qalmışıq. Niyə? Mən əminliklə deyirəm ki, Dərbənddən tutmuş Kərkükə qədər Azərbaycan ərazisi olub. Əlimdə bunu təsdiq edən qədim xəritə var ki, əhatə olunan həmin ərazinin üstündə əski əlifba ilə Azərbaycan yazılıb. Acınacaqlı odur ki, İran tarixşünaslığı iddia edir ki, tarixi Azərbaycan Arazın Cənub tərəfindədi, Arazın Şimalını aran adlandırırlar. Bakı, Şirvan deyirlər, lakin heç bir vəchlə Azərbaycan demək istəmirlər. Azərbaycan torpaqlarına iddia hər zaman olub. Mərhum Ziya Bünyadov Azərbaycanın ərazi bütövlüyünü əsaslı, tutarlı dəlillərlə sübut edib. Amma nə yazıq ki, hələ də bu məsələ köklü həllini tapmayıb. Qarabağ məsələsində Azərbaycan mümkün olan bütün addımları atıb. Təəssüf ki, bu məsələdə dünya bizi dəstəkləmir, çünki bu onların marağında deyil. Azərbaycana dəstək verən təkcə Türkiyədi. Biz elə bir geostrateji mövqedə yerləşirik ki, bir çox ölkələrin maraqları bizim ərazidə kəsişir. Qərb Türkiyənin güclənməsini istəmir. Təkcə Ermənistanlıq olsaydı, Azərbaycan bu məsələni çoxdan həll edərdi, dörd il əvvəl Aprel döyüşləri bunun sübutudu. BMT-nin qərarları hamısı kağız üzərində qalıb. Bugünkü Yerevan vaxtı ilə Rəvan vilayəti olub, Sevan gölü Göyçə gölü adlanıb. Bunlar əlimizdə olan xəritələrdə açıq-aydın göstərilir. Bu, hətta XIX əsrdə tərtib olunan alman xəritəsində də var. Zaman-zaman bizə torpaq davası ilə həmlə edən nadürüst qonşuların bütün iddialarını təkzib edən əsaslar olsa da, bu haqsızlıq davam etməkdədir. Bu, məni hədsiz məyus edir. Mən bugünkü gənclərimizdən razıyam. Mədəni, savadlı, istedadlı... Zaman dəyişib, artıq texnologiya dövrü, informatika , sosial şəbəkələr əsridi. Lakin atalardan əxz etdiklərimizi övladlarımıza ötürmək borcumuzdu. Rus təhsili almağıma baxmayaraq, mühafizəkar müsəlman abu-havası olub ailəmizdə. Nə məktəb, nə tələbəlik illərində keçirilən şənlik və yığıncaqlara getməyə icazəmiz olmayıb. Atam çox ciddi idi belə məsələlərdə. Şərqşünaslıq fakültəsində tələbələr təcrübə üçün xaricə göndərilirdi. Buna böyük marağım və istəyim vardı. Ərəb danışıq dilini eşitmək, dil daşıyıcıları ilə ünsiyyətdə olmaq həvəsim böyük idi. Çünki ərəb danışıq dili ədəbi dildən çox fərqlidi. Di gəl ki, atam getməyimə icazə vermədi. Onun bu ağır xasiyyətinə baxmayaraq, atam biz dörd bacını nazlandırmağı sevərdi. Anam üçünsə ilk övladı olan qardaşım fərqli idi. Arifin anamın gözündə xüsusi yeri vardı. İşimdə rəsmiyyətdən çox səmimiyyətə üstünlük verirəm. İşçilərlə çox rahat ünsiyyət qururam. Onlara ən əvvəl xalqımın nümayəndələri kimi baxıram. Çünki onların inkişafında maraqlıyam, elmimizin, institutumuzun inkişafında çox maraqlıyam. Gənclərə kömək etməyi özümə borc bilirəm. Mənim onlar üçün çalışdığım kimi, istəyirəm ki, onlar da gələcək nəsil üçün elə çalışsın. Harda olmuşamsa, paxıllığın, məkrli həsəd aparmanın, natəmiz yollarla bir-birinə əngəl olmanın qəti əleyhinə olmuşam. Həmişə demişəm ki, yaranan konflikti belə, ədalətlə həll etmək lazımdı. Heç bir vəchlə gənclərin qarşısını almaq olmaz. Olur ki, aspiranturaya bir yer verilir, amma üç nəfər namizəd var. Müraciət edirəm ki, üç yer vermək imkan daxilindədisə, bunu gənclər üçün etmək lazımdı. Ona görə ki, savadı olan kadr xaricə üz tutmasın, öz Vətəninə xidmət etsin. Gənclər üçün ölkəmizdə münbit şərait yaratmaq borcumuzdu.

VƏTƏN

Qədim ərəb mənbələrində Şərqin üç əsas xalqı xarakterizə edilib - ərəb, fars və türk. Mənim üçün əsas olan türkdü. Ən əvvəl türklər döyüşkən xalq kimi göstərilib. Daha sonra mənbədə qeyd olunur ki, onların ən ali keyfiyyəti Vətən həsrətidi. Vətəndən ayrı yaşayan türklər bu həsrətdən gül kimi solur. Vətən ən müqəddəs dəyərdi. Vətən mənə nə verib yox, mən Vətənə nə vermişəm düşüncəsi ilə yaşamaq lazımdı. Çünki öncə Vətən!

QADIN GÜLƏRSƏ

Maraqlı rubrikanız var, maraqlı da suallar qoymusuz. Elmlər Akademiyasının prezidenti olmuş mərhum Fərəməz Maqsudovun bir sözü vardı. Deyərdi: “Təcrübə göstərir ki, qadınları vəzifəyə təyin etmək daha yaxşıdı, çünki onlar daha düzgün işləyir və heç nədən sui-istifadə etmir. Qadın bəşər övladına can verən güclü bir varlıqdı. Qadının ali bir adı var – ANA! O gülərsə, dünya rahatlıq tapar. O gülərsə, həyat gözəlləşər. O gülərsə, insan hey qurub-yaratmaq istər. İstərdim ki, qadın hər zaman gülsün.

Tamilla TEYMURQIZI


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?