• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Diaspora işi xarici siyasətin bir parçasıdır

11:00 05/03/20 | Diaspora

Müasir şəraitdə Azərbaycan dövləti və hökuməti diaspora işinin daha da genişlənməsinə xüsusi önəm verir

Bu gün beynəlxalq aləmdə prioritet təşkil edən məsələlərdən biri də diaspor quruculuğudur. Bunun əsas səbəblərindən biri diaspor təşkilatlarının beynəlxalq sistemə təsir edə bilən subyektə cevrilməsidir. Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev mətbuata açıqlamasında bildirib ki, həmrəylik milli birliyimizin təməl prinsiplərindən biridir: «Son iki yüz ildən fərqli olaraq bu dəfə xalqımız 29 ildir dövlət müstəqilliyimizi qoruyub saxlamaqla yanaşı, həm də bu müstəqilliyin inkişafı yönündə dövlət-xalq birliyinə nail olmuşuq. Bu əzəməti duymamaq milli tariximizin dəyərlərini görməzlikdən gəlmək deməkdir. 1830-cu ildən başlayaraq Qafqazda və Azərbaycana məxsus tarixi torpaqlarımızda ermənilərin dalğavari şəkildə məskunlaşdırılması siyasətinin qarşısında xalqımız susmağa və ya taleyi ilə barışmağa məcbur edilib. Keçmiş Sovetlər Birliyi dönəmində də bu proses davam olunub. 1991-ci ildə müstəqilliyimizə qovuşduqdan sonra Azərbaycan dövlət olaraq işğal siyasətinə qarşı milli həmrəyliyini indiyə kimi davam etməkdədir. Ona görə də bədnam “Dağlıq Qarabağ” rejimi və bədxah qonşumuz Ermənistan heç bir uğura imza ata bilmir. Milli həmrəyliyimizin təməl prinsiplərindən biri də budur. İndi faktiki olaraq, dünyanın dörd bucağında yaranan diaspor təşkilatlarımızın mövcudluğu və onların gördükləri işlər milli həmrəyliyimizin gündəlik fəaliyyətinin böyük bir parçasıdır. İldə bir dəfə, yəni dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi sadəcə bir gün ərzində bir araya gəlməyimiz kimi başa düşülməməlidir. Həmin günü həm də həmrəyliyimizin hesabatı kimi dəyərləndirmək gərəkdir. Yəni il boyu hansı işlər görüldü, nə kimi uğurlar əldə edə bildik deyə, hesabat veririk. illər ötdükcə milli həmrəyliyimizin uğurlu şəkildə cilalanması və inkişafına köklənməliyik».

Diasporumuzun təşəkkül tapmasına gəlincə, Ç.Abdullayev bildirib ki, Azərbaycan diasporunun tarixi bir neçə mərhələyə bölünür: «Bu tarixi prosesləri bilmədən bu günümüz və sabahımız üçün möhtəşəm uğurlara imza atmaqda çətinliklərlə üzləşə bilərik. XIX əsrin ortalarından xaricdə təhsil almağa gedən soydaşlarımız daha çox maarifçilik istiqamətində fəaliyyət göstəriblər. Həsən Bəy Zərdabi, Nəcəf Bəy Vəzirov, Əbdürrəhim Bəy Haqverdiyev, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Əhməd Cəfəroğlu, İsgəndər Bəy Rəfibəyli, Yusif Çəmənzəminli, Fətəli Xan Xoyski və digərləri qürbətdə təhsil almaqla yanaşı, tələbə cəmiyyətlərini yaradaraq gəncliyin sabah Azərbaycanımıza nə kimi uğurlar gətirəcəyi barəsində düşünüblər. Ona görə də geri dönən kimi möhtəşəm maarifçilik hərəkatının önündə gediblər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 il bundan öncə yaradılmasının sirri də bundadır. Sovetlər Birliyinin işğalından sonra Azərbaycanın tarixində ikinci mühacirət dönəmi başladı. Bu ərəfədə Almaniya başda olmaqla Fransa, Polşa, Avstriya, Türkiyə, İngiltərə və digər ölkələrdə Azərbaycan mühacirətinin təmsilçiləri qəzet və jurnallar təsis etməklə həmrəyliyimizi nümayiş etdirmişlər. Azərbaycanın taleyi haqqında fikirlərini bölüşmüşlər. “Yeni Qafqasya”, “Azəri Türk”, “Yaşıl yarpaq”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal”, “Mücahid”, “Azərbaycan”, “Prometey”, “Birləşik Qafqasya” və s. qəzet və jurnallarda Azərbaycan milli davası işıqlandırılmışdır. İkinci Dünya Müharibəsindən sonra, milli diaspor tariximiz zəif durumda olmuşdur. Bunun səbəblərindən biri də, köhnə nəsillə yanaşı, gəncliyin bu prosesdə olmamasıdır».

Ç.Abdullayev qeyd edib ki, 80-ci illərdən etibarən milli diasporumuz adına böyük bir canlanma müşahidə olunmağa başlayıb: «Tale elə gətirdi ki, bu proseslərdə ilk günlərdən etibarən yaxından iştirak etdim. Almaniyanın Köln şəhərində 1989-cu ilin yanvar ayında azərbaycanlıların ilk toplantısını təşkil etdik. Avropada çoxluq təşkil edən və əslən Güney Azərbaycanlı soydaşlarımız ilk dəfə idi ki, diaspor siyasətində ayaq açmaqla yanaşı, vahid Azərbaycan mədəni birliyinin ideyasını müdafiə etməyə başladılar. “Ana dili”, “Savalan”, “Ərk”, “Azər”, “Qaynarca” (Almaniya), “Xudafərin” (Polşa), “Araz”, “Azərbaycan” (İsveç), “Odlar Ölkəsi”, “Aydınlıq” (İngiltərə), “Odlu vətən” (Belçika), “Dədə Qorqud” (İspaniya) qəzet və jurnallar milli diaspor siyasətimizin aparıcı tribunasına çevrildi. “Qanlı 20 Yanvar” hadisəsindən sonra demək olar ki, xaricdəki soydaşlarımızın arasında milli təşkilatlanma və diaspor işləri də sürət götürdü. Bu KİV-lər Azərbaycanla bağlı həqiqətləri soydaşlarımız arasında təbliğ edir, digər yandan yerli xalqların ölkəmizə münasibətini formalaşdırırdı. Təbii olaraq bu işlərdən o zamanlar biz qürur duyurduq. Sonrakı mərhələdə milli təşkilatlanma ideyası da gücləndi. Bu məqsədlə diaspor təşkilatlarımızın sayı sürətlə artmağa başladı».

Ç.Abdullayev vurğulayıb ki, diaspor işini sürətləndirmək üçün xaricdə yaşayan soydaşlarımızla görüşlərin təşkili müstəsna əhəmiyyət daşıyır: «Avropadakı bir sıra diaspor təşkilatlarının nümayəndələri mənə deyirlər ki, Komitə sədri Fuad Muradov və ya rəhbərlikdə təmsil olunanlar ilk dəfədir ki, istənilən vətəndaşla açıq və səmimi görüşlər keçirir, onların irəli sürdükləri məsələləri dinləyir və qeydlər aparırlar. Bu da diaspor siyasətimizdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Əslində dünyanın inkişaf etmiş ölkələrində diaspor Xarici İşlər Nazirliyinin tərkibində və ya himayəsində ayrıca struktur kimi fəaliyyət göstərir. Ona görə ki, diaspor məsələsi bir qədər sərbəst və azad olmağı tələb edir. Hər bir ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinə mənəvi və digər dəstəyin verilməsi vətəndaş cəmiyyəti ilə bağlı fəaliyyətlərə görə dəyərləndirilir».

Ç.Abdullayevin fikrincə, istənilən diaspor təşkilatı sərbəst olmalıdır: «Diaspor könüllülük əsasında fəaliyyət göstərən qurum sayılır. Keçmişin neqativ hallarından biri də o idi ki, xaricdə hansısa bir ailə diaspor adına təşkilat yaradır və möhürünü də evində qoyur, sonra da Azərbaycan Diasporla İş üzrə Komitəsindən maliyyə dəstəyi alaraq, öz yaşam tərzlərini təmin edirdilər. Bu qaranlıq məqamları aradan qaldırmaq üçün, diaspora verilən dəstək şəffaf olmalıdır. Bundan əlavə, uzun illərin təcrübəsinə malik olan bir mütəxəssis kimi onu da qeyd etmək istəyirəm ki, diaspor məsələləri üzrə mütləq bu işin konsepsiyası olmalıdır. Bunun elmi bazası kimi ayrıca “Diaspor İnstitutu” yaradılmalıdır. Diaspor Komitəsinin himayəsində olmaqla ayrıca bir cəmiyyət qurulmalıdır. Misal üçün bunun rəmzi şəkildə “Azərbaycan Diaspor Təşkilatları Birliyi” adını qoymaq olar. Qərbdə bu tip strukturlara çox önəm verilir. Mənim yaxından tanıdığım Almaniyada “Diaspor Komitəsi” anlayışı yoxdur. Çünki, Qərbdə bu tip komitələrə isti yanaşmırlar. Postsovet məkanında Diaspor Komitəsi, ya da Millətlərlə iş nazirliyi kimi strukturlar mövcuddur. Qərbdə başqa ölkələrdə yaşayan alman, fransız, ingilis, alman, italyan və sair icmalarda milli dilin, mədəniyyətin və sairlərin qorunub saxlanılması istiqamətində görülən işlərə dövlət dəstəyi vardır».

Ç.Abdullayev bu işlərin daha məqsədəuyğun həyata keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində ayrıca “Diaspor İnstitutu”nun yaradılmasını zəruri sayıb: «Dünyanın başqa xalqlarından fərqli olaraq, Azərbaycanın tarixi-coğrafi dəyərləri elmi şəkildə araşdırılmaqla yanaşı, həm də bu prosesin inkişaf yolları ortaya qoyulmalıdır. Çünki, azərbaycanlılar bir millət olaraq, İran, Türkiyə, Əfqanıstan, Özbəkistan, Rusiya, Türkmənistan, Ukrayna və digər ölkələrdə sayca öz tarixi vətənlərində olduğundan daha çoxdurlar. Biz demirik ki, onlar Azərbaycan Respublikasına köçüb gəlsinlər. Onlar yaşadıqları dövlətlərdə sosial zümrə kimi təsir imkanlarımızı ortaya qoya bilərlər. Buna əyani bir misal xatırlatmaq istəyirəm. Gürcüstan parlamentində ermənilər bir neçə dəfə qondarma “erməni soyqırımının tanınması məsələsini qaldırıblar. Ancaq, Gürcüstan vətəndaşı kimi ölkə parlamentində təmsil olunan soydaşlarımız dərhal bunun qarşısını ala biliblər. Rusiyada 2.8 milyona yaxın soydaşımız yaşayır. Rusiya Dövlət Dumasında, Federasiya Şurasında, milli respublikalar və quberniyalarda xalqımızı təmsil edən deputatlarımızın sayını barmaqla göstərmək olar. Ukraynada 450 min nəfər azərbaycanlı yaşayır və onların yerli və ölkə parlamentində bir nəfər də olsun təmsilçisi yoxdur. İsveçdə son dönəmdə parlament və bələdiyyə seçkilərində ilk dəfə olaraq soydaşlarımızın deputat seçilərək qələbə qazanması bizləri sevindirdi. Diaspor siyasətimizdə əsas məsələlərdən biri də bu olmalıdır».

Bilman ALLAHVERDİYEV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?