• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Milli birlik diasporumuzun nail olmaq istədiyi əsas vəzifədir

11:06 12/03/20 | Diaspora

İspaniyada azərbaycanlıların təşkilatlanma işini qənaətbəxş saymaq olar

Son illər diaspor sahəsində müsbət tendensiya müşahidə edilməkdədir. Xüsusilə, bu sahə ilə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişiklik qeyd etdiyimiz sahədə bir canlama yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılaraq birgə fəaliyyət göstərmələri istiqamətində atılan addımlar, eləcə də xaricdə yaşayan soydaşlarımızın üzləşdikləri problemlərin həlli üçün göstərilən çevik reaksiya deyilənləri təsdiqləyir. Mübariz İbrahim 2005-ci ildən İspaniya krallığının Valensiya şəhərində yaşayır. O, Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri olaraq aktiv şəkildə Azərbaycanın İspaniyada təbliğatını aparır. Müsbət haldır ki, Valensiya Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti öz effektini verir. Belə ki, artıq Valensiyada Azərbaycanı tanıyanların sayı ildən-ilə çoxalır.

O, mətbuata verdiyi açıqlamada ilk öncə onu İspaniyaya aparan yola nəzər salıb. Bildirib ki, İspaniya uşaqlıqdan arzu etdiyi ölkələrdən biri olub: «İspaniyada yaşamağımın səbəblərindən biri, bu ölkənin təbiəti, iqlimi, mədəniyyəti və insanlarıdır. İspaniyaya gələn kim olur, olsun milliyətindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlara xoş, gülərüz və istiqanlı qarşılamalarıdır. İspanların çox gözəl və zəngin mətbəxə sahib olmaları də məni cəlb edib. Bütün fikirlərə, görüşlərə açıq yanaşmaları da mənim üçün maraqlıdır. Əlbəttə, hər bir ölkə belədir, lakin İspaniya məni özünə bir başqa çəkir. İspaniyanın hər hansı şəhər və ya kəndlərinə getdiyində özlərini onlardan birisi kimi sənə hiss etdirirlər. Milli bayramları bizim bayramlara bənzəməsi məni daha çox cəlb edir. Məsələn, Valensiyanın Fallas (Fayas) deyilən bayramı eyni bizim Novruz bayramına bənzəyir. Onlar da bizim kimi mart ayında baharın gəlişini qeyd edərlər, tonqal yandırıb üstündən atlanırlar, hər çərşənbə havaya fişəng atırlar. Və bir çox belə milli bayramları var».

O bildirib ki, Valensiyada çox soydaşımız yaşamır: «Təqribi 30 ailə var. Hər biri ayrı-ayrı sektorlarda işləyir. Boş vaxtlarımızda, bayramlarımızda, tədbirlərimizdə bir yerdə oluruq. Bundan əlavə, Valensiyaya hər il təhsil almaq üçün tələbələrimiz gəlir. Onlarla da yaxın əlaqələrimiz var. Hər biri ilə zaman çərçivəsində əlimizdən gəldiyi qədər görüşürük, bayramlarımızı bir yerdə qeyd edirik. Onların buradakı problemləri ilə yaxından maraqlanırıq. Bizim tədbirlərdə də tələbələrimiz fəal və aktiv iştirak edirlər».

M.İbrahim soydaşlarımız arasındakı birlikdən də danışıb: «Bu günə qədər tanıdığım həmyerlilərim arasında münasibətlərimiz yaxşıdır. Daha da güclü olması üçün əlimizdən gəldiyi qədər çalışırıq. Bəzi vətəndaşlarımız var ki, yeni gəlib, ola bilər ki, hələ bizi tanımır, o cəhətdən də bizə Azərbaycan Respublikasının İspaniya Krallığında yerləşən səfirliyi dəstək olur. Onların bizimlə əlaqə saxlamasında köməklik edirlər. Həmçinin biz də öz növbəmizdə hər hansısa sənədləşmə ilə bağlı problemlərlə üzləşdiyində İspaniya Krallığında yerləşən Azərbaycan Respublikasının səfirliyinə müraciət edirik. Səfirliyimiz də bizi ətraflı şəkildə məlumatlandırır və hər cür dəstəyi verir. Mən də istəyirəm ki, yerli xalq bizim birliyimizi, bərabərliyimizi görsün, bizim necə bir-birimizə möhkəm bağlı olmağımızı bilsinlər».

M.İbrahim qeyd edib ki, ispanlar Azərbaycanı kifayət qədər tanıyırlar: «Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə keçirilən Avroviziya, Formula 1, İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə görə ispanlar və Avropa ölkələri respublikamızı çox yaxından tanıyır və maraqlanırlar. Azərbaycana gedən ispan turistləri geri gəldikdən sonra deyirlər ki, Azərbaycan Avropa ilə müqayisə olunan bir dövlətdir. İspanlar bildirirlər ki, keçmiş sovet ölkələri arasında bu qədər sürətlə inkişaf etmiş və öz sözünü dünyada demiş 1-ci ölkəsiniz. Bunu ispan xalqından eşitmək çox sevindiricidir. Əlbəttə, bu, ulu öndər Heydər Əliyevin siyasəti, onun davamçısı Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın sayəsində olan nəticələrdir. İspanlar bizim idman sahəsində olan uğurlarımızdan da danışırlar. “Qarabağ” klubu UEFA Çempionlar Liqasında oynayanda ispanlar bir daha bizim inkişafdan və sürətli irəliləyişimizdən radioda, televiziyada tez-tez danışırdılar. Biz də bununla qürur duyurduq».

Yerli media ilə əlaqələrə gəlincə, M.İbrahim vurğulayıb ki, Azərbaycan diasporunun Valensiya mediaları ilə əlaqələri yaxşıdır: «Biz əlaqələrimizi daha da gücləndirməyə çalışırıq. Onların da bizə olan maraqlarını görürük. Bir neçə il bundan əvvəl İspaniyanın 1-ci dövlət kanalı TVE1 Azərbaycanda yaşayan ispan vətəndaşları ilə müsahibə və qısa reportaj hazırlamışdı. İspanlar Azərbaycanın təbii sərvətlərindən, milli mədəniyyətimizdən, sürətli inkişafından, azərbaycanlıların qonaqpərvər olmasından, vətən sevgisindən və torpaqlarımızın bərəkətli olduğunu öz icimayyətinə çatdırmışlar. Bu o deməkdir ki, dövlət telekanalları və digər özəl kanallar Azərbaycanla yaxından maraqlanır. İspaniyanın yerli mediasında tez-tez Azərbaycan haqda danışılması bizə qürur verir. İspan cəmiyyəti Qarabağ məsələsi ilə bağlı da məlumatlıdır və İspaniya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Hər bir azərbaycanlı da öz yaxınında olan dostlarını məlumatlandırır. Qarabağ mövzusu hər bir azərbaycanlının mövzusudur. Buna görə də vətəndaşlarımız geniş şəkildə yerli xalqa ətraflı məlumat verir. Səfirliyimiz, diaspor fəallarımız və həmvətənlərimiz bu mövzuda çox həssasdır. Mənim özüm İspaniyanın Valensiya şəhərində çıxan yerli “Las provincias” qəzetində, “Levante” qəzetlərində 20 Yanvar faciəsi, Xocalı soyqırımına həsr olunan məqalələr dərc etdirmişəm. Bölgə rəhbərlərimiz də Burgos, San Sebastian, Madrid, Sevilya, Mursiya, Barselona kimi böyük şəhərlərdə Qarabağ mövzusunda tədbirlər keçiriblər. Ermənilərin qəddarcasına törətdikləri soyqırımı maksimal şəkildə ispan ictimaiyyətinə çatdırırıq və çatdırmağı da özümüzə bir borc bilirik. Hətta Azərbaycan Ticarət və Mədəniyyət Assosiyasiyasının rəhbəri Fərid Mustafayev bu barədə Navarranın rəhbəri ilə görüşündə Qarabağ mövzusunda söhbətlər edib. Qarabağın işğal olunmasından və ermənilərin burda törətdikləri vəhşilikdən geniş məlumat verib. Yeri gəlmişkən, ötən ilin may ayının 20-də Madriddə İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuralarının təsis toplantısı keçirildi. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyada və Portuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak edirdi. Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışdı. Sonra əlaqələndirmə şuraları təsis edildi. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçildi. İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd etdi ki, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Yaqut Novruzova vurğuladı ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək».

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

 

Bilman ALLAHVERDİYEV

 

 

 

 

 

 

 

Tarixin izi ilə: Dünyanın ən sirli casusu

 

Tarixən hər zaman bütün ölkələrdə başqa bir dövlətin müxtəlif tapşırıqlarını yerinə yetirən casuslar olub. Onların qeyri-adi casusluq həyatı haqqında məlumatlar isə illərdən sonra açılıb. Dünyada bir çox məşhur casuslar olub. Onlardan, Xuan Puyolu, qadın casus Vircinia Haili, Mata Harini və başqalarını misal göstərə bilərik. Dünyanın ən təhlükəli, ən sirli casuslarından biri də Sidney Rellidir.

Əslində bu casusun bir neçə adı olub: Karl Hahn, Pedro Qarsia və sair. Ancaq o, daha çox Sidney Relli adı ilə tanınıb.

Sidney Relli 1873-cü ildə Odessada doğulub. Relli 6 ölkənin casusu kimi həm bu, həm də digər tərəfin əleyhinə işləyib. O, dəfələrlə adını və pasportunu dəyişərək başqa-başqa ölkələrdə casusluq edib. Sidney peşəkar casus olmasına baxmayaraq, həddindən çox zərərli vərdişlərə yiyələnmişdi. Narkotika, spirtli içki, qumar və qadın düşkünü olan Relli bir neçə dəfə milyon dollar qazanmış və hamısını da eyş-işrətə sərf etmişdi.

Relli həmçinin gözəl geyinməyi sevirdi. Onun peşəkar casusluğundan bir çox dövlətlərin xüsusi xidmət orqanları faydalanıb. Belə orqanlardan biri də Yaponiyanın xüsusi xidmət orqanı olan “Kem-Peitai”dir. Bu gizli orqan onu Braziliyaya Pedro Qarsia adı ilə gizli məlumatlar toplamağa göndərmiş və istəyinə nail ola bilmişdi. Rellinin həyatı çox maraqlı keçib. O, bir çox qadınla yaşamış, ancaq onların 4-ü ilə qanuni evlənmişdi. Ən maraqlı isə odur ki, evləndiyi qadınların hər biri onu başqa-başqa adlarla - Marqaret Tomas Kari Hahn, Nadine Massimo Pedro Qarsia, Nelli Burton isə Sidney Relli adları ilə tanımışdı.

İngiltərənin gizli xidmət orqanı tərəfindən ona Ser George Sidney Relli adı verilmişdi. Relli 1909-cu ildə həmin dövrün varlılarından sayılan Viliam Noks Arçinin Rotşild ilə başladığı neft müharibəsində iştirak edir. Arçini zərərsizləşdirmək üçün çalışdığı gizli xidmət orqanı onu Fransaya göndərir. Relli burada katolik rahib cildinə girərək Arçinin yanına gedir. Arçi bu savaşda uduzur və neft Rotşildin əlinə keçir. Sidney Relli Osmanlı kəşfiyyatı üçün də çox vacib işlər görüb, ancaq nədənsə bu barədə o qədər də danışılmır. Rellinin kod adı “SİT” idi. Almanlar onu Siqismund kimi tanıyırdılar, Avropa və Osmanlıda isə “Mister Constantine” adı ilə tanınırdı. Relli qeyri-adi keçən həyatına iki anarxistin başını kəsib, pullarını oğurlamaqla başlamışdı.

 

Qafqaz neftinin izi ilə

 

Bir gün Relli İngiltərəyə gəlir və dindar bir xristian ailəsi ilə münasibət qurur. Burada işlədiyi müddətdə bir qadınla tanış olur. Qadın isə evli olduğundan Relli ilə o qədər də maraqlanmır. Relli ondan əl çəkmir və könlünü ələ ala bilir. O, bundan sonra qadının ərini yox etmək qərarına gəlir və onu zəhərləyir. Nəticədə qadının əri dünyasını dəyişir. Həmin qadın isə ərinin ölümünə o qədər də təəssüflənməmiş və bir müddət sonra ərinin öz əcəli ilə ölməsinə aid sənədləri imzalayan həkim Andre adlı bir şəxslə evlənmişdi.

Maraqlıdır ki, mərhumun öz əcəli ilə ölməsinə dair sənədləri imzalayan bu həkim haqqında heç bir məlumat yoxdur. Bunun isə bir səbəbi var. Həmin həkim əslində Sidney Relli idi. O, yeni ailə qurduğu qadın sayəsində çox zəngin olmuşdu. Relli 1901-ci ildə Qafqaz nefti haqqında məlumat toplamaq üçün İstanbula gəlib. Tapşırığı yerinə yetirdikdən sonra Misirə getmiş, ordan da Çin və Yaponiyaya yollanmışdı.

 

Sevimli məşğuliyyət - casusluq

 

Relli Birinci Dünya müharibəsi vaxtında da sakit dayanmayıb. O, Almaniyada tanınmış Krupp fabrikində baş usta cildində casusluq etmişdi. Onun xeyli vaxt orada işləməsinə baxmayaraq, heç bir kəs ondan zərrə qədər şübhələnməmişdi. Relli Almaniyada olduğu müddətdə Osmanlı-Alman İttifaqı qurulmuşdu. Sonra ingilis gizli kəşfiyyat təşkilatı Mİ 5-in direktoru Viliam Melvule tərəfindan Sidney Relli xüsusi bir tapşırıqla İstanbula göndərilmişdi. Rellinin vəzifəsi Osmanlının alman “Blohm und Voss” firmasının gizli gəmi sifarişlərini öyrənmək və təxribat törətməkdən ibarət idi. Nəhayət, Relli 1914-cü ildə, müharibənin başladığı bir dövrdə öz vəzifəsini yerinə yetirdi və Londona qayıtdı.

Casusluq Relli üçün təkcə sənət yox, həm də ən sevimli məşğuliyyətə çevrilmişdi. Relli lazım olduqda vəzifəsini yerinə yetirmək üçün qadınlardan da istifadə edirdi. Sənətinə bağlı olan bu casus o qədər professionallaşmışdı ki, vəzifəsi uğrunda gözünü qırpmadan adam öldürə bilirdi. Rellinin üç qadın agenti vardı. Bu qadınlar bir-birindən gözəl idi. Relli bu agentlərdən istifadə edərək, bir çox vəzifəli şəxslərdən istədiyi məlumatı əldə edə bilmişdi.

Relli Sovet rejimini devirmək üçün yeganə çıxış yolunu Lenini öldürməkdə görürdü. Belə ki, o Leninə qarşı bir sui-qəsd planı hazırladı. O, bu sui-qəstdə Fanya Kaplan adlı yəhudi əsilli bir qadından istifadə etdi. Bu qadın 1918-ci il, 30 avqustda Leninə qarşı sui-qəsd həyata keçirdi, ancaq Lenin yaralansa da ölmədi. Leninin aldığı bu güllə yarasından tam sağalmadı və 6 ildən sonra öldü. Fanya Kaplanın Lenini öldürməyə Relli tərəfindən göndərildiyini Sovet hökumətinin vəzifəli şəxsləri artıq bilmişdilər.

 

Oyunun sonu

 

1919-cu ildə bolşeviklər tərəfindən gizli TRUST adlı bir təşkilat yaradılır. Bu təşkilatın vəzifəsi bolşevikləri pisləmək idi. Dzerjinski təşkilatın rəhbəri kimi bu vəzifəsinin öhdəsindən yaxşı gəldi. Bu təşkilata inanan Fransa, Türkiyə və Almaniyaya qaçmış bir çox aristokratlar çarlıq rejiminin bərpa olunacağına ümid edərək Rusiyaya qayıtdılar. Böyük sevinclə vətənə dönən bu aristokratların hamısı güllələndi.

Sidney Relli 1923-cü ildə TRUST təşkilatının qərbliləri aldatmaq üçün bilavasitə Dzerjinski tərəfindən qurulduğunu anladı. Həmin vaxt “Gadfly” (Mozalan) kod adından istifadə edən Relli Rusiyaya getdi. O, Rusiyada qiyam qaldırmaq üçün gizli təşkilat yaratdı və yenidən vətənə qayıtdı.

Amma Relli 1925-ci ildə xüsusi bir tapşırıqla finlandiyalı bir tacirə aid sənədlə yenidən Rusiyaya qayıtdı. Məşhur casusun budəfəki adı isə Sternberq idi. Rusiyada Rellini TRUST və ÇEKA təşkilatları adından çalışan, ancaq Mİ6-ya işlədiyi bilinən bir agent qarşıladı. Bu agent ona TRUST-un Moskvada da fəaliyyət göstərdiyini və onunla əlaqə yaratmağın vacib olduğunu dedi. Relli nəyə görəsə bu agentin dediklərinə inandı, ancaq son anda tələyə düşdüyünü anladı. Relli üç həmkarı ilə birlikdə Finlandiyaya qaçmağa cəhd göstərdi, ancaq Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs olundu.

Bundan sonra olanlar haqqında isə heç bir məlumat yoxdur.

Ancaq İngiltərənin israrı nəticəsində Sovet hökuməti 1927-ci ildə açıqlama verdi ki, Relli 1925-ci ilin sentyabr ayında rəsmən həbs olunub. Sovet hökuməti bununla bağlı heç bir bəyanat vermədi. İngilis kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Relli 1925-ci il, dekabrın 5-də Dzerjinskinin cəlladları tərəfindən güllələnib. Həmin vaxtda Rellinin Pepita adlı həyat yoldaşı isə mətbuat konfransı keçirərək ərinin ölmədiyini və Amerikaya qaçdığını söylədi, ancaq bu məlumat öz təsdiqini tapmadı.

Bəzi məlumatlara görə isə, Relli sorğu zamanı siyasi söhbətlər edib, öz casusluq həyatından isə heç nə danışmayıb. Onun dediyi bir cümlə isə böyük çaxnaşma yaratdı. Relli: “Mən 1915-ci ildə alman kəşfiyyatında işləyirdim və orada rus vətəndaşı olan bir alman casusu ilə tanış oldum. Onun adı Vladimir İliç Ulyanov Lenin idi”.

Rellinin öldürülməsindən səkkiz ay sonra ingilis casusun Lenin haqqında dedikləri Dzerjinski ilə Stalin arasında şiddətli mübahisəyə səbəb olur. Mübahisə zamanı Dzerjinski infarkt keçirərək ölür. 20 iyul 1926-cı ildə isə Sovet hökuməti Dzerjinskinin infarkt nəticəsində öldüyünü rəsmən açıqladı.

CAVANŞİR


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?