• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Ciddi lobbiçilik fəaliyyətinə ehtiyacımız var

12:00 14/03/20 | Diaspora

Diaspor amili dövlətçiliyimizin inkişafı və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir

Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur. İndiki tarixi mərhələdə Vətənə məhəbbət hər şeydən əvvəl dövlətin milli maraqlarının qorunmasında fəal iştirakda ifadə olunmalıdır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Diaspor təşkilatlarımızın da bu işlərdə üzərinə ciddi vəzifələr düşür.

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları vacib vəzifələrdir. Azərbaycan da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Ekspert Fuad Hüseynzadə də hesab edir ki, Azərbaycan dövlətinin, eləcə də cəmiyyətin diaspordan böyük gözləntiləri var: "Azərbaycan dövləti hər zaman öz diasporunun arxasında olduğunu bəyan edib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycan diasporunun inkişafında və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çevik addımlar atmalıdırlar. Diasporun strategiyası bəllidir – bu, təbliğatdır. Bu strategiyanı həyata keçirmək üçün taktiki yollar zamana görə dəyişməlidir. Bu gün bu taktikada internet üzərindən olan layihələrə üstünlük verilməlidir. Bu, həm də bizim informasiya müharibəsində gücümüzü artırmış olar. Artıq ənənəvi tədbirçilikdən çıxıb virtual tədbirlərə keçid etməyin faydası var. Bu formalı layihələr daha tez ictimai effekt verir. Ayrıca, belə layihələr keçirildikcə soydaşlarımızda bir-birinə inam və etimad daha da artacaq. Bu da təbii şəkildə sonda elə soydaşlarımızı virtual həmrəyliyə aparacaq".

F.Hüseynzadə hesab edir ki, bu gün Azərbaycan diasporu hücum mövqeyində olmalıdır və bununla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla erməni lobbisinin anti-Azərbaycan fəaliyyətini heçə endirər: “Azərbaycan diasporu bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da yaxın zamanda erməni lobbisinə ağır zərbələrin endiriləcəyini bəyan etdi. Bu məsələdə Azərbaycan diasporunun üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəyinə inamımız sonsuzdur. Amma bütün hallarda Azərbaycan diasporu daha da güclənməli, yaşadıqları ölkələrin cəmiyyətə daha yaxşı inteqrasiya olmalı, o ölkələrin ictimai-siyasi proseslərinə təsirləri genişlənməlidir”.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi İlqar İlkin də hesab edir ki, Azərbaycan diasporunun ən təsirli hissəsinin fəaliyyət dairəsi Avropa ölkələrində cəmlənib. Onun fikrincə, Avropa Birliyi ölkələri ilə Azərbaycanın əlaqələrini nəzərə alsaq, bu ölkələrdə milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına böyük ehtiyac var.

İ.İlkin qeyd edib ki, Avropa Birliyi ölkələri həm də erməni lobbisinin və diaspora təşkilatlarının ən güclü olduğu bir coğrafi məkandır: «Odur ki, bu gücə qarşı mübarizədə Azərbaycan diaspor təşkilatlarının, diplomatik korpuslarımızın fəaliyyəti ilə yanaşı, üç başlıca güc mənbəyindən istifadə edilməlidir;

- Avropada fəaliyyət göstərən bütün Türk xalqlarının diaspor və lobbi təşkilatları ilə ortaq əlaqə;

- Avropa Birliyi ölkələrində fəaliyyət göstərən xarici Media qurumları ilə əlaqə;

- Avropada fəaliyyət göstərən Türkcə Media Qurumları ilə əlaqə.

İki il əvvəl Diaspor Komitəsinə təqdim etdiyimiz layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılırdı. Təqdim etdiyimiz layihənin birinci mərhələsində Avropa ölkələrində fəaliyyət göstərən diaspor və türkcə media orqanlarının iştirakı ilə Ümumavropa Türkcə Media Platformunun yaradılması nəzərdə tutulurdu. Bu Platformun Azərbaycan media orqanları ilə əməkdaşlıq şəraitində fəaliyyəti Azərbaycan həqiqətlərinin Avropada təbliği istiqamətində yeni bir mərhələ ola bilirdi. Çünki, Avropa məkanında Türk xalqlarına aid olan 150-yə yaxın media orqanı fəaliyyət göstərir ki, bunların yerli təsir imkanları heç də ümidsizlik vəd etmir». 

ATXƏM-in icra katibi bildirib ki, "Avropada Diaspora və Media lobbiçiliyi; Ümumavropa Türkcə Media Platformunun yaradılması" layihəsinin əsas məqsədi də Avropanın aparıcı dövlətlərində fəaliyyət göstərən media qurumları, ictimai təşkilatları ilə əlaqələri dərinləşdirmək, sistem halında onlar arasında konsalidasiya rolunu gücləndirməkdən ibarət idi: «Təbii ki, Avropada fəaliyyət göstərən bir çox diaspora təşkilatları ilə qarşılıqlı əlaqələrimizin mövcudluğu, onlarla ortaq layihələri gerçəkləşdirməyimiz nəticəsində əldə etdiyimiz təcrübədən də yararlanaraq, qeyd edə bilərik ki, xarici media ilə əlaqələrə önəm vermək üçün öncədən bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi, aparıcı Avropa ölkələrində olan Türkcə Media Qurumlarının bir araya gətirilməsi, onlar arasında əlaqələrin qurulmasıdır. Məsələn, məlumat üçün bildirim ki, təkcə Avropanın siyasi mərkəzi olan Brüsseldə 20-dən çox türk media qurumu fəaliyyət göstərir ki, onlar da vahid Belçika Türkcə Media Platforumunda birləşiblər. Eyni qaydada Avropanın digər qabaqcıl ölkələrində - Holandiya, Almaniya, Fransa, İsveç, Norveç, İtaliya, İngiltərə və s. olan türkcə media orqanları arasında əlaqələrin qurulması və onların Ümumavropa Türkcə Media Platformunda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi dağınıq halda görünməyən media fəaliyyətlərinin açıq bir güc mərkəzi halında lobbi fəaliyyəti göstərməsini təmin edə bilər. Əslində düşünülən layihənin də məqsədi bu idi; Avropadakı media qurumları ilə bu məsələləri müzakirə etmək, onlar arasındakı birliyin yaradılmasına çalışmaq, hər halda bu ilk cəhd ola bilərdi.

Təbii ki, belə bir platformun yaranacağı təqdirdə Azərbaycanın 25 ildən artıq bir vaxtda məcburən üzləşdiyi Dağlıq Qarabağ probleminin səbəb və nəticələri haqda Avropa media qurumlarında, beynəlxalq mətbuat orqanlarında, xüsusən Avropa İttifaqı üzvü olan dövlətlərin ictimai və media qurumlarında dolğun məlumat formalaşacaq, bu münaqişənin tənzimlənməsində və ədalətli həllində onların Azərbaycanın maraqlarını müdafiə etməsində təmsil etdikləri ölkələrin rəsmi qurumlarına təsir imkanları artacaqdır. 

Eyni zamanda Azərbaycanın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu prosesləri, ölkəmizin demokratikləşməsi məsələləri Avropa dövlətlərin universitetlərində təhsil alan tələbələrin, siyasi partiyaların, Avropada fəaliyyət göstərən ayrı-ayrı dövlətlərin diplomatik korpusları əməkdaşlarının, kütləvi informasiya vasitələri əməkdaşlarının da faydalanacağı şəksizdir».

İ.İlkinin sözlərinə görə, bu platformun yaranması həm də Azərbaycanın Dağlıq Qarabağ problemin həllinin sürətlənməsini təmin edə biləcək müvafiq məlumatların bütün Avropa cəmiyyətləri və aparıcı media orqanlarının əlçatarlıq əmsalını artıra biləcək, erməni diasporunun yalanlarına qarşı müştərək vahid təbliğat mexanizmin qurulması baxımından da olduqca vacibdir: «Ümid edirəm ki, Diasporla İş üzrə Komitəsinin sədri və onun komandası belə layihələrin dəstəklənməsində maraqlı olacaqlar. Çünki artıq yeni mərhələdə ciddi lobbiçilik fəaliyyətinə ehtiyacımız var».

Politoloq Fuad Hilalov hesab edir ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların sosial psixoloji, mədəni, hətta hansı ölkədə Azərbaycanın hansı bölgələrindən daha çox insanın yaşaması, onların siyasi, iqtisadi, fəaliyyət göstətdikləri sahələri və buna bənzər başqa faktorları öyrənən çox geniş və dərin bir tədqiqatın aparılması və ortaya çıxarılması çox önəmlidir: “Belə bir tədqiqat əsasında ümumi diaspora konsepsiyasının yaradılması ola bilər. Amma bu konsepsiya içində dünyanın fərqli bölgələrində yaşayan azərbaycanlıların qarşısında fərqli vəzifələrin qoyulması olmalıdır. Unutmaq olmaz ki, məsələn, Rusiyada yaşayan bir azərbaycanlı ilə Avropa İttifaqında yaşayan bir azərbaycanlı arasındakı fərqlər onların ortaq dəyərlərindən qat-qat çoxdur. Ona görə də hər bir bölgəyə ayrı və xüsusi diqqət yetirilməlidir”.

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev isə hesab edir ki, birliyə, həmrəyliyə nail olmaq üçün Azərbaycan diasporu artıq lobbi fəaliyyətinə keçməlidir. Bu istiqamətdə artıq müəyyən addımların atıldığını da qeyd edən İ.Ağayev rəhbərlik etdiyi mərkəzin lobbiçilik fəaliyyəti ilə bağlı ötən müddət ərzində müvafiq addımlar atdığını da diqqətə çatdırıb. Bildirib ki, Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliklərinin fəaliyyəti nəticəsində Çexiya, Avstriya kimi nüfuzlu Avropa dövlətlərinin ali təhsil müəssisələri ilə yaradılan əlaqələr, eləcə də həmin ali təhsil müəssisələrinin professor və müəllim heyətinin Azərbaycana səfərinin təşkil edilməsi, onlara ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi, Ermənistanın xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi deportasiya və soyqırım siyasətinin avropalı elm adamlarına çatdırılması lobbiçilik fəaliyyəti istiqamətində atılan ilkin addımlardan sayıla bilər.

BDM sədri digər türkdilli ölkələrin diasporlarının da fəallıq nümayiş etdirməsini vacib sayır: “Təssüflər olsun ki, hələlik digər türkdilli ölkələrin diasporları bəzi məsələdə istədiyimiz səviyyədə aktivlik göstərmirlər. Ona görə də Azərbaycan diasporu olaraq Türk diasporu ilə yanaşı digər türkdilli ölkələrin diaspora təşkilatları ilə də yaxından işləməli, ümumi bir amal, məqsəd ətrafında birləşib lobbiçilik fəaliyyəti ilə məşğul olmalıdırlar”.

Bəli bu gün Azərbaycan diasporu artıq təşkilatlanma mərhələsini arxada qoyaraq keyfiyyət baxımından günü-gündən güclənməkdədir. Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları - bir sözlə, güclü Azərbaycan lobbisi deməkdir.

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və qurumlanmasının real prosesi Dağlıq Qarabağ ətrafında atəşkəsin əldə edilməsindən sonrakı dövrə təsadüf edir. Bu təşkilatlanmanın ideoloji əsasları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyuldu. O illərdə xarici ölkələrə etdiyi səfərlərində Heydər Əliyev həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirər və onları vahid ideya, Azərbaycançılıq ideyası ətrafında birləşməyə və Azərbaycanın maraqlarının keşiyində durmağa çağırardı. Bu da Azərbaycançılıq ideya və məfkurəsinin diaspor qurumlanmasının məfkurəsinə çevirdi və bu məfkurə ətrafında Azərbaycan diasporunun təşkilatlanmasının fəal dövrü başladı.

​Eyni zamanda həmin illərdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma konsepsiyasi da müəyyənləşdirildi. Bu konsepsiyaya əsasən – dünya azərbaycanlıları xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməli, Azərbaycan Respublikası bütün azərbaycanlıların vətəni sayılmalı, əqidə və əməl birliyi zəminində azərbaycanlıların elmi şəkildə təşkilatlanması aparılmalı idi.

​Dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edildi. ​İstər ulu öndər Heydər Əliyevin qurultay iştirakçıları qarşısındakı çıxışında, istərsə də qurultaya təqdim olunmuş hesabat məruzəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzündən, Dağlıq Qarabağ münaqişəsi ətrafında ermənipərəst qüvvələrin apardığı təbliğattın mahiyyətindən geniş söhbət açıldı, Azərbaycan Respublikasına qarşı hər hansı formada, daxildən və xaricdən göstərilən təcavüzün qarşısının alınması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiə olunması hər bir Azərbaycan icmasının və xaricdə yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsi kimi dəyərləndirildi.

​​Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı statistik materiallarda Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər haqqında geniş məlumatlar verilmişdir. Bildirilir ki, bir tərəfdən bu tədbirlər davamlı xarakter daşıyır, digər tərəfdən də həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün mahiyyəti haqqında daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

​Qəbul edilən qətnamələrdə Azərbaycan həqiqətlərinin təbliğinin gücləndirilməsi diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirilir. Bununla bağlı qərara alınıb ki, xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmasına diqqət yetirilsin, azərbaycanlı icmaların fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılsın, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilsin.

Ümumilikdə qəbul edilmiş xartiyada beynəlxalq aləmdə erməni təbliğatına qarşı işin təşkili və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspor qurumlarının qarşısında dayanan konkret fəaliyyət istiqamətləri də müəyyənləşdirilib. Bu fəaliyyət istiqamətlərindən aşağıdakıları qeyd etmək mümkündür:

- Müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında faktların və sənədlərin beynəlxalq ictimaiyyətə çatdırılması;

- Dağlıq Qarabağ münaqişəsi haqqında materialların beynəlxalq təşkilatlara və xarici ölkə parlamentlərinə çatdırılması;

- Xarici kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri haqqında əsl həqiqətləri özündə əks etdirən materialların yayılması;

- Azərbaycana həsr olunmuş tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məlumatların yayılması;

- Avropa və ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı internet forumların təşkili;

- Əcnəbi müəlliflər tərəfindən Qarabağ münaqişəsi haqqında hazırlanmış tədqiqatların geniş yayılması;

- Xarici televiziya kanallarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən filmlərin nümayişi və s.

Yuxarıda göstərilən vəzifə və istiqamətlərlə bərabər, “Xocalıya ədalət” kampaniyası da son illərdə diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrə çevrilmişdir və dünyanın bir sıra ölkələri kimi Amerikanın Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi, Arkanzas və digər ştatlarının Xocalı hadisələrini soyqırım kimi tanıması həm də diaspor qurumlarının bu istiqamətdəki fəaliyyətinin nəticəsi kimi qəbul edilə bilər.

Bilman ALLAHVERDİYEV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?