• 10 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Memar Əcəminin müasir və layiqli davamçısı

12:34 14/03/20 | Digər

Rauf Abdullayev: «Gədəbəyin mənzərəsi mənim əl işlərimi özündə əks etdirir»

Tarixən və bu gün də el sənətkarlarına diqqət daim yüksək olub. Bu mənada ölkəmizin abadlaşdırılması, quruculuq işlərinin həyata keçirilməsində peşəkar, ustad sənətkarlarımızın zəhməti inkaredilməzdir. Öz istedadı, bacarıqlı əl işləri ilə el arasında Memar Əcəminin XXI əsrdə davamçısı adını almış sənətkar Rauf Abdullayev belə sənətkarlarımızdandır. Onun əl izləri Gədəbəy rayonunda, Göygöldə daha çox görünür.

Gədəbəy rayonunda çəkilmiş bu fotoşəkillər onun əl işlərinin kiçik bir göstəricisidir. Ustad sənətkarımız regionun abadlaşdırılmasından, quruculuq işlərindən daha da ruhlanaraq, öz peşəsinin vurğunu olaraq inşa edilən binaların, mərasim evlərinin, parkların, küçələrin, evlərin daşlarla bəzədilməsində sanki yeni bir sənət əsəri yaradır.

Rauf Abdullayev Memar Əcəmi yaradıcılığından, yəni onun miras qoyduğu və xalqımızın qədim memarlıq tarixini zənginləşdirən əsərlərindən bəhrələnərək, özünün əl işləri ilə yaratdığı hər bir insanı heyran edən sənət əsərləri ilə hamını, o cümlədən, üç ildən çox bir vaxtda abadlıq, quruculuq işlərində fəal iştirak etdiyi Gədəbəy rayonunda daha çox tanınır. Mən də Raufun Gədəbəy rayonunun abadlaşdırılmasında sənətkar kimi fəal iştirakının hələ 2016-cı ilin əvvəllərindən 2018-ci ilin axırlarınadək canlı şahidi olmuşam. Özünün də qeyd etdiyi kimi, həmin illərdə, yəni 2016-2018-ci illərdə rayon rəhbərliyinin onun işinə verdiyi qiymətin nəticəsi olaraq Gədəbəy şəhərinin ərazisində aparılan quruculuq, abadlıq işlərində yaxından iştirak edib.

Ustad sənətkarımızın əl işləri ilə bir daha tanış olmaq üçün onunla məsləhətləşib bir neçə gün öncə martın 9-da onunla Gədəbəy şəhərinə getdik. Gədəbəydə, mədəniyyət və istirahət parkında dincələn gənclər, təqaüdçülər Rauf Abdullayevi gördükdə hamı ona bu cür gözəl parkın abadlaşdırılmasında xidmətinə görə “çox sağ ol” dedilər.

Təsadüfi deyil ki, Raufun sənətinə verilən qiymətin nəticəsidir ki, onu Tovuzdan Gədəbəyə, Göygölə işə dəvət edirlər. Rauf Abdullayevdən Gədəbəy şəhərində Şəhidlər Xiyabanında, şəhər mədəniyyət və istirahət parkında, mərasim evində, mərkəzi küçələrdə, təhsil, sahibkarlıq və yaşayış evlərinin işlənməsində ondan məsləhət alırdılar.

Rauf Abdullayev söhbət əsnasında gördüyü işlərdən, keçdiyi həyat yolunun bəzi məqamlarından danışdı: «Təvazökarlıqdan uzaq da olsa, mən hələ lap uşaqlıq, gənclik illərindən Prezidentimizin siyasətinə dəstək verərək rayonlarda aparılan quruculuq işlərində bəzək ustası olaraq iştirak etməyi özümə borc hesab etmişəm. Həmişə qədim sənətkarların, o cümlədən, Memar Əcəminin sənət əsərləri, əl işləri ilə tanış olurdum. Tarixi sənət əsərlərindən abidələrin daxili və xarici görkəmini bəzəyən bəzək daşları, naxışları, cizgiləri yaxından izləyirdim. Çalışırdım ki, öz əl işlərimdə bəzək daşlarının, kafellərin, metlakların döşənməsində, düzlüşündə onların üsullarından istifadə edim.

Beləliklə də, mən Tovuz rayonunda get-gedə püxtələşərək tanınmış daş, bəzək ustasından, tikinti-təmir, istilik sistemlərinin və s. quraşdırılması sahəsində sənətkarlardan birinə çevrildim. Mən rayonumuzun bir çox kəndlərində, evlərdə, bir çox sahibkarlıq obyektlərinin təmir işləri ilə, o cümlədən Xatılı kəndində hörmətli el ağsaqqalı Məzahir Bayramovun evinin, ona məxsus obyektlərin bəzədilməsində, təmirində üç aya yaxın işlmişəm. Məzahir Bayramovun mənim əl işlərimə, bəzəkli daşlar düzməyimə, bir sözlə sənətimə verdiyi qiymətin və yaratdığı şəraitin, təbliğatın nəticəsidir ki, məni, qeyd etdiyim kimi, bura rayonumuzdan 90-100 km məsafədə yerləşən Gədəbəyə, Göygölə işə dəvət etdilər.

2016-cı ildən 2019-cu ilin əvvəllərinədək Gədəbəydə şəhərin abadlaşdırılmasında çox böyük əmək sərf etmişəm. Evimdən, ailəmdən uzaqda - Gədəbəydə yaşasam da, şəhər ərazisində gördüyüm bəzək işləri, təmir işləri məni daha da ruhlandırırdı.

2016-2019-cu illərdə gördüyünüz bu mədəniyyət və istirahət parkını, Şəhidlər Xiyabanını, mərasim evini, mərkəzi küçə və meydançaların mənim sənətimə qiymət verən ayrı-ayrı şəxslərin evlərinin, həyətlərinin bəzək daşları ilə bəzədilməsi, təmir edilməsi ilə məşğul olmuşam.

2019-cu ilin ortalarında isə məni Göygöl rayonuna işə dəvət etdilər. Orada da xeyli əl izlərim vardır.

Gədəbəyin mənzərəsi isə mənim əl işlərimi özündə əks etdirir».

Mən də, mətbuat nümayəndəsi olaraq, Gədəbəy rayonunda olarkən burada quruculuq, abadlıq, tikinti-təmir işlərinin vəziyyəti ilə maraqlandım. Rayonun Şəhidlər Xiyabanında, mədəniyyət və istirahət parklarında, Heydər Əliyev parkında, mərasim evində, küçə və meydanlarda, Heydər Əliyev prospektində, Mir Cəlal Paşayev küçəsində və s. yerlərdə aparılan abadlıq işlərində Rauf Abdullayevin həqiqətən Memar Əcəmi sənətini, memarlıq üslubunu nə dərəcədə mənimsədiyinin bir daha şahidi oldum…

Sonda Memar Əcəmi yolunun davamçısı Rauf Abdullayevə işlərində uğurlar arzu edirəm. Onun sənət aləmində tanınmasında ona himayədarlıq etdiklərinə, münbit şərait yaratdıqlarına görə el ağsaqqalı Məzahir Bayramova, gənc və istedadlı vətənpərvər ziyalı Nihat Pənahova minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək onların da Novruz bayramlarını təbrik edirəm!

Dəmir QURBANLI


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?