• 31 Mart 2020
  • Dollar: 1.7 , Avro: 1.909 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.3049

Allah vergisi olan yaradıcı insan

12:57 14/03/20 | Mədəniyyət

Ağalar İDRİSOĞLU-70

(Portret cizgiləri)

Yaxşı yadımdadır ki, 1982-ci ilin payiz aylarından biri idi. Sumqayıt şəhər 3 nömrəli 8 illik məktəbdə direktor işləyirdim. Qapı döyüldü, içəriyə cavan, səliqəli geyimdə, yaraşıqli bir oğlan daxil oldu. Əlində o zaman dəbdə olan bir diplomat çanta da vardı. Özünü rəsmi qaydada təqdim etdi:

- Ağalar İdris oğlu Mehdiyev. Sumqayıt Gənclər Xalq Teatrının bədii rəhbəri və Sumqayıt Dövlət Dram Teatrının aktyoruyam. Gəlmişəm ki, sizin məktəblə maraqlı bir iş görək. Teatr-tamaşaçı körpüsü yaradaq...

İlk tanışlıgımız belə başladı, Ağalar müəllimlə. Soyadımız oxşar olduğundan həmin gündən o mənə bacı dedi, mən də ona qardaş. O vaxtdan 40 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, hələ də biz görüşəndə bir-birimizə bacı, qardaş deyə müraciət edirik.

Bu illər ərzində Ağalar İdrisoğlu özünün savadı, təşkilatçılığı və istedadı sayəsində bizim gözümüzün qarşısında inkişaf elədi. Vəzifə pillələrində yüksəldi. Aktyor işlədiyi Sumqayıt Dövlət Dram Teatrının direktoru oldu. Sonra bu teatra onun təşkilatçılığı ilə Azərbaycan Nazirlər Kabineti əlavə 80 ştat verdi və bu teatr Ağalar İdrisoğlunun sayəsində Sumqayıt Dövlət Musiqili-Dram Teatrı oldu. Bundan sonra isə teatra tamaşaçılar daha böyük maraqla gəlməyə başladılar. Kollektiv onu yekdilliklə teatrın bədii rəhbəri seçdi. Beləliklə, o, teatrın bədii rəhbəri-direktoru oldu.

Həmin vaxt mən də Sumqayıt şəhərindəki 9 nömrəli tam orta məktəbin direktoru işləyirdim. O, Sumqayıt şəhərindəki demək olar ki, üzdə olan bütün ziyalıları teatrın ətrafına toplamışdı. Həm də bu ziyalıların çoxu teatrın Bədii Şura üzvü idi. Biz, hər bir tamaşanın daxili və ictimai baxışında iştirak eləyir və tamaşa haqqında öz sözlərimizi, fikirlərimizi deyirdik. Sonra isə biz, həmin tamaşaların Sumqayıtda ən böyük təbliğatçıları olurduq. Bu da 1989-2003-cü illər - Azərbaycanın həyatında ən çətin, ağır illər, xaos illəri idi. Tez-tez mitinqlər keçirilir, zavodlar, fabriklər bəzi qaragüruhçu adamlar tərəfindən öz işlərini dayandırır və hətta həmin müəssisələrdə olan sexlərin ən lazımlı detalları sökülüb, çox ucuz qiymətə İrana, Türkiyəyə satılırdı. Yadımdadır ki, həmin illərdə heç Bakı şəhərindəki aparıcı teatrlara tamaşaçıların gəlmədiyi vaxtlarda, Sumqayıt Dövlət Musiqili-Dram Teatrı demək olar ki, həftənin 6 günü tamaşa oynayırdı və həmişə də demək olar ki, zal tamaşaçı ilə dolu olurdu. Bu da əlbəttə ki, bilavasitə Ağalar İdrisoğlunun təşkilatçılığı, gərgin əməyi sayəsində idi.

   

Ağalar müəllimlə yaxından tanış olduqca onun nə qədər dəyərli, savadlı, mədəni, yaradıcı bir insan olduğunun şahidi oldum və ona olan hörmətim daha da artdı. Demək olar ki, mən onun özünün yazdığı, tərcümə elədiyi 15-dən çox bir-birindən maraqlı pyeslərinin və quruluş verdiyi çoxlu əsərlərin hər birinin tamaşasına baxmışam və Bədii Şuranın üzvü kimi fikrimi bildirmişəm. O, təkcə dram əsərlərinin müəllifi deyil, eyni zamanda, 150-dən çox maraqlı hekayələrin, romanların, povestlərin də müəllifidir.

Yazıçı, publisist, dramaturq Ağalar İdrisoğlu oxcusunu intizarda saxlamağı, onu gözləmədiyi hadisələrlə qaşılaşdırmağı bacaran bir yazıçıdır. Bu son günlərdə mən onun bir neçə hekayəsini yenidən mütaliə elədim. «Mən gecikmişdim, sənsə...» adlı, etüd xarakterli kiçik hekayəsində (buna esse də demək olar) bir qızın sevgilisinə acıq edərək sevmədiyi başqa birinə ərə getməsindən söhbət açılır. Müəllif buradakı hadisələri, aldadılan oğlanın psixoloji vəziyyətini elə canlı boyalarla təsvir edir ki, oxucu da həmin hissi, həyəcanı yaşayır. Maraqlıdır ki, yazıçı bu əsərin qəhrəmanlarının heç birinə ad qoymasa da onlarla birlikdə onların keçirdiyi psixoloji hissləri yaşayan oxucu özünü onun yerində sayır və elə bil bu, onun öz adıdır. Əsər belə sonluqla bitir:

“Səni yanasan, səni

Aldatdın məni, məni...”

Ağalar İdrisoğlu «Qismətəli, yeməkxana iti və saralmış yarpaq» adlı hekayəsində teatr həyatından, orada işləyən baş rəssam Qismətəlinin acınacaqlı həyatından söhbət açır. Zavallı Qismətəli teatrda hər kəsdən çox çalışıb, teatrın işlərinə hamıdan çox can yandırsa da, onun özünə can yandıran, işinə qiymət verən, harayına çatan yoxdur. Ona nə vaxtlı-vaxtında maaş verən, nə də ac qalan ailəsinin halına acıyan var. Naəlac qalan Qismətəli cibindəki çörək almağa saxladığı son manatı da arağa verib içir və dərdini yeməkxana iti ilə bölüşür. İtin vəziyyəti isə heç də onunkundan yaxşı deyil. Yeməkxanaya gələnlərin də sayı o qədər azdır ki, amma ac itlərin isə sayı o qədər çoxdur ki, başqa itlərdən ona bir sümük belə, çatmır.

Bu əsər bir qədər də təmsil xarakterlidir. İnsanların deyə bilmədikləri bəzi məqamları yazıçı itin dili ilə oxucuya çatdıra bilir:

- Hə, bayaqdan gözdə-qulaqdayam ki, onlar yeyib gedəndən sonra bəlkə, o sümüklərdən mənə də çatdı...

- Sən, heç olmasa, ümidlə yaşayırsan, bəs mən gedib evdə arvada nə deyəcəm?..

Yeməkxana iti ilə Qismətəlinin bu dialoqu vasitəsilə yazıçı əsərin ideyasını ortaya qoya bilmişdir. Bu da onun peşəkarlığından və ətrafındakı insanların həyat tərzinə biganə qala bilməməsindən irəli gəlir.

Bildiyimiz kimi, Agalar İdrisoglunun yaradıcılığı və əsərlərinin mövzusu çoxşaxəli və rəngarəngdir. Onun maraqlı hekayələrindən biri də “Qul bazarının qulları” adlı novellasıdır. Bu əsərində yazıçı yaşlı nəslin, savadlı, bilikli ziyalıları ilə təhsildən və tərbiyədən uzaq, pul, var-dövlət və şəhvət əsiri olan gəncləri qarşı-qarşıya qoyur.

   

Əyri yollarla var-dövlət toplamış gənc, işlətmək üçün qul bazarından qəsdən, artıq onu tanımayan, vaxtı ilə ona orta məktəbdə dərs deyən dörd müəllimi evlərinə gətirir, onları alçaldır, təhqir edir. Onun bu təhqirlərinə dözə bilməyən müəllimlər isə onun verdiyi dollarları cırıb atır və yenidən iş tapmaq ümidi ilə qul bazarına dönürlər...

Ağalar müəllim bu əsərində də digərlərində olduğu kimi, həyatda baş verən çatışmazlıqları ön plana çəkməyi, oxucusunu heyrətləndirməyi bacarmışdır. Bu da müəllifin insan psixologiyasına dərindən bələd olmasına dəlalət edir.

Oxucuları yazıçının cəmi üç əsəri ilə qısaca məlumatlandıra bildim. Onun yuxarıda dediyim kimi bir-birindən maraqlı 150-dən çox hekayələri, bir-birindən oxunaqlı romanları, povestləri, çoxlu dramatik pyesləri və sairə başqa janrlı bədii, publisist əsərləri, məqalələri, oçerklərilə yaxından tanış olsanız inanıram ki, peşman olmazsınız. Əlbəttə, yazıçıya dərindən bələd olmaq və onun dünyaya baxışını, oxucusunu öz dünyasına aparmaq üçün onu mütaliə etmək lazımdır.

Ağalar, qardaşım, tanışlığımızdan illər ötməsinə baxmayaraq, göz dəyməsin, siz hələ də gəncliyinizi, şuxluğunuzu qoruyub saxlaya bilmisiniz. Hansı tədbirdə, məclisdə, toplantıda olmağınızdan asılı olmayaraq, 5-10 dəqiqəlik odlu-alovlu çıxışınızla insanları özünüzə vurğun edirsiniz. Çünki qalın, qaltanlı səsiniz, məntiqi fikirləriniz, üzünüzdə olan nur və sifətinizdəki təbəssüm, mülayimlik az bir vaxtda insanları əsir eləyir. Allah qorusun sizləri. Sizi ürəkdən təbrik edirəm. Arzum budur ki, Allah verən ömrü xoşbəxt yaşayasınız. Süleyman Rüstəm demişkən; 7-nin yanından sıfırı silin!!!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edirəm!

Qənirə MEHDİXANLI


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?