• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Dünya azərbaycanlıları milli maraqlar ətrafında sıx birləşməlidir

11:00 17/03/20 | Diaspora

Gənclərin də diaspor hərəkatına önəm verməsi yaxın illərdə Azərbaycan diasporunda ciddi qələbələrdən xəbər verir

Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da öz fəaliyyətlərində yeni mərhələnin başlandığını etiraf edir. Təşkilat rəhbərləri tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam, istiqamətli aparılan islahatlar və ən əsası, isti münasibətlər təqdir olunur. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı demək olar ki, yoxdur. Sağlam idarəçilik, səmimi münasibət demək olar ki, bütün vətənsevər qüvvələrin bir araya gəlməsinə şərait yaradıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov açıqlamasında qeyd edib ki, son illərdə dövlət tərəfindən daha çox ehtiyac duyulan sahələrə dövlət yardımının artırılması üçün publik hüquqi qurumlar yaradılır.

Onun sözlərinə görə, belə qurumlar bir çox sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır: «Dövlətimizin diaspor təşkilatlarından gözləntiləri fonunda aztəminatlı diaspor liderləri ilə daha yüksək hədəflərə çatmaqda problemlər var. Bu gün dünyanın müxtəlif ölkələrində çox aktiv Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, bu təşkilatlarin qurulmasında və fəaliyyətində daha çox ziyalılar, aztəminatlı soydaşlarımız öndə olurlar. Təəssüf ki, çoxlu pullar qazanan bəzi xaricdəki soydaşlarımız diaspor işinə çox az maraq göstərirlər. Konkret, UABD-ni götürsək, biz bu günə qədər yaşadığımız ölkədə öz imkanlarımız daxilində Azərbaycan adına bir çox müsbət işlərə imza atmışıq. Bura bazar günü məktəblərinin açılması, dərs vəsaitlərinin hazırlanması və nəşri, azərbaycanlı müəlliflərin kitablarının təqdimatı, milli bayramların təşkili, Xocalı soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna mediasında davamlı işıqlandırılması, təşkilatımıza məxsus internet saytın fəaliyyəti, qəzet çapı, internet TV-nin yaradılması və ən başlıcası ofisin və bütün bu işləri görə biləcək, ən azı, üç-dörd nəfər işçinin saxlanılması daxildir. Məsələn, bir diaspor təşkilatını ofissiz, həmin ofisi isə hüquqşünassız təsəvvür etmək çox çətindir. Və yaxud da ofisin “qaynar xətti”ndə günün iş saatlarında bir nəfər oturması mütləqdir. UABD-nin ofis imkanları ilə yaxından tanış olan həm DİDK-nın məsul əməkdaşları, həm də Azərbaycandan gələn deputat və jurnalistlər bu faktı açıq-aydın təsdiq edə bilərlər. Bütün çətinliklərə baxmayaraq, biz son 5 ildə bu qaydada işləyirik».

UABD-ın sədr müavini deyib ki, Diaspora Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Fondun fəaliyyətinin məqsəd və istiqamətləri çox aydındır. Burda Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərləri qoruması və tanıtımı kimi məsələlər mühüm yer tutur. Hansı ki, dar çərçivədə də olsa, biz bu kimi işlərlə məşğul oluruq. Görünür, kifayət etmir və daha qlobal işlərə imza atılması nəzərdə tutulur. Fondun nizamnaməsində xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi də var. Eyni zamanda azərbaycanlıların yığcam yaşadıqları ölkələr və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə dəstək davamlı olacaq».

M.Cəfərov qeyd edib ki, Ukraynada təhsil alan azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə də məşğuldurlar. Bu da çox sevindirici məqamdır: «Bu baxımdan, gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatım aparırlar. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə ötən il keçirilmiş yay düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib. Nəticə olaraq isə xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən “Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir».

Ümumiyyətlə, xaricdəki gənclərimizin aktivliyi diasporun gücünə güc qatır. Belə gənclərimizlə yeni diaspor imici formalaşdırmaq mümkün olacaq. Diaspor Gənclərinin I Yay Düşərgəsi, bu baxımdan, əhəmiyyət kəsb edir. Bu tədbir xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından da önəmlidir. Yay Düşərgəsi yeni sima və ideyaların ortaya çıxmasında əhəmiyyətli rol oynayıb. Gənclərin aktivliyi yeni nəsil diasporun formalaşması deməkdir. Bu həm də diaspordakı təbii yenilənmə prosesi deməkdir. Bugünkü ictimai fəal gənclər gələcəyin diaspor liderləridir. Bu gəncləri düzgün yönləndirmək lazımdır ki, gələcəkdə diaspor olaraq onlardan müsbət nəticə gözləyək. Xaricdəki aktiv gənclər çox böyük potensial gücə malikdirlər. Bu baxımdan, xaricdəki gənclər informasiya müharibəsinə öz töhfələrini verə bilərlər. Çünki, xaricdəki gənclərdən ibarət ölkə və ya regionlar üzrə könüllü qrupların yaradılması ilə informasiya müharibəsində daha effektli nəticələrə nail olmaq mümkündür. Bu gün diasporun inkişafı və strateji hədəflərinə çatması üçün yeni taktiki yollardan istifadə olunmalıdır. Bununla yanaşı, diasporun özünə münasibət dəyişməlidir. Hazırda diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar artıq öz müsbət nəticəsini verir. Ən vacib məqam kimi isə xaricdəki soydaşlarımızın təşkilatlanması və həmrəyliyinin güclənməsini xüsusi qeyd olunmalıdır.

Son zamanlar Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, ABŞ-da Koordinasiya Şuralarının yaradılması birlik və həmrəyliyin nümunəsidir. Belə şuralar perspektiv layihələri həyata keçirərkən xaricdəki soydaşlarımızın fəallıq nümayiş etdirməsində kömək olacaq. Dünyanın hər yerində diasporumuzun milli birliyinə böyük ehtiyac var. Bu sahədə diasporun çalışmalarını davam etdirməsi vacib amildir.

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

Bilman ALLAHVERDİYEV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?