• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Novruz bayramı dünya azərbaycanlılarının birlik simvoluna çevrilib

11:10 19/03/20 | Diaspora

Diaspor təşkilatlarımız da ermənilərin milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı ciddi mübarizə aparır

Yurdumuza Bahar gəlir. Novruz bayramı baharın müjdəçisidir. Hər bir ailədə Novruz bayramı üçün hazırlıq işləri görülür. Süfrələrimiz təbiətin bizə bəxş etdiyi ən ləziz təamlarla bəzədilir. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramı nəinki ölkə daxilində, dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz tərəfindən də böyük həvəslə qarşılanır. Qürbətdə yaşan həmyerlilərimiz də bolluq, bərəkət, təmizlik, saflıq, ən əsası da barış rəmzi olan Novruzun gəlişini səbirsizliklə gözləyir və bu günə hazırlaşırlar.

Bu bir həqiqətdir ki, Azərbaycanın diaspor təşkilatları və xarici ölkələrdəki səfirliklərimiz dünya ölkələri ilə mədəni əlaqələrimizin, adət və ənənələrimizin inkişafına daim mühüm töhfələr verirlər. Müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgiləri, musiqi xadimlərimizin konsertləri bunu deməyə əsas verir ki, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində aparılan məhsuldar işlər nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.

Bu gün dünyada Azərbaycanı təkcə iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkə kimi deyil, həm də yüksək milli-mənəvi dəyərlərə malik xalq kimi tanıyırlar. Azərbaycanda mütəmadi keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Milli mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində son illər Azərbaycan diasporunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz  barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib.

Zamanın bütün mərhələlərində, xüsusən, Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi milli şüurun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindəndir. Bu mənada diaspor və güclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan qarşıya çıxan problemlərin, həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulur.

Novruz bayramı ərəfəsində diaspor təşkilatları mühüm tədbirlər də keçirirlər. Ümumiyyətlə, Azərbaycanın milli bayramları dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur. Ukraynadakı Azərbaycan diasporu da belə fəallarımızdandır.

Məhz ulu öndər Heydər Əliyevin xüsusi diqqəti sayəsində digər ölkələrdə olduğu kimi Ukraynada da Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdur. 1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev burada yaşayan azərbaycanlılarla görüşdə demişdi: “Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayır və bu ölkədə yaşayan soydaşlarımıza daha fəal olmağı tövsiyə edir. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, diasporumuz ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Ümumiyyətlə, Azərbaycan və Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişafında Ukraynadakı Azərbaycan icması fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlər barədə demişdir: “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar”.

Ukraynada yaşayan bir neçə yüz minlik Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Ukrayna Azərbaycanlıları Konqresi hər il Novruz bayramı münasibətilə konsert təşkil edir. “Beynəlxalq Ana dili Günü” çərçivəsində Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Mədəniyyət evində “Dil palitrası” mədəni-yaradıcılıq aksiyası da keçirilir.

Xarici ölkələrdəki Azərbaycan icmaları müxtəlif ölkələrdə keçirilən beynəlxalq mədəniyyət festivallarında da fəal iştirak edir, xalqımızın zəngin mədəni irsini tanıtmağa çalışırlar.

Son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşmışdır. Xüsusilə, erməni təcavüzkarlarının milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı diaspor təşkilatları ciddi mübarizə aparır.

Dünya təcrübəsi də göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır.

Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Artıq fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirakı diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları ərazilərdə aktiv fəaliyyət göstərmələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi, Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir.

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

Bilman ALLAHVERDİYEV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?