• 9 Aprel 2020
  • Dollar: 1.7 , Avro: 1.9151 , Rus rublu: 0.0262 Türk lirəsi: 0.2991

Novruz bayramı haqqında nə bilirik?

12:40 19/03/20 | Digər

(Mənim düşüncələrim)

Novruz gəlir, yaz gəlir
Bahar necə gözəldir?
Əhvalımız dəyişir,
Sevgimiz ülviləşir.
Göydə uçan qaranquş
Novruzdan xəbər verir.
Novruzgülü, bənövşə
Qaranquşa səs verir.
Qoy bu Novruz əhvalı,
İl boyu davam etsin.
Hamımızı pak, sağlam,
Təzə ilə yetirsin.

Lap uşaq yaşlarımdan bu mənim ən çox sevdiyim mahnılardan biri olub. Yəqin buna görə də Novruz bayramını çox sevmişəm. Amma çox təəssüf hissi keçirirəm ki, yaşıdlarımın və ümumiyyətlə indiki gənc nəslin Novruz bayramlı haqqında məlumatları çox azdır. Hətta Novruz bayramını böyük coşqu ilə də keçirmirlər.

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu Zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur.

Novruz yeni gün və Bahar bayramı olmaqla Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə, yəni martın 20-si, 21 və 22-də keçirilir. Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb və bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycanda, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, Qırğızıstanda, Krım tatarlarında, kürdlərdə və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Yuxarıda yazdığım kimi bu bayram əsasən martın 20, 21 və 22-də gecə-gündüzün bərabərliyi günlərində böyük bayram kimi keçirilir. Novruz bayramı həm də İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü kimi sayılır.

Dünya xalqlarının bu bayramı yüksək səviyyədə və milli bayram kimi keçirməsinə görə 2009-cu il sentyabr ayının 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunub. 23 fevral 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" kimi elan edilib.

Novruz bayramı Azərbaycanda da geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.

Qeyd olunduğu kimi Novruz bayramının mənşəyi çox qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Həmin xalqlar da Ərəb xilafətinin bu qadağalarına etiraz elədilər. İmam Əlinin taxta çıxdığı vaxtdan isə Ərəb xilafəti bu xalqlara Novruz bayramını qeyd etməyə rəsmi icazə verdi. Çox maraqlıdır ki, əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamış və nəsillərə ötürməkdə davam edirlər.

Qırmızı İmperiyanın, yəni Sovetlər quruluşunun vaxtında da bu ölkənin tərkibində olan respublikalara- Azərbaycana, Qazaxıstana, Özbəkistana, Tacikistana, Qırğızıstana, Türkmənistana və başqa türkdilli xalqlara bu bayramı keçirmək qadağan olunsa da, amma onlar bunlara baxmayaraq bayramı keçiriblər. 1969-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı şənliyi Azərbaycanda rəsmi bayram kimi keçirilməklə xalqın böyük marağına səbəb oldu.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara- atırma, halay, bənövşə, cıdır, ənzəli, Kosa-Kosa və bu kimi oyunları aid edə bilərik. Çox əfsus ki, indi bu oyunlar demək olar ki, məmləkətimizin çox yerlərində keçirilmir.

Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Bu bayrama ta qədimlərdən başlayaraq, dörd həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər də hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.

Hətta Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründə bayram kimi qeyd edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə - Novruzda bayram keçirdiklərini qeyd edib. Qədim inanclara görə isə kainat 4 ünsürdən - su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birincisi - su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədimlərdən qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi - od çərşənəbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü - yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir ki, onlar da oyansın.

Dördüncüsü - torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır. Ona görə də ta qədimdən insanlar ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə "Səməni, saxla məni, ildə göyərdərəm səni", - deyib buğda isladardılar ki, ondan səməni göyərsin.

Ta qədimlərdən Novruz bayramının biri-birindən gözəl adətləri vardı. Əfsus ki, bunların bəziləri yaddan çıxıb. Ona görə də həmin adətləri yada salmaq istəyirəm:

1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar. İçinə ləziz şeylər qoyardılar.

2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilməsə, təəssüf ki, arzu yerinə yetirilməyəcək.

3. Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın". Bu, bizim millətin oda sitayişinin bariz nümunəsidir.

4. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Ona görə səməni xonçaları bəzəyi olub ta qədimlərdən.

5. Yumurta döyüşdürmək. Oyunun nəticəsindən asılı olaraq, tərəflərdən biri, yəni uduzan digərinin tələblərini yerinə yetirirdi.

6. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar. Bu da mehribançılığın, doğmalığın əsas əlamətidir.

7. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Yəni uşaqla böyük bir-birindən fərqlənməməlidir.

8. Yallı getmək. Bu rəqs Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi birlik rəqsdir. Yəni bu rəqsin mənası insanların birliyidir. Hansı bölgəmizdə adamlar arasında birlik varsa, bu rəqs orada daha çox inkişaf edib və yayılıb.

9. Novruz oyunları oynamaq. Məsələn, ənzəli, dirədöymə və sairə.

Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. İnsanlar hətta kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlayar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi. "Qılınc oynatma", "Kəmər atma", "Kəndirbaz", "Qoç döyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə keçirilir. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi.

Novruz xalqımızın ən böyük bayramıdır. Xalqımız əsrlər boyu bu gözəl bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çoxəsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.

Mənim çalışdığım beynəlxalq səviyyəli təşkilat olan “Az. TERMOİZOL” Açıq Səhmdar Cəmiyyətində bu bayram yüksək səviyyədə keçirilir. Bu bayramın keçirilməsində müəssisəmizin rəhbəri, beynəlxalq “Sokrat” mükafatı laureatı, “Tərəqqi” medallı və “Əmək” ordenli Şakir Rəfi oğlu Həsənov başda olmaqla müəssisənin bütün işçiləri yüksək səviyyədə iştirak edirlər. Ona görə də bizim müəssisə bütövlükdə Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir, xoş günlər arzulayır və deyirik:

“Bir daha bayramınız mübarək olsun əziz xalqımız”.

Reyhan MƏMMƏDƏLİYEVA, “Az.TERMOİZOL” ASC-nin referenti


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?