• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Heç kimə bənzəməyən yazıçı və böyük şəxsiyyət

11:40 14/04/20 | Mədəniyyət

Əbdürrəhim bəy Haqverdiyev- 150

Çox sevindirici haldır ki, ölkə başçımız Azərbaycan ədəbiyyatının ictimai həyatında çox böyük xidmətləri olan iki böyük dahi şəxsiyyət- Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsilə bağlı sərəncam verib. Bu günümüzün belə qarmaqarışıq keçdiyi, insanların koronavurus xofunda yaşadığı bir vaxtda və çoxlu insanlarımızın bədii əsərlər oxumağa marağının az olduğu, internet şəbəkəsinin hər şeyi öz əlinə aldığı bir vaxtda belə qərar çox yüksək addımdır. Həyatı və yaradıcılığı az öyrənilən, az təbliğ olunan, amma Azərbaycan ədəbiyyatı, incəsənəti və ən əsası isə millətimiz üçün titanik işlər görən dahi bir şəxsiyyətimiz haqqında daha çox bilməliyik.

Əbdürrəhim bəy Haqverdiyevi mənə sevdirən, sevimli müəllimim, SSRİ Xalq artisti, məşhur aktyor, rejissor, teatr rəhbəri və böyük pedaqoq, teatr sahəsində öz məktəbini yaratmış Mehdi Məmmədov olub. Yadımdadır ki, 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyurdum. Amma əvvəldən arzum jurnalist olmaq olduğuna görə, fikrim bu idi ki, institutdan çıxım və sənədlərimi Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə verim. Bu fikrimi kursumuzun rəhbəri Mehdi müəllimə deyəndə, o, özünəməxsus formada mənə baxdı və gülümsündu. Bir neçə dəqiqə susub və gözlərimə baxıb dedi: “Sən ola bilər ki, gələcəkdə tanınmış jurnalist ola bilərsən. Amma sən aktyorluq şöbəsində təhsilini başa vursan, istədiyin rejissorluq təhsilini də alsan, təkcə incəsənəti yox, ədəbiyyatı və elə jurnalistikanı da yaxşı öyrənəcəksən. Yadına sal Ulyam Şekspiri, Jan Batist Molyeri, elə azərbaycanlı yazıçılar - Həsən bəy Zərdabini, Nəcəf bəy Vəzirovu, Əbdürrəhim bəy Haqverdiyevi, Nəriman Nərimanovu, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını və başqa tanınmışları. Onlar teatrla məşğul olmaqla, böyük yazıçılar olublar. Çoxlu publisist yazılar, məqalələr də yazıblar. Tamaşalara quruluş veriblər və məşhur yazıçılar kimi tarixdə qalıblar. Gözəl dram əsərləri də yazıblar. Çünki teatr sənətini yaxşı biliblər. Çünki teatr həyatın kiçildilmiş modeli olmaqla, insana çox şeyləri öyrədir”.

Sevimli müəllimimin bu sözləri və əsl ağsaqqal fikiri mənə aktyorluq fakültəsində təhsilimi davam etdirməyə rəvac verdi. Mehdi müəllimin sözlərindən sonra mən onun dediyi Şekspirin, Molyerin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının və başqalarının əsərlərini daha çox oxumağa başladım.

Böyük yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi və ictimai-siyasi xadim Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Laçın rayonunun Sarıbaba kəndində (keçmiş Ağbulaq) anadan olub. Əbdürrəhim bəy cəmi 63 illik yaşadığı mənalı ömründə doğrudan da inanılmaz dərəcədə bir insan ömrünə sığmayan işlər görüb. O, ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa Real məktəbində 1881-1890-cı illərdə alıb. Əbdürrəhim bəy sonra təhsilini Tiflis Real məktəbində 1891-95-ci illərdə davam etdirib. Şuşada və Tiflisdə təhsil aldığı illərdə Əbdürrəhim bəy artıq bədii yaradıcılıqla məşğul olurdu. Tiflisdə o, Azərbaycan dramaturgiyasının banisi, dahi Mirzə Fətəli Axundzadə ilə görüşür. Hələ Şuşada təhsil aldığı vaxtda, yəni 1884-cü ildə yazdığı “Hacı Daşdəmir” adlı kiçik bir pyesini oxumaq üçün ona verir. Bu pyes Mirzə Fətəli tərəfindən yaxşı qarşılanır. Ona bu yolu davam etdirməyi tövsiyə edir. O, Tiflis Real məktəbini bitirəndən sonra Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda 1895-99-cu illərdə təhsil alıb. Orada təhsil aldığı dövrdə ədəbiyyata böyük marağı olduğuna və artıq həmin vaxtlar özünün bədii əsərlərini yazdığına görə tələbəlik dövri azad müdavim sifəti ilə Sankt-Peterburq Universitetinin şərq fakültəsinin dinləyicisi də olur. Burada ədəbiyyatın sirlərini daha mükəmməl öyrənir. Onun lap uşaqlıq illərindən ədəbiyyata meyli olsa da Tiflis Real məktəbində və Sankt-Peterburqda təhsil aldığı dövrlərdə bu meyl daha da güclənir. Məhz həmin dövrlərdə "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazır. Hətta onun "Dağılan ittifaq" pyesi 1899-cu ildə Sankt-Peterburqda rus dilində kitab kimi nəşr edilir. Əbdürrəhim bəy Haqverdiyev Sankt-Peterburqda ali təhsil alıb Bakıya qayıdır. O, Bakıda, Şuşada, Ağdamda dərs deməklə paralel tamaşalar da hazırlayır. Çünki Sankt-Peterburqda təhsil aldığı illərdə tez-tez teatr tamaşalarına baxır və onda hələ Tiflis Real məktəbində oxuduğu illərdə aktyorluğa, rejissorluğa böyük meyli olub. Çünki bu real məktəbdə oxuduğu illərdə onlar bir sıra tamaşalarda aktyor kimi çıxış ediblər. Öz müəllimlərindən teatr sənətinin də sirlərini öyrənir. Çünki Tiflis Real məktəbi, Qori Müəllimlər seminariyası kimi öz şagirdlərini hərtərəfli yetişdirir və savadlandırırdı. Orada təhsil alan bütün azərbaycanlılar sonralar pedaqoji sahə ilə yanaşı, ədəbiyyat, incəsənət, jurnalistika və başqa sahələr üzrə də böyük mütəxəssislər olublar.

Allah vergisi olan, fitri istedadlı bu insan çox asanlıqla rejissor sənətini də mükəmməl öyrənir. Beləliklə, 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayır. O, bir tərəfdən müəllimliklə məşğul olur, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edir. Çünki rejissor sənətini də mükəmməl bilən Əbdürrəhim bəy üçün artıq Bakıda tamaşalar hazırlamaq çox asan idi. O, eyni zamanda bədii yaradıcılığını da davam etdirirdi. 1900-cü ildə "Bəxtsiz cavan" və 1901-ci ildə "Pəri-cadu" faciələrini yazmaqla milli dramaturgiyamızı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirir. Bakıda onun rəhbərliyi ilə 1902-03-cü illərdə Şərq konsertləri verilir. Əbdürrəhim bəy ilk hekayələri olan "Ata və oğul" və "Ayın şahidliyi"əsərlərini də yazır və onları "İki hekayət" adı ilə çap etdirir. O, 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilir və Sankt-Peterburqa gedir. Deputat olması ilə Azərbaycanın birinci diplomatlarından hesab olunur. Sankt-Peterburqdakı Dövlət kitabxanasında yeni əsəri - Ağa Məhəmməd şah Qacara materiallar toplayır və sonra 1907-ci ildə İranın Mazandaran vilayətinə səyahət edir. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və həmin vaxt yenicə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr də çap etdirir. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifi olmaqla, ədəbiyyat sahəsində böyük uğur qazanır. "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəyovun böyük səyi nəticəsində tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi Əbdürrəhim bəy xoru və orkestri, ümumiyyətlə tamaşanı böyük uğurla idarə edir. Çünki onun özünün yaxşı səsi vardı və həm də bir neçə musiqi alətində çalmağı bacarırdı. Əbdürrəhim bəy o vaxtlar məşhur olan “Nicat” Cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edir. Həmin yerlərdən özü üçün çoxlu materiallar toplayır. "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və sairə imzalarla “Molla Nəsrəddin” jurnalında hekayələr, felyetonlar çap etdirir. O, Həştərxanda yaşadığı 1910-cu ildə şəhərin mədəni-ictimai həyatında ciddi çalışır. Başqa yerlərdə böyük uğur qazansa da doğma Vətən böyük ədibi özünə çəkdiyinə görə o, 1911-ci ildə Ağdama köçür. Əbdürrəhim bəy 1911-1915-ci illərdə orada yaşayır.

1917-ci il fevral inqilabından sonra həmin ildə Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilir. Mart ayında Borçalı qəzasına müvəkkil təyin olunur. Bir il bu vəzifədə işlədiyi müddətdə orada yaşayan azərbaycanlılar üçün çox böyük işlər görür. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra bu hökumətin işlərində çox fəal iştirak eləyir.

Azərbaycan Xalq Cümhuriyyəti Bakıya köçəndən sonra Əbdürrəhim bəy Haqverdiyev də burada böyük vəzifələrdən birini tutur. O, Azərbaycan ədəbiyyatının, teatrının, incəsənətinin, maarifinin inkişafında əlindən gələni edir. Onun lazım olan böyük mütəxəssis olduğunu görən bolşeviklər də Əbdürrəhim bəylə işləməyi üstün tuturlar. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onu Xalq Komissarlığı Sovetində dövlət teatrlarına müfəttiş vəzifəsinə təyin edirlər. Çünki Əbdürrəhim bəy Haqverdiyev hələ gənclik illərindən Nəriman Nərimanovla dost idi. Bu dostluq da Nəriman Nərimanov dünyasını dəyişənə kimi davam edib. O, hətta Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə böyük uğurla başçılıq eləyir. Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Dövlət Universitetində Əbdürrəhim bəy Haqverdiyevin ədəbiyyatdan mühazirələr oxuması və orada milli elmi kadrların hazırlanmasında yaxından iştirak eləməsi də təqdirəlayiq işdir. O, bu işi kommunistlər hakimiyyətə gələndən sonra da uğurla davam etdirir. Hətta universitetdə 1922-ci ildə yerli komitənin sədri, 1923-1925-ci illərdə Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri olur. Həmin vaxtı yaranan Azərbaycanı tədqiq və təbliğ cəmiyyəti, o vaxtlar ilk elmi-tədqiqat müəssisəsi idi. Hətta 1924-cü ildə Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi bu işin təşkilində Əbdürrəhim bəy çox fəal çalışır.

Bu qədər böyük, qlobal işlərlə yanaşı böyük ədib Ulyam Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”,Volterin “Soltan Osman”, Emil Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini və başqa

əsərləri də çox yüksək səviyyədə dilimizə tərcümə edir. Hətta Əbdürrəhim bəy “Ağa Məhəmməd şah Qacar” pyesini yazan vaxt böyük aktyorumuz və ilk peşəkar rejissorumuz Hüseyn Ərəblinskinin bu arzusunu da yerinə yetirir və bu pyesə heç bir qadın obrazı salmır. Çünki həmin vaxt teatrda qadın rollarını kişilər oynayırdı və bu da onlarda yaxşı alınmırdı. Başqa millətlərdən olan qadınlar da dilimizi bilmədiyinə görə belə faciə əsərində oynayanda və sözləri düzgün təlləffüz eləyə bilmədiklərindən, gülüş yaranmasından ehtiyat elədiyinə görə bunu dahi ədibdən xahiş eləyir və o da Hüseyn Ərəblinskinin bu arzusunu reallaşdırır. Hüseyn Ərəblinski də bu pyesə çox yüksək səviyyədə quruluş verir. Tamaşa həmin vaxt çox böyük uğur qazanır.

Əbdürrəhim bəy bir rejissor kimi Bakıda, Şuşada, Ağdamda aktyor truppalarında bir neçə tamaşaya quruluş verib. Çoxlu pyesləri dilimizə tərcümə eləyib. Azərbaycan Yazıçılar İttifaqının təsis olunmasında böyük işlər görüb və bu təşkilatın ilk məsul katibi olub. Azərbaycanda ilk Əməkdar incəsənt xadimi fəxri adına layiq görülən şəxsiyyətlərdən biri olub. O, 80-dən çox hekayə, 200-dən çox məqalə, felyeton, Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət, teatr şəxsiyyətləri haqqında portret yazıları yazıb.

Dahi Əbdürrəhim bəyin yazdığı pyeslər bu gün də öz aktuallığını itirmədiyinə görə “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”, “Bəxtsiz cavan”, “Pəri cadü” və başqa pyesləri uzun illərdir ki, Azərbaycan teatrlarında böyük uğurla tamaşaya qoyulur.

Bu qədər böyük işlər görən dahi yazıçı, böyük dövlət, siyasi və ictimai xadim, yüksək təşkilatçı insan və ən əsası Azərbaycanı layiqincə təbliğ eləyən Əbdürrəhim bəy Haqverdiyev cəmi 63 il ömür sürüb. O, 1933-cü ilin dekabr ayının 17-də vəfat eləyib və Fəxri Xiyabanda dəfn olunub. Bu dahi şəxsiyyətin adına yalnız Bakı şəhərinin Yasamal rayonunda küçə var. Bir vaxtlar isə Azərbaycanın ən maraqlı teatrlarından biri olan Ağdam Dövlət Dram Teatrı da onun adını daşıyırdı. O, 1911-1915-ci illərdə Ağdamda yaşadığı 5 il müddətində burada olan həvəskarlarla çoxlu tamaşalar hazırlamışdı və bu tamaşaları da bütövlükdə Qarabağda böyük uğurla insanlara göstərir və maarifçilik sahəsində böyük işlər görürdülər. Mənə elə gəlir ki, yenidən Əbdürrəhim bəy Haqverdiyevin adını həmin teatra qaytarmaq lazımdır. Çünki bu onun halalca haqqıdır. Əgər yubileyi ərəfəsində ölkə başçımız tərəfindən belə bir sərəncam verilsə, bu, bütövlükdə millətimiz tərəfindən alqışla qarşılanar. Axı belə dahilərimizi unutmağa bizim haqqımız yoxdur. Onlar həmişə əziz tutulmalı və onların haqqı qorunmalı, adları mədəniyyət, elm, təhsil müəssisələrinə verilməlidir.

Bizim üçün ən əsası və sevindiricisi, qürur vericisi odur ki, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının, teatrının və incəsənətinin inkişafı üçün çox böyük işlər görüb. Çox sevindirici haldır ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 7 may 2019-cu il, 211 nömrəli qərarı ilə Əbdürrəhim bəy Haqverdiyevin əsərləri dövlət varidatı kimi qeydiyyata götürülüb. Bu, bir daha onu sübut edir ki, Əbdürrəhim bəy Haqverdiyev həqiqətən çox böyük, klassik yazıçıdır. Belə dahilərimizi isə dünya xalqlarına tanıtmaq hər bir azərbaycanlı ziyalısının və yazarının müqəddəs borcu olmalıdır.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?